Azərbaycan Ordusu bu gün dövlətimizin qüdrətinin nümunəsidir

 

 Silahlı Qüvvələrimiz dünya miqyasında güclü orduların sırasındadır

 

 Bu günlərdə müdafiə naziri general-polkovnik Səfər Əbiyevin komandanlığı altında Azərbaycan Silahlı Qüvvələri növbəti genişmiqyaslı hərbi təlimlər keçirdi. Təlimlərə bütün qoşun növləri - Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin şəxsi heyəti cəlb olunmuşdu. Cənubi Qafqazın ən güclü ordusu kimi Silahlı Qüvvələrimizin keçirdiyi təlimlər uğurla başa çatmışdır.

Bu gün Azərbaycan Silahlı Qüvvələri həqiqətən dünya miqyasında güclü ordular sırasındadır və bu təlimlər bir daha sübut etdi ki, dövlətin orduya diqqət və qayğısı günü-gündən artır. Ən müasir texnika ilə təchiz olunan Azərbaycan Ordusu hər an Ermənistan tərəfindən işğal olunmuş torpaqları müharibə yolu ilə azad etməyə qadirdir.

Ermənistan Azərbaycanı müharibə ilə "hədələyir". Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun ekstradisiya edilməsi və dövlət başçısının sərəncamı ilə əfv olunmasından sonra Ermənistan hakimiyyəti müxtəlif bəyanatlar verərək müharibə təhlükəsinin yarandığını bildirir. Hətta işğalçı ölkənin prezidenti Serj Sarkisyan "lazım olacağı təqdirdə Ermənistan Azərbaycanla müharibə etməyə hazırdır" deyərək açıqlama verib. Beynəlxalq hüquq normalarını və sülh danışıqlarını dəfələrlə pozan, Azərbaycan torpaqlarının 20 faizini işğal edən bir ölkənin rəhbərinin belə bir bəyanat verməsi absurddur. Çünki rəsmi Bakı danışıqlar başlayan vaxtdan bəyan edib ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllinə tərəfdardır, ancaq Ermənistan buna əməl etmədiyi təqdirdə müharibə variantı qaçılmazdır.

Bu gün düşmən ölkə yaxşı anlayır ki, Ermənistan heç bir sahədə Azərbaycanla ayaqlaşa bilməz. İqtisadi cəhətdən tənəzzülə uğrayan, böhran içində boğulan və fərarilər ordusuna çevrilən işğalçı ölkənin dövlət büdcəsi belə Azərbaycanın hərbi büdcəsindən azdır. Dünyanın inkişaf etmiş dövlətinə çevrilən Azərbaycanın modern ordusu, hərbi qüdrəti getdikcə daha da güclənir. Prezident İlham Əliyev daim ordu quruculuğu, Silahlı Qüvvələrin yeni texnika ilə təmini və s. məsələləri diqqətdə saxlayır. Bu gün ordumuz həm peşəkarlıq, həm döyüş qabiliyyəti, həm də maddi-texniki təchizat baxımından bölgənin ən qüdrətli ordusudur.

Həqiqətən bu gün Azərbaycan Ordusunun hərbi imkanlarını, potensialını gücləndirmək üçün Azərbaycan dövləti bütün lazımi tədbirləri görür. Ermənistanın işğal etdiyi torpaqları sülh yolu ilə qaytarmaqdan yayınması ölkəmizi digər prioritet fəaliyyət sahələri ilə yanaşı, ordu quruculuğuna da xüsusi diqqət yetirməyə vadar edir. Cəbhə xəttində atəşkəs rejiminin mövcudluğuna baxmayaraq, müharibə vəziyyəti davam edir. Bunu nəzərə alan Azərbaycan dövləti tamamilə haqlı olaraq öz ordusunun gücünü, hərbi kadrların peşəkarlıq səviyyəsini artırır, hərbi qüdrətini yüksəldir.

Hazırda Azərbaycan Ordusunun təchizatı həm də daxili istehsal hesabına formalaşır. Azərbaycanda müxtəlif növ silahlar, sursatlar, hərbi texnika istehsal olunur. Hərbi xərclərimiz isə ildən-ilə artır. 2003-cü ildə hərbi büdcəmiz 160 milyon dollar idisə, 2010-cu ildə bu rəqəm 2 milyard 150 milyon dollara, 2011-ci ildə isə 3 milyard 300 milyon dollara çatmışdır. 2012-ci ilin dövlət büdcəsində müdafiə xərcləri dövlət büdcəsinin xərclərinin 14,8 faizini təşkil etmişdir. Bu isə 2011-ci ildəki müdafiə xərclərindən çoxdur.

