Qeyri-neft sektorunun inkişafına təkan verən neft strategiyası

 

 Sürətli inkişaf yolunda olan Azərbaycanın Cənubi Qafqaz iqtisadiyyatının 70 faizinə sahiblik etməsi yalnız respublikamızın zəngin təbii sərvətləri ilə şərtlənmir. Analoji tərəqqi yolu keçmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da bu zəngin təbii resursların xalqın mənafeyinə uyğun səmərəli realizə edilməsi, hər bir fərdin maraq və mənafeyinə cavab verən milli siyasət strategiyasının həyata keçirilməsi lider amili ilə bilavasitə bağlıdır.

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonrakı ilk illərdə neft diplomatiyası sahəsində yeridilən naşı və yarıtmaz siyasətin fəsadlı nəticələri bu qənaətin həqiqiliyini bir daha təsdiqləyir. SSRİ-nin süqutundan sonra iqtisadi potensialına görə müstəqil yaşamaq imkanlarına malik üç respublikadan biri sayılan Azərbaycan müstəqillik əldə etdikdən sonra təbii sərvətlərinə sahib çıxmaq və Xəzərin özünə aid sektorunda siyasi-iqtisadi mənafeyini təmin etmək baxımından ciddi problemlərlə üzləşmişdi. 1991-1993-cü illərdə daxildə ictimai-siyasi sabitliyin pozulması, xaos və anarxiya mühitinin formalaşması, iqtisadi tənəzzül prosesinin dərinləşməsi Qərbin nüfuzlu neft şirkətlərini Azərbaycanla hər hansı əməkdaşlıqdan çəkindirirdi. Bir illik hakimiyyəti dövründə AXC-Müsavat iqtidarının apardığı uğursuz danışıqların nəticəsi kimi hazırlanmış layihə isə dövlətin və xalqın mənafelərinə qətiyyən cavab vermirdi. 1999-cu ilin sentyabrında "Əsrin müqaviləsi"nin imzalanmasının beşinci ildönümü ilə bağlı keçirilən mərasimində o zaman ARDNŞ-in birinci vitse-prezidenti vəzifəsində olan cənab İlham Əliyev haqlı olaraq demişdir: "1993-cü ilin yazında Azərbaycanın əvvəlki rəhbərliyi tərəfindən elə bir müqavilə variantı hazırlanmışdı ki, əgər o imzalansaydı, ölkə iqtisadiyyatına böyük zərər gətirmiş olardı. Xalq Cəbhəsi rejimi öz acınacaqlı vəziyyətini heç olmasa, bir qədər yaxşılaşdırmaq üçün müqaviləni hər cür şərtlərlə, ən yararsız, hətta milli mənafeyə zidd olan şərtlərlə imzalamağa hazır idi. Onlar anlamırdılar, heç anlamaq belə istəmirdilər ki, müqavilənin şərtləri Azərbaycanın iqtisadi inkişafı üçün nə deməkdir".

Azərbaycanın gələcək müqəddəratı baxımından son dərəcə vacib olan neft sektorunun böhranlı vəziyyətdən çıxarılması, milli maraqlara və praqmatizmə əsaslanan neft diplomatiyasının həyata keçirilməsi yalnız ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra mümkün olmuşdur. XX əsr dünya tarixinin parlaq şəxsiyyətlərindən biri olaraq Azərbaycan xalqının müstəqillik arzusunu konkret dövlət modelində gerçəkliyə çevirən və milyonların qəlbində özünə əzəmətli abidə ucaldan ümummilli lider Heydər Əliyev bu gün həm də müstəqil respublikamızın yeni neft strategiyasının müəllifi kimi böyük rəğbət və ehtiramla yad edilir. Hələ ötən əsrin 70-80-ci illərində - respublikamızın müəyyən təkamül yolu keçmiş neft sənayesinin dirçəlişi və müasir texnologiyalar əsasında inkişafı üçün bir sıra zəruri tədbirlər həyata keçirən, bu sahədə elmi tədqiqatları stimullaşdırmaqla Bakını "neft akademiyası"na çevirən Heydər Əliyev müstəqil Azərbaycana rəhbərliyi illərində bu uğurlu bünövrə üzərində yeni neft strategiyasını reallaşdırmağa müvəffəq olmuşdur.

