Siyasi
partiyaların birlikdə Azərbaycan xalqının iradəsini ifadə etmələri müsbət
qiymətləndirilir
Sentyabrın 14-də Azərbaycanın
siyasət tarixində nadir olan
hadisələrdən biri baş
verdi: Yeni Azərbaycan Partiyasının təşəbbüsü
ilə iqtidarla müxalifət nümayəndələri
hakim partiyanın qərargahında bir araya gələrək Ramil Səfərovun ekstradisiyası ilə
bağlı qətnamə qəbul edən Avropa
Parlamentinə etiraz müraciəti
ünvanladılar.
Bu fakt onu sübut etdi ki, Azərbaycan
ictimaiyyəti və siyasi partiyalar
ümummilli məsələlərdə vahid mövqe sərgiləyə,
eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli
istiqamətində həmrəy ola bilərlər.
Yeni Azərbaycan
Partiyasının sədr müavini - icra katibi, Milli
Məclisin deputatı Əli Əhmədov da
bildirib ki, hakim partiya daim
ictimai maraq doğuran bütün məsələlər
ətrafında müxalifət partiyaları ilə müzakirələr
aparmağa hazırdır. Avropa Parlamentinin məlum qətnaməsi
isə Azərbaycanın bütün siyasi partiyalarının
narazılığına səbəb olub.
Milli Məclisin deputatı, Milli
Dirçəliş Hərəkatı Partiyasının (MDHP)
sədri Fərəc Quliyev əməkdaşımızla
söhbətində qeyd etdi
ki, Azərbaycana qarşı qərəzli
bir qətnamənin qəbul olunmasına
ölkə ictimaiyyətinin ən tutarlı cavabı iqtidar və müxalifətdə olmasından
asılı olmayaraq bütün
qüvvələrin birgə rəyi oldu. Bunu çox təqdirəlayiq
hal hesab edən
deputatın fikrincə, artıq Azərbaycanda bir
çox siyasi
partiyaların arzu etdiyi
vəziyyət yaranmağa başlayır:
"Hakimiyyət uğrunda mübarizə
aparmaq normal haldır.
İnsanlar öz platforma, proqramları ilə alternativ
göstərməyi bacarmalıdırlar. Ancaq
ümummilli məsələlər ortaya çıxanda kimliyindən asılı
olmayaraq bütün
işlərdə milli mənafe öndə
olmalı, hər kəs birlikdə olmağı
bacarmalıdır. Milli mənafeyə uyğun addım atıldıqda hər kəs
kimliyindən asılı olmayaraq onun qarşısında olmalıdır". Fərəc
Quliyev onu da vurğulayıb ki, Avropa Parlamentinin Azərbaycana
qarşı qərəzli davranışının
qarşısında durmaq üçün
ölkə ictimaiyyətinin həmrəyliyi vacibdir
və bu da baş verdi.
Yeni Azərbacan Partiyasının təşkil
etdiyi toplantıda MDHP-nin
də nümayəndəsinin iştirak etdiyini deyən deputat belə
məsələlərdə düşünmədən
addım atacaqlarını bəyan edib: "Hesab edirəm ki, əgər Azərbaycanda siyasi
təşkilatlar, vətəndaş cəmiyyətləri birgə
davranış nümayiş etdirsələr
və milli mənafeyi qorumaq
üçün bunu
həm də dünya ictimaiyyətinə
göstərə bilsələr, heç
bir qüvvə Azərbaycana təzyiq edə
bilməyəcək. İqtidar-müxalifət birliyi çox uğurlu hadisədir və bundan
sonra da davam etməlidir".
Milli Məclisin deputatı, Böyük
Quruluş Partiyasının başqanı
Fazil Mustafa isə qeyd edib ki,
Avropa Parlamentinin Azərbaycanla
bağlı qəbul etdiyi qətnamə
birmənalı şəkildə qərəzlidir və bu qurum daha
ciddi işlərlə məşğul olmaq əvəzinə bir
tərəfin mövqeyini dəstəkləyir
və onun təsiri altında qərar qəbul edir: "Bir
ölkənin prezidentinin Xocalıda qətliam
törətməsinə göz yuman və ona qarşı
hər hansı bir sayğısız
addım atmağı düşünməyən belə qurumlar indi bir
Azərbaycan zabitinin qanuni
şəkildə əfv olunmasına bu cür aqressiv mövqe nümayiş
etdirirlərsə, bu, tamamilə tərəfli
mövqedir. Bu mövqe isə Azərbaycan
tərəfindən qətiyyən qəbul oluna
bilməz və bu, insan
haqlarına zidd yanaşmadır. Çünki bu qurumlar Azərbaycanla Ermənistan arasında fərq
qoyur".
F.Mustafanın
sözlərinə görə, bu tədbirin
harada keçirilməsindən
asılı olmayaraq, əsas mahiyyətdir.
Belə məsələlərdə Azərbaycanda
siyasi partiyaların bir
araya gələrək münasibət
bildirməsi çox müsbət
haldır: "Ölkədə ümummilli
məsələlərdə hamının rahatlıqla bir araya gəlib öz vətəndaş mövqeyini
ifadə etməsi, siyasi partiya
olaraq özünün
məsələyə münasibətini dövlət mənafeyi
baxımından birlikdə ortaya
qoyması ancaq sevindiricidir.
Mən bu ənənənin davam etməsini vacib hesab edirəm".
Partiya sədrinin fikrincə, burada həm
hakimiyyətin, həm də müxalifətin üzərinə
məsuliyyət düşür. Birlikdə Azərbaycan
xalqının iradəsini dünyaya göstərmək
nüfuzumuzun artmasına təsir göstərər".
Milli Məclisin deputatı, Ədalət
Partiyasının sədri İlyas İsmayılov da hesab edir
ki, Ramil Səfərovun ekstradisiyası beynəlxalq konvensiyaya
uyğun həyata keçirilib və burada heç bir
qanunauyğunsuzluq yoxdur. Amma Avropa Parlamenti bir daha Azərbaycana
qarşı öz qərəzli mövqeyini nümayiş
etdirib: "Bu qətnamə obyektiv deyil və siyasi mülahizələrə
əsaslanan birtərəfli yanaşmadır". Onun sözlərinə
görə, beynəlxalq birlik daim Azərbaycana ikili
standartlarla yanaşıb, amma Ermənistanın terrora dəstək
verən bir dövlət olduğunu bilə-bilə heç
bir qətnamə, müraciət qəbul edilməyib. Deputat
qeyd edib ki, Azərbaycanın siyasi partiyalarının bu məsələdə
də birlikdə olması dünyaya bir mesaj oldu: "Azərbaycanın
bütün siyasi partiyaları ümummilli məsələlərdə
vahid mövqe nümayiş etdirməyi bacarır və bu,
ölkə ictimaiyyəti tərəfindən müsbət
qarşılanır. Bizim partiya da həmin toplantıda
iştirak etdi və Avropa Parlamentinə göndərilən
müraciətə imza atdıq. Biz bütün ümummilli məsələlərdə
hər kəslə həmrəy olmağa daim hazırıq.
Bilirəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həlli məsələsində bu,
eyni cür olacaq. Xalq birlikdə öz sözünü deyərsə,
beynəlxalq birlik Azərbaycanın haqq səsini eşidər".
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.-2012.-
19 sentyabr.- S.6.