Azərbaycan
Prezidenti İlham Əliyevin diplomatik xidmət orqanları rəhbərlərinin dördüncü
müşavirəsində nitqi
- Hörmətli
səfirlər!
Xanımlar və cənablar!
Əziz qonaqlar!
Bu gün ölkəmizin tarixində
çox gözəl və əlamətdar bir gündür.
Diplomatik Akademiyanın yeni binasının
açılışını qeyd edirik. Eyni zamanda, ənənəvi
olaraq səfirlərlə müşavirəni
açırıq.
Diplomatik Akademiyanın yaradılması
ölkəmizin tarixində çox əlamətdar bir hadisə
idi. Çox şadam ki, qısa müddət ərzində
akademiya sürətlə inkişaf etmiş, ölkədə,
regionda və dünyada böyük nüfuz
qazanmışdır. Bu gün peşəkar kadrların
hazırlanması işində akademiyanın fəaliyyəti
gözəgörünəndir. Əminəm ki, gələcək
illərdə akademiya öz fəaliyyətini daha da genişləndirəcəkdir.
Bu gün biz akademiyanın rektoru ilə bu barədə
söhbət etdik.
Akademiya üçün gözəl bina
tikilmişdir. Deyə bilərəm ki, son illər ərzində
təhsil sahəsində tikilən binaların içində
öz gözəlliyi, dizaynı, funksional tərəfləri
ilə seçilən bir binadır. Burada əlbəttə
ki, oxumaq, çalışmaq üçün bütün
şərait vardır. Əminəm ki, burada oxuyan və
oxuyacaq gənclər gələcəkdə Azərbaycanın
milli maraqlarını şərəflə müdafiə edəcəklər.
Akademiyanın inkişafı ilə
bağlı yeni təkliflər, yeni planlar vardır. Hesab edirəm
ki, biz bu bazada akademiyanın fəaliyyətini, istiqamətlərini,
çoxşaxəli funksiyalarını daha da genişləndirməliyik.
Təsadüfi deyildir ki, səfirlərlə
ənənəvi müşavirə məhz yeni binada
keçirilir. Bu binada birinci tədbir bu mövzu ilə
bağlıdır. Bu da təbiidir. Çünki Azərbaycanın
xarici siyasəti çox çevikdir, dinamikdir, sürətlə
inkişaf edəndir və ölkəmizə böyük
uğurlar gətirən xarici siyasətdir.
Səfirlərlə mənim təmaslarım,
əlbəttə ki, mütəmadi xarakter daşıyır.
Həm onları yeni vəzifəyə təyin edəndə
görüşürük, həm vaxtaşırı
görüşürük, həm də Xarici İşlər
Nazirliyi vasitəsilə bütün müvafiq göstərişlər,
tapşırıqlar verilir. Bir sözlə, indi bizim
dünyadakı səfirliklərimizin sayı sürətlə
artmaqdadır. Əlbəttə, bu, bizim xarici siyasətdəki
uğurumuzu şərtləndirən amillərdən biridir. Gələcəkdə
biz diplomatik nümayəndəliklərin sayını
artıracağıq ki, Azərbaycan öz maraqlarını
daha da böyük uğurla müdafiə edə bilsin.
Səfirlər peşəkar
diplomatdırlar. Onların arasında gənclər də kifayət
qədər çoxdur, təcrübəli diplomatlar da
vardır. Onlar öz vəzifə borclarını
yaxşı bilirlər və hesab edirəm ki,
bütövlükdə öz vəzifə borclarını
yaxşı yerinə yetirirlər. Səfirlərin
qarşısında duran vəzifələr bəllidir,
aydındır. Ancaq yenə də deyirəm, həyat sürətlə
inkişaf edir, beynəlxalq münasibətlər dəyişir
və beynəlxalq aləmdə yeni məsələlər,
yeni çağırışlar ortaya çıxır. Əlbəttə
ki, biz xarici siyasətimizə mütəmadi qaydada müəyyən
düzəlişlər etməliyik. Nəzərə
almalıyıq ki, strateji xəttimiz dəyişməz olaraq
qalır. Azərbaycanın xarici siyasətinin istiqamətlərini
ulu öndər Heydər Əliyev müəyyən
etmişdir. Bu gün bu sahədə və bütün
başqa sahələrdə strateji xətt icra edilir.
Xarici siyasətlə bağlı ölkə
qarşısında duran əsas vəzifə, əlbəttə
ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həlli məsələsidir. Bu, bizim nəinki
xarici siyasətdə, ümumiyyətlə, ölkə
qarşısında duran əsas məsələdir. Bildiyiniz
kimi, məsələ uzun illərdir öz həllini
tapmır, ədalət, beynəlxalq hüquq normaları
pozulur və bu ədalətsizlik davam edir. Azərbaycan bu məsələnin
həlli üçün bütün imkanlardan istifadə edir
və etməlidir. Diplomatik səylər gücləndirilməlidir
və gücləndirilir. Digər amillər də bu məsələnin
həlli üçün öz rolunu oynamalıdır və
bu istiqamətdə önəmli addımlar atılır.
Əgər müstəqillik dövrünə
nəzər salsaq görərik ki, bu 20 il ərzində Ermənistan
ilə Azərbaycan arasındakı fərq, yəni
uçurum daha da böyük olmuşdur. Növbəti illərdə
bu fərq yalnız və yalnız böyüyəcək və
Azərbaycanın üstünlükləri daha da görünəcəkdir.
Diplomatik səylər davam etdirilir. Səfirliklərin
bu istiqamətdə fəaliyyəti məqsədyönlüdür.
Dünyadakı dostlarımızın, dost ölkələrin
sayı artmaqdadır. Beynəlxalq təşkilatlarda
Dağlıq Qarabağ məsələsinə dair ədalətli,
yəni, maraqlarımızı təmin edən qətnamələr
kifayət qədər qəbul edilmişdir. BMT Təhlükəsizlik
Şurasının dörd qətnaməsi, ATƏT-in qərarları,
digər beynəlxalq təşkilatların - İslam Əməkdaşlıq
Təşkilatının, Avropa Parlamentinin, Avropa
Şurasının, Qoşulmama Hərəkatının, qətnamələri,
NATO-nun qərarları, yəni, hüquqi baza kifayət qədər
genişdir, möhkəmdir və sarsılmazdır.
