Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev
korrupsiyaya qarşı mübarizənin davam etdirilməsində
dönməz qətiyyətini və siyasi iradəsini bir daha
nümayiş etdirmişdir
"Korrupsiyaya, rüşvətxorluğa qarşı
mübarizə bir gün də dayanmır. Bu mübarizənin
artıq yaxşı nəticələri var, daha da
yaxşı nəticələri olacaqdır. Biz bu
böyük bəlanı ölkəmizdən
yığışdırmalıyıq, təmizləməliyik.
Elə etməliyik ki, Azərbaycan hər sahədə - həm
siyasi, həm iqtisadi, həm korrupsiyaya, rüşvətxorluğa
qarşı mübarizə sahəsində nümunə olsun və
olacaqdır".
İlham
ƏLİYEV
Müsahibimiz Azərbaycan
Respublikasının Baş prokuroru Zakir Qaralovdur
- Cənab Baş prokuror, Azərbaycan
Respublikası Prezidentinin 5 sentyabr tarixli sərəncamı ilə
"Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci
illər üçün Milli Fəaliyyət Planı" təsdiq
edilmişdir. Milli Fəaliyyət Planının əhəmiyyəti
və onu korrupsiyaya qarşı mübarizə üzrə əvvəlki
proqram xarakterli sənədlərdən fərqləndirən əsas
xüsusiyyətlər nədən ibarətdir?
- İlk
öncə qeyd etmək istərdim ki, cənab İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti kimi fəaliyyətə
başladığı vaxtdan korrupsiyaya qarşı mübarizə
siyasi fəaliyyətin prioritet istiqamətlərindən olmaqla
onun təşəbbüsü və rəhbərliyi ilə
beynəlxalq təcrübə nəzərə alınaraq
mütərəqqi
qanunvericilik bazası formalaşdırılmış,
mühüm institusional tədbirlər həyata
keçirilmişdir.
Dövlət
başçısının siyasi iradəsinin ifadəsi
olaraq qəbul edilmiş, dövlət orqanları ilə
ictimaiyyətin səylərini birləşdirən
"Korrupsiyaya qarşı mübarizə üzrə
2004-2006-cı illər üçün Dövlət
Proqramı", "Şəffaflığın
artırılması və korrupsiyaya qarşı mübarizə
üzrə Milli Strategiya" və onun həyata keçirilməsi
ilə bağlı 2007-2011-ci illər üçün Milli Fəaliyyət
Planı korrupsiyaya şərait yaradan halların aradan
qaldırılması məqsədilə qabaqlayıcı tədbirlərin
həyata keçirilməsi üçün hüquqi zəmin
yaratmışdır.
Bildiyiniz kimi, "Şəffaflığın
artırılması və korrupsiyaya qarşı mübarizə
üzrə Milli Strategiya" və onun həyata keçirilməsi
ilə bağlı 2007-2011-ci illər üçün Milli Fəaliyyət
Planının icrası uğurla başa
çatmışdır. Respublikamızda
dünya standartlarının tələblərinə cavab verən
qanunvericilik bazası formalaşdırılmış, Azərbaycan
Respublikasının Cinayət Məcəlləsinə
korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi
məqsədilə bir sıra əlavə və dəyişikliklər
edilmiş, korrupsiyaya qarşı mübarizə sahəsində
ixtisaslaşdırılmış qurum -
Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə
İdarəsinin strukturu və fəaliyyəti təkmilləşdirilmiş,
beynəlxalq əməkdaşlıq inkişaf etdirilərək
digər dövlətlərin hüquq-mühafizə
orqanları və ixtisaslaşdırılmış
antikorrupsiya qurumları ilə əməkdaşlıq əlaqələri
qurulmuş, bu sahədə beynəlxalq təcrübənin
öyrənilməsi istiqamətində bir sıra
mühüm addımlar atılmışdır. Eyni zamanda,
iqtisadi və sosial sahədə, o cümlədən əhalinin həyat səviyyəsinin
yaxşılaşdırılması, əməkhaqlarının
artırılması və sosial rifahının gücləndirilməsi
istiqamətində əsaslı
nailiyyətlər əldə edilmişdir.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev 5
sentyabr 2012-ci ildə korrupsiyaya qarşı mübarizənin
davam etdirilməsində qətiyyətini və siyasi iradəsini
bir daha nümayiş etdirərək "Korrupsiyaya
qarşı mübarizəyə dair 2012-2015-ci illər
üçün Milli Fəaliyyət Planı"nın təsdiq
edilməsinə dair sərəncam imzalamışdır.
Milli Fəaliyyət
Planı ölkəmizdə korrupsiyaya qarşı mübarizə
tədbirlərinin daha sistematik, genişmiqyaslı və səmərəli
həyata keçirilməsinin təmin edilməsinə, insan və
vətəndaş hüquq və azadlıqlarının
müdafiə edilməsinə, əhalinin sosial
rifahının yüksəldilməsinə yönəlmişdir. Milli
Fəaliyyət Planının qəbul edilməsinin əsas məqsədi
korrupsiyaya qarşı mübarizəni vahid strategiya çərçivəsində
qurmaq və bu sahədə görülən tədbirləri daha səmərəli surətdə davam etdirməkdən
ibarətdir.
Milli Fəaliyyət
Planı, dövlət idarəçiliyində şəffaflığın
artırılması, ərizə və şikayətlərə
baxılması işinin, qanunvericilik bazasının,
institusional mexanizmlərin, korrupsiyaya qarşı mübarizə
üzrə ixtisaslaşmış qurumların fəaliyyətinin,
əmək və sosial təminat sahəsində idarəetmə
mexanizmlərinin təkmilləşdirilməsi, dövlət müəssisələrində korporativ idarəetmə
prinsiplərinin tətbiqinin genişləndirilməsi, beynəlxalq
əməkdaşlığın, vətəndaş cəmiyyəti
institutları ilə əlaqələrin inkişaf etdirilməsi,
korrupsiyaya qarşı mübarizə ilə bağlı
maarifləndirmə əsas hədəflər kimi müəyyənləşdirilmişdir.
