Gənc nəslə
örnək
Elm xadimləri
Bütöv
şəxsiyyət olmaq xoşbəxtliyi
hər kəsə nəsib olmur. Belə
insanların sözündə, əməlində səmimilik,
ətrafındakılara qayğıkeş, həssas
münasibət, mübarizlik, yenilik, quruculuq
axtarışları daha çox
hiss edilir. Elmi ictimaiyyət arasında adı hörmətlə
çəkilən belə ziyalılardan biri
də kənd təsərrüfatı elmləri doktoru Seyfulla Əhmədulla
oğlu Eminovdur.
S.Eminov 1937-ci il sentyabrın
22-də Yardımlıda anadan
olmuşdur. Valideynlərini erkən itirmişdir.
Dörd yaşında olarkən atası İkinci dünya müharibəsində
həlak olmuş, 9 yaşında olanda anası vəfat etmişdir. Dayısının himayəsində böyümüşdür. Yeniyetmə yaşlarından özünü
dolandırmaq, eyni zamanda, təhsilini davam etdirmək problemi ilə üz-üzə qalmışdı.
Ona görə də 1955-ci ildə Bakıya gəlmiş, şəhərin
baş tikinti idarəsində işləməklə
yanaşı, axşam
fəhlə-gənclər orta
məktəbində təhsilini
davam etdirmişdir.
1956-cı ildə ali məktəbə qəbul olunmuş, 1961-ci ildə coğrafiyaşünas-bioloq
ixtisası üzrə
Azərbaycan Dövlət
Universitetini bitirmişdir.
1962-1963-cü illərdə
Bakı Torpaq ekspedisiyasında mühəndis-torpaqşünas
vəzifəsində işləmiş,
həmin dövrdə
İmişli, Beyləqan,
Ağdam rayonlarının
ərazilərində irimiqyaslı
torpaq-planalma ekspedisiyalarının
tərkibində fəaliyyət
göstərmişdir. 1963-1967-ci illərdə Bakıda orta məktəblərdə coğrafiya-biologiya
müəllimi işləmişdir.
1967-ci ilin may ayında
Azərbaycan Elmi-Tədqiqat
Hidrotexnika (AzETH) və Meliorasiya İnstitutunun (Mİ) əyani
aspiranturasına qəbul
olunmuşdur. 1967-1970-ci illərdə "Müxtəlif
kimyəvi meliorantların
tətbiqi ilə Qarabağ düzünün
şimal-qərb hissəsi
şəraitində şorlaşmış
ağır torpaqlarda yumanın effektivliyi" mövzusu üzrə tədqiqatlar aparmış
və 1972-ci ildə kənd təsərrüfatı
elmləri namizədi elmi dərəcəsi almışdır. S.Eminovun namizədlik
dissertasiyasının mövzusu
çox aktual bir məsələyə həsr olunmuşdur.
Keçmiş SSRİ-də
çətin sukeçirən
torpaqların əvvəlcədən
zəif turşu məhlullarının (H2SO4-1,0
faiz, HCl-0,5 faiz) hopdurulması ilə yuyulması üsulu ilk dəfə Azərbaycanda prof. K.H.Teymurov tərəfindən hazırlanmış
və bu üsulun istehsalat şəraitində tətbiqinin
ilk müəlliflərindən biri S.Eminov olmuşdur.
Keçən əsrin 60-70-ci illərində
SSRİ-nin bir sıra regionlarında bu üsul geniş
tətbiq olunmuşdur.
1975-1977-ci illərdə
SSRİ Meliorasiya və
Su Təsərrüfatı Nazirliyinin tapşırığı
ilə AzETH və Mİ Dağıstan MSSR-in Sulak düzündə təcrübə
sahəsi təşkil
etməli və burada Dağıstan şəraitində drenaj tətbiq etməklə yumanın aparılması
və torpaqların yumadan sonra mənimsənilməsi
məsələlərini öyrənmək
məqsədilə istehsalat
təcrübələri həyata
keçirməli idi. Bu təcrübələrin aparılması üçün
AzETH və Mİ-də mütəxəssislərdən
ibarət yaradılmış
qrupa rəhbərlik S.Eminova tapşırılmışdı.
Təcrübələr Dağıstan
Meliorasiya və Su Tikintiləri Baş İdarəsi ilə birlikdə həyata keçirilmiş, Azərbaycanda
və Dağıstanda
əvvəlki illərdə
aparılmış işlərin
və yuxarıda qeyd olunan tədqiqatların
nəticələri əsasında
1977-ci ildə S.Eminov,
X.Cəfərov və
A.Ozdehacıyev tərəfindən
Dağıstan Muxtar Respublikası şəraitində
drenaj, yuma və yuyulmuş torpaqların mənimsənilməsinə
dair təlimat hazırlanmışdır və
SSRİ Meliorasiya və
Su Təsərrüfatı Nazirliyi tərəfindən
təsdiq olunmuşdur.