Münaqişənin həlli üçün ilk növbədə,
hüquqi baza möhkəm olmalıdır. Bu məsələ
ilə bağlı Ermənistanın mövqeləri çox
zəifdir, bizim mövqelərimiz isə çox
güclüdür.
Mən məsələnin tarixi aspekti
haqqında dəfələrlə fikirlərimi bildirmişəm,
müvafiq göstərişlər vermişəm, o cümlədən
bizim alimlərə ki, məsələnin tarixi aspektinə
dair tutarlı arqumentlərlə zəngin yeni kitablar dərc
edilsin. Bu istiqamətdə də işlər gedir və
araşdırmalarımız, əsərlərimiz həqiqəti
əks etdirir, yəni, tarixi həqiqət üzərində
qurulmuşdur. Məsələnin tarixi aspekti də çox
önəmlidir. Çünki uzun illər ermənilər
öz lobbi qurumları vasitəsilə dünyada belə bir rəy
formalaşdırmağa çalışırlar ki,
Dağlıq Qarabağ qədim erməni torpağıdır
və erməni xalqı əsrlər boyu bu torpaqda
yaşamışdır. Bunlar tamamilə yalan, təhrif
edilmiş məlumatlardır. Hazırda biz bu yalanları
ifşa etməklə, həqiqətləri ortaya qoymaqla, eyni
zamanda, münaqişənin həlli üçün tarixi
bazanı da möhkəmləndiririk.
Bildiyiniz kimi, Dağlıq Qarabağ əzəli
Azərbaycan torpağıdır. Dağlıq Qarabağın
ərazisində yerləşən bütün
yaşayış məntəqələrinin toponimləri Azərbaycan
mənşəlidir. Nəinki Dağlıq Qarabağ, indiki
Ermənistanın toponimlərinin mütləq əksəriyyəti
Azərbaycan mənşəlidir. Yəni, xalqımız əsrlər
boyu bu torpaqda yaşamış, yaratmış və bundan
sonra da bu torpaqda yaşamalıdır. Biz bunu təmin edəcəyik.
Məsələnin digər tərəfləri
də münaqişənin həlli üçün
böyük əhəmiyyət kəsb edir. Xüsusilə,
iqtisadi məsələlər. Bu gün Ermənistan ilə Azərbaycan
arasında fərq kifayət qədər böyükdür.
Bizim iqtisadiyyat müqayisəedilməz dərəcədə
irəliyə gedibdir. Təkcə hərbi xərclərimiz
Ermənistanın bütün büdcəsindən iki dəfə
çoxdur. Bizim iqtisadi imkanlarımız genişlənir.
İqtisadi tərəfdaşlarımızın sayı
artmaqdadır, ixrac potensialımız artır. İqtisadiyyat
artıq çoxşaxəli iqtisadiyyatdır və bu ilin
altı ayının yekunları, - doqquz ayın yekunları bu
yaxınlarda bəlli olacaqdır, - göstərir ki, qeyri-neft
sektorunda artım on faizdən çoxdur.
Yəni, biz istədiyimizə nail ola
bilmişik. Enerji resurslarımızdan səmərəli şəkildə
istifadə etməklə iqtisadiyyatımızı şaxələndirmişik
və bu gün qeyri-neft iqtisadiyyatı uğurla inkişaf
edir. Ermənistan isə iqtisadi cəhətdən
çıxılmaz vəziyyətdədir. Xarici yardımlar,
kreditlər, diasporun ianələri olmasa Ermənistan
iqtisadiyyatı tamamilə çökəcəkdir. Bu
yaxınlarda onların hətta rəsmi statistik məlumatlarına
görə Ermənistanın ixrac nomenklaturası bəlli oldu
və orada çox gülməli ixrac məhsulları üzə
çıxdı. Yəni, qurbağalar, - bəlkə bu
auditoriyada bu barədə danışmaq yersiz olar, - amma bu,
reallıqdır. Yəni, bu ölkənin daxili resursları
tükənir. İqtisadiyyat çökür. Sənaye iflic
vəziyyətindədir. Demoqrafik vəziyyət
acınacaqlıdır. Ölkədən hər il yüz minə
qədər əhali köç edir və bu proses davam edir.
Bu prosesin qarşısını almaq artıq mümkün
deyildir, o vaxta qədər ki, Ermənistan öz
qonşularına qarşı torpaq iddiasında olmağa davam
edəcəkdir.
Biz isə uğurla inkişaf edirik. Azərbaycanın
dünyadakı nüfuzu artır. BMT Təhlükəsizlik
Şurasına seçilməyimiz tarixi qələbəmizdir,
nəinki diplomatiyada, ümumiyyətlə, deyə bilərəm
ki, tarixdə ən böyük siyasi və diplomatik qələbədir.
Müstəqilliyin iyirmi illiyinə təsadüf edən bu qələbə
ölkəmizin uğurlu inkişafını göstərir.
Eyni zamanda, onu göstərir ki, biz erməni lobbisi tərəfindən
Azərbaycan haqqında yanlış rəy formalaşmasında ermənilərə
böyük zərbə vura bilmişik. Yəni, biz o rəyi
dəyişdirə bilmişik və bu gün 155 ölkə
Azərbaycanı dəstəkləyir. Biz Təhlükəsizlik
Şurasına üzv seçilən zaman mən demişəm
ki, ədaləti, beynəlxalq hüququ müdafiə edəcəyik
və ilk günlərdən bu prinsiplərə sadiqik. Bu
gün mənim həmkarlarımla keçirilən
görüşlərdə daim bu mövzu haqqında fikir
mübadiləsi aparılır. Azərbaycanın ədalətli,
cəsarətli mövqeyi daim vurğulanır.
Təhlükəsizlik Şurasında
olmağımız bizə imkan verəcəkdir ki, dünyada
özümüz haqqında daha da dolğun məlumat verək,
özümüzü gənc, dinamik, müasir, inkişafda
olan ölkə kimi təqdim edək. Əlbəttə, Ermənistan
bu qələbələr qarşısında acizdir, əslində
öz məğlubiyyətini etiraf edir. Çünki
diplomatlar yaxşı bilirlər ki,
Ermənistan da Təhlükəsizlik Şurasına
üzv olmaq üçün müraciət etmişdi. Ancaq
ondan sonra götür-qoy etdi və anladı ki, onları
çox acı və biabırçı məğlubiyyət
gözləyir. Çünki Azərbaycan, əlbəttə
ki, daha da böyük mövqelərə malikdir. Ermənistan
sakitcə bu yarışdan çəkildi. Bütün
başqa yarışlardan da çəkilmək zorundadır.
