Prezident İlham Əliyev Azərbaycan Diplomatik Akademiyasının yeni tədris kompleksinin açılışında
iştirak etmişdir
Yeni kompleksdə Azərbaycanın
diplomatik xidmət orqanları rəhbərlərinin
dördüncü müşavirəsi keçirilmişdir
Sentyabrın 21-də Azərbaycan Diplomatik
Akademiyasının yeni tədris kompleksi istifadəyə
verilmişdir. Yeni kompleksdə Azərbaycanın diplomatik xidmət
orqanları rəhbərlərinin dördüncü
müşavirəsi keçirilmişdir.
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva
açılış mərasimində və müşavirədə
iştirak etmişlər.
Azərbaycanın birinci xanımı,
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya gül dəstəsi
təqdim edildi.
Dövlət başçısı
akademiyanın yeni tədris kompleksinin rəmzi
açılışını bildirən lenti kəsdi.
Azərbaycan Diplomatik Akademiyasının rektoru
Hafiz Paşayev Prezident İlham Əliyevə
məlumat verdi ki, xarici siyasət sahəsində uğurların
əldə olunmasında ilk növbədə,
diplomatiyamızın xüsusi rolu vardır. Müstəqilliyimizin möhkəmləndirilməsi,
dünya dövlətləri arasında Azərbaycanın
ədalətli mövqeyinin təbliği
və qorunması məhz diplomatların üzərinə
düşən böyük və şərəfli
vəzifədir. Gənc diplomatların hazırlanması və
Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin
qorunub saxlanması istiqamətində xüsusi rol oynayan mərkəzlərdən biri də Azərbaycan Diplomatik
Akademiyasıdır. Dövlət
başçısının 2006-cı il
6 mart tarixli fərmanı
ilə təsis edilən Azərbaycan Diplomatik
Akademiyası yarandığı gündən öz
fəaliyyətində xüsusi
ixtisaslı diplomat kadrların
hazırlanmasını və beynəlxalq münasibətlər
sahəsində elmi tədqiqatların
aparılmasını əsas prioritet kimi götürmüşdür.
Fəaliyyətə başladığı
2007-ci ildən bəri akademiyada 400 gənc
diplomat hazırlanmışdır. 2009-cu
ildən bu təhsil ocağında tədris
proqramının genişləndirilməsinə və
"Beynəlxalq əlaqələr və diplomatiya"
sahəsində magistratura
proqramının reallaşdırılmasına
başlanılmışdır. 2011-ci ildən etibarən
isə "Biznesin idarə edilməsi və
beynəlxalq münasibətlər" üzrə bakalavr ixtisasları
yaradılmışdır. Bu ixtisaslar üzrə hazırda 250 tələbə
təhsil alır. Akademiyanın 19 xarici
ölkədən 35 tələbəsi də vardır. Fəaliyyətinin
ildən-ilə genişlənməsi və beynəlxalq əlaqələrinin
əhəmiyyətli dərəcə artması Azərbaycan Diplomatik Akademiyasının yeni
tədris korpusu ilə təmin olunması
zərurəti yaratmışdır. Bununla
əlaqədar Prezident İlham
Əliyevin sərəncamı əsasında 2009-cu ildən
paytaxtın Nərimanov rayonu ərazisində
təhsil ocağının yeni tədris kompleksinin tikintisinə
başlanılmışdır. Yeni tədris
kompleksi ABŞ-ın EYP şirkətinin
layihəsi əsasında xüsusi dizaynla yüksək standartlar
səviyyəsində tikilmişdir. Bu tədris ocağı dünyanın
tanınmış universitetlərinin təcrübəsinə
əsaslanaraq ən son texnoloji
nailiyyətlərlə inşa olunmuşdur.
Kompleksin ərazisi ilə tanış olan dövlət başçısına bildirildi ki, burada dörd ayrı bina - biznes və beynəlxalq
münasibətlər institutları, tələbə mərkəzi
və kitabxana tikilmişdir.
Azərbaycanda ilk dəfə olaraq bu tədris kompleksinin havalandırma sistemi
geotermal enerji ilə həyata
keçirilir. Bu məqsədlə
akademiyanın ərazisində ayrıca geotermal
enerji sistemi qurulmuşdur. Kompleksin ətrafında
geniş yaşıllaşdırma işləri
aparılmış, müasir
işıqlandırma sistemi qurulmuşdur.
