Böyük ürək, kamil zəka və yüksək mənəviyyat sahibi

 

 Milyonların qəlbində özünün ədəbi heykəlini ucaldan, görkəmli şərqşünas, professor Aida İmanquliyevanın vəfatından 20 il ötür

 

 "Mənim anam ağlasığmaz dərəcədə gözəl qadın olub. O, istənilən yerə daxil olan zaman hamı qeyri-ixtiyari dönüb ona baxardı. O, hədsiz dərəcədə mehriban və kifayət qədər qapalı qadın idi. Anam Azərbaycanda ilk qadın - professor, şərqşünaslıq üzrə elmlər namizədi idi. Görünür o, məndə yüksək məsuliyyət hissini formalaşdırmağı bacarıb... Aida xanım unudulmaz bir şəxsiyyət idi. O, qısa, amma çox parlaq və xoşbəxt həyat yaşamışdır. Azərbaycan qadınına xas olan ən gözəl xüsusiyyətləri özündə cəmləşdirmişdi. Yüksək savadlı, ziyalı, vətənpərvər, prinsipial bir alim, eyni zamanda çox zərif, çox gözəl, bütün sevgisini ailəsinə bağışlayan, hər zaman ürəkdən kömək göstərməyə hazır olan bir qadın idi."

 

Mehriban ƏLİYEVA

 

 

Xalq üçün çalışmaq, yazıb-yaratmaq, insanlara səmimi xidmət etmək istəyi ziyalı insanların iç dünyasından, mənəvi aləmindən qaynaqlanır. Millətin döyünən qəlbi, cəmiyyətin düşünən beyni olan belə ziyalılar həm də milli yaddaşın, milli ruhun daşıyıcısı kimi elm zirvəsinə ucalırlar. Nəcib həyat amalı, xeyirxah məqsədləri ilə çoxlarından seçilən bu şəxsiyyətlərin yaradıcılıq ruhu həm də onların özünütəsdiq əzmindən irəli gəlir. Yüksək yaradıcılıq duyumu ilə fərqlənmək qabiliyyətini isə, ilk növbədə, insanın kamillik səviyyəsi, şəxsi ləyaqət hissi, sağlam həyat tərzi dünyaya gətirir. Bütün bunların vəhdətindən doğulan ən ali keyfiyyət aid olduğu şəxsi həm də müsbət mənada əbədi məsuliyyətə məhkum edir.

Fərqli zaman və məkanlarda xalqın mənəvi istinadgahı sayılan belə yaradıcı ziyalılar milli ruhun təminatçısı olaraq söz sənətkarlığının zirvəsinə ucalmış, elm kəhkəşanında parlaq ulduzlara çevrilmişlər. Belə şəxsiyyətlər həyatın bütün sevincini, şirinliyini istedadın onları məhkum etdiyi ağır zəhmətdən almış, mənəvi zənginliyi nəfsani nemətlərdən üstün tutmuşlar. Qarşıya qoyduqları nəcib amallara, məqsədlərə yetişmək - bu, sözü, zəkası ilə ucalan insanlar üçün dünyanın ən böyük xoşbəxtliyi olmuşdur.

Sağlığında böyük hörmət-izzət sahibi olmuş, haqq dünyasına qovuşduqdan sonra çoxlarının xatirində yüksək mənəviyyatlı kamil insan, dəyərli alim, unudulmaz müəllim, qayğıkeş ana, ləyaqətli qadın kimi qalmış belə şəxsiyyətlərdən biri də filologiya elmləri doktoru, professor Aida Nəsir qızı İmanquliyevadır. Xüsusi təqdimata ehtiyacı olmayan bu nəcib insan - şərqşünaslıq elminin görkəmli siması bütün mənalı ömrü boyu insanlığın zinəti sayılan saf və münis dəyərləri parlaq xarakterində cəmləşdirmişdir.

Əsl elm adamı bütün ruhu ilə yaradıcı şəxsiyyət olduğu üçün daxildən gələn tükənməz enerji ilə çalışır, qarşıya qoyduğu hədəflərə yetişmək üçün hər cür əziyyətə qatlaşır, zəhmətdən usanmır. Yüksək alimlik və tədqiqatçılıq keyfiyyəti həyat amalından, daxili aləmindən qaynaqlanaraq onu həm də yeni axtarışlara sövq edir. Üzərinə düşən missiyanı düzgün dəyərləndirərək elmi potensialı ilə millətə layiqli xidməti qarşıya qoyan kamil yaradıcı insan isə ziyalılıq məqamına ucalır. Mübaligəsiz demək olar ki, filologiya elmləri doktoru, professor Aida İmanquliyeva da onu yaxından tanıyanların nəzərində məhz belə bir ucalıqda dayanır!

