Emin Ağalarov: «Crystal Hall»da çıxış etmək həmişə böyük məsuliyyətdir

 

 Məşhur müğənni və bəstəkar Emin Ağalarov Nyu-Yorka səfəri çərçivəsində ABŞ-ın bir çox radioteleviziya kanallarında çıxış etmişdir.

AzərTAc xəbər verir ki, tanınmış müğənninin müsahibələri "Sirius radio", "Anderson Cooper TV Show", "Hollywood live dotCo", "Red Carpet TV", həmçinin "Wal Street Journal", "Billboard magazine" "Entertainment tonight" digər KİV- yayımlanmışdır.

"Baby Get Higher" mahnısını ABŞ-da təqdim etmək üçün Nyu-Yorkda olduğunu deyən Emin Ağalarov bildirmişdir ki, bu mahnı artıq İngiltərə radiolarında səslənib ən çox səslənən mahnı kimi "TOP 40"-a düşmüşdür. Biz burada da belə müvəffəqiyyətə nail olacağımıza ümid edirik. Mahnı bir neçə gün qabaq təqdim edilib. Mahnının tanıtımının Nyu-Yorkdan başlanmasının səbəbi odur ki, mən buranı yaxşı tanıyıram. Uzun müddət burada yaşayıb, universitetdə təhsil almışam. Həmçinin belə deyərdim ki, əgər İngiltərədə Londondan başlayırsansa, Amerikada da Nyu-Yorkdan başlamalısan.

Emin Ağalarovun musiqiyə marağı ABŞ-da təhsil alarkən başlamışdır. Mahnılarının bir çoxunun bəstəkarı da məhz özüdür. Elvis Presli müəllimi olan Müslüm Maqomayevin pərəstişkarıdır. Müğənninin sonuncu işıq üzü görən "After the Thunder" musiqi albomu artıq bir çox ölkələrdə məşhurlaşmışdır. Alboma daxil olan "Baby Get Higher" mahnısı Böyük Britaniyanın musiqi siyahısına əlavə olunmuşdur.

Sentyabrın 23-də Bakıda verəcəyi konsertə gəldikdə isə, məşhur müğənni bildirmişdir ki, "Crystal Hall"da məşqlər olacaq, Cenifer Lopezlə böyük konsert proqramı ilə çıxış edəcəkdir: "Mənə çox xoşdur ki, bu konsert yenə də Bakıda, "Crystal Hall"da baş tutacaqdır. "Eurovision-2012" mahnı müsabiqəsindən sonra o səhnədə ilk çıxış edən mən olacağam. Nəzərə alsaq ki, "Eurovision" mahnı müsabiqəsini də bağlayan mən olmuşam, bu, çox rəmzidir, həyəcanlıdır, xoşdur. Mən bu konserti çoxdan gözləyirəm. "Crystal Hall" təqribən 25 min tamaşaçı tutur, orada çıxış etmək həmişə böyük məsuliyyətdir. Xoşbəxtəm ki, Bakıda çıxış etmək imkanım var. Ümidvaram ki, konsertə gələn insanlar da bizim hazırladığımız proqrama çox təəccüblənəcəklər".

 

 

Azərbaycan.-2012.- 23 sentyabr.- S. 7.