Yəni, bizimlə rəqabət aparmaq iqtidarında deyildir.
Biz gücümüzü artıracağıq. Yenə də
deyirəm, tarixi, hüquqi, iqtisadi amillər bizim mövqeyimizi
möhkəmləndirir. Bizimlə dost olmaq istəyən
ölkələrin sayı artmaqdır. Mən bu işdə səfirliklərin
rolunu yüksək qiymətləndirirəm. Çünki biz
xüsusilə son bir neçə il ərzində ikitərəfli
formatda, böyük irəliləyişə nail ola
bilmişik.
Demoqrafik vəziyyət gələcəkdə,
ümumiyyətlə, çox şeyi müəyyən edəcəkdir.
Bu amil nədənsə o qədər də nəzərə
alınmırdı. Ancaq biz görürük ki, ölkələrin
imkanları da, nüfuzu da, təsir gücü də bir
çox hallarda əhalidən, onun sayından
asılıdır. Bizdə bu dinamika müsbətdir. Nazirlər
Kabinetinin toplantısında mən bu məsələ ilə
bağlı öz fikirlərimi bildirmişəm. Biz elə
etməliyik ki, Azərbaycan əhalisi daha sürətlə
artsın. Əgər Ermənistan rəhbərliyində
reallığı dərk edən adamlar hələ ki,
qalıbsa, anlamalıdırlar
ki, Azərbaycan ilə qısamüddətli və uzunmüddətli
rəqabətdə onları yalnız məğlubiyyət
gözləyir. Hazırda əgər onlar danışıqlar
masasında olan varianta razılıq verərlərsə və
işğal edilmiş torpaqlardan qoşunlarını
çıxararlarsa, o zaman öz xalqının gələcəyini
təmin etmiş olarlar. Çünki onları gələcəkdə
böyük təhlükələr gözləyir. Dünya dəyişir,
bölgədə gedən proseslər sizə bəllidir.
İstisna edilmir ki, vaxt gələcək və hər bir
ölkə təkbaşına öz maraqlarını
müdafiə etmək zorunda qalacaqdır. Azərbaycan buna
hazırdır. Çünki onsuz da biz iyirmi il ərzində
təkbaşına mübarizə aparırıq. Bəzi
hallarda bizdən qat-qat böyük qüvvələr
qarşısında öz maraqlarımızı təmin
edirik, heç kimin qarşısından geri çəkilmirik.
Regionda baş verən bəzi son hadisələr
onu göstərir ki, bizim maraqlarımızı nəzərə
almadan bölgədə siyasi təşəbbüslər icra
edilə bilməz. Biz ən böyük sınaqlardan
üzüağ çıxmışıq. Hətta bizim
mövqeyimizi, necə deyərlər, bölüşməyən
və əks mövqedə olan böyük qüvvələr
vahid bir mövqe nümayiş etdirərkən, Azərbaycanın
mövqeyi imkan vermədi ki, bölgədə bizim
maraqlarımıza zidd olan hər hansı bir hadisə baş
versin. Yəni, biz təkbaşına mübarizəyə nəinki
hazırıq, bu mübarizəni aparırıq,
özümüzü dünyada təsdiq edirik, gələcəyimizi
özümüz müəyyən edirik. Ermənistan isə
aydın məsələdir ki, xarici yardım olmadan,
ümumiyyətlə, heç bir gələcəyi olmayan
ölkədir. Regionda gedən proseslər, bir daha demək istəyirəm,
o vəziyyətə gətirib çıxara bilər ki, Ermənistan
seçim qarşısında o qədər də
böyük seçimə malik olmayacaqdır. Ona görə
onların xeyrinədir ki, əsassız iddialardan əl çəksinlər,
özlərinə məxsus olmayan torpaqlardan
çıxsınlar. O zaman bölgədə sülh, əməkdaşlıq
yaranar. O zaman Ermənistan da regional məsələlərə
qoşula bilər.
Biz bölgədə söz sahibiyik və
bundan sonra mövqeyimiz daha da möhkəm olacaqdır. Biz
heç vaxt imkan verə bilmərik ki, Ermənistan hər
hansı bir siyasi, iqtisadi, enerji, nəqliyyat layihəsinə
qoşulsun. Biz onları təcrid etmişik, bunu gizlətmirik.
Gələcəkdə təcridetmə siyasətimiz davam
etdirilməlidir. Bu, öz bəhrəsini verir. Əgər məsələni
sülh yolu ilə həll etmək üçün bizə
daim mesajlar göndərən tərəfdaşlar, doğrudan
da, istəyirlər ki, bölgədə sülh olsun, Ermənistan
işğal edilmiş torpaqlardan çıxmalıdır.
Çünki əks təqdirdə məsələnin
başqa yolla həll edilməsi istisna deyildir. Biz bunu heç
vaxt istisna etməmişik. Beynəlxalq hüquq bu haqqı bizə
verir. Sadəcə olaraq, Azərbaycanın sülhsevər siyasəti,
bölgədə gedən proseslərə artan məsuliyyəti
və Azərbaycanın bölgədə artıq sabitləşdirici
amil kimi çıxış etməsi bizi bu radikal
addımlardan hələ ki çəkindirir. Ona görə məsələnin
tezliklə həlli hər tərəfin marağında
olmalıdır.
Biz istəyirik ki, məsələ həll
olunsun. İstəyirik ki, bölgədə sülh olsun. Bunu
vasitəçilər də istəyir. Ancaq bununla bərabər,
biz torpaqlarımızı geri istəyirik. Fərq bundan ibarətdir.
Nəyin bahasına olursa-olsun, sülh olsun
yanaşmasını biz qəbul etmirik. Yəni, məsələnin
dondurulması mümkün deyildir. Ermənistan təbii, istəyir
ki, məsələ dondurulsun, status-kvo pozulmasın,
danışıqlar aparılsın, amma, necə deyərlər,
heç bir nəticə əldə edilməsin.
Danışıqlar prosesində bir
neçə dəfə hesab edirdik ki, biz artıq
razılaşmaya yaxınıq. Ermənistanın riyakar
mövqeyi, yalançı vədləri imkan vermədi ki, biz
razılaşmaya nail olaq. Yəni, bizim üçün sirr
deyildir, Ermənistan çalışır ki, məsələni
dondursun, nə qədər mümkünsə məsələni
uzatsın.
