«Azərbaycan Televiziya və Radio Verilişləri» QSC ikincidəfə «TEFİ-Sodrujestvo» mükafatına layiq görülmüşdür

 

 "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti ikinci dəfə "TEFİ-Sodrujestvo" mükafatına layiq görülmüşdür.

"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Qazaxıstanın paytaxtı Astanada keçirilən "TEFİ-Sodrujestvo" II Beynəlxalq televiziya festivalının təşkilatçıları Rusiya Televiziya Akademiyası və MDB ölkələri iştirakçılarının humanitar əməkdaşlığı üzrə dövlətlərarası fondlarıdır. Builki tədbir Rusiyanın Mətbuat və Kütləvi Kommunikasiyalar üzrə Federal Agentliyinin və Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyinin dəstəyi ilə keçirilmişdir.

Festivalın bağlanmasına həsr olunmuş təntənəli mərasimdə 20 proqramdan onu xüsusi mükafata layiq görülmüşdür. Onların arasında "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin çəkdiyi "Əlvida və salam Bakı" sənədli filmi də vardır.

"Əlvida və salam Bakı" filmi Azərbaycanın böyük sənətkarı, musiqi tariximizdə misilsiz iz qoymuş SSRİ xalq artisti Müslüm Maqomayevin həyat və yaradıcılığına həsr olunmuşdur. Əsərin ssenari müəllifi Fuad Vəlixanov, rejissorları Etibar Babayev və Rəsul Ələkbərovdur.

"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-ni telefestivalda "Mədəniyyət" kanalının direktoru Cəmil Quliyev, Azərbaycan Televiziyasının bədii rəhbəri Etibar Babayev və musiqi kollektivlərinin bədii rəhbəri Ramil Qasımov təmsil etmişlər.

Telefestivalda iştirak etmək üçün "ART" fonduna "İnsanlar, illər, həyat" mövzusu üzrə 54 iş təqdim olunmuşdur. Seçim nəticəsində festivalın proqramına 10 ölkəyə (Azərbaycan, Gürcüstan, Qazaxıstan, Rusiya, Ukrayna, Özbəkistan və sair) məxsus olan 16 teleşirkətin 20 işi daxil edilmişdir.

 

 

Azərbaycan.-2012.- 18 sentyabr.- S.7.