Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Ümumçin Xalq Nümayəndələri Məclisinin Xarici İşlər üzrə Komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 21-də Çin Xalq Respublikasının Ümumçin Xalq Nümayəndələri Məclisinin Xarici İşlər üzrə Komitəsinin sədri, keçmiş xarici işlər naziri Li Caosinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Li Caosi Azərbaycana səfərindən və Prezident İlham Əliyevlə görüşündən şərəf duyduğunu vurğuladı. O, Çin Xalq Respublikasının sədri Hu Szintaonun salamlarını dövlətimizin başçısına çatdırdı. Qonaq əlaqələrimizin genişləndirilməsində dövlət başçılarının  rolunu xüsusi qeyd etdi.

Çin Xalq Respublikasına uğurla keçən ilk rəsmi səfərini və Pekin Olimpiya oyunları zamanı keçirdiyi görüşləri məmnunluqla xatırlayan Prezident İlham Əliyev bu səfərinin ölkələrimiz arasında ikitərəfli əlaqələrin genişləndirilməsi üçün böyük imkanlar açdığını dedi. Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu deyən dövlət başçısı iqtisadi, mədəni və digər sahələrdə də əməkdaşlığın inkişaf etdiyini bildirdi.

Görüşdə parlamentlərarası əməkdaşlığın genişləndirilməsinin ikitərəfli münasibətlərimizin inkişafındakı əhəmiyyəti qeyd olundu, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə edildi.

Dövlət başçısı Çin Xalq Respublikasının sədri Hu Szintaonun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Çin dövlətinin başçısına çatdırmağı xahiş etdi.

 

 

AzərTAc

 

Azərbaycan.-2012.- 22 sentyabr.- S.3.