Türkiyə-Azərbaycan əlaqələri
bölgədə sülhün, sabitliyin, təhlükəsizliyin
təmin edilməsi üçün sabitləşdirici rol
oynayır
Azərbaycan
və Türkiyə arasındakı münasibətlər
tarixi təməl üzərində sürətlə
inkişaf edərək müttəfiqlik zirvəsinə
yüksəlmişdir. İkitərəfli əlaqələrin
hazırkı səviyyəyə çatmasında ulu öndər
Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur
və bu danılmaz həqiqəti Türkiyə rəsmiləri
də hər zaman böyük ehtiramla vurğulayırlar. Ulu
öndər Heydər Əliyevin milli mənafeləri əsas
tutmaqla müəyyənləşdirdiyi uğurlu xarici siyasət
kursu Türkiyə-Azərbaycan strateji müttəfiqlik
münasibətlərini regionda mühüm geosiyasi təsir
vasitəsinə çevirmişdir.
Ulu öndərin xarici siyasət xəttinə
sadiq qalan Prezident İlham Əliyev son 9 illik fəaliyyəti
ilə ölkələrimiz arasında strateji müttəfiqlik
münasibətlərinin möhkəmlənməsini təmin
etmişdir. Məhz İlham Əliyevin prezidentliyi
dövründə Türkiyə üçün müstəsna
əhəmiyyəti olan Bakı-Tbilisi-Ceyhan neft kəməri,
Bakı-Tbilisi-Ərzurum, Türkiyə-Yunanıstan qaz kəmərləri
istifadəyə verilmiş, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin
inşasına başlanılmışdır. Ölkələrimiz
arasında əlaqələr sadəcə enerji sahəsində
əməkdaşlıqla məhdudlaşmayıb, digər sahələri
də əhatə edir. Türk iş adamlarının Azərbaycanda
bizneslə məşğul olmasına, qeyri-neft sektorunda
mühüm layihələr həyata keçirməsinə
bütün zəruri imkanlar yaradılmışdır.
Hazırda respublikamızda 230-dan artıq türk şirkəti
fəaliyyət göstərir, həmin şirkətlərdə
30 mindən artıq Azərbaycan vətəndaşı
çalışır. Ölkəmizdə fəaliyyət
göstərən türk iş adamlarının 1994-cü
ildə yaratdıqları Türkiyə Sənayeçi
İş Adamları Birliyi (TÜSİAB) ölkəmizin
iqtisadi həyatında fəal iştirak edir. Hazırda iki
ölkə arasında ticarət dövriyyəsi 3,5 milyard
dollara çatmışdır.
Hər iki müttəfiq ölkə
müxtəlif beynəlxalq təşkilatlarda, o cümlədən
BMT, Avropa Birliyi, ATƏT və Avropa Şurasında bir-birinə
lazımi dəstəyi verir. Rəsmi Ankara bütün beynəlxalq
toplantılarda ölkəmizin haqlı mövqeyini müdafiə
edərək Ermənistanın işğal etdiyi tarixi Azərbaycan
torpaqlarını dərhal və qeyd-şərtsiz azad etməsi
tələbini irəli sürür. 2005-ci ilin iyulundan
başlayaraq Azərbaycanla Türkiyə münasibətlərində
"ikinci nəfəs" açılmışdır. Azərbaycan
Prezidenti İlham Əliyev Şimali Kiprlə iqtisadi əlaqələrin
qurulmasına siyasi razılıq verməklə iki ölkə
arasındakı münasibətlərdə yeni mərhələnin
əsasını qoymuşdur. Bu, Türkiyə
üçün əsl hədiyyə, Kipr türkləri
üçün isə iqtisadi diplomatiya sahəsində
mühüm nailiyyət olmuşdur. Azərbaycan bir tərəfdən
BMT-nin Baş katibinin çağırışına
uyğun hərəkət edərək beynəlxalq hüquqa
sadiqliyini nümayiş etdirmiş, o biri tərəfdən
Türkiyə qarşısında qardaşlıq borcunu yerinə
yetirmişdir. Rəsmi Bakı bu məsələyə BMT
mövqeyindən yanaşmaqla münaqişənin həllində
də məhz BMT Təhlükəsizlik Şurasının qətnamələrinə
və beynəlxalq hüquqa istinad edilməsinin zəruriliyini
önə çəkmişdir. Bu, həm Şimali Kiprin, həm
də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həllində Azərbaycanın xeyrinə
olan məqam idi. Bütün bunların müqabilində
qardaş Türkiyə də regionda güvənməli həqiqi
müttəfiqinin məhz Azərbaycan olduğunu yaxşı
bilir.
Dövlət və hökumət
başçılarının qarşılıqlı səfərləri
mövcud əməkdaşlığın müxtəlif
müstəvilərdə inkişafına təkan
vermişdir. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın
bu günlərdə Azərbaycana işgüzar səfəri
də mühüm hadisələrlə yadda qaldı. Qəbələdə
Prezident İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb
Tayyib Ərdoğanın iştirakı ilə Yüksək Səviyyəli
Strateji Əməkdaşlıq Şurasının ikinci
iclası keçirildi. Təkbətək görüşdə
ölkələrimiz arasında siyasi, iqtisadi, ticarət, enerji,
nəqliyyat, hərbi-texniki sahədə əməkdaşlıq,
eləcə də Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin həlli və perspektivləri
barədə fikir mübadiləsi aparılıb.