Prezident İlham Əliyev
və xanımı Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin
Azərbaycan Diplomatik Akademiyasının mərkəzində
ucaldılan abidəsinə baxdılar.
Sonra dövlət başçısı və
xanımı akademiyanın Biznes İnstitutunun üç
mərtəbədən ibarət binasında yaradılan şəraitlə
tanış oldular.
Bildirildi ki, akademiyada idarəetmə sistemi
tam
avtomatlaşdırıldığından tələbələrin
bu təhsil ocağına gəlişi, dərslərdə
iştirakı və onların nəticələri avtomatik olaraq kompyuterlərə
ötürülür, tələbələr
tələbə kartları vasitəsilə auditoriyalara
daxil olurlar. Biznes fakültəsində
40 və 80 nəfərlik elektronlaşdırılmış
20 auditoriya vardır. Bu
auditoriyaların özəlliyi ondan ibarətdir
ki, Azərbaycanda ilk dəfə
olaraq, burada müəllimlərin
tədris lövhələrində qeydləri və
yazıları "smart-board" sistemi vasitəsilə "Wi-Fi"
və ya "bluetooth"la tələbələrin kompyuterlərinə
ötürülür. Yəni, tələbələr
müəllimlərin qeydlərini birbaşa
kompyuterlərində görə bilirlər. Auditoriyalarda
quraşdırılan videoçəkiliş sistemi
ilə akademiyanın internet səhifəsinə
yerləşdirilən dərs prosesini
canlı olaraq internetdən də izləmək
mümkündür. Burada
6 nəfərlik qrup auditoriyaları
vardır ki, bu da tələbələrin qrup
halında elmi biliklərə yiyələnməsinə
imkan yaradır.
Diqqətə
çatdırıldı ki, tələbələr
Tələbə Qəbulu üzrə Dövlət
Komissiyası tərəfindən akademiyaya
qəbul olunduqdan sonra
daxili komissiya tərəfindən
müsabiqədən keçirlər. Akademiyanın tələbələrinin
13-ü Prezident təqaüdçüsüdür.
Son iki il
ərzində akademiyaya qəbul olan abituriyentlərin 60 nəfəri 600-dən
yuxarı bal toplamışdır. Bu tələbələr və əlaçılar
təhsil haqqından azaddırlar.
Vurğulandı
ki, akademiyada tədris
ingilis dilində
aparıldığından burada xarici ölkələrin tanınmış
universitetlərindən 15 professor da daxil olmaqla
35 pedaqoq çalışır. Hər bir professorun fərdi iş otağı vardır. Burada
ümumi iclas
otağı və müsabiqə zalları da
yaradılmışdır. Binanın üst
qatında açıq havada müəllim
və tələbələrin asudə vaxtlarının təşkili,
o cümlədən müxtəlif tədbirlərin,
ziyafətlərin keçirilməsi üçün
istirahət guşəsi də yaradılmışdır.
Təhsil
ocağının dördmərtəbəli kitabxana
korpusu ilə tanışlıq zamanı Prezident İlham Əliyevə
məlumat verildi ki, Azərbaycanda
ən böyük xarici
dilli kitabxanaya malik olan akademiyada
ingilis dilində 120 min
kitab vardır. Bu kitablar İngiltərənin "Blackwell Publishing"
şirkəti tərəfindən gətirilmişdir. Kitabxanadan istifadə edən tələbələr
elektron köşklər vasitəsilə
istənilən ədəbiyyatı axtarıb sifariş
edə bilirlər. Kitabxananın digər mühüm
xüsusiyyəti burada bir
milyon elektron
kitabın olmasıdır ki, bu da tələbələrə
kompyuterlər vasitəsilə kitabları elektron
formatda oxumaq, üzünü köçürmək və
çapa vermək imkanı yaradır. Kitabxanada ayrıca oxu
zalları, qrup şəklində dərsliklərdən
istifadəyə şərait yaradan zallar və kafeterya da mövcuddur.
Azərbaycanın
birinci xanımı Mehriban
Əliyeva akademiyanın kitabxanasına Heydər Əliyev Fondunun dəstəyi ilə nəşr olunan "Azərbaycan əcnəbilərin gözü ilə" kitabının 150
nüsxəsini hədiyyə etdi.
