Bir ömrün şərəfli
salnaməsi
18 sentyabr Üzeyir musiqi
günüdür
XX əsrin
70-80-ci illərində maestro Niyazinin təşəbbüsü
ilə həmişə sentyabrın 18-i böyük bəstəkar
Üzeyir Hacıbəylinin anadan olduğu gün kimi
respublikamızda xüsusi təntənə ilə qeyd edilirdi.
Musiqi məktəblərində, mədəniyyət
ocaqlarında, xüsusilə, konservatoriyanın - indiki Musiqi
Akademiyasının qarşısında Üzeyir Hacıbəylinin
şərəfinə onun ölməz əsərlərindən
fraqmentlər səsləndirilirdi. Ötən əsrin
90-cı illərində Azərbaycanda hər şeyin bir-birinə
dəydiyi vaxtda bu ənənə də unuduldu. Dahi bəstəkarın
özfəaliyyət səviyyəsində xatırlanması həqiqətən,
narahatlıq doğururdu. Unudulmaz Niyazinin təşəbbüsü
1995-ci ildə dövlət statusu aldı. Ümummilli lider Heydər
Əliyevin sərəncamı ilə hər il 18 sentyabr
Üzeyir musiqi günü kimi qeyd olunmağa başlandı.
Bu nəcib qərar bütün insanların, musiqisevərlərin
ürəyincə oldu. Bəzi hallarda mətbuat səhifələrində,
ekran və efirdə bu tarixi "Milli musiqi günü" kimi
qeyd edirlər. Amma sərəncama əsasən əsl adı
belədir: "Üzeyir musiqi günü".
Azərbaycan mədəniyyətinin ilk
xadimləri acınacaqlı və məşəqqətli bir
yol keçiblər. Amansız zülmün, cəhalətin
hökm sürdüyü bir şəraitdə Azərbaycanda
Milli Musiqili Teatrın yaradılması nadanlığa, cəhalətə
meydan oxumaq demək idi. Məhz belə ağır vəziyyətə,
əzablara baxmayaraq hədsiz çətinliklərə, təqib
və təzyiqlərə məhəl qoymadan bu şərəfli
işin öhdəsindən bacarıqla gələrək opera
yazmaq işini cəsarətlə başlayan və inamla davam
etdirən Üzeyir Hacıbəyli XX əsr Azərbaycan
musiqisinin inkişafında böyük xidmətlər göstərdi.
Üzeyir Hacıbəylinin kimliyi barəsində
düşünərkən ilk növbədə bu dahi
insanın öz sözləri yada düşür: "Bəşəriyyət
tarixində elə şəxslər var ki, onlar özləri
üçün anadan olmayıblar, bəlkə bütün
xalqa və hətta ümuminsaniyyətə xeyir gətirmək
və tərəqqisinə səbəb olmaq üçün
yaranıblar. Bu cür adamlar nəinki
sağlığında, bəlkə öləndən sonra da
camaata mənfəət verirlər". Bu müdrik fikrin ahəngindəki
məna çox düşündürücüdür. Həqiqətən
də elə şəxsiyyətlər var ki,
sağlığında olduğu kimi, əbədiyyətə
qovuşduqdan sonra da ölümsüzlük qazanaraq müqəddəs
əməlləri, yaradıcılığı ilə nəinki
xalqına, bütün bəşəriyyətə xidmət
edirlər. Üzeyir Hacıbəyli yaradıcılığa
başladığı ilk gündən sübut etdi ki, o, nəinki
bir ailənin, bir mahalın, bir xalqın, eləcə də
bütün türk dünyasının böyük
oğludur. Qarabağdan pərvazlanan bu parlaq sima millətinə
və ölkəsinə elə bir şöhrət gətirdi
ki, ziyası Günəş kimi əbədi işıq
saçmaqdadır.
60 ildən çoxdur ki, Üzeyir Hacıbəyli
haqq dünyasına qovuşub. Amma bu uzun illər ərzində
onun unudulduğu, yaddan çıxdığı an belə
olmayıb. Təkcə Azərbaycanda deyil, dünyanın
çox yerində Üzeyir bəyin musiqisi səslənir,
sevilir, insanlar tərəfindən məhəbbətlə
qarşılanır. Ümummilli lider Heydər Əliyevin ən
çox sevdiyi bəstəkar da məhz Üzeyir bəy idi.
Üzeyir Hacıbəyli bəstəkar,
alim, yazıçı, publisist, ictimai və siyasi xadim kimi
çoxşaxəli fəaliyyəti ilə yanaşı,
Şərqdə ilk operanın banisi kimi də məşhurdur.
