Daş üzərində donmuş tarix

 

Dünənimizdən bugünümüzə

 

 Daş, torpaq, su, ağac... Təbiətin atributları olan bunların insan həyatı üçün nə dərəcədə əhəmiyyət daşıdığı məlumdur.  Lakin məlum olmayan bəzi  həqiqətlər də var ki, onlar araşdırıldıqca  sirlər, sehrlər dünyası ilə üz-üzə qalırsan. Su həyat mənbəyidirsə, torpaq bütün canlı və cansızların anasıdır. Yerin "yeddi qat" dərinliklərindən püskürüb şıxan vulkan süxurlarından yaranan "cansız" daşlar da torpağın bətnindən "doğulduqları" üçün müdriklərimiz "canlı" sayıblar. Daşla ağacın insan həyatında oynadığı rola  gəlincə, bu barədə bir qədər ətraflı söz açmağa dəyər.

İbtidai icma quruluşu dövrlərində daşın oynadığı rol, təbii ki, zaman keçdikcə dəyişərək daha vacibliyini ortaya qoydu. Ona görə də bədii   ədəbiyyat yarandığı  gündən daş mövzusu daim aktuallığı ilə seçilib. Daşla bağlı kifayət qədər atalar sözü,  bayatılar, zərb-məsəllər də az deyil: "Kəsək oturub daşın gününə ağlayır", "Daşdan səs çıxdı, ondan yox", "Daş qayaya rast gəlib", "Daldan atılan daş topuğa dəyər", "Daşı daş üstə qalmayıb",  "Daş qəlbli insanları neylərdin, İlahi?", "Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı" (M.Araz), "Bu dünyanın qara daşı göyərməz" (M.Yaqub), "Bostanıma nə daş atırsan?", "Başı əlhət daşına dəydi..." və s.

Daş təkcə tikinti materialı deyil, o, həm də maddi-mədəniyyət abidəsidir.  Daş kitabələr  insanların tarixi və mədəniyyəti, mənəvi və fiziki varlığının, kimliyinin şahidi "yazılı pasportudur". Daş üzərində yazılanlar  bəşər tarixinin silinməz izləridir (baxmayaraq ki, ermənilər xalqımıza, hətta əcdadlarımıza məxsus yazılı daş abidələrimizi məhv etməkdən bu gün də çəkinmirlər), onlar  minilliklərin, əsrlərin və nəsillərin tarixini özlərində qoruyub saxlayırlar.

Azərbaycan xalqının tarixinin daş üzərində yazılması onu göstərir ki, bu yerlər ilk insan məskənlərindən biridir. Bunun üçün kifayət qədər yazılı mənbələr aşkar edilib. Əlbəttə, dəfələrlə qeyd edildiyi kimi, belə mənbələrin günümüzədək gəlib çatmasında daş kitabələr əvəzsiz bir xəzinədir. Məhz daş üzərində tarix yaşatmaq ən qədim xalqlara məxsusdur. Ona görə daş qaim-qədimlərdən müqəddəs sayılıb, onun üzərindəki hər sadə işarə tarixin kodlaşdırılmış açarı hesab edilib. Qadınların ilkin bəzəyi, xəttatların, tarixçilərin qələm və lövhəsi də daşdan olub. İnsanda rəsm qabilliyyətinin formalaşmasında və estetik zövqün inkişafında da daş böyük rol oynayıb. Oyma, yonma, cızma üsulu ilə daş üzərində həkk olunmuş təsvirlərin ən qədim nümunələrinə alimlərimiz Ordubad (Gəmiqaya), Abşeron (Mərdəkan, Şüvəlan kəndlərində) və Bakı şəhərindən 60 kilometr cənubda Xəzər dənizinin sahilindən bir qədər aralı Qobustan qayaları üzərində rast gəlinib.

Süjetli oyma kompozisiyaları içərisində bu gün yalnız adı qalan Zəngəzur mahalının Urud kənd qəbiristanlığındakı sənduqələr xüsusilə maraqlıdır. Burada biz qədim türkdilli tayfaların etiqadı ilə əlaqədar bir çox orijinal motivlərə rast gəlirik. Bunlardan şamanların dini mərasimini, qədim türkdilli xalqlarda zoomorf anlayışlarla əlaqədar meydana çıxmış onğon quş toteminin təsvirini və s. göstərmək olar.

 Plastik sənətimizin tarixindən danışarkən Naxçıvan, Qarabağ, Gəncə, Qazax, Qubadlı, Kəlbəcər, Laçın, Lerik, Gədəbəy və başqa yerlərdə rast gəlinən  "daşlaşmış" qoç və atları xüsusi qeyd etmək lazımdır. Çünki onlar həm öz sayı, həm də üslub xüsusiyyətlərinin müxtəlifliyi ilə plastik sənətin keçdiyi tarixi inkişaf yolları haqda daha ətraflı məlumat verirlər.

Daşdan yalnız müxtəlif heyvan fiqurları düzəldilmir. Doğrudur, ilk orta əsrlərdə daşdan  bir sıra qadın bəzək əşyaları hazırlanıb. Sonrakı dövrlərdə isə bu sənətlə məşğul olanların bədii yaradıcılıq imkanları sübut etdi ki, daş üzərində  hətta xalça da "toxumaq" mümkündür. Milli Elmlər Akademiyasının "Selen" Elm-İstehsalat Birliyinin direktor müavini Tofiq Məmmədovun adıçəkilən sənətin incəliklərinə qədər bələdçiliyi barədə də kifayət qədər məlumatlar var. O, bununla bağlı fikirlərini açıqlayarkən bildirib ki, heç nə mənasız və gərəksiz deyil, mahir usta daş üzərində də sirr və gözəlliyi aşkar göstərə bilir.

