Xaricdən gələn
jurnalistlər Azərbaycana heyranlıqlarını gizlətmədilər
"Neft, qaz və media"
mövzusunda keçirilən
beynəlxalq konfransda vurğulandı ki, hər bir vətəndaşımız
neft gəlirlərinin sahibidir
Azərbaycan
nəinki Cənubi Qafqazın və Xəzər hövzəsinin,
bütövlükdə neft sənayesinin dünyada ilk
flaqmanlarından biridir. 160 ildən artıq tarixə malik Azərbaycanın
neft-qaz sənayesi indi ən müasir innovativ, modern,
çevik, beynəlxalq səviyyəli sənaye kompleksinə
çevrilib. 1994-cü il sentyabrın 20-də dünyanın
tanınmış neft şirkətləri ilə Xəzər
dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri",
"Çıraq" yataqlarının və "Günəşli"
yatağının dərinsulu hissəsinin birgə işlənilməsi
və hasilatın pay bölgüsü haqqında Sazişin
imzalanması ilə ölkəmizin müasir tarixində
dönüşün əsası, gələcək
inkişafın etibarlı təməli qoyuldu. Bu saziş həm
karbohidrogen ehtiyatlarının miqdarına, həm də təməli
qoyulan sərmayələrin həcminə görə
dünyada bağlanan ən iri sənədlər
siyahısına daxildir. Neft sənayesinin inkişafı ilə
bərabər Azərbaycanda neft və qaz sənayesi üzrə
ixtisaslaşmış qəzetlər, jurnallar nəşr
olunmağa, radio və televiziya proqramları hazırlanmağa
başladı. Ötən illər ərzində neft sənayesində
olduğu kimi, bu sahədə mətbuatımız da nəzərəçarpacaq
dərəcədə inkişaf etdi. Sentyabrın 18-də
"Neft, qaz və media" mövzusunda beynəlxalq
konfransın Bakıda keçirilməsi bu baxımdan yerinə
düşdü. Dünyanın müxtəlif ölkələrindən
gələn ixtisaslaşmış neft yazarları, alim və
mütəxəssisləri ölkəmizin neft-qaz sənayesi
sahəsində gördüyü işləri,
qazandığı uğurları öz gözləri ilə
görüb, mövzu ətrafında geniş fikir mübadiləsi
apardılar, enerji tərəfdaşları arasında əlaqələri
inkişaf etdirməkdən, enerji istehsalçısı olan
dövlətlərin birgə səyi ilə mütərəqqi
medianın inkişafını asanlaşdırmaqdan
danışdılar.
Konfransda ABŞ, Böyük Britaniya,
Almaniya, Avstriya, İtaliya, İsveçrə, Rusiya, Türkiyə,
Gürcüstan, Nigeriya və Cənubi Afrika ölkələrindən
200-ə qədər neft mütəxəssisi, alimi və media
nümayəndəsi iştirak edirdi. Şübhə yoxdur ki,
bu cür tədbirlər Azərbaycanla bağlı həqiqətlərin
dünyada təbliğinə, həmçinin ölkəmizin
Qərblə möhkəm iqtisadi və siyasi əlaqələrinin
genişlənməsinə təkan verəcək. Keçirilən
görüşlər bu fikirləri təsdiqləyir.
Çünki müzakirələrin mövzusu əsasən
ölkəmizdə gedən iqtisadi proseslər, Avropanın
enerji təhlükəsizliyinin təminatında Azərbaycanın
rolu, enerji, nəqliyyat, səhiyyə, turizm, informasiya və
kommunikasiya texnologiyaları, gömrük və digər sahələrdə
əməkdaşlıq məsələləri idi.
Vurğulandı ki, Azərbaycanın qaz ehtiyatı qiymətləndirildiyindən
daha çoxdur. Bu isə Azərbaycana Avropanın enerji təhlükəsizliyində
daha üstün mövqeyə malik olmağa və qaz
satışından əldə edəcəyi gəlirləri
maksimum həddə çatdırmağa imkan verəcək.
Neft xalqındır və hər bir vətəndaşın
rifahında öz ifadəsini tapmalıdır. Bu fikirlər
konfransda bir neçə dəfə səsləndi və
diskussiyaların əsas mövzusu da neftlə zəngin ölkələrin
inkişaf səviyyəsi, vətəndaşlarının
rifah halının hansı səviyyədə olması
müzakirəyə çevrilirdi. Uqandadan gələn
jurnalist Con Nem ölkəsinin neft diyarı olduğunu, lakin
yoxsulluq içində yaşadıqlarını
vurğuladı. O, Bakının gözəlliyinə
heyranlığını gizlətmədi: "Şəhər
o qədər gözəldir ki, heyran qalmışam. Hiss olunur
ki, insanlar mənən də, maddi cəhətdən də zəngindirlər.
