Yaddan çıxmaz Qarabağ!

 

 İşğal tariximizin ağır günlərindən biri də qarşımızdadır: 1992-ci il oktyabrın 2-də Xocavənd rayonunun Ermənistan tərəfindən işğalının 20-ci ildönümü yaxınlaşır. Bununla əlaqədar Xocavənd RİH "Yaddan çıxmaz Qarabağ" mövzusunda  müsabiqə elan edib. Müxtəlif müsabiqələrlə zəngin olan ictimai həyatımızda və mətbuatımızda Qarabağ mövzusuna yenidən, daha fərqli şəkildə yanaşma, müsabiqənin təşkili və filmlərin çəkilişi heç kimin diqqətindən kənarda qalmadı.

Müsabiqə Xocavənd Rayon İcra Hakimiyyəti tərəfindən keçirilir. Bu məqsədlə rayonda Təşkilat Komitəsi və müsabiqənin qaliblərini müəyyənləşdirmək üçün ölkənin tanınmış ziyalıları, peşəkar jurnalist və televiziya əməkdaşlarından, "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin İdarə Heyətinin üzvlərindən ibarət münsiflər  heyəti yaradılıb. Münsiflər heyətinin sədri  Milli Məclisin deputatı Elman Məmmədovdur.

Bu müsabiqədə yaşından asılı olmayaraq yazılı və elektron KİV-lərin təmsilçiləri ilə yanaşı hər bir Azərbaycan, eləcə də xarici ölkə vətəndaşları iştirak edə bilər. İştirakçıların müsabiqəyə təqdim olunan materiallarla yanaşı müəllifin adını, soyadını və əlaqə ünvanını göstərməsi yetərlidir.

Qeyd etmək yerinə düşərdi ki, artıq elanlarda göstərilmiş elektron ünvana xeyli sayda  məqalələr daxil olmaqdadır və çox sevindirici haldır ki, ölkənin müxtəlif bölgələrindən müraciətlər, zənglər olunur, müsabiqə ilə bağlı fikir və təkliflər söylənilir. Hətta müsabiqə üçün bədii plakat göndərən, mövzuya uyğun loqolar təklif edən rəssamlar da var.

- Müsabiqə ehtiyacı nədən yarandı və bu müsabiqədən gözlənilən nədir?

Xocavənd Rayon İcra Hakimiyyətinin əməkdaşı, müsabiqənin keçirilməsi ilə bağlı yaradılmış Təşkilat Komitəsinin məsul katibi Şaiq Aslanov sualı belə cavablandırdı:

- Müsabiqənin keçirilməsində məqsəd Azərbaycan cəmiyyətində Qarabağ mövzusunun aktuallığını daha geniş şəkildə ölkə gündəminə gətirmək, torpaqlarımızın Ermənistan tərəfindən işğal olunması faktını bir daha qabartmaq, gənc nəsildə vətənpərvərlik və azərbaycançılıq hisslərinin artırılmasına nail olmaq, yazılı və elektron kütləvi informasiya vasitələrində çalışan jurnalistlərin, eyni zamanda digər kateqoriyalardan olan insanların Qarabağ mövzusuna bir daha qayıtmalarına stimul yaratmaq, Qarabağ bölgəsinin salnaməsini araşdıran, tarixini, mədəniyyətini, coğrafiyasını, etnoqrafiyasını, Qarabağ müharibəsini və digər istiqamətləri əks etdirən məqalə, telesüjet və sənədli filmlərin daha geniş yayımlanması və işıqlandırılmasına nail olmaqdan ibarətdir.

