«Baku Creative Center» yaradıcılıq mərkəzində yeni mövsümün açılışı münasibətilə sərgi keçirilmişdir

 

 Sentyabrın 18-də "Baku Creative Center" yaradıcılıq mərkəzində yeni mövsümün açılışı münasibətilə sərgi keçirilmişdir.

AzərTAc xəbər verir ki, sərgidə Azərbaycanın tanınmış fırça ustalarının yaradıcılıq işləri ilə yanaşı, gənc rəssamların da əsərləri nümayiş olunmuşdur.

Sentyabrın 22-dək davam edəcək sərgidə Arif Hüseynov, Mir Teymur Məmmədov, Əli Şəmsi, Fərhad Fərmanlı, Xanlar Amedov, Nəriman Məmmədov, Vüqar Əli, Namiq İsmayılzadə, Hüseyn Haqverdiyev, Sənubər Səmədova, həmçinin gənc rəssamlardan Məmməd Rəşidov, Ergin Ələkbərlinin müəllifi olduqları 50-yə yaxın rəngkarlıq, qrafika, heykəltəraşlıq, tətbiqi sənət nümunələri nümayiş etdirilir.

Sərginin açılış mərasimində "Baku Creative Center" yaradıcılıq mərkəzinin rəhbəri Emin Yasinov yeni mövsümün başlanması münasibətilə mərasimə toplaşanları təbrik etmişdir. O, sərginin məqsədinin gənc nəsillə nisbətən yaşlı nəslin yaradıcılıq əlaqələrinin sintezinin təşkil edilməsi olduğunu vurğulamışdır.

E.Yasinov bildirmişdir ki, "Baku Creative Center" yaradıcılıq mərkəzinin əsas məqsədlərindən biri yaradıcı gəncləri üzə çıxarmaq, onları ictimaiyyətə yaxından təqdim etmək və tanıtmaqdır.

Tədbirdə iştirak edən sənətşünaslar Samir Sadıqov və Dilarə Vahabova, əməkdar incəsənət xadimi Ziyadxan Əliyev yeni mövsümün açılışı münasibətilə düzənlənən sərginin təşkilinə göstərdiyi dəstəyə görə "Baku Creative Center"ə təşəkkürlərini bildirmiş, belə təşəbbüslərin davamlı olmasını arzulamış, mərkəzin yaradıcı insanları ətrafına toplayıb uğurlu layihələrə imza atacağına ümidvar olduqlarını söyləmişlər.

Natiqlər tanınmış rəssamlarla gənc rəssamların əsərlərinin bir araya gəldiyi sərgidə təqdim edilən əl işlərinin xüsusi zövq oxşadığını vurğulamış, müəlliflərə yeni yaradıcılıq uğurları arzulamışlar.

Sonra mərasim iştirakçıları nümayiş olunan incəsənət əsərləri ilə yaxından tanış olmuşlar.

 

 

Azərbaycan.-2012.- 19 sentyabr.- S.7.