Bu sənədin hazırlanmasında dövlət qurumları
ilə yanaşı, vətəndaş cəmiyyəti
institutlarının və beynəlxalq təşkilatların
rəy və təklifləri də nəzərə
alınmış, geniş ictimai dinləmələr
keçirilmişdir. Sənədin mahiyyəti üzrə
mühüm amillərdən biri də hər bir sahə
üzrə görüləcək işlər, icra
orqanları və müddətləri ilə yanaşı, nəticə
indikatorlarının müəyyən edilməsidir.
Milli Fəaliyyət Planında
korrupsiyaya qarşı mübarizə sahəsində həyata
keçirilən tədbirlərin
davamlılığının təmin edilməsi, bu sahədə
normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi
əsas istiqamətlər kimi göstərilmişdir.
Xüsusi
vurğulamaq istərdim ki, Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin 2012-ci il 5 sentyabr tarixli sərəncamı
ilə eyni zamanda Açıq Hökumətin təşviq
edilməsinə dair Milli Fəaliyyət Planı təsdiq edilmişdir ki, bu da
respublikamızın beynəlxalq səviyyədə başlanılan
Açıq Hökumət Tərəfdaşlığına
qoşulan ilk dövlətlərdən biri kimi bu təşəbbüsün
prinsiplərinə sadiqliyini nümayiş etdirir.
- Siz dövlət
başçısı tərərfindən təsdiq
edilmiş Açıq Hökumətin təşviq edilməsinə dair
Milli Fəaliyyət Planını qeyd etdiniz. Xahiş edirik, bu
sənədin mahiyyəti və əsas hədəfləri barədə
bir qədər ətraflı məlumat verəsiniz.
- Dövlət
başçısı cənab İlham Əliyev müntəzəm
olaraq öz çıxışlarında korrupsiyaya
qarşı mübarizə və şəffaflığın
artırılması işində institusional tədbirlərin
mühüm əhəmiyyət kəsb etdiyini qeyd edir.
Dövlət idarəçiliyində şəffaflığın
artırılması, hesabatlılığın təmin edilməsi,
ictimaiyyətin iştirakının genişləndirilməsi,
yeni texnologiyalarıın tətbiqinin dəstəklənməsi
beynəlxalq təşəbbüs kimi respublikamızın
qoşulduğu Açıq Hökumət Tərəfdaşlığının
əsas prinsiplərini təşkil edir. Açıq
Hökumət Tərəfdaşlığının prinsiplərinə müvafiq olaraq
bu Milli Fəaliyyət Planı
dövlət orqanları tərəfindən fəaliyyətləri
barədə ictimaiyyətə geniş məlumatlar verilməsi,
qərarlarlın qəbulu prosesində vətəndaş cəmiyyətinin
rolunun artırılması, elektron xidmətlərin
genişləndirilməsi, əhaliyə təqdim olunan xidmətlərin keyfiyyətinin artırılması
kimi mühüm elementləri əks etdirir. Bir sözlə, bu
sənəd, ilk növbədə, idarəçilikdə
şəffaflığı təmin edən bütün şərtləri
özündə birləşdirməklə yanaşı, korrupsiyaya
qarşı mübarizə işinə mühüm töhfə
verəcəkdir. Qeyd etməliyəm ki, Azərbaycan
Respublikası Prezidentinin müvafiq fərmanı ilə Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyinin yaradılması da bu istiqamətdə həyata
keçirilən mühüm addımlardan biridir.
- Cənab Baş prokuror, yeri gəlmişkən
tam yeni məzmunlu qurum olan Vətəndaşlara Xidmət və
Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyəti ilə
bağlı fikirlərinizi bilmək maraqlı olardı.
- Adından
da göründüyü kimi, bu yeni qurumun əsas fəaliyyət
istiqaməti dövlət başçısı cənab
İlham Əliyevin məmurların ümdə vəzifəsi
hesab etdiyi vətəndaşlara
dövrün tələblərinə müvafiq sivil xidmət göstərmək və yeni
müasir, sosialyönümlü innovasiyaların tətbiqindən
ibarətdir. Bu qurumun yaradılması korrupsiyaya
şərait yaradan halların aradan qaldırılması
istiqamətində mühüm addım olmaqla, onun fəaliyyəti
vətəndaş-məmur təmas nöqtələrinin
minimuma endirilməsinə, xidmətlərin keyfiyyətinin
artırılmasına, icra müddətlərinin
qısaldılmasına, vaxt itkisinin azaldılmasına
xidmət edəcəkdir. Bu agentlik dövlətlə
vətəndaş arasında ünsiyyət qurulması vasitəsi
olmaqla, ümummilli lider Heydər Əliyevin "xalq dövlət
üçün yox, dövlət xalq üçün
olmalıdır" müdrik kəlamının real həyatda
təcəssümüdür.Yeni dövlət qurumunun fəaliyyəti
vətəndaşların daha çox və tez-tez
müraciət etdiyi xidmət sahələri üzrə
narazılıqların məmnunluqla əvəz olunmasına gətirib
çıxaracaqdır. Bununla bağlı ən yaxşı
dünya təcrübəsi öyrənilmiş və vətəndaşlara
xidmətin ən optimal modeli
seçilmişdir.
- Milli Fəaliyyət
Planında ərizə və şikayətlərə
baxılması işinin təkmilləşdirilməsi
prioritet istiqamət kimi nəzərdə tutulmuşdur. Bu
istiqamətdə, o cümlədən Baş prokuror yanında
Korrupsiyaya Qarşı Mübarizə İdarəsində
hansı tədbirlərin həyata keçirilməsi
planlaşdırılır?
