«Mən sülh
elçisiyəm» mövzusunda rəsm sərgisi
açılmışdır
Azərbaycan
Respublikasının İnsan
Hüquqları üzrə Müvəkkili (Ombudsman)
Aparatının təşəbbüsü ilə ölkəmizdə
elan edilmiş "Sülh aylığı" çərçivəsində
sentyabrın 21-də Tofiq İsmayılov
adına "Uşaq dünyası" rəsm
qalereyasında "Mən sülh
elçisiyəm" mövzusunda rəsm
sərgisi açılmışdır.
AzərTAc xəbər
verir ki, Beynəlxalq Sülh Gününə həsr olunmuş sərginin açılış mərasimində
dövlət qurumlarının, beynəlxalq və
qeyri-hökumət təşkilatlarının nümayəndələri
iştirak etmişlər.
"Mən sülh elçisiyəm" rəsm sərgisi
ilə ölkəmizdə avqustun 21-dən
sentyabrın 21-dək davam edən,
artıq ənənə halını almış "Sülh aylığı"na yekun
vurulmuşdur.
Sərginin
açılışını bildirən rəmzi lenti kəsən Azərbaycan
Respublikasının insan hüquqları
üzrə müvəkkili Elmira Süleymanova sülhün
bəşəriyyət üçün ən
vacib və qiymətli məfhum olduğunu vurğulamışdır. E.Süleymanova Beynəlxalq Sülh
Günü münasibətilə tədbir
iştirakçılarını təbrik etmiş,
ənənə halını almış tarixi
günün əhəmiyyətindən
danışmışdır.
Ombudsman bildirmişdir ki,
torpaqlarının 20 faizi işğal
olunmuş, bir milyondan artıq qaçqın və məcburi
köçkününün üçdəbirini
uşaqlar və gənclər təşkil
edən, 100 minlərlə insanı çadırlarda dünyaya göz
açmış ölkəmizdə sülh
mövzusu xüsusilə aktualdır. Bu təəssüfedici
məqamlara baxmayaraq, biz
bütün hallarda sülh və əmin-amanlıq tərəfdarıyıq
və ümid edirik ki, tezliklə belə əlamətdar günləri
azad edilmiş
torpaqlarımızda qeyd edəcəyik.
UNICEF-in Azərbaycandakı nümayəndəsi
Mark Hervord sülhün bəşəriyyət üçün önəmli olduğunu
vurğulamışdır.
M.Hervord qeyd etmişdir ki, uşaqlar və sülh bir-biri ilə sıx bağlı olan mövzulardır. Uşaqlar
ürəklərində sülhməramlıdırlar və bununla da bəşəriyyəti
sabit gələcəyə aparırlar. Sərgidə
nümayiş olunan sülh mövzusundakı əsərlərə
baxdıqca belə bir nəticəyə gəlirik
ki, gələcəkdə dünyada
sülh bərqərar olacaqdır.
Sərgidə nümayiş etdirilən əsərlər
arasında "Sülh", "Ailə
səadəti", "Sülhün
carçısı olan göyərçinlər"
və s. mövzulardakı əl işləri
diqqəti daha çox
cəlb edir.
Sərgiyə baxışdan sonra "Mən
sülh elçisiyəm" uşaq rəsm müsabiqəsinin
iştirakçılarına və qaliblərə
ombudsmanın sertifikatları və hədiyyələr təqdim
edilmişdir.
Azərbaycan.-2012.-
22 sentyabr.- S. 5.