Naxçıvanda Məmməd
Səid Ordubadinin 140 illiyi
ilə bağlı
elmi konfrans keçirilib
Azərbaycan Respublikası Prezidenti "Məmməd Səid Ordubadinin 140 illik yubileyinin keçirilməsi haqqında" 10 aprel
2012-ci il tarixdə sərəncam
imzalayıb. Həmin sərəncamda deyilir:
"2012-ci ildə görkəmli Azərbaycan
yazıçısı, şair, dramaturq, publisist və ictimai xadim Məmməd Səid
Ordubadinin anadan
olmasının 140 ili tamam
olur.
Məmməd
Səid Ordubadi Azərbaycan ədəbiyyatında
tarixi roman
janrının banisidir. Çoxşaxəli
ədəbi fəaliyyət göstərən və bir çox məşhur
operaların librettosunun müəllifi olan sənətkar həmçinin dövrün mühüm ictimai-siyasi hadisələrini zəngin faktlar, sənədlər əsasında dolğun
əks etdirən əsərləri ilə tanınır".
Bu şəxsiyyətin ədəbi-bədii irsini, ictimai fəaliyyətini,
publisistik görüşlərini bir daha nəzərə
çatdırmaq məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinn
Sədri tərəfindən təsdiq olunmuş
tədbirlər planına əsasən, Naxçıvan
Dövlət Universiteti, AMEA
Naxçıvan Bölməsi və Naxçıvan Muxtar
Respublikası Yazıçılar Birliyinin
birgə təşkilatçılığı ilə "Məmməd
Səid Ordubadi Azərbaycan tarixi roman məktəbinin
banisi kimi" adlı
elmi konfrans keçirilib.
AMEA
Naxçıvan Bölməsində keçirilən
konfransı giriş sözü
ilə açan bölmənin sədri, Milli Məclisin deputatı, akademik
İsmayıl Hacıyev ölkə
başçısının ədəbiyyata, mədəniyyətə
göstərdiyi diqqət və qayğıdan
danışıb.
İ.Hacıyev M.S.Ordubadinin 140 illik yubileyinin keçirilməsi
haqqında olan sərəncamın da bu qayğının
davamı olduğunu qeyd
edib.
Naxçıvan
Dövlət Universitetinin rektoru,
akademik, Milli Məclisin
deputatı İsa Həbibbəyli "Azərbaycanda
tarixi roman məktəbinin
banisi" mövzusunda
geniş və məzmunlu
çıxış edib. İ.Həbibbəyli M.S.Ordubadi irsinin çoxşaxəli
yaradıcılıq diapazonuna malik olduğunu bildirib və əlavə edib
ki, ədibin indiyədək nəşr olunan səkkiz cildliyindən başqa
son illərdə arxivlərdən əldə
edilmiş zəngin əlyazmalar
hesabına daha səkkiz cildini
də nəşr etmək olar. Belə
ki, bu tapıntılar
içərisində felyetonlar, dram əsərləri, romanlar
vardır.
Ölkə
başçısının imzaladığı sərəncamın
Ordubadişünaslığın tədqiqi sahəsində yeni mərhələnin
başlanğıcı kimi də əhəmiyyətli
olduğunu qeyd edən
akademik İsa Həbibbəyli
bunun üçün
gənc tədqiqatçıların Ordubadi
irsinin araşdırılmasına yönəldilməsinin
vacibliyinə diqqət
çəkib.
Elmi konfransda Naxçıvan Muxtar
Respublikası Yazıçılar Birliyinin sədri, şair
Asim Yadigar "M.S.Ordubadinin şeir
yaradıcılığı", AMEA Naxçıvan
Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat
İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz
Amanoğlu "M.S.Ordubadi yaradıcılığında ədəbi
dil məsələsi", həmin institutun əməkdaşları,
filologiya üzrə fələsəfə doktoru Ramiz
Qasımov "M.S.Ordubadinin həyat və
yaradıcılığı", filologiya üzrə fələsəfə
doktoru Rafiq Babayev "M.S.Ordubadi və Azərbaycan
romançılıq ənənəsi", elmi işçi
Əli Həşimov "M.S.Ordubadinin publisistik fəaliyyəti",
sənətşünaslıq üzrə fəlsəfə
doktoru Ələkbər Qasımov isə "M.S.Ordubadinin əsərləri
Naxçıvan səhnəsində" mövzularında məruzə
ilə çıxış
ediblər.
Elxan MƏMMƏDOV
Azərbaycan.-2012.-
22 sentyabr.- S.6.