Rumıniya mətbuatı
Ramil Səfərovla bağlı erməni hay-küyünü tənqid
edir
Rumıniyanın
aparıcı və ən çox tirajla satılan "Romania
Libera" qəzetinin 21 sentyabr
tarixli nömrəsində azərbaycanlı
zabit Ramil Səfərovun
verilməsi və əfv olunması ilə bağlı Ermənistan
dövlətinin və erməni diasporunun
yaratdığı süni ajiotaj və əsassız iddialarından bəhs
edən geniş məqalə dərc
edilmişdir. Məqalə "Azərbaycanlı
zabit Ramil Səfərovun
verilməsi ilə bağlı əsassız iddialar"
adlanır.
Məqalədə
bildirilir ki, Ramil Səfərovun verilməsi və əfvindən
sonra Ermənistan dövləti və diasporu
çılğınlaşmışdır. Birtərəfli
təbliğatdan yararlanan xarici
mətbu orqanlar hadisəni əsl faciəyə
çevirərək eyni məzmunlu
yazıları ilə oxucuları bezdirmişdir.
Təəssüf ki, bu
hal məsələni ədalətli şəkildə
təhlil etmədən hadisələri öz
mənafeləri və maraqları əsasında yozan müasir dünya siyasətçilərinin
acınacaqlı "keyfiyyətləri"ndən biridir. Bu günlərdə
"erməni məsələsi" və ya
qondarma "soyqırımı"nın
tanınması bir çox
siyasətçilərin seçkilər vaxtı səs
toplaması üçün "hava jileti" kimi istifadə olunur. Siyasətçilər
dünyaya yayılan erməni diasporunun uydurduqları yalanların rənginə
belə baxmırlar. Görünür yalanlar illərlə və dəfələrlə
təkrar olunduqca müəyyən
müddətdən sonra həmin yalanı
uyduranlar üçün
də həqiqət kimi qəbul edilir.
Daha sonra müəllif
Ermənistan ordusunun zabiti
Qurgen Marqaryanın qətl məsələsini
"qorxu filmi" kimi təqdim edənlərə səslənərək
hadisənin gizlədilən motiv və məqamlarını
açıqlayır. Qeyd edilir
ki, Ramil Səfərova
qeyri-insani adları yaraşdıranlar bilməlidirlər
ki, Qurgen Marqaryanın
qətli heç də əvvəlcədən
düşünülmüş akt deyildir. Məlumdur ki, hər hansı bir
dövlətin atributlarına, bayrağına sataşmaq
həmin ölkənin vətəndaşı tərəfindən təhqir kimi qəbul olunur. Qurgen Marqaryan Azərbaycan
bayrağını davamlı olaraq təhqir
etməklə, Azərbaycan xalqını alçaldan
sözlər işlətməklə Ramil
Səfərovu bu addımı atmağa təhrik etmişdir.
Digər tərəfdən Ramil
Səfərov kiçik yaşlarında
ermənilərin Azərbaycan torpaqlarının
işğalını yaşamış, erməni ordusunun günahsız insanlara
qarşı vəhşi rəftarının canlı şahidi olmuş şəxs
kimi hazırda erməni tapdağı
altında olan Azərbaycanın Cəbrayıl
rayonundan məcburi köçkün
düşmüş ailənin üzvüdür. O, indiyə qədər həmin
hadisələri unuda bilmir.
Ramil Səfərov işğal
olunmuş Dağlıq Qarabağ
və ətrafındakı 7 rayondan məcburi
köçkün düşmüş
800 min qurbandan biridir.
R.Səfərovun
verilməsinin beynəlxalq konvensiyalara zidd olması ilə bağlı ittihamların
gülünc olduğuna
diqqət çəkərək müəllif iddia
edilən qanun pozuntusu
ilə NATO və Avropa
İttifaqının üzvü olan Macarıstanın öz
nüfuzunu heç vaxt riskə salmasının
inandırıcı olmadığını bildirmişdir. Ramil Səfərovun
əfvi ilə bağlı ittihamları isə absurd adlandıran müəllif Azərbaycan
Respublikası Prezidenti İlham
Əliyevin Konstitusiya ilə nəzərdə
tutulan müstəsna hüquqlarından
istifadə etdiyini
vurğulamışdır.
Məqalədə
qeyd olunur ki, Norveçdə bir gün içində 77 insanı qətlə
yetirən və haqqında 21 il həbs qətimkan
tədbiri seçilən Anders Breyviklə
müqayisədə Ramil Səfərov
Macarıstanda 9 ilə yaxın müddət həbs həyatında
öz cəzasını kifayət qədər çəkmişdir.
Müəllif
ermənilərin bu cür
iddialarla öz
düşmən təbiətlərini üzə
çıxardıqlarını yazır. Daha sonra
məqalədə 1983-cü ildə Parisin
Orli hava limanında Türk Hava
Yollarının ofisində 8 nəfərin ölümü
ilə nəticələnən erməni terror
təşkilatı ASALA-nın üzvü
Varujan Qarabedyanın Ermənistana verilməsi
zamanı hələ Yerevana ayaq basmadan o
vaxt prezident Robert Koçaryan tərəfindən
əfv edilməsinə toxunulur. Ramil Səfərovu
terrorçu ilə müqayisə etməyin
doğru olmadığını bildirən
müəllif Ermənistan rəhbərliyinin Varujan
Qarabedyanla bağlı "mərhəmətli"
addımına dünya ictimaiyyəti tərəfindən
heç bir
etirazın edilmədiyini vurğulamışdır.
Məqalədə
göstərilir ki, erməni qatillərinin
cəzasızlığı bu gün Azərbaycan xalqını üzən
başlıca amillərdən biridir. Dünya ictimaiyyəti Azərbaycanın
günahsız insanlarına qarşı qanlı
qırğınlar törətmiş militant
ermənilərin hazırda yüksək dövlət
postlarında xidmət etməsinə göz
yumur. Ermənistan prezidenti
Serj Sarkisyanın ingilis
yazıçısı və eksperti Varujan Qarabedyana azərbaycanlıların
soyqırımı ilə bağlı verdiyi
müsahibəsindən sitat gətirərək
müəllif Xocalıda erməni vəhşilikləri
haqqında ətraflı məlumat vermişdir.
Qeyd olunur ki, Azərbaycanı
narahat edən əsas məqamlar təkcə
1991-1994-cü illər ərzində Dağlıq Qarabağ da daxil olmaqla işğal
edilmiş Azərbaycan torpaqlarında azərbaycanlılara
qarşı kütləvi qırğın törətmiş
şəxslərin Ermənistan dövləti tərəfindən
himayə olunması faktı ilə məhdudlaşmır. Bu günlərdə Ermənistanın
qızışdırdığı erməni terror
təşkilatı ASALA Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinə iki dəfə təhdid məktubu göndərmişdir.
Məqalədə ASALA-nın türk
diplomatlarına qarşı terror
aktlarından bəhs edilir.
Sonda müəllif Ramil Səfərovun
verilməsi ilə bağlı Azərbaycanı
günahlandıran və düşmənçilik yayan Ermənistana
sadə hadisələri yozmaqla beynəlxalq ictimaiyyətdə
çaşqınlıq yaratmamağı və
özünü aldatmamağı tövsiyə edir. Eyni
zamanda, vurğulanır ki, Ermənistan regionda sülhün
açarı olan və uzun müddətdən bəri
xalqların yaxınlaşması və barışına
fayda gətirməyən gərginliyin yaradılmasından əl
çəkməlidir.
Azərbaycan.-2012.-
23 sentyabr.- S. 5.