Həmsədr ölkələrin prezidentlərinin
bəyanatları bizi, əlbəttə, ruhlandırır ki,
status-kvo qəbuledilməzdir, dəyişdirilməlidir. Ancaq
bu bəyanatlardan sonra biz konkret addımlar gözləyirdik.
Biz nəhayət gözləyirdik ki, işğalçıya
çox ciddi siqnallar veriləcək ki, daha bəsdir, bu
torpaqdan çıxmasan Azərbaycan məsələni
başqa yolla həll edəcəkdir.
Ona görə daim məsələnin
sülh yolu ilə həll edilməsi prioriteti səslənəndə
bu, Ermənistana yanlış mesaj göndərir ki, siz narahat
olmayın, sülh yolu ilə həll olunacaqdır. Buna görə
bu məsələni uzada bilərsiniz. Bu, yanlış yanaşmadır.
Mən dəfələrlə bizim tərəfdaşlara bu barədə
fikirlərimizi demişəm. Biz də sülh istəyirik,
amma bir daha demək istəyirəm ki, ilk növbədə, vətəndaşlarımız
işğal edilmiş torpaqlara qayıtmalıdırlar.
Yəni, bu məsələ bir daha demək
istəyirəm ki, bizim üçün əsas məsələdir,
milli məsələdir və bundan sonra da biz səylərimizi
gücləndirəcəyik. Biz düzgün yoldayıq. Biz hər
gün qələbəni yaxınlaşdırırıq. Qələbənin
yaxınlaşdırılması üçün hər bir
Azərbaycan vətəndaşı, xüsusilə diplomatik fəaliyyətlə
məşğul olanlar hər gün fəal
çalışmalıdırlar.
Xarici siyasətlə bağlı digər
mühüm vəzifə, - o da bu məsələ ilə
bilavasitə bağlı olan məsələdir, - Xocalı
soyqırımını dünyada tanıtdırmaqdır. Mən
hesab edirəm ki, biz bu istiqamətdə çox uğurlu siyasət
aparmışıq və qısa müddət ərzində
üç ölkənin parlamenti Xocalı
qırğınını soyqırımı kimi qəbul
edib. Artıq başqa ölkələrdə
Xocalı abidələri ucaldılır. Ermənilər 50-ci
illərdən başlayaraq və əlbəttə ki, diaspor
qurumlarının gücü ilə müxtəlif ölkələrdə
dırnaqarası erməni soyqırımı məsələsini
qaldırmışlar və bəzi ölkələr bunu qəbul
edib. Ancaq biz bu məsələ ilə bir neçə ildir
ki, məşğul oluruq və artıq gözəl nəticələr
vardır. Ona görə mən hesab edirəm ki, bu siyasət
davam etdirilməlidir. Bizim səfirlər, səfirliklərin
nümayəndələri bu məsələni harada
mümkündür qaldırmalıdırlar. Onların, səfirliklərin
çalışdıqları ölkələrin qanunvericilik
orqanlarında Xocalı soyqırımı məsələsi
qaldırılmalıdır. Çalışmalıyıq
ki, bu soyqırımı müxtəlif səviyyələrdə
tanınsın. Biz istər regional, istər munisipal, - əlbəttə
ki, federal səviyyədə olarsa daha yaxşı olar, - səviyyədə
bu işi daim aparmalıyıq. Əldə edilmiş nəticələr
əlbəttə ki, bizi ruhlandırır, göstərir ki,
bu, mümkündür. Ümumiyyətlə, ölkəmizin
dinamik inkişafı və artıq dünyada Azərbaycan
haqqında çox müsbət rəyin formalaşması
göstərir ki, mümkündür, çox şey
mümkündür. Sadəcə olaraq, işləmək
lazımdır, konkret proqram olmalıdır,
tapşırıqlar verilməlidir və icra edilməlidir. Ona
görə, əminəm ki, gələcəkdə Meksikaya,
Pakistana, Kolumbiyaya digər ölkələr də qoşulacaq
və Xocalı soyqırımı digər ölkələr
tərəfindən tanınacaqdır. Vaxt gələcək
bu soyqırımını törədənlər qanun
qarşısında cavab verəcəklər.
Xarici siyasətlə bağlı vəzifələr,
yenə də deyirəm, səfirlərə bəllidir,
aydındır. Bir neçə məsələ haqqında fikirlərimi
bir daha demək istəyirəm - biz ikitərəfli formatı
gücləndirməliyik. İkitərəfli format bizə
böyük uğurlar gətirir. Xüsusilə nəzərə
alsaq ki, Azərbaycan ilə daha da sıx münasibətlər
qurmaq istəyən ölkələrin sayı artır, bizim
xarici diplomatiyamız çox fəaldır. Mənim
çoxsaylı xarici səfərlərim bu gözəl
bazanı möhkəmləndirir və ölkəmizə mənim
həmkarlarımın səfərləri və aparılan
danışıqlar ikitərəfli formatı gücləndirir.
Yəni, bizim xarici siyasətdəki əsas istiqamətimiz ikitərəfli
əlaqələrdir. Deyə bilərəm ki, ikitərəfli
əlaqələrdə tərəfdaş ölkələrin
böyüklüyündən-kiçikliyindən
asılı olmayaraq, biz bərabərhüquqlu münasibətlər
formalaşdıra bilmişik. Bu, çox vacibdir. Bu, belə də
olmalıdır. Çünki ikitərəfli formatda bərabərhüquqlu
münasibətlər yeganə mümkün olan münasibətlərdir.
Bizim yanaşmamız ondan ibarətdir ki, siyasətimiz
xoşniyyətlidir, əməkdaşlığa, bütün
sahələrdə əməkdaşlığın dərinləşməsinə
yönəldilibdir. Əlbəttə ki, bu münasibətlər
qarşılıqlı hörmət, qarşılıqlı
maraqlar və bir-birinin işinə qarışmama prinsipləri
əsasında qurulmalıdır. Deyə bilərəm ki,
bütün ölkələrlə, - bunu diplomatlar bilir,
ictimaiyyət də bilsin, -
münasibətlərimiz bax, bu müstəvidə
qurulubdur. Ona görə gələcəkdə səfirliklərin
sayı artacaq və beləliklə, ikitərəfli format daha
da geniş olacaqdır. BMT Təhlükəsizlik
Şurasındakı səsvermədə bizi dəstəkləyən
155 ölkə ilə əlbəttə ki, daha da fəal əlaqələr
qurmalıyıq. Deyə bilərəm ki, 155 ölkənin
heç də hər biri ilə bizim fəal münasibətlərimiz
yoxdur, yəni onların bizə dəstək verməsi bir
avans idi, biz indi bu münasibətləri möhkəmləndirməliyik.