Uzun illər şərqşünaslıq sahəsində dəyərli tədqiqatlar aparan, yüksək səviyyəsi, özünəməxsus tədqiqatçılıq məharəti, bir də qələminin qüdrəti ilə elmin ən uca mərtəbələrini fəth edən Aida xanım İmanquliyeva görkəmli alim, müəllim, tərcüməçi kimi milli elm tarixinə sanballı möhürünü vurmuşdur. Bütün bunlarla yanaşı, Aida xanımın nurlu siması göz önündə həm də gözəl həyat yoldaşı, mehriban ana, zərif qadın obrazı kimi canlanır. Sağlığında sahib olduğu yüksək vəzifələri, elmi titulları, ictimai həyatda fəallığı onu ümdə insani keyfiyyətlərdən əsla məhrum etməmişdir.

Görkəmli şərqşünas alim Aida İmanquliyeva 1939-cu il oktyabr ayının 10-da Bakı şəhərində - ziyalı ocağında dünyaya göz açmış, ailəsində gördüyü yüksək mənəvi-əxlaqi dəyərlər onun xarakterinə, ruhuna hopmuşdur. Atası - milli jurnalistikamızın patriarxlarından sayılan Nəsir İmanquliyev uzun illər dövrünün nüfuzlu mətbuat orqanlarının rəhbərliyində çalışaraq qələmi ilə insanların mənafeyinin keşiyində dayanmış, eyni zamanda, jurnalistikanın nəzəri problemlərinin tədqiqinə sanballı töhfələr vermişdir. Şərəfli ömrünü milli mətbuatın inkişafına həsr etmiş filologiya elmləri doktoru, professor Nəsir İmanquliyev daxilindən gələn yaradıcılıq əzmi ilə həyatını jurnalist sənətkarlığına bağlamışdı. Qəzetlərin barmaqla sayıldığı ötən əsrin 40-50-ci illərində "Yeni yol", "Gənc işçi", "Kommunist", "Bakı" kimi nüfuzlu mətbu orqanlarında əsl jurnalist kimi yetişmiş Nəsir İmanquliyev milli mətbuatın klassik simalarının yolu ilə getmiş, onların zəngin yaradıcılığından, mütərəqqi ənənələrindən bəhrələnmiş, özünəməxsus irs yaratmışdır.

Aida xanım İmanquliyevanın hələ erkən yaşlarından yüksək bilik, savad almaq, yazıb-yaratmaq, cəmiyyət üçün faydalı insan kimi yetişmək istəyi elə kökdən, gendən gəlirdi. Özünütəsdiq əzmi, bir də həyatda layiqli mövqe tutmaq arzusu ilə orta məktəb illərindən gecəsini gündüzünə qataraq səylə çalışan, ən müxtəlif fənləri eyni səviyyədə mənimsəyən gənc Aidanın bu zəhməti hədər getmədi: gələcəyə böyük ümidlərlə yanaşıb təhsil aldığı 132 saylı orta məktəbi qızıl medalla başa vuraraq həyatının daha bir uca mərhələsinə qalxmağa, tələbə adını daşımağa nail oldu. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb filologiyası bölməsinə daxil olan Aida İmanquliyeva tələbəlik illərində də eyni həvəslə, səylə çalışaraq təhsili, intellekti, peşəsinə vurğunluğu, nizam-intizamı ilə qısa zamanda müəllimlərinin dərin rəğbətini qazandı. Azərbaycan ərəbşünaslığının banisi, professor Ələsgər Məmmədovdan dərs alaraq ərəb dilini mükəmməl öyrənən Aida xanımın tələbəlik illərindən elmi tədqiqata həvəsi də ətrafdakıların diqqətini çəkirdi. 1962-ci ildə ADU-nun şərqşünaslıq fakültəsinin ərəb filologiyası bölməsini bitirdikdən sonra ömrunu elmə bağlamaq niyyətini özü üçün tam yəqinləşdirdi və imtahanları müvəffəqiyyətlə verərək universitetin Yaxın Şərq xalqları ədəbiyyatı tarixi kafedrasının aspiranturasına daxil oldu. Görkəmli şərqşünas Rüstəm Əliyevin rəhbərliyi ilə "Qələmlər cəmiyyəti" və Mixail Nüaymənin yaradıcılığında onun rolu" mövzusunda namizədlik dissertasiyası üzərində işləməyə başladı. Aspirant kimi tədqiqatçılıq əzmi yüksək dəyərləndirilərək Moskva şəhərinə göndərildi, təhsilini SSRİ Elmlər Akademiyasının Asiya Xalqları İnstitutunun aspiranturasında davam etdirdi. 1964-cü ildə "Azərbaycan" jurnalında "Mixail Nüaymə və XIX əsr qabaqcıl rus ədəbiyyatı" adlı ilk məqaləsi dərc olundu. Gərgin zəhməti sayəsində elmi tədqiqatlarını qısa müddətdə yekunlaşdıran Aida İmanquliyeva 1966-cı ilin martında hər iki elmi rəhbərinin - Rüstəm Əliyevin və İosif Braginskinin xeyir-duası ilə namizədlik dissertasiyası müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi aldı.

