Qədim İçərişəhərlə tanışlıq Sloveniya nümayəndə heyətində zəngin təəssürat doğurmuşdur

 

Azərbaycanda səfərdə olan Sloveniya Baş nazirinin müavini, iqtisadi inkişaf və texnologiyalar naziri Radovan Zerjavın rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 19-da İçərişəhərlə tanış olmuşdur.

AzərTAc xəbər verir ki, nümayəndə heyətinin İçərişəhərdə gəzintisi Qız qalası ilə tanışlıqdan başlamışdır. Qonaqlara Qız qalası abidəsinin qeyri-adi memarlıq özəllikləri barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, eramızdan əvvəl VII-VI əsrlərdə əsası qoyulmuş Qız qalası XII əsrdə bərpa edilmişdir. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan abidə silindr formalı əsl qaladan və cənub tərəfdən ona bitişən iri dayaq tikilidən ibarətdir. Hazırda Qız qalasında muzey konservasiyası işləri aparılır.

Yaxınlıqdakı Sıratağlı dini-memarlıq kompleksinin ərazisindəki ekspozisiya ilə tanışlıq da sloveniyalı qonaqlarda böyük maraq doğurmuşdur.

Elektromobillə gəzinti zamanı nümayəndə heyətinə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir, abadlaşdırma və bərpa işləri barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələri vardır və bunlar qorunub saxlanılır.

Kiçik Qala küçəsi ilə davam edən gəzinti zamanı nümayəndə heyəti təndir çörəyinə qonaq edilmişdir. Gəzinti zamanı qonaqlar orta əsr Şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan "Şirvanşahlar Sarayı Kompleksi" ilə tanış olmuşlar. Məlumat verilmişdir ki, XV əsrin əvvəllərində inşa olunmuş tarixi abidənin tikililəri İçərişəhərin təpələrindən birinin ən hündür nöqtəsində yerləşir. O, Xəzər dənizindən və şəhərin ətrafındakı yüksəkliklərdən aydın görünür. Kompleks bugünədək öz tarixi-memarlıq üstünlüyünü saxlamaqdadır.

Daha sonra nümayəndə heyəti Kiçik karvansaradakı Azərbaycan təsviri və dekorativ-tətbiqi sənət mərkəzində - "İncəsənət bağı"ndakı sənət nümunələrini seyr etmişdir.

Radovan Zerjav "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun fəxri qonaqlar kitabına ürək sözlərini yazmışdır.

 

 

Azərbaycan .- 2012.- 20 sentyabr- S. 5.