Vurğulamaq istərdik ki, iştirakçılar müsabiqədə yalnız bir nominasiya üzrə iştirak edə bilərlər və göstərilən mövzuların biri üzrə  işini və özü haqqında məlumatları müəyyən olunmuş vaxta kimi Xocavənd Rayon İcra Hakimiyyətində yaradılmış Təşkilat Komitəsinə təqdim etməlidirlər. Müsabiqədə yazılı və elektron KİV-lərdə dərc edilən, yaxud yayımlanan, eyni zamanda müxtəlif səbəblərdən çap olunmamış və ya yayımlanmamış mətn və videomateriallar qəbul olunur. 10 oktyabr 2012-ci il tarixinədək təqdim edilməli olan məqalələr 5 min işarədən,  telesüjet və sənədli filmlər isə 2 dəqiqədən az olmamalıdır. Müsabiqəyə ingilis və rus dilləri üzrə də yazılı və videomaterial təqdim oluna bilər. Bununla bağlı təşkilat komitəsinin ayrıca qərarı da var. Belə ki, əcnəbi dillərdə təqdim edilmiş materiallar üçün əlavə mükafatlar nəzərdə tutulmuşdur.

Təşkilat komitəsinin məsul katibi Şaiq Aslanov müsabiqə şərtlərini bir daha xatırlatdı: "Yekunda ən yaxşı yazı nümunələri üçün I, II, III yerlər və həvəsləndirici mükafatlar  müəyyən olunub. Rayon icra hakimiyyətinin vəsaiti hesabına həyata keçirilən müsabiqədə hər bir qalib pul mükafatı ilə təltif ediləcəkdir. Qaliblərin mükafatlandırılmaları üçün sponsorların  da cəlb olunmasına baxılır. Mükafatlar belə müəyyənləşdirilib:

 

Ən yaxşı məqalələr nominasiyası üzrə:

 

I  yer - 500 manat

II yer - 300 manat

III yer - 200 manat

 

Ən yaxşı telesüjet və sənədli filmlər nominasiyası üzrə:

 

I  yer - 500 manat

II yer - 300 manat

III yer - 200 manat.

 

Bu müsabiqə Xocavənd rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasının 20-ci ildönümünün qeyd olunması ilə bağlı keçirilən tədbirlər planına daxildir. Bundan əlavə, tədbirlər planına uyğun olaraq "Ya Qarabağ, ya ölüm" sənədli filminin çəkilişi də yekunlaşmaq üzrədir.  Rayonda talassemiyalı uşaqlar üçün könüllü qanvermə aksiyasının, habelə "Qarabağa doğru" devizi altında yürüş- mitinqin, Nərgiztəpə ərazisində şəhidlərimizin xatirəsinə ucaldılmış abidə-xatirə kompleksi önündə toplantının keçirilməsi də nəzərdə tutulub.

Ş.Aslanov bir faktı da qeyd etdi: "Bu mövzuda tədbirlərin keçirilməsi kampaniya xarakteri daşımır. Belə işlərin həyata keçirilməsi rayon rəhbərliyi tərəfindən hər zaman diqqət mərkəzindədir və hər bir rayon sakini bunu özünün gündəlik həyatında hiss edir. Ümumiyyətlə, Qarabağ müharibəsi haqqında tarixi həqiqətləri, xalqımızın üzləşdiyi faciə və soyqırımları  ölkə, eləcə də dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədilə rayon icra hakimiyyətində ardıcıl işlər görülməkdədir. Ermənistan ordusunun Xocavənd rayonunun Qaradağlı kəndində törətmiş olduğu soyqırımı cinayəti ilə bağlı Azərbaycan, ingilis və rus dillərində "Soyqırımı: Qaradağlı",  2012-ci ildə isə  həmin sənədli filmin davamı olan "Soyqırımı: Qaradağlı davam edir..." sənədli filmi çəkilərək dörd dildə -  Azərbaycan, ingilis, rus və fransız dillərində yayımlanması təmin edilib. Bundan əlavə, Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasının 20-ci ildönümü ilə bağlı "Ruhum qarabağlıdır" sənədli filmi də çəkilib və Qarabağ  mövzusuna yanaşmada bu, bir yenilik olaraq ictimaiyyətin diqqətini cəlb edib.  Bundan başqa, vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini əbədiləşdirmək məqsədi ilə Xocavənd rayonunun Nərgiztəpə ərazisində  memorial abidə-xatirə kompleksi yaradılıbdır. Abidə kompleksinin məhz bu ərazidə qurulması mahiyyət etibarilə bir neçə cəhətdən əhəmiyyətlidir. Belə ki, 1993-cü ilin sonları və 1994-cü ilin əvvəllərində Xocavənd rayonunun Nərgiztəpə, eləcə də digər ərazilərinin düşmən tapdağından azad olunması uğrunda və ümumiyyətlə, Xocavənd istiqamətində qanlı döyüşlərdə bu ərazilər dəfələrlə əldən-ələ keçmiş,  müqəddəs vətən torpağının hər qarışı xocavəndlilərlə yanaşı ölkəmizin müxtəlif bölgələrindən olan igid oğulların qanları ilə suvarılmışdır. Həmin dövrdə düşmənə sarsıdıcı zərbələr endirən Silahlı Qüvvələrimiz uğurlu döyüş əməliyyatları nəticəsində Xocavənd rayonunun - Dağlıq Qarabağın inzibati ərazisinə daxil olan böyük bir ərazisini düşməndən azad etməyə müvəffəq olub".