- Vətəndaşların
hüquq və azadlıqlarının qarantı kimi müraciətlərə
baxılmasını bütün vəzifəli şəxslərin,
dövlət qulluqçularının ən başlıca
işi hesab edən dövlət başçısı
İlham Əliyevin tövsiyələrinə müvafiq olaraq
bu
məsələ prokurorluq orqanlarında, o cümlədən
Korrupsiyaya Qarşı Mübarizə İdarəsində daim
diqqət mərkəzində saxlanılır. Bu
sahədə işin daha da təkmilləşdirilməsi
istiqamətində səylər davam etdirilərək vətəndaşlar
tərəfindən korrupsiya hüquqpozmaları barədə
müraciətlərin təxirəsalınmadan
çatdırılması və operativ baxılmasının
təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının
Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə
İdarəsində 03 mart 2011-ci il tarixdən 161 nömrəli
"Qaynar xətt" əlaqə mərkəzi yaradılaraq
fəaliyyət göstərməyə
başlamışdır. Bu mərkəz korrupsiya
hüquqpozmalarına daha çevik reaksiya verilməsini təmin
etməklə yanaşı, korrupsiyaya daha çox məruz
qalan sahələrin aşkar edilərək preventiv tədbirlərin
tətbiqinə imkan yaratmışdır.
Milli Fəaliyyət
Planında qeyd etdiyiniz məsələ ilə
bağlı görüləcək
işlər və nəticə indikatorları sırasında
161 nömrəli "Qaynar xətt"
əlaqə mərkəzinin texniki və insan resursu
imkanlarının genişləndirilməsi, mərkəzə
daxil olmuş məlumatlarla əlaqədar operativ tədbirlər görülməsi, daxil
olmuş müraciətlərlə bağlı statistik və
analitik məlumatların dərc edilməsi, korrupsiya ilə
bağlı müraciətlərə baxılması
qaydasının təkmilləşdirilməsi, korrupsiya
halları haqqında məlumat verən şəxslərin
müdafiəsinə dair qanun layihəsinin
hazırlanması nəzərdə tutulmuşdur. Bu baxımdan müvafiq tədbirlər görülməklə
vətəndaşların "Qaynar xətt" əlaqə
mərkəzinə ünvanlanmış müraciətlərinin
internet vasitəsilə "real vaxt" rejimində, habelə telefonla qısa mesaj, yəni SMS
vasitəsilə qəbulunun həyata keçirilməsi, həmçinin
texniki imkanların genişlənməsi nəticəsində
artan məlumatların emalının həyata keçirilməsi
məqsədilə bu məlumatların qəbuluna məsul əməkdaşların
sayının artırılması və onların peşəkarlıq
səviyyəsinin yüksəldilməsi, çevik növbətçilik
rejiminin tətbiqi, operativ tədbirlərin
görülməsinin təmin edilməsi üçün növbətçiliyi
həyata keçirən prokurorların əməliyyat
şöbəsinin əməliyyatçıları ilə qarşılıqlı əlaqələrin
gücləndirilməsi nəzərdə tutulur. İctimaiyyətin
məlumatlandırılması sahəsində geniş əks-səda
doğuran və maraq kəsb edən
işlər üzrə məlumatların mütəmadi olaraq
prokurorluğun internet səhifəsində yerləşdirilməsi
və kütləvi informasiya vasitələrində dərc
edilməsi kimi ənənəvi üsullarla yanaşı,
korrupsiya cinayətləri üzrə statistik və analitik məlumatları
özündə əks etdirən informasiya bülletenlərinin
buraxılması planlaşdırılır.
Bütün
dünyada mütəşəkkil cinayətkarlığın
təhlükəli təzahürlərindən olan korrupsiya
hüquqpozmaları üzrə məlumat verən şəxslərin
müdafiəsinin təmin edilməsi bu mübarizədə ən
önəmli məsələlərdən biridir. Məhz
korrupsiya cinayətləri üzrə verdiyi mühüm məlumat
üzrə şəxsin arzuolunmaz nəticələrdən
müdafiəsinin dövlət təminatının nəzərdə
tutulması çox vacibdir. Korrupsiyaya qarşı mübarizə sahəsində
beynəlxalq sənədlər də iştirakçı
dövlətlərə ədalət mühakiməsi ilə əməkdaşlıq
edən şəxslərin (informatorların) onlara
qarşı mümkün ola biləcək
zorakılığın qarşısının
alınması üçün müvafiq tədbirlər görməyi
və bu sahədə beynəlxalq əməkdaşlığı
gücləndirməyi tələb edir. Belə
ki, "BMT-nin Korrupsiya əleyhinə" Konvensiyasının
"İnformasiya verən şəxslərin müdafiəsi" adlı 33-cü
maddəsinə əsasən hər bir iştirakçı
dövlət həmin Konvensiyaya uyğun olaraq tanınmış hüquqpozmalarla
bağlı faktlar barədə
səlahiyyətli orqanlara
vicdanla və ağlabatan əsaslarla məlumat verən
şəxslərin hər hansı ədalətsiz
münasibətdən müdafiəsini təmin etmək üçün öz hüquq
sisteminə müvafiq tədbirlərin daxil edilməsi məsələsini
nəzərdən keçirməlidir. Qeyd
olunmalıdır ki, belə bir qanunun qəbulu informasiya verən
şəxslərin yalnız fiziki təzyiqlərdən deyil,
eyni zamanda onların əmək hüquqlarına olan təhlükənin
aradan qaldırılması üçün də vacibdir.