Daş üzərində ornamental xalça təsviri yaratmaq qərarına gələn usta deyir: "Düşündüm ki, daşxalça müstəqil əhəmiyyət daşıyacaq və ornament birinci dərəcəli olacaq. Ornamenti nəyin üstündə yaradacağımı tapandan sonra onu necə etmək haqqında düşündüm: daşda iki rəng olacaq - biri özünün, ikincisi isə onun hündür və qabarıq yerlərində əmələ gələn kölgənin rəngi. Ornamentlərin sıxlığını, hündürlüyünüs. işləyərkən düşündüm ki, hansı sahələrdə ornament bir az seyrək və hündürlüyü azca alçaq olacaq. Bundan başqa, ornamentlərin güllərinin və yarpaqlarının içində olan oymaları çox dərin etməli, kölgənin həcmini azaltmalıyam. Əksinə, harada rəngin diqqəti cəlb etməsini istəyirəmsə, orada ornamentin sıxlığını artırmalı, hündürlüyünornamentin siluetlərinin içində də oyma işlərini daha dərin edərək, kölgələrin həcmini çoxaldıram. Sonra hansı alətlərdən istifadə edərək bu effektin alınması haqqında düşündüm. Bunları təbii daş üstündə etməyi qərara aldım. Ancaq gördüm ki, təbii daşdan miniatür alına bilməz. Çünki təbii daş məsaməlidir. Ornamenti kiçik etdikcə, o məsamələr hər şeyi korlayacaq. Karxanalarda əhəng daşlarının qırıntıları, tozları və s. həddindən artıq çoxdur. Bu daşlar üzərində işlədim. Sonra tökmə üsulu ilə onlardan bir daş plitə düzəltdim və gördüm ki, burada məsamələr azdır. Sonra bu üsulla, əhəng daşından istifadə edərək işləməyə başladım".

Qədim insanların həyatında ov əsas yaşayış mənbəyi olduğu üçün təsvir olunan kompozisiyalarda da daim diqqət mərkəzində idi. Arxeoloji qazıntılar zamanı əldə edilmiş materiallar göstərir ki, ilk orta əsrlərdə Azərbaycanda daşdan əvvəlki dövrlərdə olduğu kimi, təkcə tikinti işləri və məişət əşyalarının düzəldilməsi üçün deyil, hətta ən kiçik zərgərlik nümunələrinin bəzəyində də geniş istifadə edilirdi. Bu əsrlərdə daş üzərində olan bəzəklər öz texniki icrası cəhətdən xeyli zənginləşsə də, süjetli rəsmlərə, demək olar ki, təsadüf edilmir.

Bu əsrlərdə daş üzərində bəzəkləri əsasən, nəbati, həndəsi, quş, heyvan rəsmləri təşkil edirdi. Əsrin əvvəllərində yaradılmış daş bəzəkləri arasında biz yerli ənənələrlə bağlı nəbati naxışlara, X-XI əsrlərdə və sonralar, yəni, islam dininin əhali arasında dərin köklər saldığı vaxtlar isə həndəsi naxışlara daha çox rast gəlirik.

İlk orta əsrlərə aid edilən daş bəzəklərindən danışarkən 1948-ci ildə Mingəçevirdə aparılan qazıntı işləri zamanı bir dini məbədin qalıqları arasında əldə edilmiş, elm aləmində alban kapiteli adını almış abidəni xüsusi qeyd etməliyik. Arxeoloqlarımız tərəfindən V-VI əsrlərə aid edilən bu abidə bizim üçün xüsusilə maraqlıdır, çünki onun üzərində olan ornamental kompozisiyaya sonralar el sənətimizin bir çox növlərində rast gəlirik.

 İnsan fiqurunu təsvir edən heykəllər içərisində 1973-cü ildə Ağdam rayonunun Boyəhmədli kəndi yaxınlığından tapılmış abidələr xüsusilə diqqəti cəlb edir.

Daşla bağlı kifayət qədər deyimlər və yozumlar olsa da,  onun gərəkliliyi barədə bundan sonra hələ çox yazılacaq. İlk insan məskənləri olan mağaralar, kahalar, sonrakı dövrlərin yadigarları olan qalalar, karvansara və saraylar da məhz daşlardan yaradılmış sənət əsərləridir. Ona görə də daş insan həyatında bu cür mühüm əhəmiyyət daşıyan əvəzsiz (baxmayaraq ki, son illər onu əvəz edən materillar istehsal etmək mümkün olub) təbii sərvətlərdəndir. İnsan dünyaya gələndən ömrünün sonuna qədər daş ona lazım olub.

Daş mövzusu  bu gün də yazılı və  şifahi xalq ədəbiyyatının aparıcı mövzularından sayılır. Belə nümunələrə isə  daha çox  təsadüf edilir:

 

 Daşdandı,

Gözüm yaşı daşdandı.

Qəmnən cığırlandı üzüm,

Dedilər ki, yaşdandı.

 

 Daşdandı,

Fikrim coşdu, daşdandı.

Qayada kəkotunun

Dibçəyi də  daşdandı.

 

 

 Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.-2012.- 23 sentyabr.- S. 7.