Bakıya döndükdən sonra Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda işə başlayan Aida İmanquliyevanın gələcək həyatı da bu elm məbədi ilə bağlı olmuşdur. 1966-1973-cü illərdə institutda kiçik elmi işçi olmuş, 1973-1988-ci illərdə böyük elmi işçi kimi ərəb filologiyası şöbəsinin müdiri, 1988-1991-ci illərdə elmi işlər üzrə direktor müavini, nəhayət, 1991-ci ildən həyatının sonunadək - 1992-ci ilin 19 sentyabrınadək direktor vəzifələrində çalışmışdır. Elmi tədqiqatlarını davam etdirən Aida İmanquliyeva 1989-cu ildə Tbilisi şəhərində doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmiş, filologiya elmləri doktoru elmi dərəcəsini almışdır.

HAŞİYƏ: Azərbaycanın görkəmli ərəbşünası, mərhum professor Aida İmanquliyevanın "Qələmlər cəmiyyəti və Mixail Nüaymə" kitabı bir müddət əvvəl gürcü dilində çap edilmişdir. Kitab XIX əsrin sonu XX əsrin əvvəllərində Qərb ölkələrində yaşayıb yaradan ərəb yazıçılarının yaradıcılığına həsr olunmuşdur. Kitabı gürcü dilinə tərcüməçi D.Gülməmmədov çevirmiş, ön sözü Gürcüstan Yazıçılar İttifaqının sədri Maxmala Qonaşvili yazmışdır. Kitab Tiflis Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb dili bölməsi üçün dərslik vəsaiti kimi hazırlanmışdır.

Yüksək elmi zəkası, intellektual səviyyəsi ilə yanaşı, həm də təşkilatçılıq, idarəçilik keyfiyyətləri ilə onu yaxından tanıyanların rəğbətini qazanan Aida İmanquliyeva Şərqşünaslıq İnstitutunda elmi tədqiqatların genişləndirilməsi və beynəlxalq əlaqələrin gücləndirilməsi məsələlərinə daim diqqətlə yanaşmışdır. Görkəmli alim institutda fəaliyyət göstərən "Asiya və Afrika ölkələri xalqları ədəbiyyatı" ixtisası üzrə müdafiə şurasının üzvü, sədr müavini və sədri olmuş, Moskva, Düşənbə, Tbilisi, Hamburq, Küveyt, Poltava, Sankt-Peterburq və digər şəhərlərdə keçirilmiş elmi konfranslarda məruzələrlə çıxış etmişdir. Aida xanımın bilavasitə rəhbərliyi altında ərəb filologiyası şöbəsində güclü kadrlar hazırlanmış, ərəb ədəbiyyatının, ərəb-Azərbaycan ədəbi əlaqələrinin ən müxtəlif sahələrini araşdıran monoqrafiyalar, kitablar hazırlanıb çap olunmuşdur. Bütün bu nəşrlər həm də onun bir direktor kimi təşkilatçılıq bacarığından, elmi rəhbər kimi tədqiqatçılığından, mütərcim kimi istedadından, şərqşünas alim kimi keçmiş irsə ehtiramından soraq verir.

Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsində ərəbşünas mütəxəssislərin hazırlanması işində böyük xidmətləri olmuş Aida xanım tələbələrində elmi tədqiqata həvəs oyatmış, bir çox dissertasiya işlərinin elmi rəhbəri olmuşdur. Onun başçılıq etdiyi ərəb filologiyası şöbəsində qısa müddətdə 10-dan artıq namizədlik dissertasiyası müdafiə edilmişdir.

