Bakıda keçirilən «Neft, qaz və
media» beynəlxalq konfransı başa çatmışdır
Sentyabrın 19-da Bakıda keçirilən "Neft,
qaz və media" beynəlxalq konfransı başa
çatmışdır.
AzərTAc xəbər verir ki, konfrans Beynəlxalq Mətbuat
İnstitutu tərəfindən (BMİ) Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) dəstəyi
ilə keçirilmişdir.
Dünyanın 27 ölkəsindən 200-dən
çox media nümayəndəsinin qatıldığı
beynəlxalq konfransın məqsədi azad mediada neft və
qazın rolunu müəyyənləşdirməkdən,
neft-qaz sahəsində yazan jurnalistlərlə enerji tərəfdaşları
arasında əlaqələri inkişaf etdirməkdən,
enerji istehsalçısı olan dövlətlərin birgə
səyi ilə mütərəqqi medianın
inkişafını asanlaşdırmaqdan ibarət idi.
Beynəlxalq konfransın ikinci iş günündə
BMİ-nin icraçı direktoru xanım Alison Betel MakKenzinin
moderatorluğu ilə keçirilən sessiyada "Financial
Times" qəzetinin reportyoru Tom Burgis, "New Vision"un
jurnalisti Co Nem, Ukraynanın "Nida işarəsi"
televiziyasının aparıcısı Artyom Şevçenko
və "Azərpress" (Azərbaycan) agentliyinin baş
redaktoru Aidə Sultanova məruzə ilə
çıxış etmişlər.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər
şöbəsinin sektor müdiri Vüqar Əliyev
çıxış edərək bildirmişdir ki, burada həm
tədqiqatçılar, həm də jurnalistlər
üçün çox dəyərli fikirlər səslənmişdir.
Bu, jurnalistlərin gələcək fəaliyyətində
onlara yardımçı ola bilər. "Neft heç vaxt
hökumətlərin və ayrı-ayrı şirkətlərin
sərvəti deyil. Bu, ümumilikdə xalqın sərvətidir
və hər bir vətəndaşın rifahında öz ifadəsini
tapmalıdır", - deyən V.Əliyev qeyd etmişdir ki,
bunun üçün şəffaf sistem fəaliyyət
göstərməlidir. Bu şəffaf sistemi
də təmin edən
ən güclü struktur jurnalistikadır. Hakimiyyətlərin də əsas
vəzifəsi ondan ibarətdir ki, jurnalistlərə maksimum dərəcədə
cəmiyyəti məlumatlandırmaq üçün imkan yaratsın.
Bu, qanunlarla da ola bilər. Misal
üçün, Azərbaycanda 2005-ci ildə informasiya əldə
etmək haqqında qanun qəbul olunub və bu qanuna əsasən
neft şirkətinin jurnalistikadan, cəmiyyətdən gizlədə
biləcəyi, ya xidməti hesab edəcəyi heç bir məlumat
yoxdur. Bütün məlumatlar verilməlidir,
jurnalistlər də onu media vasitəsilə ictimaiyyətə
çatdırmalıdır. Bundan
başqa, 2000-ci illərin əvvəllərində Azərbaycanın
1 milyard dollar dövlət büdcəsi vardısa, bu gün
25 milyarddır. Bu gün Azərbaycanın
40 milyard dollardan artıq valyuta ehtiyatı vardır. Bu gün Azərbaycanda məhsul istehsalının 80
faizi qeyri-neft sektorunun payına düşür. Yəni Azərbaycan hakimiyyətinin prioriteti ondan ibarətdir
ki, neftdən əldə olunan gəlir hesabına
iqtisadiyyatın digər sektorlarını inkişaf etdirsin.
Azərbaycanda infrastruktur tamamilə yenidən
qurulur. Son 3 ildə Azərbaycanda 2 min 200 yeni məktəb
tikilib, yüzlərlə poliklinika, xəstəxana, mədəniyyət
ocaqları, abidələr, teatrlar, muzeylər inşa olunubdur.
