«Cahan Holdinq» Kommersiya Şirkətlər
İttifaqının yeni soyuducu anbar kompleksi, qənd
istehsalı və şəkər tozu paketləmə sahəsi
istifadəyə verilmişdir
Sentyabrın
20-də Naxçıvanda "Cahan Holdinq" Kommersiya
Şirkətlər İttifaqı tərəfindən
yaradılan yeni soyuducu anbar kompleksinin, qənd istehsalı və
şəkər tozu paketləmə sahəsinin
açılışı olmuşdur.
Açılış mərasimində
iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
Sədri Vasif Talıbov yeni istehsal və xidmət sahələrinin
istifadəyə verilməsi münasibətilə kollektivi təbrik
etmişdir. "Özəl bölmənin inkişafına
göstərilən dövlət dəstəyi, kənd təsərrüfatının
sürətli inkişafı, yeni istehsal sahələrinin
istifadəyə verilməsi ölkəmizdə ərzaq təhlükəsizliyinin
təmin olunmasına əlverişli şərait
yaratmışdır", - deyən Ali Məclisin Sədri
artıq muxtar respublikada da ərzaq təhlükəsizliyinin
tam təmin olunduğunu, yeni istehsal və xidmət sahələrinin
yaradıldığını diqqətə
çatdırmışdır. Bildirilmişdir ki, əlverişli
biznes və investisiya mühiti, sahibkarlığa göstərilən
dövlət qayğısı nəticəsində bu gün
muxtar respublika əhalisinin kənd təsərrüfatı və
ərzaq məhsullarına olan tələbatının xeyli
hissəsi yerli istehsal hesabına ödənilir. Yerli
istehsalın genişləndirilməsi və əhalinin ekoloji
təmiz məhsullarla təminatında mövsüm ərzində
istehlakdan artıq istehsal olunmuş kənd təsərrüfatı
və ərzaq məhsullarının soyuducu anbarlara tədarükü
də mühüm rol oynayır. İstifadəyə verilən
yeni anbar kompleksi qış aylarında bazara yerli istehsal məhsullarının
çıxarılması baxımından əhəmiyyətlidir.
Ali Məclisin Sədri demişdir ki,
sahibkarlığın inkişafı yeni müəssisələrin
yaradılması, həm də yeni iş yerlərinin
açılmasına, əhalinin məşğulluğunun təmin
olunmasına şərait yaratmış, işsizlik problemi
aradan qaldırılmışdır. Bu gün ölkəmizdə
fəal əhalinin 95 faizindən çoxu işlə təmin
olunmuşdur.
Açılışı bildirən
lent kəsildikdən sonra anbar kompleksinə baxış
olmuşdur.
Görülən işləri yüksək
qiymətləndirən Vasif Talıbov muxtar respublikada daxili
bazarın qorunmasına, yeni istehsal müəssisələrinin
yaradılmasına gələcəkdə də xüsusi əhəmiyyət
veriləcəyini qeyd etmiş, sahibkarlara bundan sonra da
lazımi dövlət dəstəyi göstəriləcəyini
bildirmişdir.
Azərbaycan.-2012.-
23 sentyabr.- S. 2.