Biz xarici siyasətdə, iqtisadi
və texnologiyalar sahəsində hadisələri
qabaqlamalıyıq
Bu, dövlət
başçısının qarşıya qoyduğu
mühüm vəzifədir
Hər il
ölkəmizlə sıx münasibətlər qurmaq istəyən
dövlətlərin sayı artmaqdadır. Səbəb Azərbaycanın
xarici diplomatiyasının fəallığı və
dünyada nüfuzunun durmadan artmasıdır. Dövlətimizin
ölçülüb-biçilmiş və milli mənafelərin
qorunmasına xidmət edən xarici siyasət kursunun işlənib
hazırlanması və reallaşdırılması istiqamətlərini
ulu öndər Heydər Əliyev müəyyən edib. Bu
gün bu sahədə, həm də digər sahələrdə
müəyyən edilmiş strateji xətt uğurla icra edilir.
Azərbaycan xarici siyasətini hər bir ölkə ilə bərabərhüquqlu
və xoşniyyətlər əsasında
formalaşdırır. Bu, dostcasına, qarşılıqlı,
hörmət və əməkdaşlıq şəraitində
baş tutur.
Azərbaycanın xarici siyasətindən
söz düşərkən beynəlxalq analitiklər
iqtisadiyyatı, xüsusilə də, neft amilini ölkəmizin
dünyaya açılan pəncərəsi kimi qiymətləndirirlər.
Əlbəttə, neft və qaz kəmərlərinin, digər
müvafiq infrastrukturun tikintisi də daxil olmaqla Azərbaycanın
neft sektorunun inkişafı ölkəmizin xarici siyasətinin
formalaşdırılmasında böyük rolu olub. Regional və
qlobal əməkdaşlıq üçün böyük
imkanlar yaranıb. Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan neft kəmərləri
və Cənubi Qafqaz qaz kəməri kimi regional infrastruktur
layihələrin uğurla həyata keçirilməsi ilə
nəticələnən beynəlxalq əməkdaşlıq
Cənubi Qafqaz regionunun əhəmiyyətini
artırmış, qlobal enerji təhlükəsizliyinə
töhfə vermiş, Avropa üçün yeni həyati əhəmiyyətli
enerji mənbələrinin əsası qoyulmuşdur. Azərbaycanın
karbohidrogen ehtiyatları strateji coğrafi mövqedə yerləşməsi
ilə birlikdə ölkəmizi, əhəmiyyətli enerji mənbəyinə
və beynəlxalq əhəmiyyətli enerji təchizatı
sisteminin vacib tərkib hissəsinə çevirmişdir. Bu
gün Azərbaycan dünyaya sübut edir ki, gələcəyini
özü müəyyən edir. Bölgədə onun
iştirakı və razılığı olmadan heç bir
qlobal layihə rellaşa bilməz. Azərbaycan dünyanın
mədəniyyət paytaxtına çevrilib. Ən mötəbər
qlobal mədəni tədbirlər bu ölkədə və
onun bölgələrində reallaşdırılır.
Çünki mədəniyyət insanları daha da
yaxınlaşdırır, onları xeyirxah düşünməyə
və davranmağa vadar edir.
Bu gün Azərbaycanın uğurlu
xarici siyasətinin real konturları özünü xarici
diplomatik korpuslarımızın fəaliyyətində
göstərməkdədir.
Xarici İşlər Nazirliyinin Diplomatik
Akademiyasının yeni açılmış kompleksində
keçirilmiş Azərbaycanın diplomatik xidmət
orqanları rəhbərlərinin dördüncü geniş
müşavirəsində bu məsələlər müzakirə
olunub. Müşavirədə çıxış edən
Prezident İlham Əliyev Azərbaycanın çevik, sürətlə
inkişaf edən xarici siyasətindən bəhs etdi.