İnformasiya verən şəxslərin öz iş yeri
üzrə müdafiəsi onların cavab hərəkətlərindən,
həmkarlarının (iş yoldaşlarının) təzyiqindən,
işdənçıxarılma hallarından müdafiəsini
də ehtiva edir. Belə müdafiə tədbirləri bir
sıra ölkələrdə (Slovakiya, İsveç) Əmək
məcəllələrinə xüsusi normaların daxil edilməsi
və ya informasiya verən şəxslərin müdafiəsi
haqqında xüsusi qanunların qəbul edilməsi (Yaponiya,
Böyük Britaniya ) yolu ilə həyata
keçirilir.
- Milli Fəaliyyət Planında
korrupsiyaya qarşı mübarizə üzrə qanunvericilik
bazasının, o cümlədən cinayət təqibi sahəsində
qanunvericiliyin təkmilləşdirilməsi nəzərdə
tutulmuşdur. Bu dəyişikliklər qanunvericiliyə
hansı yenilikləri gətirəcəkdir?
- Qanunvericiliyin təkmilləşdirilməsi
istiqamətində görülmüş tədbirlər
çərçivəsində ölkə parlamenti tərəfindən
07 mart 2012-ci il tarixdə "Azərbaycan Respublikasının
Cinayət Məcəlləsində dəyişikliklər
edilməsi haqqında" qanun qəbul edilmişdir. Bu qanunla
hüquqi şəxslərə tətbiq olunacaq cinayət
hüquqi tədbirlərin növləri, onların tətbiq
olunmasının əsasları və şərtlərı
müəyyən edilmişdir. Həmin tədbirlərə cərimə,
xüsusi müsadirə, hüquqi şəxsi müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum
etmə, hüquqi şəxsi ləğv etmə aid
edilmişdir. Hüquqi şəxslər
üçün cinayət məsuliyyəti
tədbirlərinin müəyyən edilməsi Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq sənədlərdə,
o cümlədən Avropa Şurasının "Korrupsiya
cinayətlərinə görə cinayət məsuliyyəti
haqqında" Konvensiyası və BMT-nin "Korrupsiya əleyhinə"
Konvensiyasında da nəzərdə tutulmuşdur. Bu normanın qanunvericiliyə daxil edilməsinin
xüsusiyyətlərindən biri də ondan ibarətdir
ki, hüquqi şəxsə
cinayət-hüquqi tədbirlərin tətbiqi həmin əməli
törətmiş və ya onun törədilməsində hər
hansı şəkildə iştirak etmiş fiziki şəxsin
cinayət məsuliyyətini istisna etmir. Milli
Fəaliyyət Planında hüquqi şəxslər barəsində
cinayət-hüquqi tədbirlərin tətbiqi qaydalarına
dair qanun layihəsinin hazırlanmasının nəzərdə
tutulması onunla əlaqədardır ki, hüquqi şəxslərin
cinayət məsuliyyəti ölkəmizin hüquq sistemi
üçün yeni bir institutdur və onun tətbiqi
prosedurları hazırda müəyyən edilməkdədir.
Cinayət təqibi
sahəsində qanunvericiliyin təkmilləşdirilməsi
istiqamətində Milli Fəaliyyət Planında nəzərdə
tutulan tədbirlərdən biri
kimi korrupsiyaya qarşı
mübarizə sahəsində hakimlərin toxunulmazlıq
hüququnun məhdudlaşdırılması üzrə təkliflərin
hazırlanması göstərilmişdir. Azərbaycan Respublikasının qoşulmuş
olduğu Korrupsiyaya qarşı Dövlətlər Qrupu tərəfindən
aparılan dəyərləndirmə raundları çərçivəsində
Azərbaycan hökumətinə korrupsiya hallarının
araşdırılması sahəsində əməliyyat-axtarış tədbirlərindən geniş istifadə edilməsi, cinayət
təqibi ilə bağlı toxunulmazlıq statusu olan
şəxslərin dairəsinin məhdudlaşdırılması
məsələsinin nəzərdən keçirilməsi
tövsiyə olunmuşdur. Bundan başqa,
İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının
(OESD) İstanbul Antikorrupsiya Fəaliyyət Planına əsasən
Azərbaycan hökumətinə
hakimlərin və bu qəbildən olan digər şəxslərin
toxunulmazlıq statusunun aradan qaldırılmasına, bu sahədə
aydın meyarların qəbul edilməsinə dair
tövsiyələr verilmişdir. Bu baxımdan
korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi
məqsədilə hakimlərin toxunulmazlıq hüququnun qismən
aradan qaldırılması əməliyyat-axtarış tədbirlərinin
daha geniş həcmdə tətbiq edilməsinə və bu
kateqoriyadan olan cinayətlərin
aşkarlanmasına şərait yaratmış
olacaqdır.
Əməliyyat-axtarış
fəaliyyətindən söz düşmüşkən qeyd etmək istərdim ki, dövlət
başçısı cənab İlham Əliyevin təşəbbüsü
ilə 18 mart 2011-ci il tarixdə
Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən
"Əməliyyat-axtarış fəaliyyəti
haqqında" və "Prokurorluq haqqında" Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər
edilərək MDB məkanında, habelə Azərbaycan
prokurorluğunun tarixində ilk dəfə olaraq Azərbaycan
Respublikasının Baş prokuroru yanında Korrupsiyaya
Qarşı Mübarizə İdarəsinə əməliyyat-axtarış
fəaliyyətini həyata keçirmək səlahiyyətlərinin
verilməsi ilə bu sahədə prokurorluq
orqanlarının qarşısında çox mühüm və
məsuliyyətli vəzifələr qoyulmuşdur. Bu səlahiyyətlər
Azərbaycan Respublikasının Baş prokuroru
yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi
tərəfindən korrupsiya cinayətlərinin aşkar edilməsi,
qarşısının alınması istiqamətində səmərəli
nəticələr əldə etməyə zəmin yaratmışdır.
