Bakıda «Neft, qaz və media» beynəlxalq konfransı keçirilir
Sentyabrın 18-də
Bakıda Gülüstan sarayında "Neft, qaz və media" beynəlxalq konfransı işə
başlamışdır.
Beynəlxalq Mətbuat
İnstitutu (BMİ) tərəfindən təşkil
olunan və Azərbaycan Respublikası
Dövlət Neft Şirkətinin dəstəyi
ilə keçirilən konfrans
sentyabrın 19-dək davam edəcəkdir.
Beynəlxalq
konfransda dünyanın 27 ölkəsindən,
o cümlədən ABŞ, Böyük Britaniya, Almaniya, Avstriya, İtaliya, İsveçrə, Bolqarıstan, Xorvatiya, Macarıstan, Türkiyə, Rusiya, Gürcüstan, Nigeriya, Cənubi Afrika
Respublikasından 200-ə qədər neft
mütəxəssisi, alimi və media nümayəndəsi iştirak edir.
Konfransın
aparıcısı Beynəlxalq Avrasiya Mətbuat
Fondunun beynəlxalq məsləhətçisi
Lütful KƏBİR qeyd
etmişdir ki, tədbir
neft-qaz mövzusunda yazan jurnalistlər üçün
Azərbaycan reallıqlarına daha dərindən bələd olmağa,
o cümlədən neft-qaz
sektoru haqqında ətraflı və dolğun
məlumat almağa hərtərəfli imkan yaradacaqdır.
Sonra Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin
müdiri Əli HƏSƏNOV
çıxış edərək dedi:
-Mən bu gün bu
tribunadan sizi salamlamaqdan məmnunluq hissi
keçirirəm. Dünyanın 27 ölkəsindən enerji mövzusunda yazan, bu sahədə tədqiqatlar
aparan çoxsaylı jurnalistləri Azərbaycanda
görməkdən çox şadam.
Cənab Prezident səfərdə olduğuna
görə onun təbrik məktubunu indi sizə təqdim edəcəyəm. Amma bəri başdan
bildirmək istəyirəm ki, Azərbaycan
hökuməti bu tədbirə çox böyük
önəm verir. Düz bir
ildir biz bu konfransa hazırlaşırıq
və mən xanım Alisona bir daha Azərbaycan
hökuməti adından təşəkkür edirəm ki, dünyanın ən məşhur neft-qaz mövzusunda yazan jurnalistlərini, tədqiqatçılarını
Azərbaycana - Bakıya toplayıbdır. Bir daha təkrar edirəm ki, bir ildir
biz bu günü
gözləyirdik, bu günə
hazırlaşırdıq. Düşünürəm
ki, iki gün
müddətində qonaq və yerli jurnalistlər dünyada
bu gün təkcə
neft-qaz istehsalı, istehlakı, ixracı ətrafında
cərəyan edən prosesləri deyil,
bütövlükdə beynəlxalq aləmdə cərəyan
edən transmilli prosesləri müzakirə
edəcək və dünyanın siyasətçilərinə,
dövlət rəhbərlərinə ciddi
mesajlar verəcəklər.
Bilirsiniz ki, Azərbaycan
Cənubi Qafqazın və Xəzər hövzəsinin əsas
neft-qaz istehsal edən
ölkələrindən biridir. Ona görə də bu tədbirin
Bakıda keçirilməsi bizim üçün mühüm
əhəmiyyət kəsb edir. İndi isə mən Azərbaycan Prezidentinin tədbir
iştirakçılarına təbrikini diqqətinizə
çatdırmaq istəyirəm.
Əli Həsənov
Azərbaycan Prezidenti İlham
Əliyevin konfrans
iştirakçılarına təbrik məktubunu oxudu(Təbrik məktubunun mətni qəzetdə
dərc olunur).
