Neft-qaz mövzusunda yazan jurnalistlərin Beynəlxalq Media Forumunun iştirakçılarına

 

 Əziz dostlar!

Sizi - neft-qaz mövzusunda yazan jurnalistlərin Bakı şəhərində keçirilən Beynəlxalq Media Forumunun iştirakçılarını səmimi qəlbdən salamlayıram.

Qlobal enerji təhlükəsizliyi məsələlərinin mühüm əhəmiyyət kəsb etdiyi müasir dövrdə karbohidrogen ehtiyatlarının hasilatı, nəqli və əldə olunan gəlirlərin idarə edilməsi siyasəti daim kütləvi informasiya vasitələrinin diqqət mərkəzində dayanır. Beynəlxalq Mətbuat İnstitutunun təşəbbüsü ilə keçirilən forum bu aktual mövzunu bir daha nəzərdən keçirməyə əlverişli şərait yaradır.

Zəngin təbii sərvətlərə malik olan Azərbaycan Respublikası mədən sənayesi sahəsində qabaqcıl ənənələri ilə tanınır. Hələ XlX əsrdə Azərbaycanda sənaye üsulu ilə neft çıxarılmasına başlanmış, ötən yüzilliyin ortalarında isə açıq dənizdə hasilatın əsası qoyulmuşdur. Dövlət müstəqilliyi əldə edildikdən sonra Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi yeni neft strategiyasının həyata keçirilməsi nəticəsində Xəzər dənizinin nəhəng enerji potensialının mənimsənilməsi və dünya bazarına nəqli, regionda bu sahədə transmilli əməkdaşlığın genişlənməsi üçün böyük imkanlar açılmışdır. Artıq dünyanın alternativ enerji təminatı mərkəzlərindən birinə çevrilmiş Azərbaycan Respublikası hazırda özünün güclü infrastrukturu və şaxələnmiş neft-qaz kəmərləri şəbəkəsi ilə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.

Azərbaycan "Mineral ehtiyatların hasilatı ilə məşğul olan sənaye sahələrində Şəffaflıq Təşəbbüsü" adlanan beynəlxalq proqrama qoşulmuş, ölkə daxilində və xaricində neft gəlirlərinin idarə edilməsində vətəndaş cəmiyyətinin iştirakı və beynəlxalq audit üçün lazımi şərait yaradılmışdır. Enerji daşıyıcılarının satışından əldə edilən gəlirlərin toplandığı Dövlət Neft Fondunun fəaliyyəti beynəlxalq miqyasda yüksək qiymətləndirilir. Fondun vəsaitlərinin əhəmiyyətli hissəsi gələcək nəsillər üçün qorunub saxlanılır, digər qismi isə şəffaf şəkildə qeyri-neft sektorunun və sosial-iqtisadi infrastrukturun inkişafına, vətəndaşların rifahının yüksəldilməsinə və demokratik islahatların davam etdirilməsinə yönəldilir. Ölkədə plüralizmin, söz və məlumat azadlığının mövcudluğu, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti həyata keçirilən enerji siyasəti və gəlirlərin idarə olunması haqqında cəmiyyəti hərtərəfli məlumatlandırmağa imkan verir.

İnanıram ki, dünyanın nüfuzlu media qurumlarının, enerji sahəsindən yazan jurnalistlərin, ekspertlərin iştirak etdiyi bugünkü beynəlxalq forum mövzu ətrafında konstruktiv müzakirələr, yeni-yeni dəyərli təklif və təşəbbüslərlə yadda qalacaq.

Forum iştirakçılarını təbrik edir, toplantının işinə uğurlar arzulayıram.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 sentyabr 2012-ci il

 

Azərbaycan.-2012.- 19 sentyabr.- S.2.