Ulu öndərin diplomatik səyləri nəticəsində daxildə möhkəm təməllərə əsaslanan ictimai-siyasi sabitliyin bərqərar olunması, qanunçuluğun gücləndirilməsi, xarici sərmayələrə dövlət təminatının verilməsi xarici investorların respublikamıza münasibətinin əsaslı surətdə dəyişməsinə gətirib çıxarmışdır. Ümummilli lider Azərbaycanın güclü və qüdrətli dövlətə çevrilməsi üçün ölkənin malik olduğu zəngin karbohidrogen ehtiyatlarından səmərəli istifadəni son dərəcə vacib sayaraq ilk gündən yeni neft strategiyasının işlənib hazırlanması və uğurla həyata keçirilməsi üçün əzmlə çalışmışdır. AXC-Müsavat hakimiyyəti dövründə hazırlanmış müqavilə siyasi və iqtisadi baxımdan Azərbaycanın deyil, Qərbin neft şirkətlərinin maraqlarına daha çox cavab verdiyindən, ulu öndər böyük diplomatik məharətlə bu istiqamətdə aparılan danışıqların məcrasını dəyişməyə müvəffəq olmuşdur. 1993-cü ilin iyun ayının 18-də ABŞ-ın nüfuzlu "Çikaqo tribun" qəzetinə verdiyi müsahibəsində Heydər Əliyev Azərbaycan dövlətinin prinsipial mövqeyini bir daha açıq bəyan etmişdir: "Başa düşürəm ki, Azərbaycana cəlb olunmuş neft şirkətlərinin öz iqtisadi maraqları var. Bu isə tamamilə təbii məsələdir. Ancaq eyni zamanda, biz də ölkəmizin maraqlarını neft şirkətlərinin mənafelərindən yüksək tutmalıyıq".

Azərbaycana kənar təzyiqlərin getdikcə artdığı belə bir mərhələdə Qərb şirkətləri ilə başlanmış danışıqları sona çatdırmaq ölkə iqtidarından ciddi siyasi iradə və əzmkarlıq tələb edirdi. Kristal və bütöv xarakterə malik ümummilli lider Heydər Əliyev xalqın dəstəyi ilə bu maneələri inamla dəf edərək 1994-cü il sentyabrın 14-də "Əsrin müqaviləsi"nin imzalanmasının hüquqi əsaslarını müəyyənləşdirən fərman imzaladı. Bu fərmanda müqavilənin imzalanması üçün hazırlanmış saziş layihəsi müsbət qiymətləndirilir, Azərbaycanın belə bir layihəyə imza atmasının əhəmiyyəti önə çəkilirdi. Həmin saziş layihəsində isə yataqların işlənilməsi üçün tələb olunan investisiyaların 80 faizinin ARDNŞ və müqaviləni imzalayacaq konsorsium şirkətləri tərəfindən qoyulacağı göstərilmişdi. Layihə sazişin qüvvəyə minməsindən sonra ilk neftin 18 ay ərzində çıxarılmasını planlaşdırmışdı. İmzalanacaq müqavilədə əsas yataqlarda neft hasilatına 48 aydan gec olmamaq şərtilə başlanması da ümdə prinsiplərdən biri kimi əksini tapmışdı. Sənəddə həmçinin, Azərbaycan neftinin dünya bazarına səmərəli yolla çıxarılmasını təmin edən neft kəmərinin tikintisinə 54 ay ərzində start verilməsi nəzərdə tutulmuşdu. Bundan başqa, neftlə birgə çıxan və ehtiyatları 55 milyard kubmetr həcmində dəyərləndirilən səmt qazının da Azərbaycana verilməsi müqavilədə dəqiq şəkildə göstərilmişdi. Sazişin əhatə etdiyi 90 milyard kubmetr həcmində ehtiyatlara malik qaz yataqlarının istismarı hüququ da məhz Azərbaycana verilmişdi. 

Ümumiyyətlə, ölkə rəhbərliyi həmin illərdə həqiqətən də heç bir səhvə yol vermədən aparıcı Qərb şirkətləri ilə aparılan danışıqların məntiqi sonluqla yekunlaşmasına nail oldu. 1994-cü il sentyabrın 20-də Bakıda dünyanın 11 transmilli neft şirkətinin iştirakı ilə çağdaş tariximizə "Əsrin müqaviləsi" adı ilə düşmüş qlobal neft müqaviləsinin təntənəli imzalanma mərasimi keçirildi. Bununla da Azərbaycan MDB məkanında Qərbin iri neft şirkətləri ilə irimiqyaslı saziş imzalayan ilk dövlət olmaqla, Xəzər dənizində beynəlxalq əməkdaşlığın bünövrəsini qoydu. Bu qlobal enerji müqaviləsi Azərbaycanın müstəqil dövlət olaraq öz təbii sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını sonadək müdafiə etmək əzmində olduğunu təsdiqlədi.