Professor Aida İmanquliyeva həm keçmiş Sovet İttifaqında, həm də Azərbaycanda yeni ərəb ədəbiyyatı kursunun yaradıcılarından sayılır. Ərəb dünyasında yaranmış zəngin ədəbiyyatı araşdırmaq, həmin ədəbiyyatın səciyyəvi cəhətlərini müəyyənləşdirmək, görkəmli nümayəndələrinin həyat və yaradıcılığını öyrənmək, əsərlərini yüksək nəzəri səviyyədə təhlil etmək dünya ərəbşünaslığı qarşısında duran ümdə vəzifələrdəndir. Aida xanım sağlığında bu sahədə böyük əmək sərf etmiş, nəticədə belə bir çətin kursun nəzəri-metodoloji əsaslarının yaradılmasına nail olmuşdur. Görkəmli alimin bu barədə yazdığı məqalələr, beynəlxalq forumlarda etdiyi çıxışlar, uzun illər BDU-nun şərqşünaslıq fakültəsində oxuduğu mühazirələr yeni ərəb ədəbiyyatının çağdaş dövrdə daha dərindən öyrənilməsi baxımından əvəzsiz mənbə rolunu oynayır.

Görkəmli şərqşünasa qədər nəinki ərəb məhcər ədəbiyyatı, habelə Qərb romantik poeziyası respublikamızda geniş tədqiq olunmamışdı. U.Bleyk, R.Emerson, U.Uitmen kimi görkəmli şairlərin həm bədii yaradıcılıq metodlarını, həm də ideya mövqelərini Azərbaycan oxucularına ilk dəfə məhz Aida İmanquliyeva təqdim etmişdir. Onun başlıca rolu bu ədəbi proseslər haqqında sadəcə informasiya verməkdən ibarət deyildi. Aida xanım tədqiqatlarında empirik səviyyə ilə kifayətlənməyərək mövzunun nəzəri-konseptual dərinliklərinə varmış, Şərq və Qərbdə gedən ədəbi proseslərin ümumi tendensiyalarını üzə çıxarmışdır. Bu baxış bucağında ərəb ədəbiyyatı ilə bərabər, Amerika, Avropa və rus ədəbiyyatını da görmək mümkündür. Aida xanım İmanquliyeva bir tərəfdən Turgenev, Çexov, Tolstoy, Dostoyevski kimi rus yazıçılarının ərəb məhcər ədəbiyyatına təsirindən bəhs etmiş, digər tərəfdən onların başlıca ideyalarını diqqət mərkəzinə çəkmişdir.

Rus tənqidi realizmindən, ingilis romantizmindən və Amerika transsendentalizmindən kifayət qədər təsirlənmiş, lakin bu təsiri Şərq kontekstində qəbul etmiş məhcər ədəbiyyatı yeni ərəb ədəbiyyatının dünya miqyasında tanınmasına zəmin yaratmışdır. Şərq ruhunu Qərb düşüncəsi, Qərb analitizmi ilə birləşdirmiş Cübran Xəlil Cübran, Əmin ər-Reyhani, Mixail Nüaymə, İlya Əbu Madi kimi görkəmli sənətkarlar Şərq-Qərb ədəbi sintezi prosesində mühüm rol oynamışlar. Bütün bu ümdə məsələlərin kompleks tədqiqi isə Aida xanımın elmi yaradıcılığında əksini layiqincə tapmışdır. Ümumilikdə, alimin Şərq müdrikliyi ilə Qərb həssaslığını özündə cəmləşdirən ərəb məhcər ədəbiyyatının yaranması, inkişafı, sənətkarlıq xüsusiyyətləri, spesifikası, onun başqa ədəbi məktəblərdən fərqli cəhətlərini, bir ədəbi cərəyan kimi səciyyələndirən məziyyətlər barədə mülahizə və fikirləri bu gün də görkəmli şərqşünaslar tərəfindən bəyənilir və qəbul edilir.