Belə ki, fəaliyyətə
başladığı bir ildən artıq müddət ərzində
idarənin əməliyyat şöbəsi tərəfindən
keçirilmiş 43 əməliyyat tədbiri nəticəsində
44 şəxs cinayət başında yaxalanmışdır. Əməliyyat-axtarış
fəaliyyətinin prokurorluq orqanları üçün yeni
bir sahə olduğundan, korrupsiyaya qarşı mübarizədə
əməliyyat-axtarış tədbirlərinin səmərəliliyinin
artırılmasına dair təkliflərin hazırlanması
Milli Fəaliyyət Planında icrası prokurorluq
orqanlarına həvalə edilmiş məsələ kimi nəzərdə
tutulmuşdur. Bu fəaliyyətin təkcə
latent olan rüşvət cinayətlərinin deyil, habelə vəzifədən
sui-istifadə ilə bağlı digər cinayət növlərinin
aşkar edilməsi istiqamətində genişləndirilməsi,
korrupsiya cinayətlərinin açılması üzrə
idarənin qoşulması nəzərdə tutulan elektron
informasiya bazaları və sistemlərindən
istifadə edilməsi, əldə edilmiş məlumatların
düzgün və məqsədəuyğun emalı və təhlili,
korrupsiyaya qarşı mübarizədə şahidlərin və
cinayət təqibini həyata keçirən orqanlarla əməkdaşlıq edən
şəxslərin müdafiəsi
ilə əlaqədar işin gücləndirilməsi nəzərdə
tutulur. Həmçinin korrupsiya cinayətlərinin
istintaqı və məhkəmə baxışı müddətində cinayət prosesi
iştirakçılarının ələ
alınmasının qarşısının kəsilməsi,
zəruri məlumatlar toplanaraq
qanunsuzluq hallarının aradan qaldırılması da nəzərdə
tutulan tədbirlər sırasındadır.
- Korrupsiya
cinayətləri üzrə istintaq sövdələşməsinin
cinayət-prosessual qanunvericiliyə
daxil edilməsi ilə bağlı təkliflərin
hazırlanması da Milli Fəaliyyət Planında cinayət
təqibi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində nəzərdə
tutulmuş tədbirlər sırasındadır. Bu barədə
ətraflı məlumat verməyinizi xahiş edirik?
- "Şəffaflığın
artırılması və Korrupsiyaya qarşı mübarizə
üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə
bağlı 2007-2011-ci illər üzrə Milli Fəaliyyət
Planı"nda korrupsiya hüquqpozmalarının törədilməsində
iştirak etmiş şəxslərin səlahiyyətli
orqanlara istintaq üçün faydalı olan informasiya verilməsini
və onlarla əməkdaşlıq etməsini stimullaşdırmaq
üçün tədbirlər görülməsi və bu
işlər sırasında cinayət təqibi orqanı ilə
əməkdaşlıq barədə saziş
praktikasının tətbiqi məsələlərinin öyrənilməsi
nəzərdə tutulmuşdur. Ötən müddət
ərzində tərəfimizdən bu sahədə beynəlxalq təcrübə
və qeyd olunan institutun ölkəmizdə tətbiqi məsələləri
öyrənilərək müzakirə edilmişdir. Ədalət
mühakiməsinin səmərəliliyi bütün cəmiyyətlərdə diqqət mərkəzində
saxlanılan məsələlərdən biridir. Cəmiyyətlə
insan arasında yaranan cinayət-hüquqi ixtilafların həllinə
yönəlmiş cinayət mühakimə icraatı, hər
iki tərəfin maraqları nəzərə alınmaqla həyata
keçirilməlidir. Cinayət mühakiməsinin
səmərəliliyinin artırılmasının istiqamətlərindən
biri də onun sadələşdirilməsindən, təqibin
müəyyən bir mərhələsinin, prosedurunun və ya
instititunun ixtisara salınmasından, asanlaşdırılmasından,
bununla da vaxt və vəsaitə qənaət edilməsindən,
sərbəstləşmiş resursların isə prioritet sahələrə
yönəldilməsindən ibarətdir.
İstintaq
sövdələşməsi təqsirləndirilən şəxsin
daha ağır cinayətlər barədə və ya cinayətkar şəbəkənin
digər üzvlərinin ifşa edilməsi üçün
mühüm məlumatlar verəcəyi təqdirdə ona
qanunla müəyyən edilmiş həddə daha
yüngül cəzanın tətbiq edilməsi barədə
təqsirləndirilən şəxslə cinayət təqibi
orqanı arasında razılaşmadır.
İstintaq sövdələşməsi
institutu vasitəsilə maliyyə və insan resurslarından
daha effektiv istifadə olunur.Bu institut cinayət törədildikdən
sonra onu törədən şəxsləri pozitiv
davranışa sövq edir. Vurğulamaq istərdim ki, digər
ölkələrin pozitiv xarakter daşıyan norma və
institutlarının milli
qanunvericilikdə tətbiqi normal, qloballaşma dövründə
isə zəruri bir prosesdir. Bu institut ölkəmizin
qanunvericilik sisteminin imkan verdiyi şərtlər daxilində tətbiq
edilə bilər.
- Cənab
Baş prokuror, Milli Fəaliyyət Planında Baş Prokurorluq
mənimsənilmiş əmlakın
bərpası üzrə ölkədaxili mexanizmin
formalaşdırılması məqsədilə normativ
hüquqi aktın layihəsinin hazırlanmasına və cinayət
yolu ilə əldə edilmiş pul vəsaitlərinin və
ya digər əmlakın leqallaşdırılmasına
və terrorçuluğun maliyyələşdirilməsinə
qarşı mübarizə sahəsində vahid statistik məlumat
bazasının yaradılmasına dair tədbirlərin
icrasına məsul olan qurumlardan biri kimi müəyyən
edilmişdir. Bu sahədə görüləcək işlər
barədə nə deyə bilərsiniz?