Beynəlxalq Mətbuat
İnstitutunun direktoru
xanım Alison Betel MAkKENZİ çıxış edərək,
cəmiyyətdə, demokratik prosesdə mətbuatın
mühüm rol
oynadığını bildirdi. O, bir çox
media sənaye tərəfdaşlarının
bu tədbirə qatıldığına
görə minnətdarlığını çatdıraraq qeyd etdi ki,
bu konfrans neft-qaz sənayesi ətrafında cərəyan
edən proseslərin obyektiv
işıqlandırılmasına, eləcə də bu sahədəki yazılar, məqalələr
icmanın inkişafına təkan verəcəkdir. Bu mənada konfrans sözün əsl mənasında, bir katalizator rolunu oynayacaqdır. Ümid
edirik ki, konfrans çərçivəsində yeni əlaqələr yaranacaq
və yeni şəbəkə
imkanları sayəsində neft-qaz sənayesi
ilə bağlı daha dolğun
anlayışlar əldə edəcəksiniz. Təxminən bir illik mediapark
əməkdaşları ilə görüşlərdən sonra, eləcə də Azərbaycanın rəsmi
hökumət nümayəndələri ilə birlikdə
BMİ bu konfransı məhz burada - paytaxt Bakıda
keçirməyə qərar verdi. Neft-qaz sənayesi ilə media
arasında şəffaflıq heç zaman tükənməməlidir.
Xanım Alison MakKenzi qeyd etmişdir ki, mətbuat azadlığı sadəcə olaraq ifadə azadlığı ilə bitmir. Mətbuat azadlığı, həmçinin
medianın kontent azadlığı deməkdir.
Bu isə fundamental insan haqlarıdır. Cəmiyyətdə
medianın rolu insanları maraqlandıran mühüm məsələlərlə
bağlı onları maarifləndirmək, məlumatlandırmaqdan
ibarətdir. Bu iş
insanların həyatına təsir edir və
eləcə də demokratik proseslərdə
iştirakına imkan yaradır.
Mediada jurnalist etikasının vacibliyinə
toxunan A.MakKenzi
Bakıda keçirilən konfransın qarşıya qoyulan məqsədlər baxımından səmərəli
olacağına, mühüm nəticələr
verəcəyinə əmin olduğunu
vurğuladı və tədbirin işinə uğurlar
arzuladı.
Beynəlxalq Mətbuat
İnstitutunun Azərbaycan Milli
Komitəsinin sədri Umud RƏHİMOĞLU
qeyd etdi ki, BMİ-nin bu konfransı məhz Azərbaycanda keçirməsi
ölkəmizin qədim neft məkanlarından
biri olması ilə bağlıdır.
"Azərbaycanda demokratik dəyərlərə
ciddi önəm verilir,
sürətli inkişaf konsepsiyası
reallaşdırılır və bunun nəticəsində
vətəndaş cəmiyyəti də inkişaf
edir. Media ilə
bağlı məsələlərə isə xüsusilə
həssas yanaşılır. Bu gün "Neft, qaz və media" beynəlxalq
konfransının belə yüksək səviyyədə təşkili
də məhz həmin yanaşmanın nəticəsidir" -
deyə U.Rəhimoğlu bildirmişdir.
Milli komitənin sədri demişdir ki, son 160 ildə Azərbaycanın yanacaq-energetika sənayesi böyük
inkişaf yolu keçmiş və bu, neft və qaz mövzusunun işıqlandırılmasına
da müsbət dəyərlər gətirmişdir.
U.Rəhimoğlu qeyd etmişdir
ki, Azərbaycanda artıq neft
və qaz sənayesi üzrə
ixtisaslaşmış qəzetlər, jurnallar
nəşr olunur, radio
və televiziya proqramları
hazırlanır.
Azərbaycanda
söz azadlığının, plüralizmin, müstəqil mətbuatın,
peşəkar jurnalistikanın inkişafına xüsusi
diqqət yetirildiyini deyən U.Rəhimoğlu
diqqətə çatdırmışdır ki,
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi peşəkar medianın inkişafına da mane olur. Torpaqlarımızın 20 faizi erməni işğalı
altındadır, 1 milyondan çox
qaçqın-köçkünümüz vardır.