Elm pillələrində irəliləmək hər bir tədqiqatçı-alimin arzusudur. Lakin bu nəcib istəyi, niyyəti xalqın, dövlətin mənafeyi naminə yönəldib səmərəli nəticələr əldə etmək xüsusi istedad, qabiliyyət və zəhmətsevərlik tələb edir. Professor Aida İmanquliyeva da məhz bu qabiliyyəti və zəhmətsevərliyi sayəsində şərqşünaslıq sahəsində bir sıra kitablar yazmış, bu sahədə özünəməxsus irs yaratmışdır. Müxtəlif illərdə qələmə aldığı ensiklopedik səciyyəli nəşrlərlə tanışlıq onun necə yüksək istedada, intellektə, özünəməxsus dəst-xəttə, yazı üslubuna malik tədqiqatçı olduğunu göstərir. Bu əsərlər təkcə gənc şərqşünaslar üçün deyil, ümumilikdə bu sahə ilə maraqlanan oxucu auditoriyası üçün də sanballı mənbə rolunu oynayır.

Əksər xarici ölkələrdə nüfuzlu alimlərin elmi tədqiqatlarının ictimai dəyəri, ilk növbədə, onlara edilən istinadlar əsasında müəyyənləşir. Yəni aktuallığı, elmi siqləti, ideya məzmunu ilə seçilən elmi əsərlərdə irəli sürülən tezis və fikirlər sonradan digər nüfuzlu alimlər üçün də maraqlı istinad mənbəyinə, diskussiya predmetinə çevrilir. Bu mənada, Aida xanımın sağlığında gərgin zəhmət hesabına ərsəyə gətirdiyi əsərlərinə bu gün ölkə hüdudlarından kənarda - Rusiyada, Ukraynada, Almaniyada, İngiltərədə, Fransada, Özbəkistanda, Gürcüstanda, eləcə də əksər ərəb ölkələrində da geniş müraciət olunur. Alimin "Yeni ərəb ədəbiyyatı korifeyləri (XX əsrin əvvəllərində Şərq və Qərb ədəbiyyatının qarşılıqlı əlaqəsi problemlərinə dair)" kitabı 2005-ci ildə gürcü, 2007-ci ildə isə türk dilinə tərcümə olunmuşdur.

Görkəmli alim hələ 1975-ci ildə Moskvada çapdan çıxmış "Qələmlər cəmiyyəti və Mixail Nüaymə" monoqrafiyasında ərəb yazıçısı və mütəfəkkiri Mixail Nüaymənin yaradıcılığını, fəaliyyətini araşdırmış, ədəbi-elmi ictimaiyyəti onun əsərləri ilə yaxından tanış etmişdir. Ərəb ədəbiyyatının məhcər qatını Şimali Amerikada Mixail Nüaymənin yaradıcılarından biri olduğu "Qələmlər birliyi" vasitəsilə dünyaya yayan, Suriya və Livanda baş verən hadisələrə, azad sözə və fikrə bir növ ayna tutmağa çalışan ərəb şair və nasirləri Qərbi daha çox maddi sıxıntılardan qurtulmaq üçün seçmişdilər. Onlar gördükləri, eşitdikləri yeni fəlsəfi, ədəbi cərəyanların təsiri ilə əsərlər yaratmağa cəhd edirdilər. Birbaşa rus klassikasına, realizminə, romantik fikrinə arxalanıb əsərlər yaradan Mixail Nüaymənin Rusiyada - keçmiş SSRİ-də tanınmasının əsas səbəbi də məhz bu olmuşdur.

Mixail Nüaymə ərəb dünyasını, ərəb ədəbi, ictimai fikrini dirçəlişə, dünya ədəbi-fəlsəfi fikrinə söykənərək əski yaddaşa qayıtmağa, Şərq mənəvi dəyərlərinə, sərvətlərinə sahib çıxmaq üçün mənəvi kamilliyə, birliyə və dünyəvi dəyərlərə çağırmış, bu ideyalar onun əsərlərindən "çiçəklənmişdir". Professor Aida İmanquliyeva rus klassik fikrindən və əski Şərq fəlsəfi məntiqindən, müasir Avropa düşüncəsindən bəhrələnən Mixail Nüaymənin yaradıcılığından söhbət açarkən yazırdı: "Mixail Nüaymə müasir ərəb novellasının banilərindən biridir. Ərəb dünyasında bu böyük realist sənətkar nəsr və nəzm, publisistika və ədəbiyyatşünaslığa dair məqalələrin müəllifidir".

Qərbdə yaşasalar da, mədəniyyətlərini qorumaqdan, təbliğ etməkdən zövq alan ərəb ziyalılarının yaşantılarından, duyğularından, dünyaya baxışlarından söhbət açan Aida İmanquliyeva xalq üçün yanan-yaradan, dövlətlərini nura qərq edən ziyalıların basqılara məruz qalmasının səbəblərindən danışmışdır.