Məhz onun fədakar əməyi sayəsində Azərbaycan
milli opera sənətinin tarixi Üzeyir Hacıbəylinin 103
il bundan öncə tamaşaya qoyulan "Leyli və Məcnun"
operası ilə başlandı. Operanın ilk dirijoru Əbdürrəhim
bəy Haqverdiyev, rejissoru Hüseyn Ərəblinski olmuş, Məcnun
rolunda Hüseynqulu Sarabski, Leyli rolunda isə aşpaz
şagirdi Əbdürrəhim Fərəcov
çıxış etmişlər. İlk tamaşa 1908-ci il
yanvarın 12-də (25-də) Bakıda H.Z.Tağıyevin
teatrında olmuşdur.
Dahi Azərbaycan şairi Məhəmməd
Füzulinin eyniadlı poeması əsasında yaranmış
"Leyli və Məcnun" yalnız ilk Azərbaycan
operası deyil, həm də Şərqin ilk operasıdır.
Biz fəxr edirik ki, qoca Şərqin opera tarixi məhz bu
gündən başlanıb. Bu şərəfli salnamədə
ilk ad 22 yaşlı bəstəkar Üzeyir Hacıbəylinin
ölməz ismidir.
İlk operanın uğurlarından
ruhlanan Üzeyir bəy bir-birinin ardınca "Şeyx Sənan"
(1909), "Rüstəm və Söhrab" (1910), "Şah
Abbas və Xurşidbanu", "Əsli və Kərəm"
(1912), "Harun və Leyla" (1915) kimi milli operalar yazdı.
Üzeyir Hacıbəyli
yaradıcılığının kulminasiya mərhələsi
"Koroğlu" operası ilə başladı.
"Koroğlu" təkcə Azərbaycan mədəniyyətində
deyil, dünya operalarının sırasında əzəmətlə
dayanan parlaq nümunələrdən birinə çevrildi.
Beş pərdədən ibarət olan bu operanın libretto
müəllifləri H.İsmayılov və Ordubadidir. Burada
bir məsələni də qeyd edək ki, Üzeyir Hacıbəyli
yalnız bu operanın librettosunu özü
yazmamışdır.
"Koroğlu"nun ilk tamaşası
1937-ci il aprelin 30-da olmuşdur. Bu, elə bir dövr idi ki, Azərbaycanda
repressiyalar qara caynağını hər tərəfə
uzadaraq millətin ziyasını qapatmaqla məşğul idi.
Məşhur şairlər, yazıçılar, ictimai-siyasi
xadimlər, bir sözlə, millətin xoş sabahları
üçün fəaliyyət göstərən insanlar həbs
edilərək ya uzaq Sibirə, ya da Xəzərin dibinə
göndərilirdi. Belə bir zamanda xalq qəhrəmanı
haqqında opera yazmağın nə demək olduğu aydındır.
Zülm və işgəncələr içində boy
göstərmək, cəsarətli addım atmaq, millətə
və torpağa, vətənə xidmət etmək Üzeyir
Hacıbəylinin qanında idi. O, ilk qələm təcrübəsindən
başlayaraq nadanlığın, işgəncənin,
ölümün içindən gələcəyə,
ümidli sabahlara boylanırdı. Onu bu yoldan heç nə
sapdıra bilmirdi. Bəzən də bu cəsarəti onu həqiqətən
qara tufanların torundan xilas edirdi. "Koroğlu"
operası Moskva tamaşaçılarını da məftun
etmişdi. Taleyi uğurlu gətirmiş bu nəhəng əsər
keçmiş sovet respublikalarının opera və balet
teatrlarında dəfələrlə göstərilmişdir.
Bir təzada fikir verin: Üzeyir Hacıbəyli Stalin rejiminin ən
ağır zamanında - 1941-ci ildə onun adını
daşıyan mükafata layiq görülüb.
Üzeyir Hacıbəylinin "Füruzə"
adlı yarımçıq qalmış bir operası da olub.
Xalq rəvayətləri əsasında hazırlanan bu
operanın musiqi parçaları arasında "Füruzə"nin
ariyası xüsusilə diqqətəlayiqdir. Bəlkə elə
buna görədir ki, opera yarımçıq qalsa da, ariya uzun
illər müğənnilər tərəfindən məharətlə
ifa edilib.
