Pakistanda Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunmuş qızlar məktəbinə Azərbaycanın birinci xanımının adı verilmişdir

 

Pakistanın Müzəffərabad şəhərində Heydər Əliyev Fondu tərəfindən 2007-ci ildə tikilmiş və 2012-ci ildə yenidən qurulmuş qızlar məktəbinin açılış mərasimi olmuşdur. Məktəb Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adını daşıyır.

Azərbaycanın Pakistandakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, mərasimdə bu ölkənin təhsil naziri Sadiq Dar, informasiya və yayım naziri Bazil Nakvi, fövqəladə hallar katibi Sərdar Rəhim Xan, deputat Sədəf Şeyx, səfir Daşqın Şikarov, səfirliyin əməkdaşları və KİV-lərin nümayəndələri iştirak etmişlər.

Sadiq Dar və Daşqın Şikarov məktəbin rəmzi açılışını bildirən lenti kəsdikdən sonra mərasim iştirakçıları burada yaradılmış şəraitlə tanış olmuşlar.

Sonra səfir Daşqın Şikarov çıxış edərək Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycanda, Pakistanda və digər xarici ölkələrdə həyata keçirilən irimiqyaslı layihələr barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, Pakistanda baş vermiş zəlzələdən zərər çəkmiş qızlar məktəbi 2007-ci ildə Azərbaycanın birinci xanımının təşəbbüsü və dəstəyi ilə inşa edilmiş, cari ildə isə həmin məktəb əsaslı təmir olunmuş, ərazisi genişləndirilmiş və yenidənqurma işləri aparılmışdır. Məktəbin beş əlaçı şagirdinə Heydər Əliyev Fondu tərəfindən aylıq təqaüd ayrılmışdır.

Qeyd edilmişdir ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Pakistanda silsilə humanitar yardımlar proqramı çərçivəsində "Edhi Home"  kimsəsizlər evində sığınacaq tapan uşaqlara tibbi baxış və hepatit B virusuna qarşı peyvəndləşdirmə işləri aparılmış, Peşavar şəhərinin "Akbar Care" serebral paraliç institutunda imkansızlar üçün pulsuz müayinə təşkil edilmişdir. Eləcə də Xayber Paxtunxva əyalətinin Laki Marvat şəhərinin qadınlar və uşaqlar xəstəxanasında açıq ürək əməliyyatları aparılmış, Hamza Fondu (Peşavar) üçün müasir qanköçürmə avadanlığı, laboratoriya ilə təchiz edilmiş "Suzuki" markalı təcili tibbi yardım avtomobili və 2 min qanköçürmə paketi alınmış, Xayber fondunun göz xəstəxanasının yeni binasının inşası üçün maddi yardım göstərilmiş, Ramazan ayında Pakistanda 11 uşaq evinin 1200-dən çox sakini üçün iftar süfrələri təşkil edilmişdir.

Mərasim iştirakçılarına müraciət edən təhsil naziri Sadiq Dar 2005-ci ildə baş vermiş zəlzələdən sonra Azərbaycanın Pakistana yardım edən ilk ölkələr sırasında olduğunu qeyd etmişdir. Vurğulanmışdır ki, təbii fəlakət zamanı dağılmış 150 şagird yerlik məktəb binasının yerində 500 nəfərlik müasir təhsil ocağı inşa olunmuşdur. Natiq 2010-cu və 2011-ci illərdə baş vermiş sel daşqınları zamanı məktəbə ciddi ziyanın dəydiyini qeyd etmişdir. O, Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə məktəb binasının yenidən qurulduğunu və əsaslı təmir edildiyini, təhsil ocağının ərazisinin genişləndirildiyini və abadlaşdırıldığını diqqətə çatdırmışdır. Sadiq Dar görülən işlərə görə Azərbaycanın birinci xanımına dərin minnətdarlığını bildirmişdir.

Diqqətə çatdırılmışdır ki, Heydər Əliyev Fondunun prezidentinin Pakistan xalqına və xüsusən də uşaqlara göstərdiyi diqqət və qayğını yüksək dəyərləndirən ölkənin rəsmi dövlət orqanları bu məktəbə məhz Mehriban xanım Əliyevanın adının verilməsini qərara almışlar. Bu təhsil ocağı iki xalq arasında dostluq və qardaşlıq rəmzinə çevrilmişdir.

Daha sonra tədbirdə məktəbin şagirdləri tərəfindən hazırlanmış səhnəciklər nümayiş etdirilmiş, konsert proqramı və ziyafət təşkil olunmuşdur.

Sonda hər bir şagirdə Heydər Əliyev Fondunun adından məktəb ləvazimatları ilə dolu çantalar, səfirlik tərəfindən İslamabadda dərc olunmuş "Heydər Əliyev - Azərbaycanın ümummilli lideri", "Azərbaycan - Odlar Yurdu" kitabları və iki kompyuter hədiyyə edilmişdir.

 

 

Azərbaycan.-  2012. - 20 sentyabr .- S.3.