İpək yoluna düzülən incilər
Bir abidənin tarixçəsi
Naxçıvan Muxtar Respublikasının ən ucqar
dağlıq rayonu sayılan Şahbuzun ərazisi yaşı
minilliklərlə ölçülən tarixi-memarlıq abidələri
və yaşayış məskənləri ilə zəngindir.
Biçənək kəndindən şərqdə, Batabat
yaylağında Fərhad evi adlı abidə də qiymətli
memarlıq nümunəsi kimi qorunmaqdadır. Abidə tuf qayada
külüng tipli metal alətlə qazılmış dörd
otaqdan ibarətdir. Əsrlərin yadigarı olan bu abidənin
içərisindəki otaqların
heyrətamiz zəkaya malik bir insan tərəfindən
inşa olunduğu, daha doğrusu, yonulduğu aydındır.
Dəqiq və düzgün hesablamalarla qurulan və həndəsi fiquru xatırladan
otaqlar bir istiqamətdə gedən düz keçid yolu vasitəsilə
birləşir. Tavanları tağşəkilli, döşəmələri
isə ovaldır. Abidənin divarlarında şam, yaxud
çıraq qoymaq üçün kiçik taxçalar
qazılmış, divarların dibində isə səkilər
yonulmuşdur. Tarixi İpək yolunun üstündə qurulan
Fərhad evi, rəvayətlərə görə, tacirlərin
dincəlməsi və gecələməsi üçün
istifadə olunurmuş.
Evin giriş qapısının
hündürlüyü 2 metrdən artıq, eni isə 1,5
metrdir. Fərhad evinin qapısının sağındakı
qayanın üzərində uzun saçlı kişi
başı, solunda isə qadın rəsmi həkk
olunmuşdur. Qədimdə
Naxçıvan-Laçın-Yevlax yolu Yaxın Şərqi Cənubi
Qafqazla əlaqələndirən ən əlverişli
yollardan sayılardı. Batabat yaylağındakı Fərhad
evi də elə buna görə dayanacaq məntəqəsi
kimi istifadə edilirmiş. Orta əsrlərdə
Naxçıvan-Batabat yolunda gediş-gəliş
artdığından Fərhad evindən bir qədər
şimalda iri karvansara da tikilmişdi. Yerli əhali bunu Şah
Abbas karvansarası adlandırmışdı. Tədqiqatlar Fərhad
evi abidəsinin miladdan əvvəl I minilliyin sonlarına və
eramızın əvvəllərinə aid olduğunu söyləməyə
imkan verir.
Naxçıvan bölgəsində qədim
prototürk mədəniyyətinin, bəşəriyyətin
ikinci atası sayılan Nuh peyğəmbərin
yadigarlarının olması buranın qədim sakinlərinin
mifik-dini təsəvvürlərini və genetik köklərini
araşdırmağa imkan verən qiymətli tarixi
qaynaqlardır. Arxeoloji araşdırmalar muxtar respublikanın ərazilərində
qədim boyalı qablar dövrünə aid eksponatların
olduğunu sübut etmişdir. Bu faktlar ibtidai
çağlardan, eləcə də qədim Nuh dövründən
bu yerlərdə oturaq mədəniyyətin
formalaşdığını isbat edir. Buna görə
tarixçilər regionumuzu ilk insan məskənləri olan ərazilərin
sırasına daxil edirlər. Elə Şahbuz şəhərindəki
tarix- diyarşünaslıq muzeyində bu yerlərin ilkin
yaşayış məskənlərindən biri olduğunu
sübut edən eksponatlar qorunub
saxlanmaqdadır. Regionumuzda olan tarixi, arxeoloji abidələr
vaxt var idi ki, saxta erməni tarixçiləri tərəfindən
oğurlanaraq özəlləşdirilirdi. İndi düşmənlərimiz
əvvəlki kimi özbaşınalıq edə bilmirlər.
Həmçinin Naxçıvan MR Ali Məclisi Sədrinin
"Naxçıvan Muxtar Respublikası ərazisindəki
tarix və mədəniyyət abidələrinin qorunması və
pasportlaşdırılması işinin təşkili
haqqında" sərəncamı bütünlükdə
abidələrin qorunmasını elmi əsaslarla təşkil
etməyə imkan vermişdir.
Şəhla NƏBİYEVA,
Şahbuz rayonu
Azərbaycan.-2012.-
23 sentyabr.- S. 6.