Şərqdə ilk operetta janrının
yaranması da Üzeyir Hacıbəylinin adı ilə
bağlıdır. Dahi bəstəkarın ilk musiqili
komediyası üç pərdədən ibarət "Ər
və arvad"dır. Bu əsər Azərbaycanda musiqili
komediyanın ilk nümunəsidir. Əsərin ilk
tamaşası 1910-cu ildə olmuşdur. Rollarda H.Sarabski (Mərcan
bəy), Ə.Ağdamski (Minnət xanım) və
başqaları çıxış etmişlər.
Müəllifin ikinci musiqili komediyası
"O olmasın, bu olsun"dur. Əsərin ilk
tamaşası 1911-ci ilin aprelində Bakıda olmuşdur.
Sonralar musiqili komediya müxtəlif dillərə tərcümə
olunaraq Qafqazyanı ölkələrdə, eləcə də
Türkiyədə, Bolqarıstanda, Yəməndə və
digər məmləkətlərdə tamaşaya
qoyulmuşdur.
Dahi bəstəkarın
üçüncü və sonuncu musiqili komediyası
"Arşın mal alan"dır. Sankt-Peterburq
Konservatoriyasında təhsil aldığı ildə (1913)
Üzeyir Hacıbəylinin yazdığı bu operetta 70-ə
yaxın xarici dilə tərcümə edilmiş, 100-dən
çox teatrın səhnəsində
oynanılmışdır. "Arşın mal alan"
beş dəfə ekranlaşdırılmış, dəfələrlə
qrammafon valına yazılmışdır. Bu musiqili komediya əsasında
ilk bədii film 1916-cı ildə çəkilmişdi. Bu, səssiz
film olub.
İkinci dəfə 1917-ci ildə
Sankt-Peterburqdan gəlmiş Q.Beyyatov "Arşın mal
alan"ı yenidən ekranlaşdırmışdı. Lakin
o bu işi görərkən nə müəllifdən icazə
almış, nə də onunla məsləhətləşmişdi.
Bu səbəbdən də cəmi iki gün nümayiş etdirilən
film ekrana buraxılmamışdır.
Üçüncü dəfə isə
1937-ci ildə ABŞ-da yaşayan rejissor R.Mamulyan adlı birisi
"Arşın mal alan"ı Üzeyir Hacıbəylidən
icazə almadan, ekranlaşdırmış və hətta filmdə
Azərbaycan bəstəkarının adını belə
göstərməmişdir (ermənilər görün nə
vaxtdan milli və mədəni sərvətlərimizə
göz dikiblər - F.X.).
Dördüncü dəfə
"Arşın mal alan" 1945-ci ildə Bakı
kinostudiyasında ekranlaşdırılmış və bu
musiqili film də dünyada geniş şöhrət
qazanmışdır. Baş rolda Rəşid Behbudov çəkilib.
1965-ci ildə isə "Arşın mal
alan" musiqili komediyası Bakıda yenidən
ekranlaşdırıldı. Bu rəngli, musiqili filmin rejissoru
Tofiq Tağızadə, musiqi redaktoru Fikrət Əmirov idi. Bu
film uğurlu alınmışdı. Baş rolun
ifaçısı Həsən Məmmədov olub.
"Arşın mal alan"ın taleyi həqiqətən
uğurlu olub, bu gün də həmin musiqili komediyaya
böyük maraq duyulmaqdadır. Bu səbəbdən də
teatrların repertuarından düşməyən
"Arşın mal alan" həmişəki kimi
tamaşaçıları valeh etməkdədir.
Üzeyir Hacıbəylinin ədəbi
irsi çox zəngin və qiymətlidir. Bütün
ömrü boyu Azərbaycan mədəniyyətinə,
musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət
300-dən çox xalq mahnısını nota salmış,
marş, kontata, fantaziya, mahnı və romanslar, kamera və xor
əsərlərini yazmışdır. Maraqlıdır ki, həm
Azərbaycan Xalq Cümhuriyyətinin, həm də sovet Azərbaycanının
himnləri dahi sənətkara məxsus olmuşdur. Sevinirik ki,
müstəqilliyimizi qazandıqdan sonra millətimizə
azadlıq şərafəti çatdıran o ilk himni biz bu
gün yenə də məhəbbətlə səsləndiririk.
