«Azal» turizm mövsümünü başa vurur

 

 Son illər Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ökəmizdə turizmin inkişafi xüsusi yüksəliş dövrünü yaşamaqdadır. Paytaxt Bakı Şərqin bu ecazkar şəhərinə qədəm basan hər bir kəsi valeh etməkdədir. Səfalı bölgələrimizdə yaradılmış müasir infrastruktur, yüksək xidmət mədəniyyəti xarici turistləri də Azərbaycanın bu füsunkar guşələrinə cəlb etməkdədir.

Ölkədəki yüksək iqtisadi inkişaf, insanların maddi rifah halının durmadan yüksəlməsi xarici ölkələrin məşhur turizm guşələrində dincəlmək istəyənlərin də sayını artırmaqdadır. Və bu vaxt gedəcəkləri ünvanı yəqinləşdirən həmyerlilərimiz  oraya daha rahat şəkildə necə gedib-gələcəkləri barədə düşünməli olurlar. Heç şübhəsiz, bu işdə onların köməyinə "Biz sizin üçün yaranmışıq!" devizini özünün fəaliyyət məramına çevirən və dünyanın 31 şəhərinə hava uçuşlarını həyata keçirən "Azal"-ın peşəkar kollektivi gəlir. Hər il olduğu kimi, bu ilturizm mövsümü öncəsi istirahətini  səmərəli keçirmək istəyən Azərbaycan vətəndaşlarının yaxasını tranzit yolçuluğun narahatlığından xilas etmək, aeroportlardakı vaxt itkisini aradan qaldırmaq məqsədilə  "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti mövsümi  rejimi tətbiq etməklə qardaş Türkiyənin ən məşhur turist məkanlarından olan AntalyaBodruma birbaşa aviareyslər  açmışdır. Reyslər birbaşa olduğundan bunu hər iki ölkənin səyahət həvəskarları məmnunluqla qarşılamışlar. Artıq hər bir sərnişin  "AZAL"-ın yüksək servis xidmətindən yararlanmaqla il boyu gözlədiyi səfərin dadını çıxara bilir.

Belə bir səmərəli təşkilatçılığın nəticəsidir ki, bu il Bodruma həmin marşrutla 10 min, Antaliyaya isə 12 min nəfər turist daşınmışdır. İstifadəyə verilən hava reysləri iki qardaş ölkənin qarşılıqlı təmaslarının daha sıx olmasından, ticarətturizm dövriyyəsinin yüksəlməkdə olan ahəngindən da xəbər verir. "Azərbaycan Hava Yolları"  iki ölkə arasındakı münasibətlərin səciyyəsinə daha yüksək və dinamik ahəng vermək üçün gələcəkdə Türkiyənin digər şəhərlərinə də uçuşlar təşkil etməyi nəzərdə tutub.

Yaxın günlərdə "Azal" QSC-nin prezidenti Cahangir Əsgərovun təşəbbüsü ilə mövsümün qapanışı ilə əlaqədar bir qrup azərbaycanlı jurnalist Bakı-Bodrum-Bakı aviareysi ilə Bodrumda üçgünlük maraqlı və yaddaqalan səfərdə olmuşdur. Heydər Əliyev Beynəlxalq Aeroportundan  yerli vaxtla saat 13.00-da havaya qalxan və göyərtəsində 71 nəfər sərnişinin olduğu "Boinq-757" hava gəmisi 2 saat 20 dəqiqədən sonra Milas-Bodrum hava limanında yerə endi. Azərbaycanın media təmsilçilərini aeroportun rəhbərliyi və "AZAL"-ın nümayəndəsi qarşıladı. "Summer Tour" turizm şirkəti xüsusi bir qonaqpərvərlik nümayiş etdirərək bizi Bodrumun ən məşhur hotellərindən biri olan "Gardens of  Babylon"da yerləşdirdi. Axşam hotelin sahibi Recai Çakir azərbaycanlı jurnalistlərin şərəfinə ziyafət verərək bizləri Bodrumda görməkdən şad olduğunu ifadə etdi, eyni vaxtda 550 nəfər turist qəbul edə bilən hotelin özəllikləri barədə məlumat verdi, builki turizm sərgisində Bakıda olduğunuçox böyük təəssüratlarla ayrıldığını qeyd etdikdən sonra "Azərbaycan Hava Yolları"na birbaşa aviareys təşkil etdiyinə görə təşəkkürünü bildirdi.

 Səfər çərçivəsində heyətimizin üzvlərinə Bodrumla daha yaxından tanış olmaq, bu qədim şəhərin tarixi yerlərini ziyarət etmək, mənalı dincəlmək üçün hər cür şərait yaradıldı. Hamı bu unudulmaz dörd gün üçün "Azal"ın, turizm şirkəti və hotelin rəhbərliyinə, eləcə də qonaqpərvər personalına minnətdarlığını bildirdi.

Bodruma uçan sərnişinlər müasir "Boinq-757" və "Boinq-767" hava gəmilərinin xidmətindən istifadə edirlər. Rahatlığı, təhlükəsizliyi və sürəti ilə seçilən bu təyyarələr eyni vaxtda 180-198 sərnişini seçdikləri ünvana çatdıra bilirlər. "Azərbaycan Hava Yolları"nın həyata keçirdiyi aviareyslərdə sərnişinlərə "SKY Catering" şirkəti tərəfindən yüksək keyfiyyətli və bol çeşidli qida məhsulları da təklif olunur.

Sevindiricidir ki, bu gün Azərbaycanın mülki aviasiyası ölkənin ümumi inkişafının, qüdrətli iqtisadi potensialının güzgüsünə çevrilib, sərnişinlərin seçim və etibarını qazanmaqla ölkəmizi xaricdə də layiqincə təmsil və təbliğ edə bilir.

 

 

 Məhərrəm SƏFƏRLİ,

"AZAL" QSC-nin xidmət rəisi

 

Azərbaycan.-2012.- 19 sentyabr.- S.5.