Zərurətdəndir ki, son illər
xarici ölkələrdə səfirliklərimizin, diplomatik
nümayəndəliklərimizin sayı durmadan artır. Bu da
dövlətimizin dünyada mövqeyinin genişlənməsi
və söz sahibi olmasının nişanəsidir. Dövlət
başçısı çıxışına yenə də
ağrılı problemimiz olan Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsindən
başladı: "Bu bizim nəinki xarici siyasətdə,
ümumiyyətlə, ölkəmizin qarşısında duran
ən mühüm məsələdir. Məsələ uzun
illərdir ki, öz həllini tapmır, beynəlxalq hüquq
normaları pozulur, ədalətsizlik davam edir. Səfirliklərin
bu istiqamətdə fəaliyyəti məqsədyönlüdür.
Dünyadakı dostlarımızın, dost ölkələrin
sayı artmaqdadır. Beynəlxalq təşkilatlarda
Dağlıq Qarabağ məsələsinə dair ədalətli,
yəni, maraqlarımızı təmin edən qətnamələr
kifayət qədər qəbul edilmişdir. BMT Təhlükəsizlik
Şurasının dörd qətnaməsi, ATƏT-in qərarları,
digər beynəlxalq təşkilatların-İslam Əməkdaşlıq
Təşkilatının, Avropa Parlamentinin, Avropa
Şurasının, Qoşulmama Hərəkatının qətnamələri,
NATO-nun qərarları, yəni, hüquqi baza kifayət qədər
genişdir, möhkəmdir və sarsılmazdır.
Münaqişənin həlli üçün ilk növbədə
hüquqi baza möhkəm olmalıdır. Bu məsələ
ilə bağlı Ermənistanın mövqeləri çox
zəifdir. Bizim mövqelərimiz isə çox
güclüdür".
Ermənistan ilə Azərbaycan
arasında hər sahədə fərq getdikcə artır.
İqtisadiyyatımız heç müqayisəyə gəlməz.
Hərbi xərclərimiz Ermənistanın bütün
büdcəsindən iki dəfə artıqdır. Xarici
yardımlar, ianələr olmasa, Ermənistanın
iqtisadiyyatı çökər. Demoqrafik vəziyyət də
acınacaqlıdır. Lakin bu terrorçu dövlət
qonşusuna qarşı torpaq iddiasından əl çəkmir.
Azərbaycan isə məsələnin qan tökülmədən,
sülh şəraitində həll olunmasının tərəfdarıdır.
Lakin bir yerə qədər. Ölkə rəhbəri bu fikri
çıxışında xüsusilə vurğuladı:
"Biz torpaqlarımızı geri istəyirik. Nəyin
bahasına olursa-olsun, sülh olsun yanaşmasını biz qəbul
etmirik. Yəni məsələnin dondurulması mümkün
deyildir. Ermənistan təbii, istəyir ki, məsələ
dondurulsun, status-kvo pozulmasın, danışıqlar
aparılsın, necə deyərlər, heç bir nəticə
əldə edilməsin. Ermənistanın riyakar mövqeyi,
yalançı vədləri imkan vermədi ki, biz
razılaşmaya nail olaq. Yəni, bizim üçün sirr
deyildir, Ermənistan çalışır ki, məsələni
dondursun, nə qədər mümkünsə məsələni
uzatsın. Mən dəfələrlə bizim tərəfdaşlara
bu barədə fikirlərimi demişəm. Biz də sülh
istəyirik, amma bir daha demək istəyirəm ki, ilk növbədə,
vətəndaşlarımız işğal edilmiş
torpaqlara qayıtmalıdır..."
Prezident xarici siyasətlə
bağlı digər mühüm vəzifə kimi Xocalı
soyqırımının dünyada tanıdılması
istiqamətində işləri davam etdirməyi
tapşırdı. "Çalışmalıyıq ki,
Xocalı soyqırımı müxtəlif səviyyələrdə
tanınsın" - deyən dövlət
başçısı bildirdi
ki, vaxt gələcək Xocalı soyqırımını törədənlər
qanun qarşısında cavab verəcəklər.