- Demək olar ki, hər bir cinayət,
hər bir ictimai təhlükəli əməl obyektə fiziki,
mənəvi zərərlə yanaşı, maddi zərər
vurulması ilə də bağlı olur. Cinayət
təqibi orqanlarının qarşısında duran
mühüm vəzifələrdən biri də cinayət
törətmiş şəxsi məsuliyyətə cəlb
etməklə yanaşı, həmçinin zərərçəkmiş
şəxsin pozulmuş əmlak
hüquqlarının bərpasından, vurulmuş ziyanın
ödənilməsinin təmin edilməsindən ibarətdir.
Milli qanunvericilikdə bu nəzərdə tutulsa
da, göstərilən tədbirlərin səmərəliliyinin
artırılması məqsədilə mənimsənilmiş
əmlakın bərpasını hər bir halda real olaraq təmin
edə bilən çevik və işlək mexanizmin
yaradılması və fəaliyyəti üçün
xüsusi normativ-hüquqi aktın mövcudluğuna
ehtiyac vardır.
Azərbaycan
Respublikasının qoşulduğu Avropa Şurasının
"Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin
leqallaşdırılması, aşkar olunması,
götürülməsi və müsadirə edilməsi
haqqında" Konvensiyasına və digər beynəlxalq
aktlara uyğun olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə
edilən əlavə və dəyişikliklər nəticəsində
cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin
və digər əmlakın leqallaşdırılması
cinayət əməli kimi təsbit edilmişdir. "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin
və ya digər əmlakın leqallaşdırılmasına
və terrorçuluğun maliyyələşdirilməsinə
qarşı mübarizə haqqında" Azərbaycan
Respublikası Qanununun qəbul edilməsi cinayət yolu ilə
əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılması və ya
terrorçuluğun maliyyələşdirilməsi ilə
bağlı hüquqpozmaların aşkar edilməsi və
qarşısının alınması üçün
hüquqi mexanizmin qurulması, bu xarakterli cinayətlərin
törədilməsi üçün maliyyə sistemindən
istifadə olunması imkanlarını istisna edən şəraitin
yaradılması, bu sahədə dövlətin və cəmiyyətin
maraqlarının qorunması işinə böyük töhfə
vermişdir. Cinayət yolu ilə əldə
edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizə
sahəsində vahid statistik məlumat bazasının
yaradılması beynəlxalq standartlara uyğun statistik
hesabatların hazırlanması, həmçinin cinayət
yolu ilə əldə edilmiş pul vəsaitlərinin
və ya digər əmlakın
leqallaşdırılmasına qarşı mübarizənin səmərəliliyinin
artırılması məqsədilə bu sahədə vəziyyətin
öyrənilməsi, təhlil edilməsi və ümumiləşdirilməsinə
şərait yaradacaqdır.
- Milli Fəaliyyət
Planında Azərbaycan Respublikasının Baş prokuroru
yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin
fəaliyyətinin təkmilləşdirilməsi ilə
bağlı tədbirlər də nəzərdə
tutulmuşdur. Bu istiqamətdə hansı işlər
görüləcəkdir?
- Azərbaycan
Respublikası Prezidentinin 08 aprel 2011-ci il tarixli fərmanı
ilə Nazirlər Kabinetinə Azərbaycan
Respublikasının Baş prokuroru yanında Korrupsiyaya
Qarşı Mübarizə İdarəsinin dövlət
orqanları tərəfindən aparılan elektron informasiya
ehtiyatlarından real vaxt rejimində istifadəsinin təmin
edilməsi məqsədilə müvafiq normativ hüquqi
aktlara dəyişikliklər edilməsi barədə təkliflərini
dövlət başçısına təqdim etmək vəzifəsi
tapşırılmışdır. Beynəlxalq təcrübə
göstərir ki, məhz lazımi informasiyanı maneəsiz və
vaxt itkisinə yol vermədən əldə etmək
imkanları olan ixtisaslaşmış antikorrupsiya
orqanları korrupsiya
hüquqpozmalarına qarşı effektiv, səmərəli
mübarizə apara bilirlər. Bu baxımdan
Milli Fəaliyyət Planında nəzərdə tutulan idarənin,
dövlət orqanlarının informasiya sistemləri, məlumat
bazaları və reyestrlərindən qanunvericiliklə müəyyən
edilmiş qaydada, real vaxt rejimində istifadəsinin təmin
edilməsi üzrə tədbirlərin görülməsi
cinayət təqibinin tezliyinə öz müsbət təsirini
göstərəcəkdir. Bu məsələ
ilə əlaqədar dövlət orqanlarının informasiya
bazalarının qarşılıqlı inteqrasiyasını
həyata keçirməli olan yeni yaradılmış Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və
Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və digər
aidiyyəti dövlət orqanları ilə birgə
zəruri işlər görüləcəkdir.
- Milli Fəaliyyət
Planında Azərbaycan Respublikasının Baş prokuroru
yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin
fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri
sırasında Baş prokuror yanında Korrupsiyaya Qarşı
Mübarizə İdarəsinin preventiv tədbirlər sahəsində
fəaliyyətinin genişləndirilməsi, müvafiq tədbirlər
planının qəbul edilməsi, həmçinin korrupsiya ilə
əlaqədar cinayətlər barədə vahid informasiya
bazasının fəaliyyətinin təkmilləşdirilməsi
də nəzərdə tutulmuşdur. Bu barədə nə
deyə bilərsiniz?
- Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev korrupsiyaya
qarşı mübarizədə inzibati tədbirlərlə
yanaşı, qabaqlayıcı tədbirlərin çox
mühüm amil olduğunu qeyd etmiş və uğurlu nəticələrə
onların vəhdəti olduqda nail olunmasının
mümkünlüyünü vurğulamışdır. Bununla əlaqədar
idarənin preventiv tədbirlər sahəsində fəaliyyətinin genişləndirilməsi
və müvafiq tədbirlər planının qəbul edilməsi
məsələsinə Milli Fəaliyyət Planında
xüsusi yer ayrılmışdır. Baş
prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi
fəaliyyətində inzibati tədbirlərlə
yanaşı, qabaqlayıcı,
önləyici, korrupsiya üçün şərait yaradan
halların aradan qaldırılmasına yönəlmiş tədbirlərin
yerinə yetirilməsinə də böyük önəm
verir. İdarə kifayət qədər analitik imkanlara malik
olaraq, korrupsiyaya daha çox
uğramış sahələrin müəyyən edilməsi
üçün müxtəlif istiqamətlərdə təhlillərin
aparılması, korrupsiya risklərinin müəyyən
olunması və riskli sahələrin identifikasiyası,
korrupsiyanı doğuran səbəblərin müəyyən
edilməsi üçün tədqiqatların keçirilməsi,
korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin
artırılması məqsədilə korrupsiyanı
doğuran səbəb və şəraitin, həmçinin
korrupsiyaya qarşı mübarizə
sahəsində müəyyən edilmiş
nöqsanların aradan qaldırılması üçün
təklif və tövsiyələrin hazırlanması,
dövlət və özəl sektorda korrupsiyaya uğrama
meyarlarının hazırlanması və
həmin meyarlar əsasında dəyərləndirmələrin
aparılması, dövlət qurumlarında inzibati
prosedurların nəzərdən keçirilməsi,
süründürməçiliyə və korrupsiyaya yol
açan halların müəyyən edilməsi, ümumiləşdirmələr
nəticəsində korrupsiyaya cəlb olunma tendensiyalarının müəyyən edilməsi nəzərdə tutulur.
"Şəffaflığın
artırılması və korrupsiyaya qarşı mübarizə
üzrə Milli Strategiya" və onun həyata keçirilməsi
ilə bağlı 2007-2011-ci illər üçün Milli Fəaliyyət
Planında korrupsiya hüquqpozmalarına qarşı mübarizədə
cinayət təqibini həyata keçirən orqanlar
arasında əməkdaşlığın təkmilləşdirilməsi məqsədilə
korrupsiya ilə əlaqədar cinayətlər barədə
vahid informasiya bazasının yaradılması nəzərdə
tutulmuş və bu bazanın yaradılması Azərbaycan
Respublikasının Prokurorluğuna həvalə olunmuşdur.
Bu bazanın yaranma zərurəti beynəlxalq
standartlara uyğun olaraq həmin sahədə statisik
hesabatların hazırlanması, həmçinin korrupsiyaya
qarşı mübarizənin səmərəliliyinin
artırılması məqsədilə vəziyyətin
öyrənilməsi, təhlil edilməsi və ümumiləşdirilməsi
ilə əlaqədardır.
2009-cu ilin
yanvar ayında idarədə yaradılmış korrupsiya ilə
əlaqədar cinayətlər barədə vahid informasiya
bazası üçün proqram tərtibatı
hazırlanmış, müasir avadanlıqlar
quraşdırılmış, rabitə texnologiyaları vasitəsi
ilə Baş Prokurorluğun və respublika Hərbi
Prokurorluğunun müvafiq idarələri mərkəzi serverə
qoşulmuşdur.
Həmin vaxtdan fəaliyyət göstərən vahid
informasiya bazası 100-dən artıq meyarlar üzrə təhlillərin
aparılmasına imkan yaradır. Gələcəkdə bu
bazanın fəaliyyətinin təkmilləşdirilərək
məlumatların bilavasitə ərazi qurumları vasitəsilə qəbul edilməsi, təhlil
meyarlarının sayının artırılması nəzərdə
tutulur.
- Milli Fəaliyyət Planına
əsasən korrupsiyaya qarşı mübarizə sahəsində
beynəlxalq əməkdaşlığın inkişaf
etdirilməsi istiqamətində hansı tədbirlərin
görülməsi nəzərdə tutulur?
- Mütəşəkkil cinayətkarlığın
təhlükəli təzahürlərindən olan korrupsiya
bütün ölkələri narahat edən problem olduğu
üçün bu sahədə
beynəlxalq əməkdaşlıq mühüm əhəmiyyət
kəsb edir. Dünya birliyinə inteqrasiya yolunu
tutmuş ölkəmiz digər sahələrdə olduğu
kimi, korrupsiyaya qarşı mübarizə sahəsində də
mühüm əhəmiyyətli beynəlxalq sənədlərə
qoşulmuş, beynəlxalq Konvensiyaların ölkə
qanunvericiliyinə implementasiyası həyata
keçirilmiş, hüquqi və instutisional bazanın təkmilləşdirilməsi
istiqamətində mühüm addımlar atılaraq
respublika qanunvericiliyi korrupsiyaya qarşı mübarizə sahəsində
beynəlxalq standartlara
uyğunlaşdırılmışdır.
