Sözlə
musiqinin qoşa
qanadı birgə anılıb
Əsrlər öncə xalqımızın söz xəzinəsinə
incilər bəxş edən dahi Nizami Gəncəvinin anadan
olmasının 870 illiyinin ölkəmizin hər guşəsində
yüksək səviyyədə keçirildiyi bu günlər
daha bir əlamətdar hadisə
ilə - IV Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi
Festivalı ilə tarixə çevrilməkdədir. Korifey sənətkarlarımızın
- söz və milli musiqi sənətimizin
banilərinin əsərlərinin dünyanın bir çox
qütblərinə qanad açdığı bu günlərdə respublikamızın əksər mədəniyyət
və incəsənət müəssisələrində
keçirilən tədbirlər silsilə xarakter alıb.
Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan
Milli Kitabxanasının birgə layihəsi əsasında keçirilən "Musiqimizin
Üzeyir dünyası" kitab sərgisi ilə SD-nin təqdimatı
da bu qəbildən olan tədbirlərdən biri kimi xarakterizə
edilib. Azərbaycan Milli Kitabxanasının direktoru Kərim
Tahirov tədbirdə qonaqlara hər iki korifey sənətkarın
yaradıcılığının mahiyyəti və mənəviyyatın
kamilləşməsindəki rolundan söz açıb. O
bildirib ki, bu əlamətdar hadisə Azərbaycan
Respublikası Prezidentinin "Üzeyir Musiqi Gününün
keçirilməsi haqqında" 1995-ci il 18 sentyabr tarixli fərmanına
uyğun olaraq qeyd olunur. 2009-cu ildən başlayaraq isə hər
ilin sentyabr ayında dahi bəstəkar, Azərbaycan professional
musiqisinin banisi Üzeyir bəy Hacıbəyliyə həsr
olunmuş Beynəlxalq Musiqi Festivalı keçirilir.
Respublikamızın musiqi ictimaiyyəti nümayəndələrinin
iştirak etdiyi tədbirin aparıcısı onu da xüsusi
olaraq qeyd edib ki, bu gün
söz dühası Nizami Gəncəvi ilə peşəkar milli musiqimizin banisi
Üzeyir bəy Hacıbəylini bir-birinə bağlayan hər
iki sahənin incilərindən ibarət sənət əsərləri
yaratmaları olub. Kitabxananın
kollektivi də bu əlamətdar hadisəyə öz töhfələrini
vermək üçün Mədəniyyət və Turizm
Nazirliyi ilə birgə layihə üzərində
çalışıb. Nəticədə dahi Nizaminin sözlərinə Üzeyir Hacıbəylinin
yazdığı musiqilərdən ibarət SD
hazırlanıb.
Bəstəkarlar İttifaqının katibi, xalq artisti
Eldar Mansurov, Mədəniyyət və Turizm Nazirliyinin
şöbə müdiri, şair-publisist Vaqif Bəhmənli,
Üzeyir Hacıbəylinin ev muzeyinin direktoru Sərdar Fərəcov, Musiqi Mədəniyyəti
Myzeyinin direktoru Alla Bayramlı, Musiqi Akademiyasını təmsil edən Nazim Kazımov və
digərləri sözlə musiqinin qoşa qanadlarının
bundan sonra da daim birgə anılacağını
vurğulayıblar.
Musiqi bayramı
Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı
çərçivəsində dahi bəstəkarın anadan
olmasının 127 illiyi münasibətilə Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin Musiqi sənəti fakültəsində də tədbir
keçirilib. Sənətşünaslıq elmləri üzrə
fəlsəfə doktoru, dosent Ellada Hüseynova tədbiri
açıb. O, sözün əsl mənasında, "musiqi
bayramı"
adlandırılan tədbirin
iştirakçılarını - müəllim və tələbələri
bu əlamətdar gün münasibətilə təbrik edib. Tədbirdə
çıxış edən sənətşünaslıq
elmləri üzrə fəlsəfə doktoru, dosent Kamilə
Dadaşzadə isə dahi bəstəkarın həyat və
yaradıcılığından,
özünün bu sahədə tədqiqatlarından
danışıb.
Tədbirdə iştirak edən xalq artisti, Muğam
kafedrasının müdiri,
professor Canəli Əkbərov, İnstrumental
ifaçılıq kafedrasının müdiri, dosent
Gülağa Zeynalov, Musiqi fənləri və dirijorluq
kafedrasının müdiri, əməkdar incəsənət
xadimi, dosent Sonaxanım İbrahimova bəstəkar haqqında,
həmçinin ölməz sənətkarın bədii irsinə
son illər dövlət və ictimaiyyət tərəfindən
verilən yüksək qiymətdən söz açıblar.
Festival çərçivəsində keçirilən
tədbirin sonunda Gülağa Zeynalovun rəhbərliyi ilə
xalq çalğı alətləri orkestrinin ifasında daim
musiqilərində yaşayacaq dahi bəstəkarın
"Ləzgi rəqsi" əsəri, "Arşın mal
alan" operettasından nömrələr
səsləndirilib. Universitetin müəllimlərindən
Minisə Yaqubova (skripka) S.Raxmaninovun "Vokaliz",
Seyidxanım Babayeva (fortepiano) F.Şopenin I və III nömrəli
balladalarını ifa ediblər.
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan.-
2012.- 20 sentyabr.- S. 11.