"Əsrin müqaviləsi"nin imzalanmasından sonra dünyada əsas enerji mənbələrinə nəzarət uğrunda mübarizənin kəskinləşməsi sözügedən müqavilə çərçivəsində hasil olunacaq milyonlarla ton xam neftin hansı əsas marşrutla Qərb bazarlarına nəql ediləcəyi məsələsini də başlıca mübahisə predmetinə çevirmişdi. Bu məsələ ilə bağlı fərqli təklif və ideyalar təkcə layihənin iştirakçısı olan dövlətlərin iqtisadi deyil, həm də təhlükəsizlik maraqlarından irəli gəlirdi. Eyni zamanda, region dövlətləri əsas ixrac boru kəmərinin məhz ərazisindən keçməsinə, beləliklə, külli miqdarda tranzit gəlirinə sahib çıxmağa, eyni zamanda alternativ enerji mənbələri əldə etməyə çalışırdılar. Mümkün marşrutlar içərisində hansının siyasi, kommersiya, iqtisadi, ekoloji və təhlükəsizlik baxımından daha əlverişli olması uzun müddət dünya siyasətinin aparıcı mövzusuna çevrilmişdi. Məsələnin aktuallığı həm də Bakı-Novorossiysk və Bakı-Tbilisi-Supsa neft kəmərlərinin Azərbaycanın getdikcə artan ehtiyaclarını ödəyə bilməməsi, xüsusən də birincinin geosiyasi baxımdan əlverişli olmaması ilə şərtlənirdi. Həmin vaxt layihənin əleyhdarları bu strateji kəmərin Bakı-Tbilisi-Ceyhan marşrutu üzrə gerçəkləşməsini əfsanə hesab edir, onun reallıqdan tamamilə uzaq olduğunu bildirirdilər. "Bizim Bakı-Ceyhandan başqa yolumuz yoxdur. Bu, bizə həm iqtisadi baxımdan faydalıdır, həm siyasi baxımdan, həm də ən mühümü müstəqilliyimizi möhkəmləndirmək üçün ən əsas amildir" - deyən ulu öndər Heydər Əliyev böyük diplomatik səylər hesabına sözügedən layihənin siyasi baxımdan alternativsiz olduğunu beynəlxalq miqyasda tam sübuta yetirdi və müvafiq sazişin imzalanmasına nail oldu. Bununla da müstəqil respublikamızın davamlı inkişafı və yüksəlişi üçün daha bir möhkəm bünövrənin əsası qoyuldu.

Ulu öndər ilk gündən neftdən əldə olunan gəlirlərin iqtisadiyyatın digər vacib sahələrinə yönəldilməsini, qeyri-neft sektorunda yeni istehsal müəssisələrinin yaradılması yolu ilə yeni iş yerlərinin açılmasını, bir sözlə, əhalinin sosial müdafiə tədbirlərinin gücləndirilməsini özünün iqtisadi siyasətində daim prioritet vəzifə kimi nəzərdən keçirirdi. Eyni zamanda xüsusi vurğulayırdı ki, neft təkcə indiki deyil, həm də gələcək nəsillərə məxsusdur. Bu zəngin təbii sərvətdən son dərəcə səmərəli şəkildə, qənaətlə, hər bir ölkə vətəndaşının mənafeyi naminə istifadə olunmalı, israfçılığa yol verilməməlidir.

Ümummilli lider Heydər Əliyevin "Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaradılması haqqında" 29 dekabr 1999-cu il tarixli fərmanı da məhz bu ali məqsədin həyata keçirilməsinə xidmət etmişdir. Fond neft sazişlərinin həyata keçirilməsi ilə bağlı əldə edilən gəlirlərin toplanması və səmərəli idarə edilməsinə mükəmməl mexanizmlər yaratmışdır. Belə bir dövlət qurumunun  yaradılması dövlətin neft-qaz ehtiyatlarının işlənməsindən əldə edilən gəlirlərin istifadəsində israfçılığa, əyintilərə səbəb ola biləcək halların qarşısının alınması, eləcə də şəffaflığın tam təmin edilməsi istəyi ilə əlaqədar olmuşdur.

Dövlət Neft Fondu həm də ölkənin neftdən qazandığı külli miqdarda gəlirin daxili iqtisadi mühitdə yarada biləcəyi neqativ proseslərin - manatın bahalaşmasının, habelə inflyasiyanın qarşısını almağa, milli sənaye potensialının formalaşdırılması məqsədinə yönəlmişdir. Söhbət xarici valyutanın kütləvi surətdə ölkə iqtisadiyyatına daxil olması nəticəsində manatın bahalaşması təhlükəsindən gedir. İqtisadi təcrübə göstərir ki, manatın bahalaşması bilavasitə daxili istehsal prosesinə mane olan, yerli sənaye potensialının möhkəmlənməsinin qarşısını alan mənfi tendensiyadır. Belə olan təqdirdə istehsalla məşğul olmaq yerli iş adamlarına, sahibkarlara heç də cəlbedici olmur, xarici istehsalçılar isə bundan istifadə edərək öz mallarını həmin ölkəyə ixrac etməklə külli miqdarda gəlir əldə edirlər. Bu baxımdan daxili bazarın qorunması üçün gömrük siyasəti ilə yanaşı, makroiqtisadi siyasətin aparılmasına da ciddi ehtiyac duyulmuşdur. Dövlət Neft Fondunun yaradılması xarici valyutanın milli iqtisadiyyata mənfi təsirlərinin qarşısını almaq niyyətindən irəli gəlmişdir.

