ASALA
dünya azərbaycanlılarına
qarşı terror təhdidlərini
artırır
Beynəlxalq təşkilatlar isə
susur
Bəşəriyyət
üçün ən təhlükəli təhdidlərdən
biri terrorizmdir. Dünyada terror aktlarının sayı sürətlə
və hər yerdə durmadan artır. Bu "sənayenin"
dünyada ən güclü istehsalçısı isə Ermənistandır.
Terrorizm Ermənistan siyasətinin praktikasıdır. 100 ildən
artıqdır ki, bu təcrübədən
işğalçı ölkə istifadə edir.
Günahsız insanları qana batırır. Bu gün erməni
terrorizmi dünyanın sabitliyinə, inkişaf edən ölkələrin
iqtisadiyyatına, müxtəlif qlobal layihələrə və
dövlətlərin siyasətinə qarşı
çevrilib. Onların hər biri xüsusi strukturlara, daimi və
etibarlı maliyyə mənbələrinə, ən müasir
silahlara malikdir. Hədəf isə türk dünyasıdır.
1984-cü ildə erməni
terrorçusu Vartanovun Bakının mərkəzində sərnişin
avtobusunu partlatması, Opera və Balet Teatrının
yandırılması, metro faciəsi... sıralasaq, siyahı
çox uzanar.
"9 iyun qrupu" (9 June Group) 1991-ci ildə
yaradılmış və İsveçrədə fəaliyyət
göstərməyə başlamışdır. Qrupun məqsədi
həbs və məhkum olunmuş erməni
terrorçuların müəyyən dövlətlərə
qarşı terror aktları törətmək yolu ilə
azadlığa buraxılmasına nail olmaq idi. "Erməni
Müqavimət Təşkilatı" 1997-ci ildə Parisdə
təsis edilib. Təşkilat fəaliyyətində sosialist
ideologiyasını rəhbər tutur. "Azadlıq pələngləri"
adlı terror təşkilatının üzvləri
Qarabağda gedən döyüşlərdə yüzlərlə
Azərbaycan vətəndaşının canına
qıyıb. "Dağlıq Qarabağın İnqilabi
İdarə Olunması Komitəsi" KRUNK 1987-ci ildə Xankəndidə
qeyri-qanuni olaraq xarici erməni diasporunun iştirakı ilə
yaradılmışdır. Təşkilatın üzvləri
Dağlıq Qarabağda gedən əməliyyatlarda
iştirak etmiş, azərbaycanlı əhalini qətlə
yetirmişlər. Qanlı KRUNK-un sıralarında Yaxın
Şərqdən, xüsusən, Suriyadan, Livandan olan muzdlular
da döyüşürdülər. Təşkilatın rəhbəri
keçmiş Stepanakert tikinti-inşaat materialları
kombinatının direktoru Arkadi Manuçarov idi. Qurumun ideoloji
bölməsinə isə şəhərdə fəaliyyət
göstərən yunəyirmə fabrikinin partiya komitəsinin
katibi, sonradan Ermənistanın prezidenti olmuş Robert
Köçəryan rəhbərlik etmişdi. Hazırda təşkilat
dünyanın bir çox ölkələrində
Dağlıq Qarabağ münaqişəsinin tarixi və
qondarma "erməni soyqırımı"na dair
materialların yayılması ilə məşğul olan erməni
mədəniyyət mərkəzi kimi fəaliyyət göstərir.
1970-ci illərin ortalarında
daşnaklar bir sıra müstəqil terrorçu təşkilatlar
yaratdılar. Onların arasında
"Ermənistanın azadlığı
uğrunda gizli erməni ordusu"
("Armenian Secret Army for the Liberation of Armenia" - ASALA) fəallığı ilə
diqqəti cəlb edir. Təşkilat 1975-ci ilin yanvar ayında
Livanın paytaxtı Beyrut şəhərində
yaradılmışdır. Törətdiyi ilk terror aktı
1975-ci ilin yanvar ayında Beyrut şəhərində yerləşən
Ümumdünya Kilsələr
Şurası binasının
partladılması olmuşdur.
