«Dizayn Holdinq» Kommersiya Şirkətlər İttifaqının yeni istehsal sahələri fəaliyyətə başlamışdır

 

 Naxçıvan şəhərində "Dizayn Holdinq" Kommersiya Şirkətlər İttifaqının penoplast məmulatlar, zərbəyədavamlı və dekorativ şüşə istehsalı sahələri istifadəyə verilmişdir.

AzərTAc xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə çıxış edən Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişaf naziri Famil Seyidov bildirmişdir ki, təkcə 2012-ci ilin ötən dövründə Sahibkarlığa Kömək Fondunun vəsaiti hesabına 44 layihənin maliyyələşdirilməsinə 9 milyon 805 min manat həcmində dövlət maliyyə dəstəyi göstərilmiş, 16 istehsal və xidmət sahəsi istifadəyə verilmişdir. Həyata keçirilən bu tədbirlər yerli xammala əsaslanan istehsal sahələrinin yaradılmasında, daxili bazarın qorunmasında, idxaldan asılılığın azaldılmasında, keyfiyyətli və ixracyönümlü məhsul istehsalına nail olunmasında mühüm əhəmiyyətə malikdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yeni istehsal sahələrinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir: "Bu gün ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi islahatlar, yaradılan əlverişli biznes və investisiya mühiti sahibkarlığın inkişafını sürətləndirmiş, yeni istehsal sahələrinin fəaliyyətə başlamasına stimul vermişdir. Qəbul edilən dövlət proqramları, özəl sektorun inkişafına göstərilən hərtərəfli dövlət dəstəyi ölkəmizin iqtisadiyyatının daha da inkişaf etməsinə, sahibkarlar təbəqəsinin formalaşmasına, insanların sosial rifah halının yaxşılaşdırılmasına səbəb olmuşdur".

Muxtar respublikada sahibkarlığın inkişafı istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyini bildirən Ali Məclisin Sədri demişdir ki, sahibkarlığa göstərilən dövlət dəstəyinin nəticəsində yeni yaradılan istehsal və xidmət sahələrinin fəaliyyəti genişləndirilir. Bu gün istifadəyə verilən yeni istehsal sahələri də muxtar respublikada sahibkarlığın inkişafına göstərilən dövlət qayğısının daha bir nümunəsidir. Bu müəssisələrin yaradılmasına 3 milyon manatdan artıq kredit ayrılmışdır.

Ali Məclisin Sədri demişdir: "İstifadəyə verilən hər bir istehsal sahəsi idxaldan asılılığın qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır. Muxtar respublikada yerli müəssisələrin istehsal etdikləri məhsulların daxili bazarda qorunması və satışının təşkili diqqət mərkəzində saxlanılır, bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir. Yeni istehsal sahələrinin yaradılması ilə penoplast, zərbəyədavamlı və dekorativ şüşə məmulatlarına olan tələbat yerli istehsal hesabına ödəniləcək, idxaldan asılılıq və əlavə idxal xərcləri aradan qaldırılacaqdır. Bütün bunlar isə ölkəmizdə, eləcə də muxtar respublikamızda dövlət-sahibkarlıq münasibətlərinin uğurlu inkişafının daha bir göstəricisidir".

Ali Məclisin Sədri muxtar respublikada sahibkarlığın inkişafına və yeni istehsal sahələrinin yaradılmasına bundan sonra da hərtərəfli dövlət dəstəyinin göstəriləcəyini bildirmiş, idarəetmə düyməsini basaraq penoplast məmulatları istehsalı sahəsini işə salmışdır.

Məlumat verilmişdir ki, 8 saatda 300 kubmetr penoplast lövhə istehsal etmək gücünə malik olan müəssisədə izolyasiya məmulatları, dekorativ üzlüklər, pəncərə kənarları, dekorativ sütunlar və tikinti sənayesi üçün digər məmulatlar da istehsal olunur. İstehsal xəttində ən müasir texnoloji avadanlıqlar quraşdırılmışdır.

Penoplast məmulatların istehsal sahəsinə baxışdan sonra Ali Məclisin Sədri zərbəyədavamlı və dekorativ şüşə istehsalı sahəsini işə salmış, istehsal prosesini izləmişdir.

Məlumat verilmişdir ki, zərbəyədavamlı və dekorativ şüşə istehsalı sahəsinin yaradılmasına 2 milyon manat vəsait sərf olunmuşdur. Ümumi sahəsi 1400 kvadratmetr olan müəssisədə müxtəlif ölçülərdə zərbəyədavamlı və laminat şüşələr istehsal olunur, güzgü və şüşələrin üzərində dekorasiya işləri aparılır. İstehsal sahəsində 4 millimetrlik zərbəyədavamlı şüşə 5 dəqiqəyə, 19 millimetrlik zərbəyədavamlı şüşə isə 27 dəqiqəyə hazırlanır. Laminat şüşə iki və ya daha çox şüşənin polietilen materialdan istifadə etməklə yüksək temperatur və təzyiq vasitəsilə üst-üstə yapışdırılması ilə hazırlanır. Bu şüşələr sındığı zaman parçalanmır və təhlükəsiz hesab edilir.

Qeyd olunmuşdur ki, istehsal sahəsində quraşdırılan texnoloji avadanlıqlar Türkiyədən gətirilmişdir. Bu avadanlıqların səciyyəvi cəhətlərindən biri də iş prosesinə avtomatik nəzarət imkanının olmasıdır.

Yeni istehsal sahələrində 65 nəfər işlə təmin olunmuşdur.

 

 

Azərbaycan.-2012.- 23 sentyabr.- S. 2.