Qoşulmama Hərəkatında fəaliyyətimiz
daha da fəal olacaqdır. Biz bu təşkilata təzə
üzv olmuşuq və əgər Qoşulmama təşkilatının
qətnaməsinə 120 ölkənin dəstəyini, NATO kimi
mötəbər təşkilatın qətnaməsini nəzərə
alsaq, - orada da münaqişənin həlli ərazi
bütövlüyü prinsipləri əsasında nəzərdə
tutulubdur, - görərik ki, dünya birliyinin ən azı
dörddə üç hissəsi münaqişənin həllini
ərazi bütövlüyü və yalnız ərazi
bütövlüyü prinsipləri əsasında
görür.
Biz ikitərəfli formatda iqtisadi
mövzuları artıq daha da qabağa çəkməliyik.
Azərbaycan indi öz investisiya siyasətində, - əlbəttə
ki, yenə də deyirəm, həyat yerində durmur, - düzəlişlər
edir. Biz indi xaricə investisiyalar qoymağa
başlamışıq. Əlbəttə, bu proses region
ölkələrindən başlanmışdır. Ancaq bizim
investisiyalara dünyada tələbat artır. Xüsusilə,
böhrana düçar olmuş ölkələrin maliyyə
resurslarına böyük ehtiyacı vardır. Biz bu maliyyə
resurslarını məqbul olan şərtlərlə təqdim
edə bilərik. Beləliklə, investisiyalar, kreditlər və
iqtisadi sahədə yeni formalar artıq tətbiq edilir. Səfirlər
də bu sahədə daha da fəal olmalıdırlar. Biz Azərbaycan
şirkətlərinin xaricdəki fəaliyyətini
stimullaşdırırıq. Sahibkarlarla keçirdiyim son
müşavirədə bu məsələ ilə
bağlı konkret tapşırıqlar vermişəm, təkrar
etmək istəmirəm. Ancaq Azərbaycan şirkətləri
- istər dövlət, istər özəl investor və
podratçı, kontraktor kimi xarici bazarlara
çıxmalıdır. Səfirlər də Azərbaycan
şirkətlərinin fəaliyyətini təmin etməlidirlər.
Bu, belə olmalıdır. İnkişaf etmiş ölkələr
daim öz şirkətlərinə başqa ölkələrdə
yaxşı vəziyyətin yaradılması
üçün səylər göstərirlər. Biz də
bu yolla getməliyik və gedirik. Ona görə iqtisadi istiqamət
nisbətən yeni bir istiqamətdir və səfirlər buna
daim diqqət göstərməlidirlər.
Azərbaycanın diaspor təşkilatlarının
sayı artır, onların fəaliyyətinin keyfiyyəti
yüksəlir. Dünyada vaxtaşırı keçirilən
nümayişlər, etiraz piketləri, tədbirlər,
konfranslar göstərir ki, biz, doğrudan da, güclü
diaspor təşkilatları yarada bilmişik və səfirliklər
də diaspor təşkilatları ilə sıx əlaqədə
olmalıdırlar. Əksər hallarda bu, belədir, istərdim
ki, hər bir yerdə belə olsun. Çünki bu, bizim
gücümüzü daha da artırır, xaricdə
yaşayan azərbaycanlıları öz Vətəninə
daha da bağlayır. Bir tərəfdən, biz xaricdə
yaşayan azərbaycanlılara daha da böyük dəstək
göstəririk. Onlar da bilirlər ki, onların arxasında
güclü Azərbaycan dövləti vardır. Bizim
üçün diaspor təşkilatlarının
fəaliyyəti, xüsusilə Ermənistan-Azərbaycan məsələsi
ilə bağlı çox önəmlidir. Bu istiqamət daim
diqqət mərkəzində olmalıdır.
Əlbəttə, səfirlərimiz
dövlət orqanlarının nümayəndələri ilə
sıx əlaqədə olmalıdırlar,
çalışdıqları ölkələrin nazirlikləri
ilə əlaqədə olmalıdırlar. Bununla bərabər,
hesab edirəm ki, qeyri-hökumət təşkilatları ilə
əlaqələr daha da fəal olmalıdır. Bu, yaddan
çıxmamalıdır. Media ilə əlaqələr daha
fəal qurulmalıdır. Çünki hələ ki, erməni
lobbisinin təhriki ilə hərdənbir Azərbaycana
qarşı əsassız ittihamlar səslənir. Biz bilirik
bu, haradan qaynaqlanır. Əlbəttə ki, bu cür
çirkin yazıların birinci mənbəyi erməni
lobbisidir. Çünki erməni lobbisi, dünya erməniliyi
Azərbaycanı bir nömrəli hədəf kimi
seçibdir. Yəni, bu, reallıqdır, bu, belədir.
Çünki başa düşürlər ki, onlar
üçün bir nömrəli təhlükə məhz Azərbaycandır.
Bizim üçün də erməni
lobbisi ən böyük düşməndir. Mən yenə də
bildirmək istəyirəm ki, bunu deməkdən çəkinmirəm.
Çünki bu, reallıqdır, bu, həqiqətdir.
Onların, necə deyərlər, çirkli pulları bəzi
siyasətçiləri, bəzi ictimai xadimləri bu qəbuledilməz
yola təhrik edir. Biz bunlara qarşı daim mübarizə
aparmalıyıq. İkinci, Azərbaycana qarşı
yanlış məlumatlarla dolu yazıların səbəbi isə
ölkəmizin müstəqil siyasətidir. Müstəqil
siyasət heç də hər kəsin xoşuna gəlmir.
Biz qarşıya vəzifə qoymuşuq ki, müstəqil
siyasəti gücləndirək, Azərbaycan xalqının
maraqlarını təmin edək. Bəzi hallarda bizi
hansısa məsələyə, yönəltmək,
hansısa məsələdə mövqeyimizi yumşaltmaq
naminə müəyyən dairələr bizə qarşı
kampaniya şəklində hücumlar edirlər. Biz bunu
"Eurovision" ərəfəsində də, ondan əvvəlki
dövrdə də görmüşük. Ancaq həqiqət
ondan ibarətdir ki, bu kampaniyaların heç bir təsiri
yoxdur. Azərbaycan dövlətinin iradəsinə, siyasətinə
heç kim kənardan təsir edə bilməz. Bizim müstəqillik
tariximiz bunu artıq dəfələrlə göstərmişdir.