Ötən illər neft sahəsində gəlirlərin idarə olunması, onlardan səmərəli istifadə, habelə şəffaflığın gözlənilməsi məsələlərinə də ciddiliklə yanaşılmışdır. Respublikamızın Böyük Britaniya Baş nazirinin mədən hasilatı sənayelərində şəffaflıq təşəbbüsünə qoşulması bunu bir daha təsdiqləyir. Xatırlatmaq lazımdır ki,  hələ 2002-ci il Cənubi Afrikanın Yohanezburq şəhərində keçirilən ümumdünya sammitində Böyük Britaniyanın sabiq Baş naziri Toni Bleyer mədən hasilatı sənayelərində şəffaflıq təşəbbüsünü elan etmiş, zəngin təbii sərvətlərə malik dövlətləri bu təşəbbüsə qoşulmağa çağırmışdır. 2003-cü ilin iyun ayında bu məsələ ilə əlaqədar London şəhərində təşkil olunmuş beynəlxalq konfransda o vaxt ARDNŞ-in birinci vitse-prezidenti vəzifəsində çalışan cənab İlham Əliyevin rəhbərliyi altında nümayəndə heyəti iştirak etmişdir. Beynəlxalq konfransın gedişində cənab İlham Əliyev hökumət adından Azərbaycanın Böyük Britaniya Baş nazirinin həmin təşəbbüsünə qoşulduğunu bəyan etmişdir. Konfransdan sonra Böyük Britaniya hökumətinin nümayəndələri ilə görüş zamanı cənab İlham Əliyev bildirmişdir ki, Azərbaycan bu sahədə pilot ölkə funksiyasını üzərinə götürməyə hazırdır.

Keçən dövrdə neft gəlirlərindən istifadə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində də müvafiq tədbirlər həyata keçirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "2012-ci il üçün Azərbaycan Respublikası Dövlət Neft Fondunun investisiya siyasəti" proqramı əsasında neft gəlirlərinin saxlanması, yerləşdirilməsi və idarə edilməsi qaydalarına edilmiş dəyişikliklər Fondun daha çevik və səmərəli fəaliyyət mexanizmlərinin formalaşmasını təmin etmişdir.

2012-ci ilin ötən dövründə valyuta vəsaitlərinin təhlükəsiz saxlanılması və səmərəli idarə edilməsi nəticəsində fondun gəlirləri əhəmiyyətli dərəcədə artmışdır. Fondun gəlirlərinin dinamik artımı qurumun mümkün risklərə dözümlülüyünü də yüksəltmiş, yeni investisiya siyasəti seçməsinə imkan yaratmışdır. Yeni strategiya çərçivəsində daha da şaxələndirilmiş investisiya siyasətinin, o cümlədən yeni investisiya alətlərinin tətbiqi nəzərdə tutulur. Yəni mühafizəkar yanaşmadan kənara çıxmaqla nisbətən riskli və yüksək gəlirli investisiya alətlərindən istifadəyə üstünlük verilir.

Dəyişikliklərə əsasən, 2012-ci ildən səhmlərə, daşınmaz əmlaka və qızıla investisiya qoyulması nəzərdə tutulmuşdur. İl ərzində Fondun investisiya portfelinin məcmu dəyərinin minimum 85 faizinin borc öhdəlikləri və pul bazarı alətlərinə, 5 faizinin səhmlərə, 5 faizinin daşınmaz əmlaka, 5 faizinin qızıla yatırılması qərara alınıb. İnvestisiya portfelinin məcmu dəyərinin 5 faizə qədərinin qızıla investisiya edilməsi məqsədilə Fond 1 fevral 2012-ci il tarixdən London Qiymətli Metallar Bazarı İştirakçıları Assosiasiyasının market-meyker üzvü olan banklardan qızıl külçələrinin alışına başlamışdır.

Sözügedən fərmanla aktivlərinə investisiya portfelinin vəsaitləri yerləşdiriləcək ölkələrin siyahısı da genişləndirilmişdir. 2012-ci ildən ARDNF-nin investisiya portfelinin vəsaiti "Böyük 7-lər"in (ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, Kanada və Yaponiya), Avropa Valyuta Birliyinə daxil olan ölkələrin, Rusiya və Türkiyənin, həmçinin uzunmüddətli öhdəliklər üzrə "A" ("Standard & Poor's", "Fitch") və  ya "A2" ("Moody's") kredit reytinqindən aşağı olmayan reytinqə malik ölkələrin valyutalarında ifadə olunmuş aktivlərə yerləşdirilə bilər. 2012-ci il üzrə Neft Fondunun investisiya portfelinin proqnozlaşdırılan məcmu dəyəri 23 milyard manat götürülür.

