Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin xatirəsi yad olunmuşdur

 

 18 sentyabr - Milli Musiqi Günü hər il ölkəmizdə geniş şəkildə qeyd edilməkdədir. Bu musiqi bayramı həm də tarixə 127 il bundan əvvəl dünyaya göz açmış dahi bəstəkar, Azərbaycan professional musiqi sənətinin banisi, ensiklopedik biliyə malik musiqişünas alim Üzeyir Hacıbəylinin doğum günü kimi həkk olunmuşdur.

AzərTAc xəbər verir ki, bu münasibətlə sentyabrın 18-də tanınmış mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla anmış, məzarı önünə tər güllər düzmüşlər.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə gül dəstəsi qoyulmuşdur.

Tədbir iştirakçıları Fəxri xiyabanda dahi bəstəkar Üzeyir Hacıbəylinin və digər görkəmli mədəniyyət, incəsənət xadimlərinin məzarlarını ziyarət etmişlər.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Üzeyir Hacıbəylinin məzarı ətrafına toplaşmış tədbir iştirakçılarını musiqi bayramı münasibətilə təbrik edərək demişdir ki, bu gün sadəcə musiqisevərlərin deyil, həm də bütün Azərbaycan xalqının bayramıdır. Böyük bəstəkarın doğum gününün bayram kimi qeyd edilməsi ənənəsini ulu öndər Heydər Əliyev qoymuşdur. Ümummilli liderin 1995-ci ildə - dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində imzaladığı fərmanla hər il sentyabrın 18-i ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur.

Son illər milli musiqimizin təbliği istiqamətində görülmüş işlərdən söz açan Ə.Qarayev demişdir ki, bu istiqamətdə atılan hər bir müsbət addım dövlət başçısı tərəfindən dəstəklənir. Məhz bunun nəticəsidir ki, Azərbaycan musiqisinin səsləndiyi ən böyük konsert salonlarında, ən möhtəşəm tədbirlərdə Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva yaxından iştirak edirlər.

Nazir diqqətə çatdırmışdır ki, Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə bu gün Bakıda Üzeyir Hacıbəyli IV Beynəlxalq musiqi festivalı açılacaqdır.

Sentyabrın 29-dək davam edəcək builki festivalda Rusiya, Türkiyə, ABŞ, Fransa, Almaniya, İtaliyadan  dünya şöhrətli musiqiçilər və kollektivlər iştirak edəcək.

Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə çıxış edərək dahi bəstəkarın şərəfli ömür yolundan, zəngin yaradıcılığından söz açmışdır. Bildirilmişdir ki, Üzeyir Hacıbəyliyə həsr edilmiş festivalın coğrafiyası hər il genişlənir. Biz festival çərçivəsində təkcə dünya şöhrətli bəstəkarımızın deyil, eyni zamanda bir çox tanınmış musiqiçilərin əsərlərini dinləyir və onların yaradıcılığı ilə yaxından tanış olmaq imkanı əldə edirik.

Mərasimdə dahi bəstəkarın məzarı önündə dövlət xor kapellasının ifasında "Leyli və Məcnun" operasından bir parça ifa olunmuşdur.

Sonra tədbir iştirakçıları Azərbaycan Milli İncəsənət Muzeyinin həyətində saxlanılan, erməni quldurları tərəfindən güllələnmiş dahi Azərbaycan bəstəkar və ədiblərinin büstlərini ziyarət etmişlər.

 

 

Azərbaycan.-2012.- 19 sentyabr.- S.6.