Beynəlxalq hərbi əməkdaşlığa gəlincə isə, onu deyə bilərik ki, Azərbaycan bir çox beynəlxalq hərbi qurumlarla yaxşı münasibət və tərəfdaşlıq əlaqələri yaratmışdır. Silahlı Qüvvələrin qarşısında beynəlxalq əməkdaşlıq üzrə duran əsas vəzifə respublikamızın strateji maraqlarına uyğun olaraq, həm beynəlxalq təşkilatlar çərçivəsində, həm də xarici ölkələrdə hərbi əməkdaşlığın genişləndirilməsindən və bu əməkdaşlığın Silahlı Qüvvələrimizin modernləşdirilməsinə, döyüş qabiliyyətinin yüksəldilməsinə və prioritet vəzifələrin yerinə yetirilməsi işinə töhfə verməkdən ibarətdir. 4 may 1994-cü il tarixdə Azərbaycan Respublikası NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" (SNT) Proqramına qoşulmuşdur. 1997-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sülhməramlı bölüyü, 2001-ci ildə isə sülhməramlı taboru yaradılmışdır. 2010-cu il iyun ayının 8-də Silahlı Qüvvələrimizin həyatında daha bir əlamətdar hadisə baş vermişdir. Ölkə parlamenti Azərbaycanın həm yerli, həm də beynəlxalq təcrübəyə əsaslanan ilk hərbi doktrinasını təsdiq etmişdir. Bu sənəd bünövrəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulan milli təhlükəsizliyimizin təminatı strategiyasının tərkib hissəsinə çevrilmiş və ölkəmizin hərbi təhlükəsizlik sisteminin konseptual əsasını müəyyənləşdirmişdir.

8 bölmə və 75 maddədən ibarət hərbi doktrina ölkənin təhlükəsizliyinə təhdidlərin vaxtında aşkarlanması, təhlil edilməsi, qiymətləndirilməsi, qarşısının alınması, yetərli müqavimətin göstərilməsi, dövlətin, əhalinin və ərazinin müdafiəyə hazırlanması, səmərəli hərbi təhlükəsizlik sisteminin yaradılması, müharibə və silahlı münaqişələrin qarşısının alınması, silahlı təcavüzün dəf edilməsi ilə bağlı məsələlərə dair Azərbaycan Respublikasının mövqeyini əks etdirir.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin beynəlxalq təşkilatlarla və xarici dövlətlərlə hərbi sahədə ikitərəfli və çoxtərəfli əsasda əməkdaşlığı da ildən-ilə inkişaf edir və genişlənir. Ölkəmiz dünyanın 29 ölkəsi ilə hərbi əlaqələrin normativ-hüquqi bazasını təşkil edən saziş və memorandumlar imzalamışdır. Hazırda daha bir neçə ölkə ilə analoji müqavilə sənədlərinin imzalanması müzakirə edilir.

Bu gün Azərbaycan hərbi potensial baxımından işğalçı Ermənistandan dəfələrlə üstündür və bu, heç də birdən-birə, təsadüfən meydana çıxmayıb. Ölkəmizin hərbi qüdrəti iqtisadi gücünün artması ilə qırılmaz şəkildə bağlıdır. Müasir dövrdə hər bir ölkənin uğurunu, inkişafını müəyyən edən amillər içərisində iqtisadi potensial və güclü ordunun mövcudluğu ön plandadır. Dövrün tələblərinə uyğun şəkildə qurulan müasir, mobil ordu həm müstəqilliyin möhkəmlənməsində, həm də ölkənin bölgədə geopolitik güc mərkəzinə çevrilməsində önəmli rol oynayır. Bu ilin may ayının 25-də 28 may - Respublika Günü münasibətilə təşkil olunan rəsmi qəbulda Prezident İlham Əliyev demişdir: "Müharibə hələ bitməyib. Müharibənin birinci dövrü başa çatıbdır. Biz hamımız arzu edirik ki, müharibənin ikinci dövrü başlamasın. Ancaq buna nail olmaq üçün Ermənistan beynəlxalq hüquq normalarına əməl etməli və işğal edilmiş torpaqlardan çıxmalıdır. Ancaq mən bu barədə dəfələrlə fikrimi bildirmişəm. Biz hər gün, hər an məsələnin həllinə yaxınlaşırıq. Məsələnin həlli üçün, əlbəttə, bütün diplomatik siyasi imkanlardan istifadə edirik, eyni zamanda hərbi gücümüzü də artırırıq. Bu istiqamətdə də böyük addımlar atılmışdır. Təkcə onu demək kifayətdir ki, hazırda Azərbaycanın hərbi xərcləri Ermənistanın bütün dövlət xərclərindən 50 faiz çoxdur. Əlbəttə, həm maddi-texniki təchizatımız böyük dərəcədə yaxşılaşır, həm də ordumuzun peşəkarlığı, döyüş qabiliyyəti artır. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü orduların sırasındadır. Bundan sonrakı illərdə ordu quruculuğuna göstərilən diqqət daha da çox olacaq və biz daha da güclü orduya malik olacağıq".