Yeni investisiya siyasəti Fondun fəaliyyətini genişləndirməklə özəl sektorun inkişafı üçün də münbit zəmin formalaşdırır. 27 sentyabr 2004-cü il tarixli fərmanla təsdiq edilmiş "Neft və qaz gəlirlərinin istifadə olunması üzrə uzunmüddətli strategiya"da da neftdən qazanılan vəsaitlərin qeyri-neft sektorunda, regionların, kiçik və orta sahibkarlığın inkişafında, infrastrukturun müasirləşdirilməsində, insan kapitalının formalaşmasında və digər bu kimi istiqamətlərdə istifadə olunması nəzərdə tutulmuşdur. İndiyədək Fondun vəsaitlərindən bir sıra mühüm investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə istifadə olunmuşdur. Bu sırada Samur-Abşeron suvarma sisteminin yenidən qurulması və Azərbaycana böyük iqtisadi dividendlər vəd edən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin maliyyələşdirilməsi layihələrini xüsusi qeyd etmək olar. Eləcə də "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsi ölkədə güclü insan kapitalının formalaşdırılması baxımından müstəsna əhəmiyyətə malikdir.

Neft Fondu vəsaitlərinin istifadə strategiyasının təkmilləşdirilməsi nəticə etibarı ilə ölkədə bank sektorunun likvidliyinin artımına, qeyri-neft sektoruna investisiya qoyuluşlarının həcminin yüksəlməsinə və qiymətli kağızlar bazarının inkişafına təkan verə bilər. Fondun vəsaitlərinin müəyyən qisminin Azərbaycanın yüksək reytinqli bankları vasitəsilə özəl sektora yönəldilməsi də makroiqtisadi sabitliyin təmin edilməsi nöqteyi-nəzərindən əhəmiyyətli hesab olunur.

Ümumilikdə, neftdən əldə olunan gəlirlərin qeyri-neft sektoruna yönəldilməsi nəticəsində respublikamızın rəqabətə davamlılıq səviyyəsi də yüksəlir - Azərbaycan dünyanın nüfuzlu iqtisadi-maliyyə qurumlarının reytinq cədvəllərində sürətlə irəliləyərək mövqelərini möhkəmləndirir. 2012-ci ilin əvvəlindən "Standart & Poor's", "Moody's İnvestors Servises", "Fitch Ratings" agentliklərinin, habelə BMT İnkişaf və Ticarət Təşkilatının ardınca Dünya İqtisadi Forumu da respublikamızda gedən inkişaf proseslərini müsbət dəyərləndirmişdir.

Qurumun ənənəvi "Qlobal Rəqabət Qabiliyyəti İndeksi"nə (Global Competitivness Report 2012-2013) görə Azərbaycan dünyanın 140 ölkəsi arasında 46-cı yerdə qərarlaşmışdır. Hesabata əsasən, Azərbaycan ötən il tutduğu mövqeyini (55-ci yer) yaxşılaşdıraraq 9 pillə irəliləmişdir. Qonşu ölkələrdən Gürcüstan 77-ci, Türkiyə 43-cü, Rusiya isə 67-ci yeri tutur.

Dünya İqtisadi Forumu milli rəqabət qabiliyyətliliyi ölkənin və onun institutlarının ortamüddətli perspektivdə iqtisadi artım templərini təmin etmək qabiliyyəti kimi xarakterizə edir. Respublikamızın son bir ildə bu sahədə 9 pillə irəliləməsi ölkədəki əlverişli investisiya mühitinin göstəricisi kimi dəyərləndirilir.

Dünya ölkələrinin iqtisadi inkişaf parametrlərinin müəyyənləşdirilməsində Dünya İqtisadi Forumunun (Davos Forumu) hazırladığı hesabatlar xüsusi çəkiyə malikdir. 30 ildən artıq müddətdə dövlətlərin rəqabətə davamlılıq səviyyəsini öyrənən qurum 1979-cu ildən Qlobal Rəqabət Hesabatlarında dövlətlərin iqtisadiyyatının davamlı inkişafını şərtləndirən amilləri araşdırır. 2004-cü ildə dövlətlərin rəqabətə davamlılığının ölçülməsi üçün təkmil göstəricilər toplusu yaradılaraq "Qlobal Rəqabət Qabiliyyyəti İndeksi" kimi Dünya İqtisadi Forumuna təqdim edilmişdir.