XX əsr Azərbaycan musiqisinin inkişafında
böyük xidmətləri olan dahi Üzeyir Hacıbəyli
bəstəkar, alim, yazıçı, publisist, ictimai və
siyasi xadim kimi çoxşaxəli fəaliyyətə malik
idi. Tədqiqatçıların apardıqları
araşdırmalar nəticəsində Hacıbəylilərin
nəsil şəcərəsi ilə bağlı maraqlı
faktlar aşkar edilmişdir. Bu nəslin Azərbaycan tarixində,
mədəniyyətində xüsusi rolu olub. Üzeyir
Hacıbəylinin məzmun və ruh etibarilə həm milli, həm
də bəşəri əsərləri geniş şöhrət
qazanaraq Azərbaycan musiqisini dünya musiqi mədəniyyətinin
qızıl fonduna daxil etmişdir. Onun opera və
operettaları müəllifinə dərin rəğbət və
məhəbbət qazandırdı. Azərbaycan mədəniyyətinin,
musiqisinin inkişafında Üzeyir bəydən başqa onun
yaxın qohumları, qardaşları da fədakarlıq
nümunəsi göstəriblər.
Görkəmli bəstəkarın həyat
yoldaşı Məleykə Hacıbəyli Tiflisdə
Qızlar Gimnaziyasında oxumuş, pedaqoji fəaliyyət
göstərmişdir. 1910-cu ildə Üzeyir ilə ailə
qurduqdan sonra Bakıya köçmüşdür. O,
paytaxtımızda da pedaqoji fəaliyyətini davam etdirmiş,
Azərbaycanda konservatoriya təşkil olunandan sonra Üzeyirin
məsləhəti ilə həmin ali məktəbə daxil
olmuşdur. Dahi bəstəkarımızın
ölümündən sonra "Arşın mal alan"
musiqili komediyasının klavirinin Bakıda,
"Koroğlu" operasının klavirinin isə Moskvada nəşr
olunub işıq üzü görməsində böyük əməyi
və xidməti olmuşdur. Məleykə Hacıbəyli
1966-cı ildə vəfat etmişdir.
Üzeyir bəyin böyük
qardaşı Zülfüqar Hacıbəyli Azərbaycanın
ilk operalarından olan "Aşıq Qərib"də xalq
musiqisi ilə Avropa musiqisinin vəhdətini yaratmağa
çalışmışdır. Onun bir sıra librettolara -
"50 yaşında cavan", "Varlı", "Evli ikən
subay" və başqalarına yazdığı musiqi sadəliyi,
aydınlığı və dramaturgiya baxımından
seçilirdi. Zülfüqar Hacıbəyli "Almaz"
filminə musiqi yazmışdır. İki operası
"Nüşabə" və "Üç
aşıq" yarımçıq qalmışdır.
Ceyhun Hacıbəyli Üzeyir Hacıbəylinin
kiçik qardaşıdır. O, qardaşına bir çox
musiqi əsərlərini yaratmaqda yaxından kömək
etmiş, hətta "Leyli və Məcnun"
operasının ilk tamaşasında İbn Səlam və Nofəl
obrazlarını yaratmışdır. Onun ən diqqətəlayiq
xidmətlərindən biri də "Azərbaycan" qəzetinin
yaradılmasında göstərdiyi böyük xidmətdir.
Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinin qəzeti olan
"Azərbaycan"ın ilk redaktoru məhz Ceyhun Hacıbəyli
olmuşdur. Təəssüf ki, 1920-ci ildə bolşeviklərin
aprel çevrilişindən sonra Fransada səfərdə olan
Ceyhun Hacıbəyli vətənə qayıda bilməmiş,
ömrünü mühacirətdə başa vurmuşdur.
Maestro Niyazi Üzeyir Hacıbəylinin
qardaşı Zülfüqarın oğludur. Görkəmli
dirijor, ictimai xadim, xalq artisti, beynəlxalq mükafatlar
laureatı Niyazinin musiqiçi kimi formalaşmasında
Üzeyir Hacıbəylinin güclü təsiri olmuşdur.
Azərbaycan musiqisinin inkişafında Niyazinin xidmətləri
böyükdür. Dövlət Simfonik Orkestrinin təşkilində
fəal iştirak etmiş, Azərbaycan bəstəkarlarının
əsərlərində, xüsusilə də Üzeyir
Hacıbəylinin "Koroğlu" operasındakı
qeyri-adi dirijorluq istedadı ona şöhrət gətirmişdir.
Niyazinin dirijorluq etdiyi əsərlər Azərbaycan musiqisinin
qızıl fonduna daxil edilmişdir.