Yüksək
Səviyyəli Strateji Əməkdaşlıq
Şurasının iclası başa
çatdıqdan sonra Prezident
İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə
Azərbaycan -Türkiyə sənədlərinin imzalanma mərasimi oldu. Bu sırada "Azərbaycan Respublikası və
Türkiyə Respublikası arasında Yüksək Səviyyəli
Strateji Əməkdaşlıq
Şurasının ikinci iclasının Protokolu", "Bakı Dövlət Universiteti və Yunus Əmrə
İnstitutu arasında "Türkologiya layihəsi" üzrə Əməkdaşlıq
Protokolu", "Azərbaycan Televiziya və Radio
Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti
və Türkiyə Radio-Televiziya Qurumu arasında Əməkdaşlıq Protokolu", "Azərbaycan
Respublikasının Nəqliyyat Nazirliyi və
Türkiyə Respublikasının Nəqliyyat, Dənizçilik
və Kommunikasiya Nazirliyi
arasında kombinə edilmiş yük daşımalarının
inkişafına dair Anlaşma
Memorandumu", "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Türkiyə
Respublikasının Xarici İşlər
Nazirliyi arasında diplomatların
mübadiləsinə dair Anlaşma
Memorandumu", "Azərbaycan
Respublikası hökuməti və Türkiyə
Respublikası hökuməti arasında "Azərbaycan-Türkiyə
toxumçuluq və araşdırma ortaq müəssisəsi"nin fəaliyyətinin
nizamlanması haqqında Protokol",
"Azərbaycan Respublikası hökuməti və Türkiyə
Respublikası hökuməti arasında axtarış və
xilasetmə xidmətlərinin əlaqələndirilməsi
haqqında Saziş", "Azərbaycan
Respublikası hökuməti və Türkiyə Respublikası
hökuməti arasında texniki tənzimlənmə,
standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi,
akkreditasiya və metrologiya sahələrində
əməkdaşlıq haqqında Anlaşma
Memorandumu"nun
imzalanması iki ölkə arasında əməkdaşlığın
daha da gücləndirilməsinə
öz töhfəsini verəcəkdir. Ən
müxtəlif sahələri əhatə edən bu sənədlər möhkəm təməl
üzərində qərarlaşmış münasibətlərin
hazırkı və perspektiv inkişaf prioritetlərinin müəyyənləşdirilməsi
baxımından fundamental əhəmiyyət
daşıyır.
Sənədlərin
imzalanma mərasimindən sonra
Prezident İlham Əliyevin
və Türkiyə Respublikasının Baş
naziri Rəcəb Tayyib
Ərdoğanın birgə mətbuat konfransı olmuşdur. Prezident İlham Əliyev iki
ölkə arasında əlaqələrin uğurla
inkişaf etdiyini bildirib: "Biz bu gün Azərbaycan-Türkiyə
Yüksək Səviyyəli Strateji Əməkdaşlıq
Şurasının ikinci iclasını keçirdik. Bildiyiniz kimi, birinci iclas
keçən il İzmirdə çox uğurlu keçirilmişdir. Birinci
iclasda qəbul edilmiş
qərarlar uğurla icra
edilir. Biz bu gün, ilk
növbədə, görülmüş
işlərə qiymət verdik, işləri
təhlil etdik və eyni
zamanda gələcək əməkdaşlıq
üçün əlavə
addımların atılması haqqında fikir
mübadiləsi apardıq. Bütövlükdə deyə bilərəm
ki, Türkiyə-Azərbaycan əlaqələri
bütün sahələrdə uğurla inkişaf edir, bütün sahələri
əhatə edir. Bugünkü
toplantının gündəliyi də çox
genişdir. Biz bir sıra önəmli məsələlər
haqqında çox geniş
müzakirə aparmışıq və bir
daha demək istəyirəm ki, bizim aramızda fikir ayrılığı yoxdur
- istər beynəlxalq məsələlərlə
bağlı, istər ikitərəfli əlaqələrə dair bizim fikrimiz
birdir.
Biz bu gün siyasi vəziyyətlə,
dünyada gedən proseslərlə
bağlı həm təkbətək görüşdə, həm
geniş tərkibdəki görüşdə
danışdıq, fikir mübadiləsi
apardıq. Bizim ölkələr bütün sahələrdə və bütün beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir. Bu
gün görülmüş
işlər haqqında nazirlər bizə məlumat verdilər
və gələcəkdə birgə fəaliyyət
haqqında yeni təşəbbüslər
müzakirə edildi. Biz
bütün beynəlxalq təşkilatlarda
vahid mövqedən yanaşırıq, bir-birimizi dəstəkləyirik və bu dəstək bizim üçün, bölgə üçün,
dünya üçün
çox önəmlidir. Bu
gün Türkiyə-Azərbaycan əlaqələri
nəinki ikitərəfli münasibətlərin
inkişafı üçün vacibdir, həmçinin bölgədə sülhün, sabitliyin, təhlükəsizliyin
təmin edilməsi üçün sabitləşdirici
rol oynayır. Bizim
dünyadakı rolumuz artır və
bir-birimizə dəstək verməyimiz ölkələrimizin
önəmini daha da
artırır".
