Azərbaycan ilə Sloveniya arasında əməkdaşlığın inkişafı böyük maraq doğurur

 

Azərbaycanda səfərdə olan Sloveniyanın Baş nazirinin müavini, iqtisadi inkişaf və texnologiyalar naziri Radovan Zerjavın rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 19-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ilə görüşmüşdür.

Görüşdə birgə əməkdaşlığın inkişafının böyük maraq kəsb etdiyi, bunun üçün hər iki ölkənin geniş imkanlara malik olduğu diqqətə çatdırılmışdır.

Baş nazir Artur Rasi-Zadə demişdir ki, bu səfər ölkələrimiz arasındakı əlaqələrin, xüsusilə iqtisadi sahədə əməkdaşlığın inkişafına təkan verməklə yanaşı, yeni imkanlar üçün də yol açacaqdır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söhbət açan Artur Rasi-Zadə bildirmişdir ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal olunmuş, 1 milyondan çox vətəndaşımız etnik təmizləmə siyasətinə məruz qalmışdır. Baş nazir Azərbaycanın bu problemin beynəlxalq hüquq normaları əsasında həllinə tərəfdar olduğunu diqqətə çatdırmışdır. Sloveniyanın Baş nazirinin müavini, iqtisadi inkişaf və texnologiyalar naziri Radovan Zerjav Azərbaycan ilə qeyri-neft sektorunda yeni əlaqələrin yaradılması baxımından maraqlı olduqlarını söyləmişdir. O, həmçinin azərbaycanlı iş adamlarını ölkəsinə sərmayə yatırmağa dəvət etmişdir.

Görüşdə hər iki ölkə üçün maraq doğuran məsələlər müzakirə olunmuş, qarşılıqlı fikir mübadiləsi aparılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan .- 2012.- 20 sentyabr.- S. 2.