Dövlətlərin rəqabətə davamlılığı 12 əsas meyar üzrə müəyyənləşdirilir. Burada texniki tərəqqi, makroiqtisadi sabitlik, səmərəli idarəetmə, qanunun aliliyi, şəffaf və təkmil işləyən qurumlar, korrupsiyanın azlığı, bazara yönümlülük, şirkətlərin təkmilləşdirilməsi, tələbat, bazarın həcmi və bir çox başqa istiqamətlər əsas götürülür. Bu göstəricilərin hər biri güclü nəzəri əsaslara malikdir və biri digərini istisna etmir. Müqayisə üçün onu da xatırladaq ki, Forumun hələ 2006-2007-ci illər üzrə hesabatında Azərbaycan 74-cü yerdə qərarlaşmışdı.

Azərbaycanla Dünya İqtisadi Forumu arasında uzun müddətdir ki, qurulmuş əməkdaşlıq əlaqələri ildən-ilə daha da inkişaf etdirilir. Respublikamızın yüksək vəzifəli dövlət məmurları, müxtəlif sahələr üzrə ekspertlər, elmi və özəl dairələrin nümayəndələri Forumun qlobal miqyaslı tədbirlərində müntəzəm iştirak edirlər. 2012-ci ilin yanvarında İçveçrənin Davos şəhərində keçirilmiş növbəti forum respublikamızın investisiya cəlbediciliyinin yüksək olduğunu bir daha təsdiqləmişdir. Forum dünyanın əsas iqtisadi güc mərkəzlərinin, "Cisko", "Microsoft" və s. aparıcı şirkətlərinin Azərbaycanla əməkdaşlığa hədsiz marağını, respublikamızın iqtisadi potensialının bütövlükdə dünya miqyasında yüksək dəyərləndirildiyini nümayiş etdirmişdir. Toplantı çərçivəsində dünyanın ən nüfuzlu şirkətlərinin rəhbərləri dövlət başçısı İlham Əliyevlə görüşdə respublikamızın iqtisadiyyatına investisiya yatırmaq niyyətlərini bəyan etmişlər.

Azərbaycanın Dünya İqtisadi Forumunun reytinq cədvəlində 9 pillə irəliləməsi həm də aparılan davamlı islahatlar nəticəsində ölkənin iqtisadi qüdrətinin əhəmiyyətli dərəcədə güclənməsini, dinamik sosial-iqtisadi inkişafı və insanların sosial rifah halının yaxşılaşmasını əks etdirir. Xüsusən də 2012-ci ilin birinci yarısında respublikanın qeyri-neft sektorunda müşahidə olunan sürətli inkişaf iqtisadiyyatın rəqabətə davamlılığının artımına etibarlı zəmin yaratmışdır. Bu müddətdə iqtisadiyyatın qeyri-neft sektorunda 11,3 faiz artım olmuş, uğurlu sənayeləşmə proqramı nəticəsində qeyri-neft sənayesində müsbət meyillərin gücləndiyini Prezident belə qeyd etmişdir: "Qeyri-neft sənayemizin inkişafı 8,3 faiz səviyyəsindədir. Bu da son illər ərzində sənayeləşmə proqramının icrasının nəticəsidir. Ölkəmizin müxtəlif bölgələrində, Bakı şəhərində yeni böyük və kiçik müəssisələr işə düşür, yeni iş yerləri açılır. Beləliklə, sənayeləşmə proqramı uğurla icra edilir. Növbəti illərdə bu məsələyə daim diqqət göstəriləcəkdir. Bu il və gələn illərdə yeni sənaye müəssisələrinin işə düşməsi qeyri-neft sektorumuzu daha da gücləndirəcəkdir".

Dünya ölkələrində iqtisadi böhranın hələ də davam etdiyi şəraitdə Azərbaycanın rəqabət qabiliyyətinin artması ilk növbədə, biznes mühitinin sağlamlaşdırılması sahəsində həyata keçirilən ardıcıl tədbirlərin nəticəsidir. Kiçik və orta sahibkarlıq subyektlərinə dövlət büdcəsindən ayrılan vəsaitlərin həcminin ildən-ilə artırılması, iş adamlarının fəaliyyətinə süni müdaxilələrin aradan qaldırılması, sahibkarlıq subyektlərinin qeydiyyatı sisteminin sadələşdirilərək "vahid pəncərə" prinsipi əsasında aparılması, gömrük orqanlarında da bu sistemin təşkili, texnoparkların yaradılması, korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi və digər addımlar bu baxımdan xüsusilə əhəmiyyətlidir.

