Bərdə heç vaxt belə gözəl olmayıb

 

 Bura Aranın anası da deyirlər, Qarabağın mərkəzi də. Keçmişi çox şöhrətli  olub. Şərqin böyük ticarət mərkəzi, qədim Azərbaycan dövlətinin paytaxtı  kimi  salnamələrdə adı dönə-dönə vurğulanıb. Sovet dönəminin 70-80-ci illərində isə  respublikanın qabaqcıl kənd təsərrüfatı rayonu kimi ad çıxarmış, o zaman ən  gəlirli  sahə sayılan pambıqçılığın bayraqdarına  çevrilmişdi. Müstəqillik  dövrünün  daha  çox sərbəstlik verildiyi illərində isə Bərdə təəssüf ki, sosial-iqtisadi inkişafın  miqyasına və sürətinə görə bölgənin əksər rayonlarından, xüsusilə yaxın  qonşularından çox geri  qalırdı. Ətraf rayonlar minbir həvəslə yenidən qurulur, abadlaşdırılır, yeni görkəm alırdı. Bərdədə isə bərdəlilərin ürəyini ağrıdan üzücü ətalət hökm sürürdü. Amma yerli əhali inanırdı ki, uzun  illərdən bəri davam edən bu durğunluğa tezliklə son qoyulacaq, böyük iqtisadi potensiala malik Bərdənin taleyi  etibarlı  əllərə, qurucu,  yaradıcı  kadra  tapşırılacaqdır. Belə də oldu.

Yer üzünün əşrəfi olan insan həyatda hər şeyə qadirdir. Yetər ki, vətəndaşı  olduğun dövlətə sədaqətin, havasını udduğun, suyunu içdiyin, üstündə gəzdiyin  Vətən deyilən torpağa məhəbbətin, doğma yurdunu cənnətə döndərmək üçün aydın  məqsədin, xoş niyyətin, təpərin olsun. İndi hər kəsin ürəyincədir ki, Bərdəni  yenidən qurmaq üçün ümumrayon hərəkatı vüsət alıb. Bütün imkanlar bacarıqla  aydın məqsəd uğrunda mübarizəyə yönəldilib. Məqsəd isə rayon  əhalisini illərdən bəri narahat edən sosial problemləri həll etməkdən, adamların  həyat şəraitini yaxşılaşdırmaqdan, firəvan dolanışığına nail olmaqdan ibarətdir. Dövlətin daxili siyasətinin mühüm tərkib hissəsi kimi rayon rəhbərliyi öz  fəaliyyətində bu sahəyə ciddi fikir verir. Elektrik enerjisi ilə təchizatdakı fasilələr, bundan yaranan kütləvi əsəb gərginliyi indi acı xatirəyə çevrilib. Rayonun yaşayış məntəqələri  böyük sürətlə qazlaşdırılır. Məişət rahatlığına qovuşan ailələr dövlətin qayğısını yüksək qiymətləndirirlər. İçməli su ilə təminatda illərdən bəri davam  edən problemlər müvəffəqiyyətlə aradan qaldırılmışdır.

Bir il əvvəl yayı çox isti  olan bu aran şəhərində tamam fərqli bir mənzərə vardı. Küçədən keçən insan  qızmar yayın səbbini almaq üçün bir ovuc su tapıb üzünə vura, bir qurtum içib  sərinləyə bilməzdi. Amma indi Bərdəyə bulaqlar, fəvvarələr şəhəri desək, heç  kəs  bizi qınamaz. Son bir ildə şəhərdə 39 bulaq inşa edilmişdir. Adamların rahatlığına  hesablanan bu yenilikləri hər kəs minnətdarlıqla qarşılayır.