Azərbaycan Ordusu dövlətimizin qüdrətinin nümunəsidir, xalqımızın iftixar yeridir və ölkəmizin ərazi bütövlüyünü təmin etmək iqtidarında olan yüksək hazırlığa sahibdir. Bu gün peşəkarlığı yüksək dərəcədə olan Azərbaycan Ordusu həm dövlətçiliyin, həm də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həllinin ən güclü faktorlarından biridir. Sabitlik, dinamik iqtisadi inkişafla yanaşı, güclü ordu quruculuğu müasir Azərbaycanı xarakterizə edən əsas amillərdən biridir. Son illər ölkəmizin iqtisadi qüdrətinin artması sosial məsələlərin həllinə və milli ordumuzun möhkəmlənməsinə geniş imkan yaradıb. Dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin artırılması ordumuzun bütün istiqamətlər üzrə potensialının yüksək səviyyəyə çatdırılmasına yol açıb. Hazırda Azərbaycan Ordusu dövlət rəhbərliyinin böyük qayğısı sayəsində özünün yüksək inkişaf mərhələsini yaşayır.

Orduda döyüş əhval-ruhiyyəsini yüksəldən əsas amillərdən biri də ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hərbi hissələrə, xüsusən cəbhə xəttinə ardıcıl səfərlər etməsidir. Ön xətdə xidmət edən əsgər və zabitlərimizlə hər görüşündə onlara sonsuz mübarizə əzmi aşılayan Ali Baş Komandan bununla da orduya diqqət və qayğısını əyani şəkildə nümayiş etdirir.

Azərbaycan Müdafiə Nazirliyinin beynəlxalq əlaqələrinin inkişafı da ordumuzun möhkəmlənməsində xüsusi amil kimi diqqəti cəlb edir və bu gün Azərbaycan Ordusu ölkəni istənilən təcavüzdən qorumağa qadirdir.

Bütün bunlar onu deməyə əsas verir ki, fərariliyin baş alıb getdiyi ordusunda acınacaqlı vəziyyəti düzəldə bilməyən Ermənistan rəhbərliyinin müharibə bəyanatı boşboğazlıqdan başqa bir şey deyildir. Bütün sahələrdə Azərbaycandan geri qalan və terroru dövlət səviyyəsində dəstəkləyən Ermənistan hakimiyyəti çox yaxşı anlayır ki, sülh danışıqlarından imtina edəcəyi təqdirdə məğlubiyyətə uğrayacaq. Azərbaycan Prezidenti İlham Əliyev diplomatik xidmət orqanları rəhbərlərinin dördüncü müşavirəsində çıxış edərkən bir daha diqqətə çatdırıb ki, bu gün Ermənistan ilə Azərbaycan arasında fərq kifayət qədər böyükdür. Azərbaycanın təkcə hərbi xərcləri Ermənistanın bütün büdcəsindən iki dəfə çoxdur: "Əgər məsələni sülh yolu ilə həll etmək üçün bizə daim mesajlar göndərən tərəfdaşlar doğrudan da istəyirlər ki, bölgədə sülh olsun, Ermənistan işğal edilmiş torpaqlardan çıxmalıdır. Çünki əks təqdirdə məsələnin başqa yolla həll edilməsi istisna deyildir. Biz bunu heç vaxt istisna etməmişik. Beynəlxalq hüquq bu haqqı bizə verir. Sadəcə olaraq, Azərbaycanın sülhsevər siyasəti, bölgədə gedən proseslərə artan məsuliyyəti və Azərbaycanın bölgədə artıq sabitləşdirici amil kimi çıxış etməsi bizi bu radikal addımlardan hələ ki çəkindirir. Ona görə məsələnin tezliklə həlli hər tərəfin marağında olmalıdır".

Gec-tez işğal etdiyi torpaqları geri qaytaracağını yaxşı bilən düşmən ölkənin məqsədi yalnız status-kvonu uzatmaqdır. Lakin iğşalçı dövlətin bu səyləri də heç bir nəticə verməyəcək. 

 

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.-2012.- 23 sentyabr.- S.3.