Son illərdə həmçinin, ölkədə sahibkarlığın inkişafının yeni təşkilati-iqtisadi modellərinin - xüsusi iqtisadi zonaların, sənaye şəhərciyinin və biznes inkubatorların tətbiqi sahəsində müvafiq işlər aparılır. İstehsal sferasında sahibkarlıq strukturlarının yaradılmasının məqsədəuyğun istiqamətləndirilməsi və stimullaşdırılması vasitəsilə innovasiyaya əsaslanan yüksək keyfiyyətli əmtəələrin və xidmətlərin təklifinin sabit artımına dövlət tərəfindən müvafiq şərait yaradılmışdır.  Ötən illərdə vergi yükünün azaldılması və vergi prosedurlarının asanlaşdırılması, eyni zamanda, fiziki və hüquqi şəxslərin cəmi bir neçə dəqiqə ərzində elektron qaydada dövlət qeydiyyatına alınması, vergi və rüsumların elektron formada ödənilməsi, sahibkarlıq subyektlərində yoxlamaların vahid dövlət reyestrinin yaradılması dünyanın aparıcı maliyyə-iqtisadi qurumları tərəfindən razılıqla qarşılanır. Ümumilikdə, Dünya İqtisadi Forumunun reytinqində 46-cı yerdə qərarlaşan Azərbaycanın MDB üzrə də birinciliyini qoruyub saxlaması respublikamızın regionda iqtisadi liderlik iddiasının real əsaslara söykəndiyinə dəlalət edir.

Son illərdə iqtisadiyyatın neft-qaz gəlirlərindən asılılığının azaldılması, qeyri-neft sektorunun inkişafı və ixracın stimullaşdırılması istiqamətində sistemli tədbirlər həyata keçirən Azərbaycan xarici ticarət dövriyyəsinin strukturunda da müsbət keyfiyyət dəyişikliklərinə nail olmuşdur. 2012-ci ilin birinci yarısında respublikanın xarici mövqeyinin əlverişliliyi qorunmuş, xüsusilə qeyri-neft sektoru üzrə məhsul və xidmətlərə yüksək tələbin mövcudluğu şəraitində xarici ticarət balansında irihəcmli profisit yaranmışdır. Bu dövrdə xarici ticarət dövriyyəsi 22 milyard 167,6 milyon ABŞ dolları təşkil etmişdir - bunun da 4 milyard 460 milyon dolları idxalın, 17 milyard 707,6 milyon dolları ixracın payına düşür. İlin birinci yarısında ölkədən 776 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilmişdir və bu da 2011-ci ilin eyni dövrü ilə müqayisədə 6,2 faiz çoxdur.

Azərbaycandan ixracın əsas hissəsi təbii olaraq neft və neft məhsullarının payına düşsə də (86,50%), xarici bazarlarda rəqabətə davamlı məhsullar istehsal edən sahibkarlıq subyektlərinin sayının tədricən artımı qeyri-neft sektoru üzrə ixrac potensialının möhkəmlənməsinə imkan yaratmışdır. Sahibkarların xarici bazarlara çıxış imkanlarının genişlənməsi həm də qanunvericiliyin təkmilləşdirilməsi və gömrük prosedurlarının sadələşdirilməsi ilə izah olunur. Ölkə rəhbərinin 11 noyabr 2008-ci il tarixli "Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında "bir pəncərə" prinsipinin tətbiqi haqqında" fərmanı əlverişli geostrateji məkanda yerləşən Azərbaycanda gömrük sisteminin təkmilləşdirilməsinə, bu sahədə informasiya-kommunikasiya texnologiyalarının imkanlarından geniş istifadəyə imkan yaratmışdır. Ümumilikdə, sözügedən fərman dövlət sərhədinin keçid məntəqələrinin buraxılış qabiliyyətinin artırılmasına; keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılması zamanı süni maneələrin aradan qaldırılmasına; idxal-ixrac əməliyyatlarının müasir tələblərə uyğun aparılmasına; bu sahədə "bir pəncərə" prinsipinin tətbiqinə xidmət etmişdir.

Nazirlər Kabinetinin 2011-ci il 8 fevral tarixli qərarı ilə təsdiq olunmuş "2011-2013-cü illər üçün qeyri-neft məhsullarının ixracının stimullaşdırılmasına dair Tədbirlər Planı" da icranın stimullaşdırılması baxımından mühüm əhəmiyyətə malikdir. Tədbirlər Planında müəssisələrdə istehsal prosesinin qabaqcıl texnologiyalar əsasında təşkili üçün sahibkarlıq subyektlərinin dəstəklənməsi ilə yanaşı, ixrac prosedurlarının sadələşdirilməsi, ixrac məqsədli məhsulların istehsalının kreditləşdirilməsi, ixrac üçün perspektivli sayılan ölkələrdə müvafiq sərgilərin, forumların təşkili, potensial ixrac bazarı ölkələrində Azərbaycan ticarət evlərinin yaradılması və digər tədbirlər əksini tapmışdır.

