Azərbaycan nümayəndə heyəti Beynəlxalq Atom Enerjisi Agentliyinin Baş Konfransının 56-cı sessiyasında uğurla iştirak etmişdir

 

 Sentyabrın 17-də Vyanada Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Baş Konfransının 56-cı sessiyası işə başlamışdır.

Ayın 21-dək davam edəcək  sessiyada 155 üzv dövlətin, müşahidəçi qismində Fələstinin, BMT və onun ixtisaslaşmış qurumlarının, beynəlxalq və hökumətlərarası təşkilatların, eləcə də qeyri-hökumət təşkilatlarının nümayəndə heyətləri iştirak edirlər. Sessiyada ölkəmizi fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə Nazirlər Kabinetinin, Xarici İşlər Nazirliyinin, BAEA yanında daimi nümayəndəliyin, Dövlət Gömrük Komitəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil edir.

Sessiyanın ilk günü BMT Baş katibinin tədbir iştirakçılarına müraciəti oxunmuş və BAEA-nın baş direktoru Yukiya Amano tərəfindən ötən il ərzində görülmüş işlər barədə hesabat təqdim olunmuşdur.

Tədbirin plenar iclası zamanı nazir Kəmaləddin Heydərov bəyanatla çıxış etmiş, nüvə və radiasiya təhlükəsizliyi sahəsində Azərbaycanda aparılan işlər, agentlik ilə respublikamız arasında Texniki Əməkdaşlıq Proqramı çərçivəsində göstərilən fəaliyyət barədə məlumat vermiş, ölkəmizin qurum ilə əməkdaşlığının prioritetləri vurğulanmışdır.

Daha sonra Azərbaycan nümayəndə heyətinin BMT-nin Vyana ofisinin başçısı, BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin direktoru Yuri Fedotov ilə görüşü olmuşdur. Görüşdə Azərbaycan ilə beynəlxalq təşkilat arasında əməkdaşlıq əlaqələri müzakirə olunmuş, qarşılıqlı maraq doğuran məsələlərə toxunulmuşdur.

Həmin gün nazir K.Heydərovun BAEA-nın baş direktoru Yukiya Amano ilə ikitərəfli görüşü olmuşdur. Görüşdə ölkəmizin BAEA-nın Hadisə və Fövqəladə Böhran Vəziyyətləri üzrə Mərkəzinə qoşulması, Azərbaycanın ərazisinin radiasiya fonu xəritəsinin tərtib edilməsi, respublikamızın kadr potensialının inkişafı, Texniki Əməkdaşlıq Proqramı çərçivəsində layihələrin reallaşdırılması və əməkdaşlığın prioritet istiqamətləri barədə fikir mübadiləsi aparılmışdır. Yukiya Amano ölkəmizə səfərə dəvət olunmuşdur. 

Sessiya çərçivəsində həmçinin nazir Kəmaləddin Heydərov Türkiyə Atom Enerjisi Qurumunun (TAEK) rəhbəri Zafer Alper ilə də görüşmüşdür. Görüşdə Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi ilə TAEK arasında əməkdaşlıq istiqamətləri müzakirə olunmuşdur.

Sessiya çərçivəsində Azərbaycanın BAEA-ya üzv qəbul olunmasının 10 illiyi münasibətilə BMT-nin Vyana ofisində rəsmi ziyafət verilmişdir. Ziyafətdə BAEA-ya üzv ölkələrin daimi nümayəndələri, BMT rəsmiləri, BAEA katibliyinin təmsilçiləri və diplomatlar iştirak etmişlər. Qonaqlara Azərbaycanın beynəlxalq təşkilatla əmakdaşlığının 10 illiyi münasibətilə hazırlanmış xüsusi bukletlər təqdim olunmuşdur.

Gündəliyə əsasən, sessiya zamanı BAEA-ya üzv dövlətlərin nümayəndə heyətlərinin başçıları, beynəlxalq və hökumətlərarası təşkilatların rəhbərləri tərəfindən bəyanatlar səsləndiriləcək və agentliyin fəaliyyət istiqamətləri üzrə müvafiq qətnamələr qəbul ediləcəkdir.

Sessiyada nüvə və radiasiya təhlükəsizliyi, eləcə də tullantılarla rəftar və daşınma qaydaları sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi üzrə tədbirlər, nüvə terrorçuluğuna qarşı mübarizə tədbirləri, texniki əməkdaşlıq sahəsində agentliyin fəaliyyətinin gücləndirilməsi və s. məsələlər müzakirə olunacaqdır.

 

 

 Elgün NİFTƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Vyana

 

Azərbaycan.-2012.- 19 sentyabr.- S.3.