Prokurorluq
orqanları, o cümlədən Baş prokuror yanında Korrupsiyaya
Qarşı Mübarizə İdarəsi korrupsiyaya
qarşı mübarizə sahəsində BMT-nin Narkotiklər
və Cinayətkarlığa qarşı mübarizə aparan
Ofisi (UNODC), Avropa Şurasının Korrupsiyaya qarşı
Dövlətlər Qrupu (GRECO), Beynəlxalq Antikorrupsiya
Orqanları Assosiasiyası (IAACA), Beynəlxalq Prokurorlar
Assosiasiyası və digər beynəlxalq təşkilatlar,
xarici ölkələrin hüquq-mühafizə orqanları və
korrupsiyaya qarşı mübarizə sahəsində
ixtisaslaşmış qurumları ilə yaxından əməkdaşlıq
edir. Həmçinin BMT-nin Narkotiklər və Cinayətkarlığa
qarşı mübarizə Ofisi ilə birgə BMT-nin
"Korrupsiya əleyhinə" Konvensiyasının
implementasiyası istiqamətində uğurlu əməkdaşlığa
başlanılmışdır. Artıq beynəlxalq təşkilatlar
tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində
ixtisaslaşmış qurumun Azərbaycan modeli müsbət qəbul edilməklə bir nümunə
kimi təqdim olunur.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən
29 iyun 2012-ci il tarixdə ölkənin "Beynəlxalq
Antikorrupsiya Akademiyasının beynəlxalq təşkilat
qismində təsis edilməsi haqqında" 2010-cu il 2
sentyabr tarixli Vyana Sazişinə qoşulması barədə
Azərbaycan Respublikası Qanununun imzalanması korrupsiyaya
qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın
hüquqi əsaslarını daha da genişləndirmişdir.
Qeyd etmək lazımdır ki,
ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində
həyata keçirilən islahatlar bütün beynəlxalq təşkilatlar
tərəfindən də yüksək qiymətləndirilir.
Azərbaycan
Respublikasının Prokurorluğu digər dövlət
qurumları ilə birgə öz səlahiyyətləri
çərçivəsində korrupsiyaya qarşı
mübarizə sahəsində beynəlxalq və regional təşkilatlarla
qarşılıqlı fəaliyyəti, müxtəlif beynəlxalq
proqram və layihələrdə iştirakı, BMT, Avropa
Şurasının Korrupsiyaya qarşı Dövlətlər
qrupu (GRECO) və İqtisadi
İnkişaf və Əməkdaşlıq Təşkilatının
(OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə
Antikorrupsiya Şəbəkəsi tərəfindən
İstanbul Fəaliyyət Planı çərçivəsində
Azərbaycan Respublikasına verilmiş tövsiyələrin
icrası istiqamətində zəruri
tədbirləri davam etdirir.
- Son günlər
bəzi müxalifətyönlü kütləvi informasiya
vasitələrində korrupsiyaya qarşı mübarizənin
lazımi səviyyədə aparılmadığı və
bu istiqamətdə real nəticələr əldə
olunmadığı barədə fikirlərin
formalaşdırılmasına cəhdlər edilir. Bu barədə
nə deyə bilərsiniz?
- Regionumuzun ən
aparıcı dövlətinə çevrilmiş,
sosial-iqtisadi inkişaf göstəricilərinə görə
dünyada qabaqcıl mövqedə olan Azərbaycan Respublikasının həyatın bütün sahələrində
qazandığı böyük uğurlar danılmaz fakt,
obyektiv reallıqdır. Dövlət
başçısı cənab İlham Əliyevin müdrik rəhbərliyi
altında əldə edilmiş
və dünya birliyi dövlətləri tərəfindən
də birmənalı şəkildə qəbul edilən
köklü islahatlar və onların real nəticələri,
dayanıqlı ictimai siyasi sabitliyin bərqərar olduğu
demokratik vətəndaş cəmiyyətinin
və hüquqi dövlətin formalaşdırılması, ölkənin
yüksələn xətt üzrə mütərəqqi
inkişafı müxalifətyönümlü bəzi
destruktiv qüvvələri ciddi narahat edir və onların xəyallarını
heçə endirir. Həmin qüvvələrin qərəzli
və ucuz sensasiya yaratmaq, görülmüş işlərə
kölgə salmaq və onların əhəmiyyətini azaltmaq məqsədi daşıyan uğursuz cəhdləri ölkəmizin
inkişafı yolunda heç bir maneə ola bilməz.
Korrupsiyaya qarşı mübarizə sahəsində ölkəmizdə
aparılan genişmiqyaslı
işlərin nəticəsi göz
qabağındadır və görülmüş tədbirlər
barədə ictimaiyyətin mütəmadi olaraq ətraflı məlumatlandırılması təmin edilir. Dövlət
başçısının siyasi iradəsinə və qətiyyətinə
uyğun olaraq korrupsiyaya qarşı mübarizənin kəsərliliyinin
artması özünü əldə edilmiş real nəticələrdə
göstərir. Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin sözləri ilə desək,
"Korrupsiyaya və rüşvətxorluğa qarşı
mübarizə kampaniya xarakteri daşımır. Bu, bizim
şüurlu seçimimizdir".
Cənab
Prezidentin siyasi iradəsinə uyğun olaraq bu istiqamətdə
işlər eyni intensivliklə və daha da qətiyyətli
şəkildə bundan sonra da davam etdiriləcəkdir. İlk
növbədə öz sıralarının
saflaşdırılmasını və bütün neqativ
hallara qarşı ən qətiyyətli tədbirlərin görülməsini təmin edən Azərbaycan
Respublikası Prokurorluğu ona həvalə edilmiş səlahiyyətlər
çərçivəsində mütəşəkkil cinayətkarlığın
təhlükəli təzahürləri kimi korrupsiya və
rüşvətxorluğa qarşı mübarizənin yeni
müstəvidə aparılmasını,
ixtisaslaşdırılmış qurum olan Baş prokuror
yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin
işinin ən yüksək tələblər səviyyəsində
səmərəli təşkilini təmin edəcəkdir.
Müsahibəni apardı: Amil NOVRUZOV
Azərbaycan.- 2012.- 20 sentyabr.- S. 5-6.