Bakıda MDB ölkələri
və Gürcüstan üzrə birinci mehmanxana investisiya konfransı
işə başlamışdır
Sentyabrın 18-də "JW Marriott
Absheron Baku" hotelində Qonaqpərvərlik üzrə Beynəlxalq
Konsaltinq Təşkilatının (HVS) təşkilatçılığı
ilə MDB ölkələri və Gürcüstan üzrə
birinci mehmanxana investisiya konfransı (İCON-2012) işə
başlamışdır.
AzərTAc xəbər verir ki, "HVS
Global Hospitality Services - Moscow"un icraçı direktoru
Tatyana Beller tədbirin məqsəd və vəzifələri
barədə məlumat vermişdir. Bildirmişdir ki, konfransın
məqsədi regionda qonaqpərvərlik sektorunun və
investisiya mühitinin inkişafına nail olmaqdır.
İcraçı direktor bildirmişdir
ki, Qonaqpərvərlik üzrə Beynəlxalq Konsaltinq Təşkilatı
uzun illərdir öz tədqiqat və təhlillərinə əsasən
mehmanxana sektorunun problemlərinin həllinə nail olur, MDB
ölkələrinin bu sahədə yüksək nailiyyət
qazanmasına yardım edir. 1980-ci ildən fəaliyyət
göstərən təşkilatın beynəlxalq şəbəkəsində
32 ofisi mövcuddur. Burada 350-dən artıq peşəkar
mütəxəssis çalışır. İCON beynəlxalq
investor və operatorları, nüfuzlu regional ekspertləri,
eyni zamanda, MDB ölkələrində və Gürcüstanda
qonaqpərvərlik sahəsində tanınmış şirkətləri
birləşdirir.
Bakıda keçirilən
"İCON-2012"də mehmanxana sektorunun dünyada
tanınmış ən nüfuzlu nümayəndələri
təmsil olunur. Mütəxəssislərin fikrincə,
İCON konfransı HVS tərəfindən təkilif edilən
etibarlı platforma, gələcək meyillər və təcrübələr
yolunda mühüm addımdır.
"Carlson Rezidor Hotel Group"un
inkişaf üzrə direktoru Punit Çatval müvafiq ölkələr
üzrə mehmanxana tendensiyaları və perspektivləri
haqqında geniş məlumat vermişdir.
Konfransın liderlər panelində
"HVS Global Hospitality Services - Moscow"un icraçı
direktoru Tatyana Beller, "Carlson Rezidor Hotel Group"un
inkişaf üzrə direktoru Punit Çatval, "ACCOR Russia -
CİS" qrupunun əməliyyat direktoru Aleksis Delarof və
"Hilton Worldwide" şəbəkəsinin Türkiyə,
Rusiya və Şərqi Avropa üzrə vitse-prezidenti Mayk
Kolini müzakirələr aparmışlar.
"Qonaqpərvərlik təhsili: qlobal
tələbata qarşı yerli təchizat" mövzusunda məruzə
edən Azərbaycan Turizm İnstitutunun rektoru professor Cəfər
Cəfərov bildirmişdir ki, belə bir konfransın
Bakıda təşkili bir daha paytaxtımızın turizm sahəsində
mərkəzi yer tutduğunun göstəricilərindən
biridir. O, son illərdə Azərbaycanda yüksək standartlara
cavab verən mehmanxanaların sayının
artdığını, dünyada ən nüfuzlu şəbəkəsi
olan brendlərin ölkəmizdə hotellər
açdığını vurğulamışdır.
Rəhbərlik etdiyi təhsil müəssisəsi
haqqında məlumat verən rektor C.Cəfərov ölkəmizdə
turizmin müxtəlif sahələri üzrə mütəxəssislərin
yetişdirilməsinə diqqət yetirildiyini
vurğulamışdır. İnstitutun beynəlxalq əlaqələrinin
genişləndiyini qeyd edən natiq tələbələrin
Yunanıstan, Türkiyə, İsrail, Şimali Kipr,
Qazaxıstan, Ukrayna, Rusiya və digər yerlərdə təcrübə
keçdiklərini diqqətə
çatdırmışdır.
Konfransda, həmçinin "Luxure"
seqmentində layihələr: "Nə qədər kifayətdir",
"Regionda "qaynar nöqtələr"in
inkişafı", "Mehmanxanaların hüquqi aspektləri
- sahibkar münasibətləri", "Turizmin
inkişafına dövlət dəstəyi"
mövzularında panel iclasları keçirilmişdir.
Sentyabrın 19-da konfrans işini
davam etdirəcəkdir.
Azərbaycan.-2012.- 19 sentyabr.- S.5.