Mərakeşin «Əl-İslah
və ət-Tənmiyə» qəzetində Azərbaycan ilə
bağlı məqalə dərc edilmişdir
Mərakeşin
nüfuzlu "Əl-İslah və ət-Tənmiyə" qəzetinin
21 sentyabr tarixli nömrəsində "İki ölkə
arasında əməkdaşlığın perspektivləri
geniş və müxtəlifdir. Bu perspektivləri müdrik
siyasi iradə dəstəkləyir" sərlövhəli məqalə
dərc edilmişdir.
Azərbaycanın Mərakeşdəki səfirliyindən
AzərTAc-a bildirmişlər ki, yazıda İslam Əməkdaşlıq
Təşkilatına (İƏT) üzv ölkələrin
dövlət və hökumət
başçılarının 1994-cü ilin dekabrında
Kasablankada keçirilmiş zirvə toplantısı çərçivəsində
xalqımızın ümummilli lideri Heydər Əliyevin Mərakeşin
mərhum Kralı II Həsən ilə tarixi
görüşündən bəhs edilmişdir.
Vurğulanmışdır ki, qardaş ölkələr
arasındakı əlaqələrin hazırkı yüksək
səviyyəsi, Rabatda Azərbaycan səfirliyinin, Bakıda isə
Mərakeş səfirliyinin fəaliyyət göstərməsi
məhz həmin görüşün nəticəsidir. Ulu
öndər Heydər Əliyevin və Kral II Həsənin təməlini
qoyduqları ənənələr bu gün Prezident İlham Əliyev
və Kral VI Məhəmməd tərəfindən uğurla
davam etdirilir.
Məqalədə ölkələrimiz
arasındakı diplomatik əlaqələrin
qurulmasının 20-ci ildönümü ilə əlaqədar
Azərbaycanın Mərakeş Krallığındakı
müvəqqəti işlər vəkili İ.Əliyevin
müsahibəsi də öz əksini tapmışdır.
Müsahibəsində iki ölkə
arasında siyasi əlaqələrin yüksək səviyyəsini,
beynəlxalq təşkilatlar, xüsusilə BMT və
İslam Əməkdaşlıq Təşkilatı çərçivəsindəki
uğurlu əməkdaşlığı diqqətə
çatdıran müvəqqəti işlər vəkili Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı
məlumat vermişdir. Vurğulanmışdır ki,
münaqişə nəticəsində
torpaqlarımızın 20 faizi Ermənistan tərəfindən
işğal edilmiş, bir milyondan artıq vətəndaşımız
qaçqın və məcburi köçkün vəziyyətinə
düşmüşdür. İşğal olunmuş ərazilərdə
şəhər və kəndlər, məktəblər, məscidlər,
qəbirlər, tarixi abidələr vəhşicəsinə
dağıdılmış və
yandırılmışdır. BMT, İƏT kimi beynəlxalq
təşkilatların işğal altındakı
torpaqlarımızın azad olunmasını tələb edən
qətnamə və qərarlarına Ermənistan məhəl
qoymur. Azərbaycan rəhbərliyinin Dağlıq Qarabağ
münaqişəsinin həlli istiqamətində göstərdiyi
səylərdən danışan diplomat ölkəmizin
sülhsevər siyasət yeritdiyini, bütün münaqişələrin
və problemlərin beynəlxalq hüququn normaları əsasında,
dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə
hörmət prinsiplərinə uyğun həllinə tərəfdar
olduğunu diqqətə çatdırmışdır.
Yazıda respublikamızın, xüsusilə
son on ildə əldə etdiyi böyük iqtisadi nailiyyətlərdən,
o cümlədən "Bakı-Tbilisi-Ceyhan",
"Bakı-Tbilisi-Ərzurum", "Bakı-Tbilisi-Qars"
kimi nəhəng layihələrin əhəmiyyətindən
söz açılmışdır. Ölkəmizin ərzaq
təhlükəsizliyinin daxili ehtiyatlar hesabına təmin
edildiyi, 2003-2011-ci illərdə ümumi daxili məhsulun 14
faiz artdığı, Avropanın enerji təhlükəsizliyinin
təmin edilməsində mühüm rol oynadığı,
xarici valyuta ehtiyatlarının 14 dəfə artaraq 35 milyard
dollara çatdığı, hazırda Azərbaycanın qaz
ehtiyatlarının 2,5 trilyon kubmetr həcmində qiymətləndirildiyi,
2015-ci ildə neft hasilatının 50-55 milyon tona, qaz
istehsalının isə 30 milyard kubmetrə
çatacağı, ölkədə yoxsulluğun səviyyəsinin
2003-cü ildəki 49 faizdən hazırda 7 faizə endiyi qeyd
edilmişdir.
Vurğulanmışdır ki, Azərbaycan
və Mərakeş iki ölkə arasında iqtisadi əməkdaşlığın
siyasi əlaqələr səviyyəsinə yüksəldilməsində
maraqlıdırlar.
Azərbaycan.-2012.-
23 sentyabr.- S. 2.