Qeyd olunduğu kimi, xarici əlaqələrin
genişlənməsində dostluq münasibətləri,
qarşılıqlı anlaşma və iqtisadi
mövzuların önə çəkilməsi çox
vacibdir. Azərbaycan özünün investisiya siyasətində
dəyişikliklər edir, yeni ünvanlarda sərmayə
yatırır. İqtisadi böhrana görə son illər
dünyada Azərbaycanın investisiyalarına, maliyyə
resurslarına böyük ehtiyac yaranıb. Dövlət
başçısı diplomatik xidmət orqanlarının
işçilərinə xüsusilə tövsiyə etdi ki,
səfirlər bu sahədə daha fəal olmalıdırlar.
Çünki inkişaf etmiş ölkələr daim öz
şirkətlərinə başqa ölkələrdə
yaxşı vəziyyətin yaradılması
üçün səylər göstərirlər ki, burada da
səfirlərin rolu danılmazdır. Diaspor təşkilatlarının
dünyada daha da genişlənməsinin vacibliyindən
danışan ölkə rəhbəri bildirdi ki, bizim
üçün diaspor təşkilatlarının fəaliyyəti,
xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ məsələsi ilə bağlı çox
önəmlidir. Bu istiqamət daim diqqət mərkəzində
olmalıdır: "Media ilə əlaqələr daha fəal
qurulmalıdır. Çünki hələ ki, erməni
lobbisinin təhriki ilə hərdən-bir Azərbaycana
qarşı əsassız ittihamlar səslənir. Biz bilirik,
bu haradan qaynaqlanır. Əlbəttə, bu cür çirkin
yazıların birinci mənbəyi erməni lobbisidir.
Çünki erməni lobbisi, dünya erməniliyi Azərbaycanı
bir nömrəli hədəf seçibdir. Yəni bu
reallıqdır, bu belədir. Çünki başa
düşürlər ki, onlar üçün bir nömrəli
təhlükə məhz Azərbaycandır".
Azərbaycan Prezidenti hər bir sahədə
olduğu kimi, xarici siyasətdə də ləngliyi
inkişafı durduran amil kimi səciyyələndirdi:
"Çünki həllini gözləyən məsələlər
çoxdur. Dünya dinamik şəkildə inkişaf edir və
hətta bir ay, bir həftə də gözləmək olmaz.
Biz xarici siyasətdə, iqtisadi sahədə, texnologiyalar sahəsində
hadisələri qabaqlamalıyıq. Bax, bu gözəl
Diplomatik Akademiyanın üstünlüklərindən biri də
odur ki, burada ən müasir texnologiyalar tətbiq olunur. Gənclərimiz
bu texnologiyalar əsasında təhsil alacaqlar. Yəni yeni
texnologiyalar, kosmik sənayenin inkişafı. Bəzilərinə
təəccüblü gəlir ki, Azərbaycan kimi ölkədə
kosmik sənaye necə ola bilər? Niyə də olmasın?
Bizim istedadlı kadrlarımız, maliyyə
resurslarımız və gələcəyə
baxışımız vardır. Ona görə də bir
addım da yavaşımayacağıq..."
Bu cəsarətli
çıxışlardan göründüyü kimi, Azərbaycan
Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata
keçirilən və əsası Heydər Əliyev tərəfindən
qoyulmuş Azərbaycanın xarici siyasəti dünya ictimaiyyətinin
bütün xoşməramlı üzvlərilə
qarşılıqlı faydalı münasibətlərin hərtərəfli
inkişaf kursuna möhkəm sadiqliyini nümayiş etdirməkdədir.
Bu siyasət Azərbaycanın çiçəklənməsinə,
milli maraqlarının qorunmasına, dünyada bəlli bir məqama
sahib olmasına və ən əsası, vətəndaşlarının
rifah içində yaşamasına istiqamətlənib.
Kompleks və çoxşaxəli xarakter daşıyan bu
proses çərçivəsində aparılan diplomatik fəaliyyət
bir neçə əsas istiqamətdən ibarətdir.
Bütövlükdə isə onlar Azərbaycanın xarici
siyasətini təşkil edirlər.
Rəsmiyyə
RZALI
Azərbaycan.-2012.-
23 sentyabr.- S. 2.