Cəvahirlər

Bəllidir ki, Azərbaycan teatrı bir çox Şərq ölkələrində, xüsusilə də türkdilli xalqlar içərisində milli teatrın yaradılmasında bir təkan, nümunə rolu oynamışdır. Bu cəhətdən vaxtilə Aşqabadda fəaliyyət göstərmiş Azərbaycan teatrının keçdiyi inkişaf yolunu araşdırarkən bir aktrisanın ad və soyadı diqqətimi cəlb etdi: Cəvahir Şuşinskaya. Bir qədər əvvəl də başqa bir məlumatda oxumuşdum ki, Azərbaycanda neft sahəsi üzrə ilk qadın alim Cəvahir Şuşinskaya olub. Bu ad və soyadların bir-biri ilə nə dərəcədə bağlılığını öyrənmək üçün apardığımız tədqitqatlar nəticəsində maraqlı faktlarla rastlaşdıq. Hər iki Cəvahirin Azərbaycan mədəniyyətində özlərinə məxsus yeri var. Ad da, soyad da, təxəllüs də, hətta doğulduqları şəhər də eynidir. Amma fərqli yaradıcılıq yoluna malik olan bu şuşalı xanımlar öz əməlləri, məramları, elmi töhfələri, fitri istedadları ilə unudulmaz şəxsiyyətlərin sırasında əzmlə dayandılar.

Əvvəl musiqiçi, sonra neft sahəsi üzrə alim oldu

Cəvahir İbrahim qızı Həsənova (sonradan Şuşinskaya) 1915-ci ildə Şuşada anadan olub. İlk təhsilini doğma şəhərdə aldıqdan sonra Bakıya köçüb. Hələ uşaqlıq illərində musiqiyə böyük həvəsi olan Cəvahir Şuşada kamança çalmağı öyrənmişdi. Dahi Azərbaycan bəstəkarı Üzeyir bəylə tanışlığı onu əvvəlcə musiqi sahəsinə gətirib çıxardı. Üzeyir bəy Cəvahirin valideynlərini, yaxın qohumlarını yaxşı tanıyırdı. Azyaşlı qızın musiqi istedadını ilk dəfə kəşf edən Üzeyir bəy Cəvahiri 1931-ci ildə özünün təşkil etdiyi xalq çalğı alətləri orkestrinə işə götürüb. Cəvahir Həsənova eyni zamanda Azərbaycan Dövlət Musiqi Məktəbində kamançadan dərs deyib. Üzeyir bəy gənc Cəvahirin bu qədim aləti necə ustalıqla səsləndirdiyinin məftunu olmuşdu. O, inana bilmirdi ki, mükəmməl musiqi təhsili almayan bir xanım kamançanın bütün sirlərini, incəliklərini bu dərəcədə müfəssəl bilir. Deyilənə görə, Üzeyir bəy onun çalğılarını dinləməyi çox sevərmiş. Hətta bir dəfə Cəvahirin ifasından sonra söyləyib: "Sən sadəcə çalmırsan, qızım. Elə bil ki, ürəyin dil açıb oxuyur. Bu, kamança səsi yox, insan səsidir. Var ol, qızım".

1940-cı ildə Üzeyir Hacıbəylinin tövsiyəsi ilə Cəvahir Şuşinskaya Azərbaycan Dövlət Konservatoriyasının professoru S.L.Bretanskinin köməyi sayəsində respublikamızda ilk dəfə olaraq kamança dərsliyini yazaraq kitab şəklində nəşr etdirib. Musiqiçi qızın bu fəaliyyətini o zaman Azərbaycan Elmi-Tədqiqat Musiqi Kabinetinin rəhbəri vəzifəsində işləyən xalq artisti Bülbül belə qiymətləndirib: "Xalq musiqi alətlərinin inkişafı, onların Avropa musiqi alətləri ilə bərabər hüquq qazanması üçün Azərbaycan Dövlət Musiqi Məktəbinin pedaqoqu Cəvahir Həsənovanın hazırladığı dərslik xalq musiqi alətlərinin öyrənilməsində yeni addım olmaqla musiqi məktəblərimizdə notlu kamança dərsi verilməsinə böyük kömək edəcək".

Musiqi məktəbləri üçün nəzərdə tutulmuş bu kitab vasitəsilə şagirdlər ən ibtidai mövzulardan başlamış mürəkkəb materialları çalmağa hazırlanırdılar. Bu dərslik müəllimlərin müvafiq materiallar seçməsində mövcud çətinlikləri aradan qaldırdı. Beləliklə, Cəvahir Həsənovanın adı Azərbaycan musiqi tarixinə ilk dəfə olaraq çap edilmiş "Kamança məktəbi" adlı kitabının müəllifi kimi düşdü. 1940-cı ildə işıq üzü görən bu dərslikdən uzun illər müəllimlər istifadə etdilər. Bu günyaranan yeni dərsliklərin mayası məhz həmin kitabdan götürülüb.

Bu xanımın bioqrafiyasında ən maraqlı dönəm odur ki, o, qəlbən bağlandığı və bir çox ilkinlərə imza atdığı musiqi sahəsində sonadək addımlayıb. Ali təhsil almaq üçün indiki Neft Akademiyasında oxuyub. Uzun müddət Azərbaycan Elmlər Akademiyasının Dəniz, Neft-Qaz Yataqları Problemləri İnstitutunda baş elmi işçi vəzifəsində çalışıb. Ömrünün sonuna kimibu sahədən ayrılmayıb. Elmi şuranın yeganə qadın üzvü olan Cəvahir Həsənova neftçıxarma sahəsində ilk texnika elmləri namizədi alimlik dərəcəsi almış azərbaycanlı qadın idi.