Aida xanımın 1975-ci ildə işıq üzü görmüş "Cübran Xəlil Cübran" monoqrafiyasında ərəb məhcər ədəbiyyatının başqa bir nümayəndəsinin - C.X.Cübranın yaradıcılığı araşdırılır. Müəllif Cübranın yaradıcılığında romantizm üslubunun inkişaf prosesini izləyir, yazıçının ən məşhur əsərlərini təhlil edir, onun yaradıcılıq metodunu, dünyagörüşünü, poetik dilinin təkamülünü, lirizmini, romantik qəhrəman obrazının xüsusiyyətlərini tədqiq edir. Müəllifin güclü elmi məntiqi və dərin nəzəri bilikləri nəticə etibarilə tədqiqatın müvəffəqiyyətini təmin etmiş, qiymətli elmi mülahizələrə zəmin yaratmışdır.

Uzaq Amerikada - Nyu-Yorkda ərəb ziyalılarını birləşdirən ideya və məfkurə birliyindən söhbət açan Aida xanım Cübran Xəlil Cübranın yaradıcısı, qurucusu olduğu "Qələmlər birliyi"nin əhəmiyyətindən danışarkən qeyd edirdi: "Bu cəmiyyətin yaranması yeni ərəb mədəniyyətinin inkişafında görkəmli rol oynayan təzə və böyük ədəbi məktəbin meydana gəlməsi demək idi".

Bu ədəbi birliyin mahiyyətində siyasi motivlərin olduğunu diqqətə çatdıran Aida xanım istedadlı şair və rəssam Cübran Xəlil Cübranın təkcə ərəb ədəbi-bədii fikrində deyil, ictimai-siyasi düşüncəsində özünəməxsus yeri olduğunu yazırdı. Alim qadının kölə, hüquqsuz, məzlum vəziyyətinə etiraz edən Şərqin bu istedadlı qələm sahibinin haqqa xidmətdə bulunduğunu qeyd edirdi. O, Cübran Xəlilin bu sahədə xidmətləri barədə yazırdı: "Bütün əsərlərində Cübran qadının cəmiyyətdə hüquqsuz, məzlum, hətta bəzən kölə vəziyyətindən narahat olduğunu, narazı qaldığını bildirir".

Professor Aida İmanquliyeva eyni zamanda yazır ki, ərəb yazıçı və şairlərində romantik metodu zəruri edən səbəb mövcud reallığın onları qane etməməsi, habelə tərənnüm etdikləri qəhrəmanların daha yüksək həyat arzusu ilə yaşamasıdır: "Romantik qəhrəmanla cəmiyyətin qarşıdurması, onların bir-birini başa düşməməsi - onların qarşılıqlı əlaqələrinin ən ümumi göstəricisidir. Bu, aydındır. Axı, adi qəhrəmanlar adi həyatda yaşayır, onlar çoxcəhətli, cismani və mürəkkəb insanlardır. Romantiklərin qəhrəmanı başqadır, yalnız yüksək məqsəd və ideallarla yaşayırlar. Gündəlik həyat onun üçün mövcud deyildir, buna görə də, romantik yazıçılar bu həyatı təsvir etmirlər".

Hər bir əsəri, monoqrafiyası, məqaləsi ilə ərəb məhcər ədəbiyyatına körpü salan Aida İmanquliyevanın şərqşünas alim kimi ən böyük xidmətlərindən biri də ədəbi, elmi düşüncələrinin içərisində oxucularını özünün və dövrünün siyasi baxışları ilə tanış etməsidir. Aida xanım bütün ömrünü, gücünü, qüvvəsini, məharətini bəxş etdiyi "Yeni ərəb ədəbiyyatının korifeyləri" monoqrafiyası ilə müasir ərəb ədəbiyyatı üzrə sanballı mənbə yaratmışdır. Monoqrafiyada daha çox üç sənətkarın - Mixail Nüaymənin, Cübran Xəlil Cübranın və Əmin ər-Reyhaninin yaradıcılığını tədqiqata cəlb edən alim müasir düşüncəli bu istedad sahiblərinin simasında ərəb ruhunun ölməzliyindən söhbət açmışdır.