"Azərbaycan - 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası layihəsində də respublikanın yüksək rəqabət qabiliyyətinə malik məhsullar ixrac etməsi qarşıya başlıca vəzifələrdən biri kimi qoyulmuşdur. Həyata keçirilən tədbirlər nəticəsində qeyri-neft sektoru üzrə adambaşına düşən ixrac həcminin 1000 ABŞ dollarına çatdırılması nəzərdə tutulub. Bunun üçün yüksək əlavə dəyər yaradan ixrac yönümlü iqtisadiyyatın formalaşdırılması da prioritet məqsədlərdən biridir.

Ölkə sahibkarlarının ixrac potensialının artırılmasında yeni nəqliyyat-kommunikasiya layihələri də mühüm rol oynayır. "İpək yolu", şimal-cənub nəqliyyat dəhlizləri ilə yanaşı, 2013-cü ildə istismara verilməsi nəzərdə tutulan Bakı-Tbilisi-Qars dəmir yolu xətti, habelə Ələt qəsəbəsində tikilməkdə olan Beynəlxalq Dəniz Ticarət Limanı ixracın genişləndirilməsinə mühüm töhfə olacaqdır.

İlin ilk 7 ayında qeyri-neft sektoruna, xüsusən sənaye sahələrinin inkişafına yönəldilən kapital qoyuluşlarının da həcmində artım müşahidə edilmişdir. Yanvar-iyul aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 27,6 faizi neft bölməsinin, 72,4 faizi qeyri-neft bölməsinin, o cümlədən 10,7 faizi qeyri-neft sənaye bölməsinin inkişafına sərf olunmuşdur.

Azərbaycandakı münbit investisiya xarici investorların da diqqətini özünə cəlb edir. Bu səbəbdən də xarici investorların ölkəmizə yatırdığı sərmayə ildən-ilə artır. 2012-ci ilin yanvar-iyul aylarında xarici mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin həcmi 1 milyard 513,8 milyon manat təşkil etmişdir və bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,4 faiz çoxdur. Əsas kapitala yönəldilmiş xarici vəsaitin 92,4 faizi Böyük Britaniya, ABŞ, Yaponiya, Norveç, Türkiyə, Çexiya Respublikası və Fransa investorlarına məxsusdur

Dövlət başçısı İlham Əliyev praqmatik lider kimi neftdən əldə olunan gəlirlərin ilk növbədə ölkədə güclü insan kapitalının formalaşdırılması məqsədinə yönəldilməsini vacib sayır. Bu da təsadüfi deyil. Müasir dövrdə hər bir xalqın, dövlətin gələcək taleyini təkcə onun malik olduğu zəngin təbii sərvətlər deyil, həm də elmi-mədəni və intellektual imkanları, bütün bunların da fövqündə dayanan insan kapitalı müəyyənləşdirir. Müstəqil Azərbaycan dövləti də qloballaşan dünyanın bərabərhüquqlu subyekti kimi, öz inkişafını, sadəcə, təbii sərvətlərin gətirdiyi dividendlərə bağlamır və mövcud resurslarını sırf insan faktorunun prioritetə çevrilməsi yönümündə qurur. Azərbaycan Prezidenti İlham Əliyevin elm və təhsil sahəsində həyata keçirdiyi davamlı islahatlar isə yaxın illərdə insan kapitalına əsaslanan informasiyalı cəmiyyətin gerçəkləşəcəyinə şübhə yeri qoymur.

Miqyasına görə XX əsrin analoqu olmayan qlobal layihələrindən biri kimi alternativ enerji mənbələri axtarışında olan müasir dünyanın yeni geoiqtisadi xəritəsinin müəyyənləşməsinə əsaslı təsir göstərən "Əsrin müqaviləsi" Azərbaycanın siyasi və iqtisadi cəhətdən möhkəmlənməsinə, beynəlxalq iqtisadi münasibətlər sisteminə sürətli inteqrasiyasına da təkan vermişdir. Son 18 ildə bir çox inkişaf etmiş dövlətlərin əsrlərlə keçdiyi inkişaf yolunu inamla qət edən respublikamızın inanılmaz iqtisadi və siyasi nailiyyətlərinin bazisinə çevrilən "Əsrin müqaviləsi" eyni zamanda Azərbaycanın yüksək siyasi iradəsini, milli maraqlarını sonadək müdafiə etmək, təbii sərvətlərinə sahib çıxmaq əzminin təntənəsi kimi tarixiləşmişdir.

 

 

Müşfiq ATAKİŞİYEV,

iqtisad elmləri doktoru,

professor

 

Azərbaycan.-2012.- 23 sentyabr .- S. 4.