Ağır olsa da,
bildirməliyəm ki, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi
dövründə ikisi əcnəbi olmaqla, 10 jurnalist Ermənistan
silahlı qüvvələri tərəfindən qətlə
yetirilmişdir. Bu gün dünyanın nüfuzlu
media nümayəndələrinin Azərbaycanda
bir araya gəlmələri
jurnalist həmrəyliyinin göstəricisidir.
Bu həmrəyliyin Azərbaycan ilə
bağlı həqiqətlərin daha geniş təbliğində əhəmiyyətli
rol oynayacağına əminəm.
Azərbaycanın
sənaye və energetika naziri
Natiq ƏLİYEV konfransda
çıxış edərək bildirmişdir
ki, ölkəmizin neft-qaz
sənayesi 160 ildən artıq tarixə malikdir.
Azərbaycanın neft-qaz sahəsinə
böyük həcmli investisiyaların
qoyulması və müasir
texnologiyaların tətbiqi nəticəsində ölkəmizdə
neft hasilatı 1990-cı illərin əvvəllərində
olan hasilatla müqayisədə
5,5 dəfə, qaz hasilatı isə 4 dəfə
artmışdır. Ötən il isə respublikamızda 45,3 milyon
ton neft,
25,5 milyard kubmetr qaz hasil olunmuşdur.
Azərbaycanda kəşf olunan
və perspektiv yataqların əhəmiyyətindən
danışan nazir diqqətə çatdırmışdır
ki, hazırda respublikamızda gündə
75 milyon kubmetr qaz hasil edilir. Ümumiyyətlə, yeni kəşf
olunan yataqlar ölkəmizin təsdiq olunmuş qaz ehtiyatlarının 2 trilyon
550 milyard kubmetr olduğunu sübut etmişdir.
Azərbaycan dövləti
həyata keçirdiyi
çevik neft diplomatiyası və praktik işlər nəticəsində Xəzər,
Qara və Aralıq dənizləri məkanında beynəlxalq
layihələrin təşəbbüskarı,
iştirakçısı və
əsas icraçısı
olaraq regional iqtisadi əməkdaşlığın ayrılmaz hissəsinə
çevrilmişdir, bu
da milli iqtisadiyyat üçün
yeni imkanlar yaradır. Enerji resurslarının mənimsənilməsinə xarici
investisiyaların cəlbi
və enerji resurslarının dünya
bazarlarına nəqli
üçün Şərq-Qərb
və Şimal-Cənub
istiqamətində etibarlı
dəhlizlərin yaradılmasına
yönəldilmiş mühüm
layihələr uğurla
yerinə yetirilir.
Hazırda Azərbaycan geniş
və müxtəlif istiqamətlərdə neft
və qaz dəhlizlərini yaratmaqla
və transregional layihələrə qoşularaq
Avropanın enerji təhlükəsizliyinin təmin
olunmasında mühüm
rola malikdir. Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa ixrac neft, Bakı-Tbilisi-Ərzurum ixrac qaz boru kəmərləri
Azərbaycanın Qərblə
möhkəm iqtisadi və siyasi əlaqələrini daha da genişləndirən körpü rolunu oynayır.
Bundan başqa, Qazaxıstan
hökuməti "Kaşağan"
yatağının ikinci
fazası çərçivəsində
öz neftinin Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqlində maraqlıdır. Astanada keçirilmiş Azərbaycan-Qazaxıstan hökumətlərarası
komissiyanın 7-ci iclası
çərçivəsində bu məsələlərin
geniş müzakirə
olunduğunu diqqətə
çatdıran nazir qeyd etmişdir ki, başlanğıc mərhələdə "Transxəzər"
sistemi ilə gündə 500 min barel, yəni, ildə 23 milyon ton həcmində neftin nəqli nəzərdə tutulmuşdur.
Sonrakı mərhələlərdə isə bu həcmin
35-36 milyon tona çatdırılması gözlənilir.