Azərbaycan oxucusunu ərəb ədəbiyyatı ilə tanış etmək üçün əvəzsiz xidmətlər göstərmiş böyük alim bir sıra görkəmli ərəb yazıçılarının əsərlərini Azərbaycan dilinə çevirmişdir. O, Mixail Nüaymənin "Buz əriyəcək", "İnsan və quş", "Qu-qu" saatı", Mahmud Zahirin "Üsyan", Məhəmməd Dibin "Hasın dermək", Sahib Camalın "Yusif", Süheyl İdrisin "Azadlıq" və Qənəma Məcid Zeyyibin "Növbəyə dayanmaq" hekayələrini Azərbaycan dilinə tərcümə etmişdir.

Professor Aida xanım İmanquliyeva yüksək elmi yaradıcılıq potensialı ilə yanaşı, həm də təşkilatçılıq qabiliyyəti ilə seçilmiş, işlədiyi vəzifələrdə daim fərqlənmişdir. AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsində çalışarkən yüksək təşkilatçılıq qabiliyyəti nümayiş etdirmiş, qısa müddət ərzində institutun maddi-texniki bazasının möhkəmləndirilməsi, aparılan elmi-tədqiqat işlərinin miqyasının genişləndirilməsi, onların nəzəri səviyyəsinin yüksəldilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, dünyanın aparıcı şərqşünaslıq mərkəzləri ilə əlaqələrin dərinləşdirilməsi sahəsində ardıcıl səylər göstərmişdir. Bir sıra ictimai işlərdə də fəal iştirak edən Aida xanım İmanquliyeva Ümumittifaq Şərqşünaslar Cəmiyyəti Rəyasət Heyətinin, habelə Şərq ədəbiyyatlarının tədqiqi üzrə Ümumittifaq Koordinasiya Şurasının üzvü olmuşdur. 1981-ci ildən həm də Azərbaycan Yazıçılar İttifaqının üzvlüyünə qəbul olunmuşdur.

Görkəmli alimin müxtəlif illərdə dərc olunmuş əsərləri bugünün özündə də təkcə gənc şərqşünaslar üçün deyil, ümumilikdə bu sahənin peşəkar tədqiqatçıları üçün də sanballı mənbə rolunu oynayır. Aida xanım İmanquliyeva Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun müxtəlif illərdə nəşr etdirdiyi "Ərəb filologiyası məsələləri" məcmuəsinin tərtibçisi və redaktoru olmuşdur. "Sovet Azərbaycanı və xarici Şərq" (1980), "Yaxın Şərq xalqlarının müasir ədəbiyyatında tərəqqi və ictimai ədalət uğrunda mübarizə problemi" (1982), "Yaxın və Orta Şərqdə milli azadlıq hərəkatı məsələləri" (1985), "Şərq filologiyası məsələləri" (1986-1987), "Yaxın Şərq xalqları ədəbiyyatı imperializmə qarşı mübarizədə" (1987), "Xarici Şərqin problemləri: tarix və müasirlik" (1988), "Şərq ədəbiyyatında ənənə və novatorluq" (1988) kimi məqalələr məcmuələrinin redaksiya heyətinin üzvü, müəllif və redaktorlarından biri olmuşdur.

Aida xanım İmanquliyevanı şəxsiyyət kimi çoxlarının nəzərində ucaldan ali keyfiyyətlərdən biri də bu idi ki, o, insanlığa xas cəhətləri xarakterində cəmləşdirmişdi. Aida xanımın zahiri və daxili gözəlliyi, sadəliyi, mehribanlığı, insansevərliyi onun müsbət aurasını daha da cazibədar edirdi. Yaxından tanıyanlar onu nəsilşəcərəli, kübar qadın kimi qəbul edir, sadəliyinə, təvazökarlığına, mehribanlığına görə daim ehtiram və sevgi göstərirdilər. Bu böyük şəxsiyyət daim insanlara yaxşılıq etmək, onların qayğısına qalmaq, problemlərinin həllinə yardımçı olmaq istəyi ilə yaşayırdı.

Yaxından tanıyanlar xatirələrində qeyd edirlər ki, tanınmış ədəbiyyatşünas alim Mir Cəlalın ocağına gəlin köçən, görkəmli akademik Arif Paşayevlə ailə quran Aida xanım son dərəcə sadə, mehriban, qayğıkeş insan idi. Ailəsinə qəlbən bağlılığı ilə əsl Azərbaycan qadınına xas cizgiləri xarakterində təcəssüm etdirirdi. İşinin gərginliyinə, çətinliyinə baxmayaraq, evdə qadın və ana olduğunu heç zaman unutmurdu. Yaxşı bilirdi ki, həyat anadan və onun övladlarına verdiyi sevgi payından başlayır. Yəqin elə buna görədir ki, layiqli vətəndaş, nəcib ziyalı kimi yetişdirdiyi övladları Aida xanım İmanquliyevanın adını öz xeyirxah, nəcib, savab əməlləri ilə daim ucaldaraq cəmiyyətin sonsuz rəğbətini qazanmışlar.

Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın humanizm, mərhəmət və nəciblik kimi ali mənəvi keyfiyyətlərindən irəli gələn əzmkar və çoxşaxəli fəaliyyətinin təməlində məhz millətə layiqli xidmət məramı dayanır. Azərbaycanın birinci xanımı bir ictimai-iqtisadi formasiyadan digərinə keçidlə bağlı cəmiyyətdə uzun illərdən bəri yığılıb qalan, insanları narahat edən problemləri dəqiq müəyyənləşdirməyə, onların həlli üçün səmərəli tədbirlər planı hazırlamağa və qısa müddətdə maksimum nəticələr əldə etməyə çalışır. Qurumun müxtəlif layihələrini birləşdirən ortaq nöqtə isə məhz milli genefondun qorunmasıdır. Bu ali mərama xidmət edən hər bir addım Heydər Əliyev Fondu üçün eyni səviyyədə prioritet mahiyyət daşıyır. Fondun prezidenti Mehriban xanım Əliyeva xüsusən də son 8 ildə həyata keçirdiyi əhəmiyyətli layihələrlə, irəli sürdüyü nəcib və xeyirxah təşəbbüslərlə xalqın dərin inam və etimadını qazanmışdır.

Ölkədə mədəni-mənəvi intibah prosesinin dərinləşməsi, yüksək idealların ictimai şüurda möhkəmlənməsi prosesinə Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, filologiya elmləri doktoru, professor Nərgiz xanım Paşayeva da layiqli töhfələr verir. Nərgiz xanımın sevimli anasına - Aida xanıma ithaf etdiyi "ÜNS" Yaradıcılıq Səhnəsinin fəaliyyəti bu baxımdan cəmiyyətdə böyük maraq və rəğbətlə qarşılanır. Onun rəhbərliyi ilə fəaliyyət göstərən Moskva Dövlət Universitetinin Bakı filialı Azərbaycanda təhsilin yüksəlişinə uğurla xidmət etməklə yanaşı, Azərbaycanla Rusiya arasındakı dostluq münasibətlərini daha da möhkəmləndirir. Elə buna görə də Rusiya Federasiyası  Prezidentinin sərəncamı ilə Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, filologiya elmləri doktoru, professor Nərgiz Paşayeva Rusiyanın yüksək dövlət mükafatı - "Dostluq" ordeni ilə təltif edilmişdir.

Hər bir alimin kamillik səviyyəsi təkcə qarşıya qoyduğu nəcib amal və məqsədlərdə, saf niyyətlərdə deyil, həm də özündən sonra layiqli davamçılar yetişdirmək əzmində ifadə olunur. Aida xanım İmanquliyevanın ali idealları bu gün həm də onun mənəvi övladlarının əməllərində həyat gerçəkliklərinə çevrilir, xeyirxahlığa və insanpərvərliyə cığır açır.

Universitet auditoriyalarından onun xeyir-duası ilə həyatın qoynuna atılmış çoxsaylı yetirmələri, əlindən tutub elmə gətirdiyi və bu gün hər biri milli mədəniyyətin görkəmli siması kimi cəmiyyətdə yüksək mövqe sahibinə çevrilmiş yüzlərlə insan üçün Aida xanımın yaşadığı şərəfli ömür əsl insana xas ən gözəl xüsusiyyətləri şəxsində uzlaşdırmağa müvəffəq olmuş alicənab, nəcib, xeyirxah Azərbaycan ziyalısının həyat hekayətidir. Ömrünün çiçəklənən çağında - 1992-ci il sentyabrın 19-da əbədiyyətə qovuşmuş Aida İmanquliyeva bu gün də nəcib, xeyirxah müəllim, şərqşünaslıq elminin aparıcı simalarından biri kimi xatırlanır. Cismən həyatda olmasa da, saf həyat amalı, sanballı əsərləri, qədirbilən yetirmələri ilə yaddaşlarda yaşayır.

 

 

Hüseynbala MİRƏLƏMOV,

Milli Məclisin deputatı, yazıçı-publisist

 

Azərbaycan.-2012.- 19 sentyabr.- S.4.