Sonra dövlət
başçısı və xanımı akademiyanın Beynəlxalq
Münasibətlər İnstitutunda
yaradılan şəraitlə tanış oldular.
Məlumat verildi ki, burada
auditoriyalar lazımi tədris
avadanlığı ilə təchiz edilmişdir.
Daha sonra Prezident İlham Əliyev
tələbə mərkəzi ilə tanış oldu.
Bildirildi ki, mərkəzin
birinci mərtəbəsində 300 nəfərlik
kafe və 300 nəfərlik iclas zalı fəaliyyət göstərir. İclas zalı yüksək keyfiyyətli audio və video çəkilişlərin
aparılması məqsədilə müasir
avadanlıqla təchiz olunmuşdur. Mərkəzdə Azərbaycan
dövlətçiliyinin və diplomatiyasının tarixini əks etdirən zal,
musiqi və rəsm dərnəklərinin
keçirilməsi üçün
ayrıca otaqlar vardır.
Prezident İlham Əliyev
Azərbaycan Diplomatik Akademiyasının fəaliyyətini
və yerləşdiyi ərazini əks etdirən stendlərə
baxdı, təhsil ocağının əldə etdiyi nailiyyətlərlə tanış oldu.
Kompleksin avtomatik idarəetmə
mərkəzinə baxan dövlət
başçısının diqqətinə
çatdırıldı ki,
akademiyanın bütün ərazisi videogörüntü vasitəsilə izlənir.
Avtomatik idarəetmə sistemi
vasitəsilə bütün kompleksin havalandırma sisteminə,
avadanlığın işləməsinə nəzarət edən
idarəetmə mexanizmi də qurulmuşdur.
Akademiyanın yeni tədris kompleksi ilə
tanışlıqdan sonra Prezident
İlham Əliyev və xanımı Mehriban Əliyeva Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin
dördüncü müşavirəsində
iştirak etdilər.
Müşavirəni
açan xarici işlər
naziri Elmar MƏMMƏDYAROV
çıxış edərək dedi:
- Möhtərəm
cənab Prezident!
İlk növbədə, mən
hamının adından təşəkkürümüzü
bildirmək istəyirəm ki, Siz artıq bu gün bu gözəl,
möhtəşəm açılışda - Diplomatik Akademiyanın binasının
açılışında iştirak edirsiniz. Bu, doğrudan da, bizim üçün böyük dəstəkdir.
Möhtərəm
cənab Prezident!
Hörmətli
müşavirə iştirakçıları!
Azərbaycan
xalqının ulu öndəri Heydər Əliyev
tərəfindən əsası qoyulmuş
və bu gün də
davam və inkişaf
etdirilən uğurlu xarici
siyasət strategiyası Azərbaycan Respublikasının beynəlxalq
arenadakı nüfuzunun gündən-günə
artması, dövlətimizin etibarlı tərəfdaş kimi tanınması, beynəlxalq təşkilatların fəal
üzvü, habelə regionumuz
və bütünlükdə beynəlxalq ictimaiyyət üçün əhəmiyyətli olan tədbir və layihələrin təşəbbüskarı
olması ilə nəticələnməkdədir.
Əvvəlcə
diplomatik xidmət orqanları rəhbərlərinin
son müşavirəsindən sonrakı
müddət ərzində Xarici
İşlər Nazirliyi sisteminin
fəaliyyəti barədə məlumat vermək istərdim.
Hazırda Azərbaycan
Respublikasının xarici ölkələrdə
55 səfirliyi, 5 təmsilçilik ofisi,
18 beynəlxalq təşkilat yanında missiyası və 9 baş konsulluğu fəaliyyət
göstərir. Respublikamızda isə 53 dövlətin səfirliyi,
3 baş konsulluq, 12 fəxri
konsulluq və 20 beynəlxalq təşkilatın
nümayəndəliyi mövcuddur. Bütün bunlar milli maraqlarımızın həmin ölkələrdə
təmin olunması və ölkəmizin hərtərəfli
şəkildə təbliğatı üçün
geniş imkanlar
yaratmışdır. Belə ki, Braziliya, Argentina, Cənubi
Afrika Respublikası, Serbiya,
Liviya, Estoniya və Xorvatiyada yeni səfirliklərimiz,
Batumidə isə baş konsulluğumuz
fəaliyyətə başlamışdır.