Konfransda edilən çıxışlardan bəlli oldu ki,
ölkənizin bu qədər inkişaf etməsində neft
amilinin mühüm rolu olub". Con Nem bildirdi ki, ölkəsində
neftin istehsalına, satışına və ondan gələn
gəlirin hara xərclənməsinə nəzarət yoxdur.
Ona görə də Uqandada yoxsulluq günü-gündən
artır. Kəşf olunan hər neft yatağına ümidlə
baxır, problemlərin həll olunacağını gözləyirik.
Lakin heç nə dəyişmir. Təhsil, səhiyyə və
başqa sahələrdə islahatlar aparılmır. Neft
ayrı-ayrı şirkətlərin və varlı
insanlarındır, onun xalqa heç bir xeyri yoxdur.
Bu cür problemlər konfransın
gedişində o qədər səsləndi ki, ikinci iş
günü "Mənim ölkəm neftlə zəngindir, mən
niyə kasıbam" adlı sessiya ilə başladı. Bu
mövzuda çıxış edənlər diqqəti neftlə
zəngin, yalnız insanları kasıb yaşayan ölkələrin
ağır durumundan danışdılar. Vurğulandı ki,
neft hasil olunan ölkələrdə güclü təhsil, səhiyyə
islahatları aparılmalı, mədəniyyətin
inkişafına, xüsusən də insanların rifah
halının yüksəlməsinə xidmət edən layihələr
həyata keçirilməlidir. Təəssüf ki, bu bir
çox neftlə zəngin ölkələrdə belə
deyil. ABŞ-ın "Forbes" jurnalının reportyoru
Kaşmir Hillin moderatorluğu ilə "Neft kompaniyaları tərəfindən
sosial medianın ictimai fikirlə mübarizədə istifadəsi"
adlı sessiyada məruzə edən Zara Rahman da bu məsələyə
münasibət bildirdi. Bundan sonra geniş diskussiya
keçirildi. Bu cür ölkələrdən gəlmiş
neft mütəxəssisləri və jurnalistləri də
ölkələrindəki arzuolunmaz durumdan
danışdılar. Ölkələrində bol neft hasil
olduğu halda insanların ağır xəstəliklərdən
qurtulması üçün heç bir tibbi islahatlar
aparılmır, təhsil çox aşağı səviyyədədir,
demokratik islahatlar aparılmır, insanın insan hüququ
tanınmır.
Toplantı iştirakçılarına
çatdırıldı ki, Azərbaycanın neftdən əldə
olunan vəsaitin toplandığı Dövlət Neft Fonduna həm
vətəndaş cəmiyyəti, həm də beynəlxalq
audit şirkətləri tərəfindən nəzarət
olunur. Onun fəaliyyəti və hesabatları ilə sayt vasitəsilə
də tanış olmaq mümkündür. Ayrıca jurnalistlərin
bu sahədə daha geniş bilgilərə malik olmaları
üçün ölkəmizdə bütün imkanlar
yaradılıb. Konfrans iştirakçılarının nəzərinə
çatdırıldı ki, Xəzər dənizində neft
axtarışları hər zaman xarici neft şirkətləri
ilə birlikdə aparılmış, kəşfiyyat, qazma,
tikinti və hasilat üzrə mühüm işlərin həyata
keçirilməsində də onların köməyindən
istifadə olunmuşdur. Yəni Azərbaycan neft hasilatında
gördüyü bu qədər mühüm işləri beynəlxalq
şirkətlərlə, xarici iş adamlarıyla birgə əməkdaşlıq
şəraitində həyata keçirmişdir. Məsələn,
2011-ci ildə Fransanın "Total" və "GdF"
şirkətləri ilə əməkdaşlıq şəraitində
Xəzərin Azərbaycan sektorunda "Abşeron"
yatağı kəşf olundu.Yaxın vaxtlarda Almaniyanın
RWE şirkəti ilə "Naxçıvan", BP şirkəti
ilə "Şəfəq-Asiman" perspektiv
strukturlarında kəşfiyyat işlərinə
başlanılacaq. Azərbaycan ilə Türkiyə
arasında TANAP-Transanadolu qaz kəmərinin inşasına
dair ikitərəfli sənədlərin imzalanması bu
baxımdan mühüm addımdır. "Cənub enerji dəhlizi"
layihəsinin əsasını təşkil edən TANAP
Türkiyə və Avropa istehlakçılarını Azərbaycan
qazı ilə təchiz etmək məqsədi
daşıyır.
Konfrans iştirakçıları Dənizkənarı
Milli Parkda "Neftçilər Günü" peşə
bayramı münasibətilə təşkil olunmuş sərgiyə
baxarkən Azərbaycanın sürətlə
inkişafına, paytaxtımızın gözəlliyinə
heyranlıqlarını ifadə etdilər.
Rəsmiyyə RZALI
Azərbaycan.-2012.-
22 sentyabr.- S. 5.