1975-1982-ci illər ərzində
ASALA əsas etibarilə
türk diplomatlarına,
təşkilatın üzvlərinin
həbsdə saxlandığı
ölkələrin vətəndaşlarına,
habelə Qərb dövlətlərinin nümayəndəliklərinə,
o cümlədən KLM, LUFTHANSA, TWA şirkətlərinin ofislərinə
qarşı hücumlar
təşkil etmişdir.
ASALA Livan, Türkiyə,
ABŞ, (Los-Anceles şəhərində
hava limanını partlatmaq cəhdi), Fransa (Türkiyə səfirlərinin qətli),
Yunanıstan, İsveçrə,
İspaniya, Avstriya, (Türkiyə səfirlərinin
qətli), Böyük
Britaniya (Türkiyə
aviaşirkətinin Londondakı
ofisində partlayışı),
İtaliya, İran, Macarıstan və digər ölkələrdə
200-dən artıq terror aktı
törətmişdir ki,
bunların da nəticəsində 52 nəfəri
türk mənşəli
olmaqla 100-dək şəxs
qətlə yetirilmiş,
500-dən artıq insan
yaralanmışdır. "Hnçaq" və "Daşnaksütyun" partiyalarının
XIX əsrin sonlarından
başlayaraq başqa xalqlara, xüsusilə, türk soyundan olan millətlərə qarşı törətdiyi
qanlı cinayətlər
öz coğrafi əhatəsinə və qəddarlıq dərəcəsinə
görə tarixdə
bu qəbildən hadisələr sırasında
xüsusi yer tutur.
Qafqaz terrorçular
üçün dünyada
ən "münbit"
yerlərdən biridir.
Birinci ona görə ki, Qafqaz dünyanın iri dövlətlərinin geosiyasi maraqlarının kəsişmə mərkəzidir.
Avropa və Asiyanın qovuşuğunda
- Qara dəniz və Xəzər dənizi arasında yerləşməsi Qafqazı
dünya geosiyasətinin
mərkəzlərindən biri etmişdir. Bir tərəfdən də etnik münaqişələr
- Abxaziya, Çeçenistan,
Dağlıq Qarabağ
münaqişələri. Bu səbəblərdən son illər
Cənubi Qafqaz erməni terrorçularının
aktiv fəaliyyət regionlarından birinə çevrilmişdir. Ermənistanın
Dağlıq Qarabağın
azərbaycanlı əhalisinə
qarşı törətdiyi
terror cinayətləri 1989-1994-cü illərdə həddini aşmış, terrorçular
insanlıq həddindən
çıxmışlar. Bu qaniçənlər bir neçə ildə bölgədə 29 terror aktı
törətmiş, 2 mülki
helikopter, 2 təyyarə
vurmuşlar. Onların
başlıca hədəfi
ictimai nəqliyyat -
metro, avtobus, təyyarə,
körpülər, xarici
ölkələrdəki diplomatik
nümayəndəliklər, eləcə də dinc əhalinin sıx toplaşdığı
yerlər olmuşdur. Ermənistanın Azərbaycanı
sürüklədiyi müharibədə
Ermənistan tərəfdən
vuruşan müxtəlif
beynəlxalq terror təşkilatlarına
məxsus onlarca silahlı məhv edilmişdi.
Günümüzün sərt reallığı
budur - müxtəlif terrorçu qruplaşmalar
arasında əlaqələr
sıxlaşır və
erməni terrorunun coğrafiyası genişlənir.
Qarabağda azərbaycanlı
əhaliyə qarşı
törədilən qırğınlarda
xüsusi rolu olmuş, Yaxın Şərqdən olan Əbu Əli və Gilbert Minasyanın adları çəkilir. Həmin terrorçular Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında
Ermənistanın maraqlarına
zidd mövqe tutacaqları təqdirdə
rəsmi Ankaranı, eləcə də beynəlxalq neft şirkətlərini terror aksiyaları
ilə hədələmişdilər.