Azərbaycanda
isə Macarıstan, Qətər, Birləşmiş Ərəb
Əmirlikləri, Tacikistan,
Qırğızıstan, Argentina, Braziliya, Çexiya, Mərakeş
və Niderland Krallığının səfirlikləri,
habelə bir sıra digər dövlətlərin
fəxri konsulluqları fəaliyyətə
başlamışdır.
Azərbaycan
Respublikasının beynəlxalq münasibətlər sistemində
rolunun və etimadının əhəmiyyətli
dərəcədə artması, dost və
tərəfdaş dövlətlərlə əlaqələrin
möhkəmləndirilməsi, habelə yeni
diplomatik nümayəndəliklərin təsis
edilməsi diplomatik xidmət orqanları əməkdaşları qarşısında yeni vəzifələr qoymuş
və hədəflər müəyyənləşdirmişdir.
Təbii olaraq, Ermənistan-Azərbaycan münaqişəsinin
həlli hərtərəfli fəaliyyətimizin prioritet məsələsi olaraq
qalmaqdadır. Ermənistan tərəfindən işğal olunmuş
torpaqlarımızın azad edilməsi,
aparılmış etnik təmizləmə
siyasəti nəticəsində doğma
yurd-yuvalarından qovulmuş
qaçqın və məcburi köçkünlərimizin geri qaytarılması və ən əsası
dövlətimizin suverenliyinin bərpası,
ərazi bütövlüyünün təmin olunması xarici
dövlətlərlə həm ikitərəfli, həm də
çoxtərəfli formatda həyata
keçirilən əməkdaşlıq zamanı gündəliyimizdə
duran müstəsna əhəmiyyətli birinci məsələ olaraq
qalmaqdadır.
Son bir neçə
il ərzində Ermənistanın
işğalçı siyasətinin ifşası və bu siyasətə güclü
dəstək verən erməni lobbisinin mənfur
və riyakar səylərinə
qarşı fəaliyyətimiz gücləndirilməkdədir.
Xalqımıza qarşı Ermənistanın
hazırkı rəhbərliyinin bilavasitə iştirakı ilə
həyata keçirilmiş Xocalı
soyqırımının Meksika Birləşmiş
Ştatları, Kolumbiya Respublikası və
Pakistan İslam
Respublikasının parlamentləri tərəfindən rəsmən
tanınmasına nail olunmuşdur.
Beynəlxalq ictimaiyyətin ermənilərin azərbaycanlılara
qarşı törətdiyi vəhşiliklər barədə
məlumatlandırılması və digər xarici
ölkələrin qanunverici orqanları tərəfindən
Xocalı soyqırımının tanınması istiqamətində
fəaliyyətimiz davam etməkdədir.
2010-cu il sentyabrın 3-də Azərbaycan
Respublikası və Rusiya Federasiyası
arasında dövlət sərhədi haqqında müqavilə
imzalanmışdır ki, bununla
da iki dövləti
ayıran dövlət sərhəd xətti müəyyən
olunmuşdur.
2011-ci
il oktyabrın 24-də Birləşmiş
Millətlər Təşkilatının Təhlükəsizlik
Şurasına 2012-2013-cü illər üçün
qeyri-daimi üzvlük
üçün keçirilən
seçkilərdə Azərbaycan Respublikasının 17 raunddan sonra 155 ölkənin
dəstəyini qazanaraq qalib
gəlməsi həmin dövlətlər tərəfindən
respublikamıza olan yüksək
etimadın və inamın göstəricisidir. 20 illik müstəqilliyimiz dövründə
beynəlxalq arenada belə böyük
uğurun əldə edilməsi Azərbaycan
dövlətinin başçısı tərəfindən
müəyyən olunan və həyata
keçirilən xarici və daxili siyasət kursunun
nailiyyətidir. Azərbaycan Cənubi Qafqaz
və Mərkəzi Asiya ölkələri
arasında bu mötəbər quruma qeyri-daimi üzv seçilən ilk,
bütün MDB məkanında isə ikinci ölkədir. Amma onu qeyd etmək istəyirəm
ki, MDB ölkələrindən Ukrayna bizdən əvvəl seçilmişdi,
amma Ukrayna hələ
1945-ci ildən BMT-nin üzvüdür.