Bütün bu səylər əbəsdir. Onların heç
birinin bizim siyasətimizə təsiri olmayacaqdır. Ancaq
bununla bərabər, əlbəttə ki, bu dairələr
ölkəmiz haqqında müsbət imicə ləkə
vurmaq istəyirlər. Ona görə səfirlərimiz, səfirliklərin
nümayəndələri daim bu mətbu orqanları ilə əlaqədə
olmalıdır, onların yanlış siyasətini onlara
bildirməlidir. Bəzi hallarda bilməyərəkdən belə
yazılar dərc edilir. Yəni, xarici media ilə münasibətlər
daha da fəal olmalıdır və ölkə haqqında daha
da dolğun məlumat verilməlidir - Azərbaycan necə
inkişaf edir, Azərbaycanda iqtisadi, sosial məsələlər
necə həll olunur, azadlıqlar necə təmin edilir.
Çünki bəzi hallarda mənim də
qəbuluma gələn xarici qonaqlar da, mən onlara izah edəndə
təəccüb edirlər ki, Azərbaycanda azad internet
vardır?! Heç də hər bir ölkədə azad
internet yoxdur. İndi məsəl üçün, bəzi
ölkələr interneti məhdudlaşdırmaq, yaxud da ki,
senzura tətbiq etmək haqqında fikirləşirlər. Bizdə
azad internet vardır. İndi bizdə internetdən istifadə
edənlərin sayı 65 faizə çatıbdır. Yəni,
mətbuatı necə məhdudlaşdıra bilərik ki, bizdə
internet azaddır və istifadəçilərin sayı
artır. Bizdə bütün media azaddır. Sərbəst
toplaşmaq azadlığı tam təmin edilir. Hər bir
siyasi qüvvə getsin müəyyən edilmiş yerlərdə
öz tədbirlərini keçirsin. Yaxın keçmişdə
belə hadisələr olubdur. Sadəcə olaraq, bu tədbirlərə
heç kim gəlmir. Onun üçün bəzi siyasi
qüvvələr Fəvvarələr meydanında, yaxud da ki,
başqa mərkəzi yerlərdə bu nümayişləri
keçirmək istəyirlər ki, hər hansı bir kanal gəlsin
bunu çəksin və göstərsin. Biz bunu da bilirik.
Ona görə bütün azadlıqlar
vardır. Yəni, vicdan azadlığı. Bəzi ölkələr
Azərbaycandan ibrət götürməlidir. O ölkələr
ki, islamofobiya meyillərini süni şəkildə gücləndirirlər,
gəlsinlər bizdən öyrənsinlər, dinlərarası
münasibətlər necə qurulmalıdır. Biz bunu təcrübə
naminə etmirik. Bu, bizim həyat tərzimizdir. Amma belə
olmalıdır. Bizdə necədirsə, bax, belə
olmalıdır. Dini, milli zəmində heç vaxt nəinki
qarşıdurma, heç bir anlaşılmazlıq da ola bilməz.
Biz buna imkan vermərik. Ona görə vicdan azadlığı
tam şəkildə təmin edilibdir. Siyasi fəaliyyətlə
bağlı heç bir məhdudiyyət yoxdur.
Azərbaycanda azad cəmiyyət vardır.
Azərbaycana gələn xarici nümayəndələr, əgər
qərəzsizdirlərsə bunu görürlər. Bu həqiqətlər
ölkələrin ictimaiyyətinə
çatdırılmalıdır ki, Azərbaycan haqqında
dolğun məlumat verilsin. Hesab edirəm ki, bu istiqamətdə
hələ görüləsi işlər çoxdur.
Xarici siyasətlə bağlı bizim kifayət
qədər açıq siyasətimiz vardır. Beynəlxalq
təşkilatlarda üzvlüyümüzə və fəaliyyətimizə
gəldikdə, bu sahədə də ictimaiyyət üçün
açıq olmayan heç bir məqam yoxdur. Biz üzv
olduğumuz bütün təşkilatlarda fəal iştirak
edirik, maraqlarımızı qoruyuruq və
götürdüyümüz öhdəlikləri yerinə
yetiririk. Üzv olmadığımız təşkilatlar
qarşısında bizim heç bir öhdəliyimiz ola bilməz.
Bu, aksiomdur. Çünki əgər o təşkilatın
üzvü deyiliksə, biz hansısa öhdəliyi necə
götürə bilərik?! Heç bir təşkilat,
heç bir beynəlxalq təşkilat bizə qarşı
hansısa şərt qoya bilməz. Çünki bu, qəbuledilməzdir.
Biz bunu qəbul etmirik. İkitərəfli təmaslarda mən
şəxsən öz fikirlərimi çox açıq
şəkildə ifadə edirəm ki, bizə ancaq bərabərhüquqlu
yanaşma yaraşır. Çünki başqa cür ola bilməz.
Biz heç kimin qabağında gözükölgəli
deyilik. Heç kimdən asılı deyilik. Heç kimdən
yardım istəmirik. Onsuz da bilirik ki, heç kim bizə yardım
etməyəcəkdir. Çünki yardım lazım olan
zaman kimsə gəlib bizə arxa durdu?! Yox. Bizim
iqtisadiyyatımız çökəndə, Ermənistan
torpaqlarımızı zəbt edəndə, bir milyona
yaxın azərbaycanlını sürgün edəndə kimsə
gəlib bizə kömək etdi?! Heç kim. Ona görə
belə illüziyalar məndə yoxdur, çoxdan yoxdur. Belə
olan halda ölkələrlə və beynəlxalq təşkilatlarla
bərabərhüquqlu yanaşmanın tərəfdarıyıq.
Biz beynəlxalq təşkilatlara könüllü şəkildə
üzv oluruq. Əgər görsək ki, maraqlarımız
orada tapdalanır, yaxud da ki, Azərbaycana qarşı qərəzli
mövqe sərgilənir, könüllü şəkildə
də oradan çıxa bilərik. Biz bu qərəzli
mövqeni dəfələrlə görmüşük. Mən
şəxsən görmüşəm. Mən bu qərəzli
mövqenin, ikili yox, üçlü, bəlkə beşli
standartların şahidiyəm. Heç nə dəyişməyibdir.
