Xurşidbanu Natəvanın anadan olmasının 180 illik yubileyinə həsr edilmiş elmi praktiki konfrans keçirilmişdir

 

 Sentyabrın 18-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, dövlət xadimi Xurşidbanu Natəvanın anadan olmasının 180 illik yubileyinə həsr edilmiş elmi-praktiki konfrans keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Qarabağın ədəbi-mədəni həyatının tarixini əks etdirən sərgi ilə tanış olmuşlar.

Prezident İlham Əliyevin "Xurşidbanu Natəvanın 180 illik yubileyinin keçirilməsi haqqında" 2012-ci il 3 aprel tarixli sərəncamına əsasən keçirilən konfransda muzeyin direktoru, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Rafael Hüseynov ədibin həyat və yaradıcılığı,  onun şəxsiyyətinin dünyada daha geniş şəkildə tanıdılması istiqamətində həyata keçirilən işlər, onunla bağlı muzeydə hazırlanmış nəşrlər barədə ətraflı məlumat vermişdir. Konfransın əhəmiyyəti haqqında söhbət açan natiq bildirmişdir ki, tədbir AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Natəvan adına Qarabağ filialının təşəbbüsü ilə reallaşmışdır.

Natəvanın əsərlərinin dünyanın müxtəlif dillərinə tərcümə edilməsinin vacibliyini vurğulayan R.Hüseynov qeyd etmişdir ki, yaxın vaxtlarda şairənin əlyazmaları əsasında kitab nəşr ediləcəkdir.

Tədbirdə Rafael Hüseynovun "Natəvanın həyatı və yaradıcılığı Azərbaycanın ədəbi və mədəni irsi kontekstində" mövzusunda məruzəsi dinlənilmişdir. Bildirilmişdir ki, bədii yaradıcılığa XIX əsrin 50-ci illərində başlamış Xurşidbanu Natəvan Azərbaycan ədəbiyyatında Füzuli ənənələrini davam etdirən görkəmli şairlərdən biri olmuşdur.

Seçilən nəslin nümayəndəsi sayılan və ailənin yeganə övladı olan Xurşidbanu Natəvan Qarabağ xanı Mehdiqulu xanın qızı idi. O, 1832-ci il avqustun 15-də Şuşa şəhərində anadan olmuşdur. Belə məşhur nəsildən çıxdığı üçün Xurşidbanu Natəvan Qarabağda "Xan qızı" təxəllüsü ilə tanınmışdır. Qarabağ xanlarının vərəsəsi sayılan Xurşidbanu Natəvan parlaq istedada və qabaqcıl ideyalara malik şəxsiyyət olmuş, Azərbaycan mədəniyyətində və ictimai həyatında dərin izlər qoymuşdur. O, ədəbi-mədəni yaradıcılığında Azərbaycanın klassik ənənələrindən bəhrələnmiş, bunları öz poeziyasında uğurla davam etdirmişdir. Həzin, səmimi lirika, təbiət gözəlliklərinin və insanın könül dünyasının bəzən real, bəzən isə romantik, təsirli poetik vasitələrlə təsviri onun yaradıcılığının başlıca keyfiyyətləridir.

 Şairə Azərbaycan ədəbiyyatının müstəsna insanlarından biri olmuşdur. Çünki onun yaradıcılıq fəaliyyəti təkcə şeirlə bitmir. Natəvan rəssamlıqla da məşğul olmuş, o, nəfis əl işləri, müxtəlif janrda tikmələr bacarığı ilə seçilmişdir. Natəvanın fitri istedadının üzə çıxması və çiçəklənməsində Şuşanın təkraredilməz yaradıcı ab-havası və mühiti də mühüm rol oynamışdır. Şairənin 1872-ci ildə Şuşada yaratdığı "Məclisi-üns" (dostluq, ülfət məclisi) o dövrdə Azərbaycanın müxtəlif yerlərində təşkil edilmiş ədəbi məclislərin müstəqil bir qanadı idi.  Xan qızı məclisə rəhbərliyi və onun bütün xərclərini öz üzərinə götürmüşdü. "Məclisi-üns"də tanınmış Qarabağ şairləri ilə yanaşı, məşhur xanəndə və sazəndələr də iştirak etmişlər. Natəvanın poeziyası Azərbaycan xanəndələrini də ruhlandırmış, onun poeziyası professional Azərbaycan bəstəkarlarının əsərlərində öz əksini tapmışdır.

Konfransda həmçinin  AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Natəvan adına Qarabağ filialının elmi işçiləri Məhsəti Əhmədova və Rəhman Baxşəliyevin "Xurşidbanu Natəvan yaradıcılığında Füzuli dühasının mənəvi nuru", "Qarabağın ictimai-siyasi həyatında Xurşidbanu Natəvanın yeri" mövzularında məruzələri dinlənilmişdir.

 

 

Azərbaycan.-2012.- 19 sentyabr.- S.6.