Rayon əhalisinin böyük razılığına səbəb olan mənəvi bir amildən də söhbət  açmaq yerinə düşər. Şəhərin mərkəzində yüksək zövqlə gözəl bir park salınıb. Parkın ortasında isə şərəfli adı bu qədim diyarla həmişə qoşa çəkilən əfsanəvi  Bərdə hökmdarı Nüşabənin heykəli qoyulmuşdur. Dünyanı fəth etmiş məşhur  sərkərdəni  -  makedoniyalı  İskəndəri öz dərin ağlı ilə mat qoyan Nüşabənin  illərin, əsrlərin həsrətindən sonra doğma yurda "dönüşü" bütün bölgədə yüksək  əhval-ruhiyyə yaratmışdır. Şəhər əhalisinin sevimli istirahət yerinə çevrilmiş  "Nüşabə parkı" qədimliklə müasirliyin qəribə vəhdətidir. Burada diqqətçəkən bir  məqam parkın milli memarlıq üslubunda inşa edilmiş arxa divarlarında dahi  Nizami Gəncəvinin "İskəndərnamə" poemasından hikmət dolu misraların həkk  edilməsidir. Hikmət xəzinəsi olan Nizaminin ölməz misraları bu gün də hər kəsi  düşündürür, elmə, ədəbə üstünlük verməyə, Vətəni sonsuz məhəbbətlə sevməyə  ruhlandırır.

Bir zamanlar  "Bərdə nə gözəldir, necə qəşəngdir, yazı da, qışı da güldür, çiçəkdir" deyə bu qədim diyarı məhəbbətlə vəsf edən Nizami Gəncəvinin  heykəlinin qoyulacağı yer də artıq müəyyənləşib. Bərdənin parkları sırasına  Nizami  parkının əlavə olunacağı gün çox yaxındadır. "Qəhrəmanlar parkı" bu gün Bərdənin yaraşığında gözəl bir naxışdır. Tərtər çayının sahilində salınmış bu möhtəşəm  park  indi şəhər əhalisinin sevimli məkanıdır.Bərdənin şöhrətli günləri xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ulu öndər Azərbaycana rəhbərlik etdiyi illər ərzində Bərdəyə 14  dəfə  səfər etmişdir. Bu tarixi səfərlərin hər biri rayonun sosial-iqtisadi və ictimai-siyasi  həyatında, adamların mənəviyyatında dərin izlər  qoymuşdur. Bərdəlilər bütün  zamanlarda Heydər Əliyev ideallarına sədaqətli olublar. Xalqımızın ümummilli liderinə    sonsuz məhəbbət və ehtiram bu gün Bərdədə daha qabarıq görünür. Bir vaxtlar "Mən ürəkdən istəyirəm ki, Bərdə respublikamızın ən gözəl şəhərlərindən biri  olsun", - deyən ulu öndərin istəyi gerçəkləşməkdədir. Bu gün  Bərdə başdan-başa yenidən qurulur. Adamlar küçə və prospektlerdə, park və xiyabanlarda elə həvəslə, elə candildən işləyirlər ki, heyranlığını gizlədə bilmirsən. "Bu şəhər mənimdir" psixologiyası indi bərdəlilərin varlığına hakim olub. Hər əkilən  ağacın, hər gül-çiçək kolunun başına pərvanə kimi dolanan adamlar doğma yurdu  ölkənin ən gözəl şəhərinə döndərmək üçün əllərinin sığalını, ürəklərinin odunu  əsirgəmirlər. Rayonun ən ucqar kəndlərindən - Lənbərandan, Qılınclıdan, Hacallıdan... adamların könüllü şəkildə doğma Bərdənin abadlaşdırılmasında həvəslə iştirak etməsi alqışalayiq əsl vətənpərvərlikdir. Bu canyanğısı, sözün  həqiqi mənasında, möcüzə yaradır, bir çox etalonları  alt-üst edir. Min illərdir ki, bu bölgədə ağac erkən yazda və payızın sonunda əkilib. Amma indi yayın qızmar çağında, iyul, avqust aylarında aran rayonu olan Bərdənin küçələrinə müxtəlif nadir ağaclar, qiymətli gül-çiçək  kolları  əkilir və biri də  qurumur. Bu gün Bərdədə hamının görüb təsdiq etdiyi bu həqiqəti əvvəllər  danışsaydın, sənə inanan olmazdı. Şəhər yaşıllaşdırma idarəsinin müdiri Vüqar  İsmayılov bunun səbəbini işin düzgün təşkilində görür:

- Sentyabr payızın ilk ayıdır. Amma Bərdə gözoxşayan yaşıllığı, al-əlvan  gül-çiçəyi ilə baharı  xatırladır. Şəhərimizdə yaşıllığa heç zaman indiki qədər  böyük önəm verilməyib. Son il yarım ərzində rayon ərazisində 1 milyon 300 mindən çox müxtəlif  ağac, gül və çiçək kolları əkilmişdir. Diqqətəlayiqdir ki, arayıb axtarılır, sonda ən gözəl, ən yaraşıqlı ağaclar əkilir. Rayon rəhbərliyi şəhər əhalisində elə bir psixologiya formalaşdırmağa nail olmuşdur ki, indi adamlar  hər ağaca yaşıl bir abidə kimi baxır, hər gülün-çiçəyin başına pərvanə kimi  dolanırlar. Bax, yayın bu cırhacırında körpə tingləri, yaşıl fidanları qurumağa  qoymayan işə məsuliyyətli münasibət, fərqli yanaşmadır.

Gözəlliyi ilə göz qamaşdıran Heydər Əliyev prospekti şəhərin mərkəzindən keçib Bərdəni iki hissəyə bölür. Ürəklərində Heydər Əliyevə  sonsuz  məhəbbət və ehtiram bəsləyən bərdəlilər bu prospektin gözəlliyi, yaraşığı üçün  yorulmaq  bilmədən  çalışırlar. Ürəklə, həvəslə görülən hər işdən isə gül ətri gəlir. Prospektin quruculuq işləri başa çatdırılan hissəsi müasir və gözəl görkəmi  ilə  Avropanın inkişaf etmiş şəhərlərindən nəinki geri, qalmır, əksinə, bəlkə də xeyli  öndədir. Bu gözəlliyi görmək, qiymətləndirmək üçün, sadəcə, Bərdəyə səfər etmək, elini-obasını canından artıq sevən oğulların yaratdığı, qurduğu işləri görmək lazımdır.

Bərdədə diqqətçəkən təkcə abadlıq, quruculuq sahəsində qazanılan uğurlar  deyildir. Yeni istehsal və emal müəssisələri yaradılması, çox sayda iş yerlərinin  açılması, əhalini narahat edən sosial problemlərin həll edilməsi, aqrar sahədə  dinamik inkişafa nail olunması son ayların real mənzərəsidir. Bu gün Bərdədə  əhalini razı salan bir çox amillər vardır. Bu sırada Azərbaycan Prezidenti İlham  Əliyevin sərəncamı ilə inşa edilmiş 24 min nəfərin yaşadığı 14 kəndi birləşdirən, uzunluğu 22 kilometr olan Alpout-Mustafaağalı-Qaratəpə-Nazırlı avtomobil yolunun  xüsusi yeri vardır. Ümumiyyətlə, rayonda yol infrastrukturunun yaxşılaşdırılmasına  xüsusi fikir verilir. Şəhər ərazisində yollara keyfiyyətli asfalt salınması uğurla  davam etdirilir. Müasir tələblər səviyyəsində qurulan küçə işıqlandırma sistemi  Bərdənin gecələrini çıraqban edir. 

Rayonda sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradılmışdır. Yetərli dövlət dəstəyi sahibkarların fəaliyyətini genişləndirməsinə geniş imkanlar açır. Hazırda rayonda sahibkarlıq fəaliyyəti ilə 6 min nəfər fiziki və hüquqi şəxs məşğul  olur. Sahibkarlığa Kömək Milli Fondunun ayırdığı güzəştli kredit hesabına gündəlik gücü 15 ton olan ət kəsimi müəssisəsi, sutkalıq istehsal gücü 30 ton olan yeni çörək  zavodu inşa edilmiş, 528 min başlıq broyler fabriki yenidən qurulmuşdur.

Bərdə sabaha inamla addımlayır. Məqsəd aydın, seçilən yol düzgündür. Bu  qədim diyarın tezliklə ölkənin ən gözəl, ən yaraşıqlı şəhərinə çevriləcəyi indi heç  kəsdə şübhə doğurmur.

 

 

 Lazım QULİYEV

 

Azərbaycan.-2012.- 18 sentyabr.- S.6.