Azərbaycan və Türkiyə əleyhinə
yönəltdiyi təcavüzkar
siyasəti nəticəsində
Ermənistan regionun bir çox iri layihələrindən,
o cümlədən BTC layihəsindən
kənarda qalmışdır.
Azərbaycan və türk xalqlarına olan düşmənçilik
zəminində hər
zaman erməni terror təşkilatları tərəfindən
BTC-yə terror aksiyası
törədilməsi təhlükəsi
mövcuddur.
2005-ci ilin əvvəllərində Qazaxıstanın
Milli Təhlükəsizlik
Komitəsinin sədri
Nartay Dutbayev Bakıda səfərdə
olarkən bildirmişdir
ki, "Əl-Qaidə"
terrorçu təşkilatı
ilə əlaqələri
olan erməni terrorçu qruplaşmaları
Xəzər dənizinin
mədənlərində və
regionun neft borularında bir sıra terror aktları törətmək niyyətindədirlər.
Rəsmi Bakı bir an belə sayıqlığını itirmədən
bütün təhlükələrin
qarşısını əvvəlcədən
aldı və terrorçulara iyrənc niyyətlərini həyata
keçirməyə imkan
vermədi. Məhz ona görə də BTC neft kəmərinin təhlükəsizliyi
ən vacib məsələ kimi hər zaman dünyanın diqqətindədir.
Ölkəmiz beynəlxalq terrorizmlə mübarizədə öndə
gedən ölkələrdən
biridir və Beynəlxalq Antiterror Alyansının üzvüdür.
Azərbaycan hər vasitə ilə dünyanın diqqətini
Qafqazdakı terror hadisəsinə
cəlb etməyə çalışsa da, dünya birliyi, beynəlxalq təşkilatlar
hələ ki bu problemin ciddiyyətini
anlamır. Terrorizm Qafqazda qlobal layihələrin dinamik inkişafına mane olur. Qafqazda elə obyektlər var ki, orada terror aktının törədilməsi
bütün regiona böyük fəlakətlər
gətirər. Nə yazıq ki, terrorizm durmadan genişlənir və qlobal mahiyyətini artırır. Bax, bu, dünyanı narahat etməlidir.
Azərbaycan Respublikası
Müdafiə Nazirliyinin
zabiti, Macarıstanda ömürlük həbs cəzasına məhkum olunmuş Ramil Səfərovun 31 avqust
2012-ci il tarixdə ölkəmizə ekstradisiya
edilməsi və Azərbaycan Respublikasının
Prezidenti tərəfindən
əfv olunması Ermənistanda ictimai-siyasi vəziyyətin gərginləşdirilməsinə
və beynəlxalq aləmdə antiazərbaycan
meyillərinin güclənməsinə
səbəb oldu. Bu məsələni siyasi manipulyasiya obyektinə çevirməklə dünya
ictimaiyyətində fərqli
rəy yaratmağa çalışan ermənilər
şantaj və təhdid dolu bəyanatlar, terror təhdidləri
səsləndirməkdən çəkinmirlər. Lakin
aksiyaya qarşı reaksiya çox güclü olacaq. Azərbaycan ictimaiyyəti
Ermənistanın terror niyyətlərini
gözündə qoyacaq.
Çünki bugünkü
Azərbaycan nə XX əsrin əvvəllərindəki,
nə də sonundakı Azərbaycandır.
Amma bütün dünya, beynəlxalq təşkilatlar erməni
terrorizminə qarşı
qətiyyətli mübarizəyə
qalxmalıdırlar. Çünki
bu, bəşəriyyətin
təhlükəsizliyi məsələsidir.
Rəsmiyyə RZALI
Azərbaycan.-2012.-
23 sentyabr.- S. 5.