70 yaşında dünyasını dəyişən Cəvahir Həsənovanın adı həm mədəniyyət, həm də neft tariximizə əbədi həkk edilmiş ilkinlərdən sayılır.

Aktrisa və müğənni

O, səhnəyə ilk dəfə müğənni kimi çıxmışdı. Ötən əsrin əvvəllərində filarmoniyada çalışmışdır. Üzeyir Hacıbəyli Cəvahirin səsinin ahəngindəki qeyri-adi nisgili və məlahəti çox bəyənərmiş. Hətta söhbətlərin birində dahi bəstəkar söyləyib: "Cəvahir oxuyanda xəyalıma Cıdır düzü, Şuşa dağları gəlir. Oradakı quşların nəfəsini, səsini Cəvahir çox ustalıqla bizə çatdırır".

Cəvahir Abış qızı Həsənova (Şuşinskaya) 1917-ci ildə Şuşa şəhərində anadan olub, çox gənc yaşlarında Bakıya gəlib. Elə Üzeyir Hacıbəylinin məsləhəti ilə də filarmoniyada işə düzəlib. Günlərin birində Üzeyir bəylə Müslüm Maqomayev yaxından tanıdıqları, istedadını dəyərləndirdikləri gənc bəstəkar Cümşüd Aşurov üçün Cəvahirgilə elçi gediblər. Hər iki musiqiçinin ailə qurmasında bu unudulmaz insanların razılığı və xeyir-duası olub.

Bu, elə bir zaman idi ki, Aşqabadda Azərbaycan teatrını inkişaf etdirmək üçün azərbaycanlı sənətkarlar müəyyən vaxtlarda və ardıcıllıqla orada çalışaraq əllərindən gələni əsirgəmirdilər. Hətta Aşqabadda yaradılmış musiqi məktəblərində də Azərbaycandan gəlmiş sənətkarlar, pedaqoqlar dərs deyirdilər. Aşqabad teatrının inkişafında Cəvahir Şuşinskayanın da xidməti olub.

O, 1936-1938-ci illərdə Aşqabad Azərbaycan Teatrında çalışıb. Onun bu teatrın səhnəsində yaratdığı Ərəbzəngi ("Şah İsmayıl"), Leyli ("Leyli və Məcnun") rolları tamaşaçıları məftun edib. Deyilənlərə görə, Cəvahir Şuşinskayanın səsi şəlalə kimi çağlayırmış və o qədər də gur imiş ki, binanın ətrafında da aydınca eşidilirmiş. Tamaşaya bilet tapıb gələ bilməyənlər elə bayırda dayanaraq onun zəngulələrinə, muğamlarına, segahlarına heyranlıqla qulaq asarmışlar.

1938-ci ildə Cəvahir Həsənova yenidən Bakıya qayıdaraq əvvəlki fəaliyyətini - filarmoniyada solistliyini davam etdirib. Elə həmin il Moskvada keçirilən Azərbaycan mədəniyyəti ongünlüyündə iştirak edənlərin arasında Cəvahir Şuşinskaya da olub. 21 yaşlı gənc ifaçının korifey sənətkarlarla bir səhnədə çıxış etməsi o zaman üçün çox qeyri-adi bir hadisə idi. Cəvahirə bu "vizit kartı"nı açansa məlahətli səsi, xoş avazı və həm də aktrisalıq məharəti idi. Tanrı ondan heç nəyi əsirgəməmişdi. Daxili zənginlik, qəlbə yatan səs və eyni zamanda, zahiri gözəllik bu xanımın pərəstişkarlarının sayını artırmışdı. Təəssüf ki, bu istedadlı müğənninin yaratdığı opera surətlərindən heç biri lentə alınmayıb.

Həmişə yaratmağa, qurmağa güclü meyli olan Cəvahir Şuşinskayanı sonradan Naxçıvana dəvət ediblər. Muxtar respublikada Dövlət Filarmoniyası yaradılır. Onun ilk solistlərindən biri məhz şuşalı qızı Cəvahir xanım olur. O, 1941-1945-ci illərdə Naxçıvan Dövlət Filarmoniyasında işləyir. O, burada sadəcə müğənnilik etmir, həm də gələcək ardıcıllarını yetişdirir. Bir müddətdən sonra Bakıya qayıdan Cəvahir Şuşinskaya yenidən M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında çalışır. Adaşı kimi, Cəvahir Həsənova da sonradan incəsənətdən ayrılaraq başqa peşə ilə məşğul olurheç vaxt özünü reklam etmir. Halbuki onun təkcə Aşqabad teatrının inkişafında böyük xidməti olmuşdur. O, elə bir zamanda parlamışdı ki, aktrisa və qadın müğənni sarıdan səhnə korluq çəkirdi. Səhnəni tərk edəndə isə artıq bu gülüstanın çiçəkləri çoxalmışdı. Təəssüf ki, bəzən xidməti olmayanlar daha çox üzdə olurlar. Cəvahir Şuşinskaya 79 il ömür sürüb. O, 1996-cı ildə dünyasını dəyişib. Onu tapmaq, televiziya verilişlərinə dəvət etmək, səsini lentə almaq, haqqında yazmaq elə də çətin deyildi. Özü də təvazökar insan idi. Heç vaxt sinəsinə döyməyi sevməzdi. "Mən həm opera, həm də filarmoniya səhnələrinin ilk aktrisalarından biriyəm" sözlərini dilinə belə gətirmədi. Yalnız dünyasını dəyişdikdən çox illər sonra bildik ki, Azərbaycan mədəniyyətinin belə bir istedadlı və məlahətli səsə malik görkəmli nümayəndəsi olub.

 

  Flora XƏLİLZADƏ

  Azərbaycan .- 2012.- 20 sentyabr.- S. 11.