Nazir həmçinin bildirmişdir
ki, 2011-ci ilin yanvarında Azərbaycan Prezidenti İlham Əliyev ilə Avropa Komissiyasının prezidenti Xose Manuel Barrozu "Cənub qaz dəhlizi haqqında" birgə bəyannamə imzalamışlar. Bu bəyannamə Xəzər hövzəsi
qazının Avropaya çatdırılması istiqamətində
yeni perspektivlər açmışdır. Ötən
il sentyabrın
7-də isə Avropa İttifaqı "Transxəzər"
layihəsi ilə bağlı Azərbaycan və Türkmənistanla danışıqlar aparmaq
üçün Avropa
Komissiyasına mandat vermişdir.
Azərbaycan ilə
Türkiyə arasında
imzalanmış TransAnadolu
təbii qaz boru xəttinin əhəmiyyətinə toxunan
nazir qeyd etmişdir ki, ölkəmiz müstəqil
təchizatçı kimi
"Şahdəniz"dən çıxarılacaq təbii
qazı məhz bu kəmərlə Avropa bazarlarına çatdıracaqdır. Həmçinin
bu layihə "Cənub qaz dəhlizi"nin reallaşması baxımından
da mühüm əhəmiyyət kəsb
edir.
Sonra konfrans işini
sessiyalarla davam etdirmişdir.
Konfransın birinci sessiyasında
neft və qazla bağlı hadisələrin işıqlandırılmasında
mətbuatın rolundan
bəhs edilmişdir. Qeyd olunmuşdur ki, enerji sektorunda mətbuat azadlığı
böyük əhəmiyyət
kəsb edir. Bu sahədə mediaya
sərbəstliyin verilməsi
həm də neft-qaz sənayesində çalışanların məsuliyyətini
artırmış olar.
Çıxış edənlər enerji
sahəsindən yazan jurnalistlərin neft-qaz sənayesi ilə bağlı dərin biliklərə malik olmalarının zəruriliyini
vurğulamışlar. Eyni zamanda, diqqətə çatdırılmışdır ki, informasiya almaq üçün jurnalistlərə geniş
şərait yaradılmalı
və onlar da öz növbələrində
bunun məsuliyyətini
dərk etməlidirlər.
İkinci sessiyada isə neft ehtiyatlarının sürətlə azaldığı
bir dövrdə enerji şirkətlərinin
suda və quruda yeni ehtiyatların
axtarışı ilə
məşğul olmaları
və qarşıya çıxan problemlər
müzakirə edilmişdir.
Jurnalistlərin neft-qaz sənayesindən
yazarkən hansı amillərə üstünlük
vermələrinin vacibliyinin
müzakirə edildiyi
üçüncü sessiya
da maraqlı diskussiya şəraitində
keçmiş, cəmiyyətə
hansı məlumatın
çatdırılmasının əhəmiyyəti barədə
fikir mübadiləsi aparılmışdır.
Neft yataqlarının tədqiqatı,
hasilat və təhlükəsizlik məsələlərinin
müzakirə edildiyi
dördüncü sessiyada
isə neft-qaz sənayesində şirkətlər
tərəfindən bu
amillərə xüsusi
diqqət yetirilməsinin
vacibliyi vurğulanmışdır. Bildirilmişdir ki, təhlükəsizlik
və neftin saxlanılması texnologiyası
ilə tədqiqat və neftçıxarma texnologiyası eyni səviyyədə deyildir
və bu sahədə müasir texnologiyalar tətbiq olunan zaman təhlükəsizlik
məsələləri də
diqqət mərkəzində
olmalıdır.
Sessiyalarda iştirakçıları maraqlandıran suallar da cavablandırılmışdır.
Sonra "Gülüstan" sarayında konfrans iştirakçılarının şərəfinə ziyafət
verilmişdir.
Konfrans öz işini sentyabrın 19-da davam etdirəcəkdir.
AzərTAc
Azərbaycan.-2012.-
19 sentyabr.- S.2-3.