Seyfulla müəllim həmişə
yeniliyi sevən, gələcəyi düşünən
insandır. Hələ
35 il bundan
əvvəl 1978-ci ildə
Yer kürəsində
su qıtlığının
ciddiləşdiyini hiss etmiş
və Xəzər dənizinin zəngin su ehtiyatlarından suvarmada istifadə edilməsi məsələsinin
tədqiqinə başlamışdır.
Çoxillik zəhməti hədər
getməmiş və Xəzərin su ehtiyatlarından suvarmada istifadənin elmi əsaslarını hazırlamış,
bu mövzuda doktorluq dissertasiyası müdafiə etmiş, müdafiə şurası
tərəfindən Azərbaycan
Ali Attestasiya Komissiyasına
müstəsna əhəmiyyətli
tədqiqat işi kimi təqdim edilmişdir.
1985-1988-ci illərdə
Azərbaycan Kosmik Tədqiqatlar Ağentliyi ilə AzETH və Mİ arasında bağlanılan müqaviləyə
əsasən Kür-Araz
ovalığında şorlaşmış
torpaqların aerokosmik
üsulla xəritələşdirilməsi
işinə rəhbərlik
etmişdir.
1988-1991-ci illərdə
S.Eminov SSRİ Meliorasiya
və Su Təsərrüfatı
Nazirliyinin göndərişi
ilə 4 ilə yaxın müddətdə
Suriya Ərəb Respublikasında Cənubi Hələb torpaqlarının
suvarma üçün
layihələndirilməsi ilə
məşğul olan torpaqşünaslar qrupunun
rəhbəri vəzifəsində
fəaliyyət göstərmiş,
380 min ha ərazinin suvarma
layihəsinin torpaq tədqiqatlarının elmi
əsaslarının hazırlanmasına
rəhbərlik etmiş,
nümunəvi əmək
fəaliyyətinə görə
Suriya hökumətinin
və SSRİ Meliorasiya
və Su Təsərrüfatı
Nazirliyi adından fəxri fərmanlarla təltif edilmişdir.
S.Eminov müxtəlif illərdə
institutda yerinə yetirilən mövzuların
rəhbəri və icraçısı olmuşdur. Belə mövzulardan "Torpaqların münbitliyinin
bərpası yolları",
"Şorakət torpaqların
yaxşılaşdırılması yolları" və s. göstərmək olar. 2003-2007-ci illərdə respublika Torpaq və Xəritəçəkmə
Komitəsinin sifarişi
ilə Göyçay,
Neftçala rayonlarının
1:100 000 miqyasında elektron
xəritələrinin tərtibinin
məsul icraçısı
olmuşdur.
S.Eminovun rəhbərliyi və
iştirakı ilə
bir sıra təlimatlar, tövsiyələr
və s. hazırlanmışdır. Bunlardan: "Suçuya yaddaş", "Gipsli materialların ümumittifaq
normativləri", "Torpaq
və duz planalma işləri",
"Dəniz suyunun suvarmada istifadəsinə dair tövsiyələr",
"Dağıstan MR-də
drenaj, yuma və torpaqların mənimsənilməsinə dair
tövsiyələr", "Şorakət torpaqların
yaxşılaşdırılmasına dair tövsiyələr",
"Duzlu suların suvarma keyfiyyətinin qiymətləndirilməsi təsnifatı"
və s. göstərmək
olar.
Tanınmış alim 60-dan çox
elmi məqalənin, 1
monoqrafiyanın, 1 ixtiranın
müəllifidir. Müxtəlif
şəhərlərdə - Moskva, Daşkənd,
Tbilisi, Novçerkassk, Simferopol, Aşqabad, Alma-Ata, Leninabad, Novosibirsk, Kərəc, Təbriz, Ərdəbil (İran), Hələb (Suriya ƏR) və s. keçirilən elmi konfranslarda məruzə ilə çıxış etmişdir.
S.Eminov ictimai fəallığı
ilə seçilən
insandır. Uzun
illər AzETH və Mİ-nin həmkarlar təşkilatının
sədri, institutun partiya bürosunun üzvü, SSRİ və
Azərbaycan Torpaqşünaslar
Cəmiyyətinin üzvü,
SSRİ torpaqşünaslarının
4-cü, 5-ci və 6-cı Tbilisi qurultaylarının nümayəndəsi
olmuşdur.
1999-cu ildə Azərbaycanda keçirilən
ilk bələdiyyə seçkilərində
Xəzər rayonunda bələdiyyə üzvü
seçilmiş, bələdiyyələrin
təşkilatlanmasında və
formalaşmasında böyük
əməyi olmuşdur.
S.Eminov əqidəli,
sədaqətli dost, həmişə
yeniliyə, müasirliyə
can atan, milli adət-ənənələrimizə sadiq, geniş dünya görüşlü
insandır.
Telman XƏLİLOV,
Bakı Dövlət Universitetinin
professoru, coğrafiya elmləri doktoru
Azərbaycan.-2012.- 23 sentyabr.- S. 7.