Türkiyə
Respublikasının Baş nazirinin Azərbaycana işgüzar
səfəri bir daha təsdiq
etdi ki, ölkələrimiz
arasında əlaqələr tarixi-siyasi zəmin
üzərində inkişaf etməklə
bütövlükdə regionun siyasi taleyinin və gələcək
inkişaf perspektivlərinin müəyyənləşməsində
mühüm rol oynayır.
Birmənalı demək olar ki, bu gün
bölgədə Türkiyə və Azərbaycanın
iştirakı olmadan hər hansı layihəni
gerçəkləşdirmək mümkün
deyildir. Cənubi Qafqaz
kimi mürəkkəb geosiyasi
məkanda təhlükəsizlik problemlərinin birgə həlli,
sülh, sabitlik və
iqtisadi inkişafın təmin olunması
zərurəti iki türkdilli
dövləti daha da
sıx birləşməyə sövq edir. Azərbaycanın regiondakı rolunun artması, eyni zamanda Türkiyənin dünya
iqtisadiyyatında mühüm mövqelərə
çıxması iki dövlət
arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsini
zəruri edir. Azərbaycanın artan iqtisadi qüdrəti
ölkəmizin xaricə böyük həcmdə
investisiya yatırmasına da
əlverişli imkan yaradıb.
Rəcəb Tayyib Ərdoğan birgə mətbuat
konfransında bildirib: "Təbii
ki, on il
əvvəl bir milyard
dollar olan ikitərəfli
xarici ticarət dövriyyəmizin bu gün 3,5 milyard dollara
çatdığını, - ötən yeddi
ayda bu sahədə vəziyyət
təxminən 2,6 milyard dollar
oldu, - əgər bunu
bir az da
səylə, coşqu ilə davam etdirsək, zənnimcə, belə
qısa bir dövr deyək
- 2015-ci il üçün
düşündüyümüz beş milyard dollarlıq xarici ticarət həcmini bu
ilin sonunadək reallaşdıra bilərik.
Beş milyard dollarlıq bu ticarət
həcmini reallaşdırmağımız 2015-ci ildə bizə
on milyard dollarlıq bir xarici ticarət
dövriyyəsini təmin edər ki, bundan sonra 2020-ci ildə bunu 20 milyard dollara çıxararıq. Çünki
artıq həqiqətən böyüyən, inkişaf
edən bir Azərbaycan vardır,
artıq böyüyən, inkişaf edən
bir Türkiyə vardır. Bu iki qardaş, dost ölkənin əl-ələ verməsi və
xüsusilə qurucu Prezident
mərhum Heydər Əliyevin ifadə etdiyi
kimi, biz "İki dövlət, bir
millət" anlayışı ilə bu
prosesə diqqət yetirdiyimiz müddətdə
bunu daha yaxşı bir səviyyəyə çatdıra bilərik,
çatdıracağıq. Qarşımızda bir maneə yoxdur. Bütün sahələrdə
atacağımız addımlar vardır. TANAP layihəsi ilə
əlaqədar imzaları İstanbulda, Dolmabaxçada hörmətli qardaşımla
bərabər atdıq. Bu andan
proses başladı və ən qısa zamanda, inşallah, mexanizmlər
işə düşməyə başlayacaqdır".
Türkiyənin
Baş naziri Rəcəb
Tayyib Ərdoğan Azərbaycana işgüzar səfəri çərçivəsində
Şəki şəhərində də olub.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva, Baş nazir Rəcəb Tayyib Ərdoğan
və xanımı Əminə Ərdoğan Şəkinin Orta Zəyzid kəndi ərazisində naməlum
türk əsgərinin məzarını
ziyarət ediblər. Şəkinin nadir
tarixi-memarlıq abidələri ilə tanış olublar.
Bu gün Azərbaycan-Türkiyə
münasibətləri strateji müttəfiqlik
səviyyəsindədir. Bundan narahat olan qüvvələr
son bir neçə
ildə müəyyən spekulyativ iddialarla iki qardaş ölkə arasında münasibətlərə
xələl gətirməyə çalışsalar da, buna nail
ola bilmədilər. Türkiyə dövləti
də yaxşı başa düşür
ki, onun Cənubi Qafqaz regionunda ən
etibarlı, sınanılmış müttəfiqi məhz Azərbaycandır.
Eyni zamanda, Azərbaycan
iqtidarı da bu dostluq və qardaşlıq münasibətlərinin
yüksələn xətlə inkişafı üçün
bütün zəruri tədbirləri görür.
Elnur HACALIYEV
Azərbaycan.-2012.-
23 sentyabr.- S.3.