Milli Məclisin nümayəndə
heyəti Strasburqda Avropa
Şurasına üzv ölkələrin parlament rəhbərlərinin
konfransında iştirak edir
Sentyabrın 21-də Strasburqda Avropa
Şurasının üzvü olan ölkələrin parlament
rəhbərlərinin konfransı öz işini davam
etdirmişdir. Konfransda Azərbaycanı Milli Məclisin Sədri
Oqtay Əsədovun rəhbərlik etdiyi parlament nümayəndə
heyəti təmsil edir.
Avropa Şurası Parlament
Assambleyasının sədri Jan Klod Minyon konfransda
çıxış edərək hazırda dünyada gedən
iqtisadi-siyasi proseslər, etnik və milli zəmində baş
verən münaqişələr, həmçinin
terrorçuluq və digər böhran halları ilə
mübarizə yolları barədə fikirlərini
bölüşmüşdür.
Konfransda təşkilatın baş
katibi Yan Qladın, Avropa Şurası Nazirlər Komitəsinə
sədrlik edən Albaniya parlamentinin sədri Josefine Topallinin
çıxışları olmuşdur.
Avropa İnsan Haqları Məhkəməsinin
sədri Nikolas Bratse isə bu məhkəmənin gələcəyi,
milli parlamentlərin rolu mövzusunda məruzə etmişdir.
Demokratiya mövzusunda aparılan
müzakirələrdə Ermənistan tərəfi həmişə
olduğu kimi yenə də öz təcavüzkar hərəkətləri
ilə beynəlxalq ictimaiyyəti çaşdırmağa hədəflənmiş
mövqe nümayiş etdirmişdir. Avropa Şurası
Parlament Assambleyasının sədri Jan Klod Minyonun konfransdan əvvəl
tərəflərə müraciət edərək bu beynəlxalq
tədbirdə qarşılıqlı ittihamların səsləndirilməməsi
xahişinə əvvəlcə "hə" deyən, sonra
isə onu pozan Ermənistan parlamentinin spikeri Hovik Abrahamyan Azərbaycan
ordusunun zabiti Ramil Səfərovun əfvi məsələsini
gündəmə gətirmişdir. H.Abrahamyan Azərbaycan
Prezidenti İlham Əliyevin saytında Ramil Səfərovun əfvi
ilə bağlı məlumat yerləşdirildiyini və
saytda xalqımızın bunu təqdir etdiyini bildirən məktubların əks
olunduğunu demişdir.
Erməni spiker cavabsız
qalmamışdır. Azərbaycan parlamentinin Sədri Oqtay Əsədov
gündəlikdəki mövzu barədə fikirlərini
bildirdikdən sonra erməni parlamentinin rəhbərinin
qaldırdığı Ramil Səfərovun əfvi məsələsinə
də toxunmuşdur. Sədr bildirmişdir ki, o əslində
bu məsələyə toxunmaq istəmirdi. Lakin Ermənistan
parlamentinin sədrinin uydurma ittihamları onu bu məsələ
üzərində dayanmağa məcbur etdi.
O.Əsədov
Hovik Abrahamyanın ittihamlarının bütövlükdə
yalan olduğunu avropalı həmkarlarının diqqətinə
çatdırmış və xüsusi vurğulamışdır ki, bu əfv
Avropa Konvensiyasına, beynəlxalq və milli hüququn bütün
norma və prinsiplərinə əsasən tətbiq
olunmuşdur. O.Əsədov demişdir: "Təəssüflər
olsun ki, bu məsələni şişirtməklə həm
Ermənistan, həm onun lobbisi, həm də onun havadarları
status-kvonu saxlamaq niyyətindədirlər. Ancaq mən bildirmək
istəyirəm ki, status-kvo qəbuledilməzdir. Ramil Səfərov
məsələsinin şişirdilməsi münaqişənin
həllini daha da müşkül vəziyyətə sala bilər.
Mən çox şadam ki, Azərbaycan Prezidentinin
saytını bunlar çox diqqətlə izləyirlər.
Ancaq yaxşı olardı ki, onlar öz prezidentlərinin
saytına baxsınlar. Öz prezidentlərinin verdiyi müsahibələrə
baxsınlar ki, Ermənistan prezidenti Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi zamanı Xocalı
soyqırımında iştirakı ilə fəxr edir və
bu insanlar indi bizə demokratiya dərsi vermək istəyirlər.
Mən çox təəssüf edirəm".
Milli Məclisin Sədri Oqtay Əsədov,
həmçinin Avropa Şurası Parlament
Assambleyasının sədri Jan Klod Minyonla
görüşmüşdür. Görüşdə ölkəmizlə
bu qurumun münasibətləri, Azərbaycanın Avropa
Şurası Parlament Assambleyasındakı fəaliyyəti və
əməkdaşlığın
perspektivləri müzakirə edilmişdir.
Azərbaycan parlamentinin Sədri Oqtay Əsədovun
ATƏT Parlament Assambleyasının rəhbəri Rikardo
Miqlioru ilə də görüşü
Azərbaycan.-2012.-
22 sentyabr.- S.4.