2012-ci ilin may ayında Təhlükəsizlik
Şurasında Azərbaycan Respublikasının Prezidentinin sədrliyi ilə terrorizmlə
mübarizəyə həsr olunmuş
yüksək səviyyəli iclas keçirilmişdir. Belə bir
mötəbər quruma üzvlük
Azərbaycanın beynəlxalq nüfuzunun
daha da gücləndirilməsi
üçün böyük
imkanlar yaratmışdır.
Həmçinin
Azərbaycan 2011-ci ildə UNESCO-nun
36-cı sessiyası zamanı təşkilatın bir neçə alt-qurumlarına üzv seçilməyə və yüksək
vəzifələr tutulmasına nail olmuşdur.
Azərbaycan
Respublikası 2011-ci ildə İndoneziyanın Bali
şəhərində keçirilmiş Qoşulmama Hərəkatının 16-cı
Nazirlər Konfransında hərəkatın üzvü
seçilmişdir. Üzvlərinin
sayına görə Birləşmiş Millətlər Təşkilatından
sonra ikinci beynəlxalq
qurum olan Qoşulmama Hərəkatında aparılan uğurlu fəaliyyət nəticəsində 2012-ci il avqustun 30-31-də Tehran şəhərində keçirilən
və Azərbaycanın ilk dəfə üzv dövlət kimi iştirak etdiyi Zirvə
toplantısının yekun sənədinə
üzv ölkələrin dövlət və
hökumət başçılarının Ermənistan-Azərbaycan
münaqişəsinin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü
və beynəlxalq səviyyədə tanınmış sərhədləri
çərçivəsində həllini dəstəkləyən
bənd daxil olunmuşdur.
İslam Əməkdaşlıq Təşkilatı
ilə yüksək səviyyədə qurulmuş
əməkdaşlıq davam etdirilmişdir. Bu Təşkilat çərçivəsində Ermənistanın
Azərbaycana qarşı təcavüzünün aradan qaldırılması, suverenliyimizin
bərpa olunmasının, ərazi bütövlüyümüzün
və sərhədlərimizin toxunulmazlığının təmin
edilməsi ilə bağlı ədalətli mövqeyimiz
bir daha bütün üzv
ölkələr tərəfindən dəstəklənmiş
və bu yöndə bir
sıra sənədlər yekdilliklə qəbul edilmişdir.
Avropa və Avratlantik
strukturlar ilə əməkdaşlıq və
tərəfdaşlıq münasibətlərinin
inkişafı üzrə fəal əməkdaşlıq davam etmişdir.
Diplomatik fəaliyyətin genişləndirilməsi
çərçivəsində Latın Amerikası və Asiya ölkələri ilə yüksək səviyyəli
münasibətlər qurulmuşdur.
Yaxın zamanlarda, cənab Prezident,
Azərbaycan Respublikasının Avstraliya
İttifaqında səfirliyi fəaliyyətə
başlayacaqdır.
Möhtərəm
cənab Prezident!
Sizin göstərdiyiniz yüksək diqqət və qayğı
ilə əhatə olunmuş diplomatik xidmət orqanlarının əməkdaşları
öz şərəfli vəzifələrinin
məsuliyyətini dərk edirlər. Əmin ola
bilərsiniz ki, dövlətimizin milli maraqlarının təmin olunması məqsədi
güdən xarici siyasət kursunun həyata
keçirilməsi ilə əlaqədar verdiyiniz
tapşırıqların icrasının layiqincə təmin
edilməsi üçün diplomatik xidmət orqanlarının əməkdaşları
səy və bacarıqlarını əsirgəməyəcəkdir.
Diqqətinizə
görə təşəkkür edirəm.
Azərbaycan Prezidenti İlham Əliyev
müşavirədə nitq söylədi.
(Prezident İlham Əliyevin nitqi qəzetin
bugünkü nömrəsinin birinci səhifəsində dərc
olunur).
Sonda diplomatlar və tələbələr
dövlət başçısı və xanımı ilə
xatirə şəkli çəkdirdilər.
AzərTAc
Azərbaycan.-2012.-
22 sentyabr.- S. 2-3.