Çingiz Hacıbəyli isə
Zülfüqar bəyin ikinci oğludur. Azərbaycanın əməkdar
incəsənət xadimi olub, dirijor idi. O, 1931-ci ildə Mirzə
Fətəli Axundov adına Azərbaycan Dövlət Opera və
Balet Teatrının orkestrində Üzeyir Hacıbəylinin və
Müslüm Maqomayevin rəhbərliyi ilə
skripkaçı kimi fəaliyyətə
başlamışdır. Onun yaradıcılıq fəaliyyəti
əsasən Azərbaycan Musiqili Komediya Teatrı, Dövlət
Radio və Televiziya Verilişləri Komitəsinin Simfonik
Orkestri, Üzeyir Hacıbəyli adına Dövlət Simfonik
Orkestri ilə bağlı olmuşdur. 1938-ci ildən
1953-cü illərə qədər baş dirijor kimi
çalışan Çingiz Hacıbəyli
ömrünün sonunadək əmisinin adını
daşıyan Dövlət Simfonik Orkestrinə dirijorluq
etmişdir.
Soltan Hacıbəyli Üzeyir Hacıbəylinin
əmisi oğlu İsmayılın övladıdır.
Görkəmli Azərbaycan bəstəkarlarından biridir.
Onun musiqiçi kimi formalaşmasında Üzeyir Hacıbəylinin
böyük rolu olmuşdur. Soltan müəllimin bəstəkarlıq
sənətini seçməsinə də məhz Üzeyir bəyin
böyük təsiri var idi. Çünki Soltan Hacıbəyli
uzun illər məhz Üzeyir bəyin evində
yaşamışdır. O, məşhur "Karvan" simfonik
əsərini Üzeyir Hacıbəyliyə həsr
etmişdir. Soltan Hacıbəyli "Gülşən"
baletinin, "İsgəndər və Çoban"
operasının, eləcə də bir neçə simfoniya,
uvertüra, mahnı, romans və digər musiqi əsərlərinin
müəllifidir.
Osman İsmayıl oğlu Hacıbəyli
isə 1924-cü ildə Şuşa şəhərində
anadan olub. Soltan Hacıbəylinin qardaşıdır. Milli
teatrın inkişafında özünəməxsus xidmətləri
var. Ömrünün 40 ilini Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrına bağlayan Osman Hacıbəyli
burada 100-dən çox rol yaratmışdır. 1969-cu ildə
əməkdar artist fəxri adına layiq
görülmüş Osman Hacıbəyli komik rolları ilə
xüsusi diqqət çəkərdi. O, 1979-cu ildə vəfat
edib.
İsmayıl Hacıbəyli Soltan bəyin
oğludur. Əməkdar mədəniyyət və incəsənət
xadimidir. Bəstəkarlar İttifaqının
üzvüdür. Azərbaycan musiqisinin inkişafında
xüsusi xidmətləri var idi. Uzun illər musiqi
kadrlarının yetişməsində böyük əmək
sərf edib.
Şuşasız qalmış
şuşalı Hacıbəylilərin xoş sorağı
indi məmləkətlər dolaşır. Fransadan vətənə
dönə bilməyən Ceyhun Hacıbəylinin nəvə
və nəticələri, nəhayət, Bakıya gəlir,
amma Şuşaya gedə bilmirlər. Bir vaxt Şuşa
Hacıbəylilərsiz darıxardı, indi də Hacıbəylilər
Şuşasız qalıb. Türkün səbri də
böyük olur, savaşı da. Bütün
şuşalılar kimi Hacıbəylilərin də doğma
yurda qayıdacağı o müqəddəs gün mütləq
olacaq!
Üzeyir Hacıbəyli təkcə musiqi
bəstələmirdi, həm də xalq musiqisinin nəzəri
əsaslarını gələcək nəslə
çatdırmaq üçün müxtəlif vəsaitlər
hazırlayırdı. 1945-ci ildə nəşr edilmiş
"Azərbaycan xalq musiqisinin əsasları" adlı elmi əsəri
Üzeyir Hacıbəylinin musiqişünas-alim olaraq mükəmməl
fəaliyyətinin yadigarı kimi bu gün də musiqi dərsliyi
kimi istifadə edilir.
Üzeyir Hacıbəyli 1948-ci ilin
noyabrında 63 yaşında dünyasını dəyişib.
O hüznlü günlərin şahidləri öz xatirələrində
yazırlar ki, Bakıda o vaxta qədər elə dəfn mərasimi
olmamışdı. Bütün Azərbaycan böyükdən-uşağa
kimi göz yaşları içərisində millətin
böyük oğlunu son mənzilə yola salırdı. Sanki
o gün millətin hamısı paytaxta
yığışmışdı. Dahi sənətkarın vəfatından
illər keçsə də, o, həmişə qəlbimizdə
yaşamaqdadır.
Flora XƏLİLZADƏ
Azərbaycan.-2012.-
18 sentyabr.- S.7.