Yəni 2000-ci illərin əvvəlindən bu günə qədər
bu məsələ ilə bağlı heç nə dəyişməyibdir.
Sadəcə olaraq, Azərbaycan dəyişibdir.
Azərbaycan güclənib. Azərbaycan o
ölkəyə çevrilibdir ki, bizə təzyiq etmək,
bizi şantaj etmək mümkün deyildir. Qara yaxmaq, böhtan yaymaq olar, ancaq bunlar bizə
yapışmır. Çünki reallıq, həqiqət tam
başqadır. Reallıq ondan ibarətdir ki, Azərbaycan
müstəqil, müasir, dünyəvi, dinamik inkişaf edən
sosial dövlətdir. Götürün, bütün bizim
iqtisadi göstəricilərimizi. Sadəcə olaraq,
onların bir səhifəsi deməyə kifayətdir ki, biz
sosial sahədə nəyə nail olmuşuq. Pensiyalar əmək
haqlarının 40 faizini təşkil edir. Bu, Avropa
İttifaqının kriteriyalarıdır. Biz buna nail
olmuşuq. Bir çox təhlilçi bunu bəlkə də
bilmir. Davos İqtisadi Forumunun hesablamalarında ölkələrin
iqtisadiyyatlarının rəqabət qabiliyyətliliyinə
görə Azərbaycan 46-cı yerdədir, MDB məkanında
birincidir. Ondan sonra "Doing Business" proqramında
qabaqcıl yerlərdəyik. Böhran zamanı bütün
Avropa ölkələrinin iqtisadiyyatlarının kredit reytinqləri
aşağı salınır, bizim kredit reytinqimiz isə
artır. "Standard & Poor's", "Fitch",
"Moody's" - bunlardan
yuxarı kredit agentlikləri yoxdur. Üçü də bizim
reytinqimizi qaldırıbdır. Yəni, bunu neftin hesabına
etmişik?!
Çünki əvvəllər
paxıllar, bədxahlar, uğurlarımıza ləkə
vurmaq istəyənlər deyirdilər ki, Azərbaycanın
nefti vardır, ona görə inkişaf edir. Bizdən on dəfə
çox nefti olan ölkələr vardır. Orada vəziyyət
necədir? Onların reytinqləri niyə düşür?
Orada niyə sosial partlayışlar baş verir? Söhbət
neftdən getmir. Söhbət düzgün iqtisadi və siyasi
istiqamətlərin seçilməsindən, eyni zamanda, xalqla
iqtidar arasında olan birlikdən gedir. Çünki bu olmasa,
onda heç bir islahat mümkün deyildir.
Ona görə, biz iqtisadi sahədə
sözümüzü dünyada demişik. Biz yoxsulluğu neçə
dəfə azalda bilmişik. Yadımdadır, hələ mən
Dövlət Neft Şirkətində
çalışdığım dövrdə, təzə-təzə
xarici şirkətlərlə
kontraktlarımız bağlananda bəzi təhlilçilər
deyirdilər ki, Azərbaycanı "Holland sindromu"
gözləyir, iqtisadiyyat birtərəfli olacaqdır, batacaqdır,
neft qurtarandan sonra çökəcəkdir. Nə oldu?
İndi yoxsulluq 49 faizdən səkkiz ildə 7 faizə
düşübdür. Əgər bu, doğrudan belə idi isə
heç vaxt belə olmazdı, iqtisadiyyat üç dəfə
artmazdı. Mən bunları sadalamaqla, sadəcə, demək
istəyirəm ki, biz müstəqil siyasət aparmağa
qadirik, bunu edirik. Hətta ən çətin dövrdə,
iqtisadiyyatımız ağır vəziyyətdə olan
dövrdə biz yolumuzdan dönməmişik, qaldı ki indi.
Azərbaycan regionda lider ölkədir. Cənubi Qafqaz
iqtisadiyyatının təxminən 80 faizi Azərbaycan iqtisadiyyatıdır.
Bizim enerji diplomatiyamız vardır. Bu barədə mən hələ
ki bir şey deməmişəm. Amma bu da diplomatik vasitədir
və biz bu vasitədən istifadə edirik.
Bizim coğrafi vəziyyətimiz əlverişlidir.
Ancaq infrastruktur olmadan coğrafi vəziyyət heç nə
deməkdir. Biz infrastruktur yaradırıq. Bizim təşəbbüsümüzlə
Asiyanı Avropa ilə birləşdirən dəmir yolu
yaradılır. İndi hələ vaxtı gəlməyib ki,
mən bir çox məsələləri açım, vaxt gələcəkdir.
Bakı-Tbilisi-Qars dəmir yolunu reallaşdırmaq istəyəndə
biz nə qədər böyük təzyiqlərlə üzləşmişdik.
Bölgə ölkələrindən nə qədər təzyiqlər
göstərilmişdi ki, amandır, bunu etmək olmaz. Bunu etsəniz
Ermənistan batacaqdır, yəni, Ermənistanın
blokadası, təcridi məsələsi tamamilə təmin
ediləcəkdir. Amma buna baxmayaraq, biz bunu etmişik. Amma indi
bu yoldan nəinki biz, vaxtı ilə onun əleyhinə gedənlər
də istifadə etmək istəyirlər. Əgər o vaxt
biz zəiflik göstərsəydik, yaxud da ki, kiminsə
xoşuna gəlmək üçün bu təşəbbüsdən
kənara çəkilsəydik, bunlar olmayacaqdı. Təzyiqlər
də, sifarişli yazılar da, ləkələmə
kampaniyaları da oldu, amma biz nəticə etibarı ilə Azərbaycan
xalqının, dövlətinin maraqlarını təmin
etdik. Ona görə coğrafi vəziyyətimiz elədir ki,
bizim razılığımız olmadan bu bölgədə
heç bir nəqliyyat layihəsi mümkün deyildir.
Bölgədə isə, xüsusilə Əfqanıstanla
bağlı məsələ ilə əlaqədar nəqliyyat
məsələləri yeni müstəvidə öz həllini
tapacaqdır. Burada Azərbaycanın rolu getdikcə
artmaqdadır.
Enerji diplomatiyamıza gəldikdə, bu
gün deyə bilərəm ki,
Avropa İttifaqına üzv olan bəzi ölkələrin
enerji balansında Azərbaycan neftinin payı 35-40 faizə
yaxındır. Azərbaycan qazı Avropa məkanında
gözlənilir və biz bu istiqamətdə işləri
aparırıq. Bəlkə də 10 il ərzində
müzakirə mövzusu olan bəzi Avropa layihələrinin
iflasa uğraması bizi vadar etdi ki, öz layihəmizi ortaya
qoyaq. Biz qısa müddət ərzində TANAP layihəsini,
təşəbbüsünü irəli sürdük.