Azərbaycan Mədən Sənayesində Şəffaflıq
Təşəbbüsünə də qoşulmuşdur.
Azərbaycanın neftdən əldə olunan vəsaitinin
toplandığı Dövlət Neft Fonduna həm vətəndaş
cəmiyyəti, həm də beynəlxalq audit şirkətləri
tərəfindən nəzarət olunur. Onun fəaliyyəti
və hesabatları ilə sayt vasitəsilə tanış
olmam mümkündür. Bir sözlə,
jurnalistlərin normal fəaliyyət göstərmələri
üçün ölkəmizdə bütün imkanlar
vardır. Burada əsas məsələ isə
jurnalistlərin məsuliyyətidir.
Sonrakı sessiyalarda isə
"Azad Azərbaycan International" televiziya kanalının rəhbəri
Azər Xəlilovun, Azərbaycan Respublikası Dövlət
Neft Şirkətinin vitse-prezidenti Vitali Bəylərbəyovun,
"İçərişəhər" Dövlət
Tarix-Memarlıq Qoruğunun direktoru Mikayıl Cabbarovun,
"Forbes" (ABŞ) jurnalının reportyoru Kaşmir
Hillin, "Reuters" informasiya agentliyinin (Böyük
Britaniya) müxbiri Tom Bergin, "OpenOil"un (Almaniya)
araşdırmaçı əməkdaşı Zara
Rahmanın iştirakı ilə maraqlı diskussiyalar
aparılmışdır.
Sessiyalarda bildirilmişdir ki, Bakının yerləşdiyi
Abşeron yarımadasında neft
çıxarılmasının qədim tarixi vardır. XIX əsrin sonunda isə
Bakının "Qara qızıl paytaxtı" kimi
şöhrəti bütün dünyaya
yayılmışdı. Sovet hakimiyyəti
illərində də Azərbaycan ittifaq miqyasında ən
çox neft hasil edən respublika idi.
Vurğulanmışdır ki, ulu
öndər Heydər Əliyev yenidən
hakimiyyətə qayıtdıqdan sonra onun təşəbbüsü
ilə Azərbaycanda neft sənayesinin inkişafı istiqamətində
tarixi əhəmiyyət daşıyan addımlar
atılmışdır. Azərbaycanın iqtisadi müstəqilliyinin əsasını
təşkil edən yeni neft strategiyasının
uğurları ilbəil artır. Xalqımızın
ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə
işlənib hazırlanmış bu strategiyanın
reallaşdırılmasından əldə olunan gəlirlər
ölkəmizin maliyyə dayaqlarının getdikcə möhkəmlənməsinə
səbəb olur. Bu da öz növbəsində,
iqtisadiyyatın şaxələndirilməsinə, qeyri-neft sahələrinin
inkişaf etdirilməsinə imkan yaradır.
Tədbirdə "Əsrin müqaviləsi"in imzalanmasından
keçən müddət ərzində
görülmüş işlər vurğulanmış, qeyd
edilmişdir ki, yeni neft strategiyası hazırda Azərbaycan
Prezidenti İlham Əliyev tərəfindən də uğurla
davam etdirilir.
Tanınmış neft mütəxəssislərinin,
alimlərin və media nümayəndələrinin
iştirak etdikləri sessiyalarda, həmçinin şirkətlərin
və hökumətlərin geniş ictimaiyyətlə
hansı informasiyaları bölüşməli
olmalarından, bu informasiyanın necə və nə zaman
yayılmasının vacibliyindən, eləcə də bu
istiqamətdə sosial medianın önəmindən ətraflı
danışılmışdır.
Sessiyalarda iştirakçıları
maraqlandıran suallar
cavablandırılmış, Azərbaycanın neft və qaz sənayesi
ilə bağlı həyata keçirilən və gələcəkdə
reallaşdırılacaq yeni neft layihələri haqqında
filmlər və slaydlar nümayiş olunmuşdur.
Bununla da beynəlxalq konfrans işini
yekunlaşdırmışdır.
AzərTAc
Azərbaycan
.-2012.- 20 sentyabr.- S.3.