İstanbulda azərbaycanlı rəssamın sərgisi açılmışdır

 

 Azərbaycanın İstanbuldakı baş konsulluğu və Türkiyə Böyük Millət Məclisinin Milli Saraylar Müdirliyinin təşkilatçılığı ilə Dolmabaxça İncəsənət Qalereyasında azərbaycanlı rəssam Məryəm Ələkbərlinin "Rənglərin rəqsi" sərgisi açılmışdır.

İstedadlı fırça ustasının qrafika, batika və digər janrlara aid işlərinin nümayiş etdirildiyiüç gün davam edəcək sərgidə İstanbul sakinlərinə və şəhərin qonaqlarına M.Ələkbərlinin 40 rəsm əsəri və onlar haqqında məlumatların yer aldığı kitab da təqdim olunmuşdur.

Sərginin açılış mərasimində ölkəmizin İstanbuldakı baş konsulu Həsən Zeynalov gənc və istedadlı rəssamın sərgisinin qardaş Türkiyənin mədəni həyatında əlamətdar hadisə olduğunu vurğulamış, Məryəm Ələkbərlinin şəfqət dolu ailədə böyüdüyünü, onun yaradıcılığında da bunun hiss olunduğunu söylədi.

Türkiyə parlamentinin deputatları, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akınçı, "Palmali" şirkətlər qrupunun başçısı Mübariz Mənsimov, Türkiyədəki adamları və ziyalılarımız istedadlı rəssamın tabloları ilə tanış olmuşlar.

Çıxışlarda bildirilmişdir ki, 21 yaşlı rəssam nadir istedad potensiala malikdir. Parisdəki Dekorativ Sənət İnstitutunda təhsilini davam etdirən Məryəm Ələkbərlinin sərgiləri UNESCO-da, Parisdə,  Moskvada Berlində təşkil olunmuşdur. Məşhur fransız sənətşünası Tierri Dufrenin "İşıq rəssamı" adlandırdığı gənc istedad tablolarını iki albomda toplamışdır.

Məryəm Ələkbərlinin sərgisi Azərbaycanın Türkiyədəki səfirliyi Türkiyə Mədəniyyət Turizm Nazirliyinin təşkilatçılığı ilə paytaxt Ankarada da keçiriləcəkdir.

 

 

Oqtay Bayramov,

AzərTAc-ın xüsusi müxbiri

İstanbul

 

Azərbaycan.-2012.- 19 sentyabr.- S.6.