Bütün hazırlıq işlərini gördük.
Türkiyə ilə bütün sənədlər
imzalandı. Bu gün
TANAP layihəsinə qoşulmaq istəyənlərin
sayı artır. Avropa ölkələri bu layihəyə rəsmi
olaraq dəstək verir. Əgər biz bu layihəni ortaya
qoymasaydıq, indi nə olacaqdı? Bunun adını da biz
qoyduq, marşrutunu da biz seçdik. Əsas maliyyə
yükünü də öz üzərimizə
götürürük. Hazırda bizim orada 80 faiz
payımız vardır. Ancaq bizə müraciətlər gəlir
ki, o paydan bir az tərəfdaş kampaniyalara verək. Mən
bunu istisna etmirəm. Yəni, yenə Azərbaycan öz təşəbbüsünü
göstərdi və bu, bizə nə verəcək?
Bu, bizə imkan verəcək ki, 100 il
bundan sonrakı dövrdə də Azərbaycan etibarlı
enerji təminatçısı olsun. Ən azı yüz il.
Bu, nə deməkdir, bəlkə də bu auditoriyada deməyə
ehtiyac yoxdur. Bizim gücümüz artacaqdır. Maliyyə
gücümüz, siyasi gücümüz, təsiretmə
imkanlarımız genişlənəcəkdir və bizimlə
daha da çox hesablaşacaqlar. Hər bir ölkə, hər
bir insan bunu istəyir. Təbiidir, biz də bunu istəyirik.
Biz bütün bunları öz zəhmətimiz hesabına əldə
etmişik.
Bu gün Azərbaycan gənc dövlətdir.
Ancaq baxın, artıq dünyada bizim nə qədər
dostlarımız, tərəfdaşlarımız vardır.
Biz enerji diplomatiyamızı aparırıq. Biz mədəniyyət
diplomatiyamızı aparırıq. Baxın, xaricdə bizim nə
qədər mədəni tədbirlərimiz keçirilir.
Dünya paytaxtlarında Azərbaycanın mədəniyyətini,
tarixini, incəsənətini təbliğ edirik. 20 illik
müstəqilliklə əlaqədar bütün
keçmiş sovet məkanında Azərbaycan yeganə
ölkə idi ki, dünya paytaxtlarında böyük tədbirlər
keçirmişdir. Bu, bizim təşəbbüsümüz
idi və aparıcı ölkələrin paytaxtlarında
böyük konsertlər, təqdimatlar, sərgilər
keçirilmişdir. Bu sahə mütləq diqqət mərkəzində
olmalıdır. Çünki bu sahə insanları daha
çox birləşdirir və eyni zamanda, ölkə
haqqında daha dolğun təsəvvür yaradır.
Biz gənc müstəqil ölkəyik. Bəzi
ölkələrdə hesab edirlər ki, Azərbaycan 20 ildir
dünya xəritəsində özünə yer
tapıbdır. Bu, doğrudan da, dünyanın siyasi xəritəsində
belədir. Ancaq dünya xəritəsində biz əsrlər
boyu varıq. Bizim qədim mədəniyyətimiz, tariximiz, incəsənətimiz
milli sərvətimizdir. Biz, bu sərvəti təbliğ etməliyik,
dünyaya təqdim etməliyik. Səfirliklərin işi
burada çox əhəmiyyətlidir. İndi səfirliklərdə
mədəniyyət xidmətlərinin yaradılması
işi başlamışdır. Bu da çox uğurlu təşəbbüsdür.
Yenə də deyirəm ki, bu təşəbbüs ancaq Azərbaycan
tərəfindən irəli sürülmüşdür. Yəni,
bu yeniliklər, islahatlar, yeni baxışlar bizi qabağa
aparır.
Bu gün Azərbaycanda iqtisadi, siyasi sahələrdə,
xarici siyasətlə bağlı elə vəziyyət
yaranıbdır ki, bəzi hallarda mənə deyirlər, bəlkə
bir az yavaşlayaq. Bəlkə bu qədər sürətlə
getməyək. Çünki bu, Bakının, digər şəhərlərimizin
gözəlliyi bəzilərini qıcıqlandırır.
Çünki biz çox sürətlə qabağa gedirik. Bəlkə
də burada məntiq var, qıcıqlandırmamaq. Ancaq mən
özümdə fikirləşirəm, görün vəziyyət
nəyə gətirib çıxarıb ki, Azərbaycan indi o
qədər inkişaf edibdir ki, bizə deyirlər bir az
yavaşlayın, çünki siz çox sürətlə
gedəndə başqa ölkələrdə buna
qısqanclıqla yanaşırlar.
Amma, eyni zamanda, mən tam əminəm ki,
biz bir addım da yavaşlaya bilmərik. Biz irəliyə getməliyik.
Çünki həllini gözləyən məsələlər
çoxdur. Dünya dinamik şəkildə inkişaf edir və
hətta bir ay, bir həftə də gözləmək olmaz.
Biz xarici siyasətdə, iqtisadi sahədə, texnologiyalar sahəsində
hadisələri qabaqlamalıyıq. Bax, bu gözəl
Diplomatik Akademiyanın üstünlüklərindən biri də
odur ki, burada ən müasir texnologiyalar tətbiq olunur. Gənclərimiz
bu texnologiyalar əsasında təhsil alacaqlar. Yəni, yeni texnologiyalar,
kosmik sənayenin inkişafı. Bəzilərinə təəccüblü
gəlib ki, Azərbaycan kimi ölkədə kosmik sənaye
necə ola bilər? Niyə də olmasın?! Bizim istedadlı
kadrlarımız, maliyyə resurslarımız və gələcəyə
baxışımız vardır. Ona görə biz bir
addım da yavaşlamayacağıq. Biz irəliyə gedəcəyik,
istədiyimizə nail olacağıq. Əminəm ki,
suverenliyimizi bərpa edəcəyik və bir gün gələcək
Azərbaycan bayrağı Şuşada və Xankəndidə
dalğalanacaqdır. Sağ
olun!
AzərTAc
Azərbaycan.-2012.-
22 sentyabr.- S. 1-2.