«Azərbaycan guşəsi»
Kişineudakı XII etnomədəniyyət festivalında
çox böyük maraq doğurmuşdur
Moldova paytaxtının
Ştefan çel Mare adına mərkəzi parkında "Rəngarənglik
vasitəsilə birlik" şüarı altında ənənəvi
XII etnomədəniyyət festivalı keçirilmişdir.
Festivalda bu ölkədə
yaşayan təqribən 48 etnik birliyin nümayəndələri
iştirak etmişlər. Festivalın əsas məqsədi
Moldovada yaşayan milli azlıqların özünəməxsus
xüsusiyyətləri ilə tanış olmaq, mədəniyyətlərarası
dialoqu inkişaf etdirmək, habelə xalqlar arasında dostluq
münasibətlərini möhkəmləndirməkdir.
Bayram tədbirləri səhər
Moldova Prezidenti Nikolae Timofti, parlamentin sədri Marian Lupu,
Baş nazir Vlad Filat, hökumət üzvləri və
parlamentin deputatları, Kişineunun meri Dorin Kirtoake, diplomatik
korpusun rəhbərləri, Moldovada yaşayan diasporların və
milli azlıqların üzvləri, habelə KİV nümayəndələri
tərəfindən Moldova hökmdarı Ştefan çel
Marenin abidəsi önünə təzə-tər
çiçəklərin qoyulması ilə
başlanmışdır.
Ölkənin ali rəhbərliyi
mərkəzi parkın müxtəlif guşələrində
yerləşən sərgilərə növbə ilə
baxmış, Moldovada yaşayan xalqların və millətlərin
tarixi, mədəniyyəti, ənənələri və
nailiyyətləri ilə tanış olmuş, habelə kitab
sərgisinə və s. tamaşa etmişdir. Festivalın
iştirakçıları, həmçinin müxtəlif
millətlərin xalq yaradıcılığı
ustalarının işləri, milli yeməkləri, mahnı və
rəqsləri ilə də həvəslə tanış
olmuşlar.
Azərbaycanın Moldovadakı
səfirliyi və Moldova Azərbaycanlıları Konqresi (MAK) tərəfindən
təşkil edilmiş sərgi ən sanballı və
yaddaqalan olmuşdur. Gün ərzində "Azərbaycan
guşəsinə" Moldova Prezidenti, parlamentin spikeri,
hökumət başçıları və Kişineunun meri
gəlmişlər. Onlar Azərbaycan sərgisi ilə
böyük maraqla tanış olmuş və milli mətbəximizin
yeməklərindən dadmışlar. Azərbaycan sərgisinə
Moldovanın ictimai xadimləri, səfirliklərin və beynəlxalq
təşkilatların missiyalarının
başçıları, KİV nümayəndələri də
tamaşa etmişlər. "Azərbaycan guşəsində"
milli geyimlər, xalçalar və xalça məmulatları,
qədim mis qablar və milli musiqi alətləri nümayiş
etdirilmişdir.
Bütün gün MAK gənclər
təşkilatının rəqs qrupu saysız-hesabsız
tamaşaçıları öz əlvan proqramı ilə
sevindirmişdir.
Azərbaycanın Moldovadakı
səfiri Namiq Əliyev və MAK-ın sədri Vüqar
Novruzov qonaqları qarşılayıb sərgi ilə
tanış etmişlər. Qonaqlara Azərbaycan haqqında
müxtəlif kitablar və jurnallar da təqdim edilmişdir.
Moldova KİV-ləri sərgini geniş
işıqlandırmışdır, ölkənin müxtəlif
telekanallarında festivalla bağlı süjetlər göstərilmişdir.
Zeynal
AĞAZADƏ,
AzərTAc-ın
xüsusi müxbiri
Azərbaycan.- 2012.- 20 sentyabr.- S.11.