Eyni zamanda, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyində 1116 saylı inventar nömrəsi ilə qeydə alınan, Orta Tunc dövrünə aid ölkə əhəmiyyətli arxeoloji abidə hesab edilən Nərgiztəpə maddi mədəniyyət abidəsinin də burada yerləşməsi və 1994-cü ilin 10 aprel tarixində ümummilli lider Heydər Əliyevin bu ərazidə Xocavənd taborunun döyüşçüləri ilə səngərdə görüşməsi və onlarla söhbət etməsi faktları da bu yerlərin mahiyyət etibarilə böyük əhəmiyyət daşıdığını şərtləndirir. Ulu öndər Heydər Əliyevin 1994-cü ilin aprel ayında olduğu Daşlıtəpə ərazisində xatirə lövhəsinin qoyulması, həmin səfəri əks etdirən fotoşəkillər və əsgərlər qarşısında  çıxışından ibarət plakatların hazırlanması, eyni zamanda, qızğın döyüşlərin getdiyi bir vaxtda döyüş tapşırığını yerinə yetirərkən şəhid olan və ya yaralanaraq  sağlamlıqlarını itirən qəhrəman oğullarımızın qanları tökülən yerlərdə xatirə lövhələrinin qoyulması da diqqətəlayiqdir. Abidə kompleksinin yaradılmasında əsas məqsəd  şanlı tariximizi yaşatmaqla bərabər böyüməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına nail olmaqdır. Artıq rayonun ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin  bu əraziyə ekskursiyaları təşkil olunur və bu zaman şagirdlərə verilən bilgilər onların düşüncələrinə əhəmiyyətli dərəcədə təsir edir. Eyni zamanda, müxtəlif regionlardan gələn gənclərin, tanınmış ziyalıların və millət vəkillərinin buranı -  Dağlıq Qarabağın bir ərazisini mütəmadi ziyarət etmələri də Qarabağa olan sevginin, istəyin bariz nümunəsidir.

Sonda müsabiqə komissiyasının, təşkilat komitəsinin, bütün xocavəndlilərin istəyini dilə gətirərək bildirmək istəyirik ki, biz tezliklə doğma torpaqlarımızı düşmən tapdağından azad edəcəyik. Ona görə bu gün hər kəs öz üzərinə düşən işin öhdəsindən layiqincə gəlməlidir. Sabahkı möhtəşəm zəfər döyüşündə isə, yəqindir ki, hər birimiz eyni cəbhədə, eyni səngərdə  çiyin-çiyinə dayanacağıq. Əsas odur ki, Qarabağı yaddan çıxarmayaq!

 

 

Bəxtiyar QARACA

 

Azərbaycan.-2012.- 19 sentyabr.- S.7.