Bakıda Beynəlxalq İdman Jurnalistləri Assosiasiyasının İcraiyyə Komitəsinin iclası və Gənc Jurnalistlər Proqramının açılış mərasimi keçirilmişdir

 

 Sentyabrın 22-də Bakıda Beynəlxalq İdman Jurnalistləri Assosiasiyasının (AİPS) İcraiyyə Komitəsinin iclası və Gənc Jurnalistlər Proqramının açılış mərasimi keçirilmişdir.

AzərTAc xəbər verir ki, "Park İNN" mehmanxanasında təşkil olunan tədbirdə AİPS-in prezidenti Canni Merlo təşkilatın tarixi, fəaliyyəti və qarşıda görüləcək işlər barədə məlumat vermişdir. Bildirmişdir ki, AİPS dünyada idman jurnalistlərini özündə birləşdirən yeganə müstəqil beynəlxalq təşkilatdır. Assosiasiyanın təşkil etdiyi seminar və treninqlərdən minlərlə jurnalist bəhrələnmişdir. Çox sevindirici haldır ki, növbəti tədbirimiz Bakıda təşkil olunur. Mən Azərbaycana bir neçə dəfə səfər etmişəm. Hər dəfə gəldiyimdə bu ölkədə gedən inkişaf məni heyran edir.

Vurğulamışdır ki, FİFA U-17 qadınlararası dünya çempionatının Azərbaycanda keçirilməsi böyük uğurdur. Azərbaycana dünyanın 15 güclü komandasının təşrif buyurması matçların gərgin idman mübarizəsi şəraitində keçəcəyini deməyə əsas verir. Bununla yanaşı, Bakıya dünya çempionatının oyunlarını işıqlandırmaq üçün xarici ölkələrdən idman jurnalistləri də gəlmişlər.

Gənclər və idman naziri Azad Rəhimov ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışmış, Azərbaycanın olimpiya yığmasının Londonda qazandığı uğur barədə məlumat vermişdir. Nazir qeyd etmişdir ki, FİFA U-17 qadınlararası dünya çempionatının Azərbaycanda keçirilməsi əlamətdar hadisədir. Bu, Azərbaycanın FİFA ilə ilk əməkdaşlığıdır.

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) prezidenti Yozef Blatter iclasın Azərbaycanda keçirilməsini yüksək qiymətləndirmişdir. Bildirmişdir ki, Azərbaycan mötəbər yarışlara yüksək səviyyədə təşkilatçılıq edir. Biz də bunları nəzərə alaraq futbol üzrə FİFA U-17 qadınlararası dünya çempionatının ev sahibliyini Azərbaycana həvalə etdik.

Tədbirdə danışılmış futbol matçlarının qarşısının alınması istiqamətində lazımi tədbirlərin görülməsi xüsusi vurğulanmışdır. Bunun üçün AİPS, yerli federasiyalar və milli lotereya şirkətlərinin birgə əməkdaşlığının vacibliyi diqqətə çatdırılmışdır. Həmçinin 2014-cü ildə Braziliyada keçiriləcək futbol üzrə dünya çempionatına hazırlıq məsələləri müzakirə olunmuş, mundialın oyunlarında FİFA tərəfindən yeni qaydaların tətbiqi istiqamətində fikir mübadiləsi aparılmışdır.

İclasda idman mətbuatında şəffaflığın, matçların təhlilində oyunun hesabının deyil, idmançıların nümayiş etdirdiyi qabiliyyətinin üstün tutulması və idman infrastrukturunun inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılmışdır.

Sonda FİFA-nın prezidenti C.Merloya üzərində dünya futbol qurumunun loqotipi əks olunmuş bayrağı və xatirə hədiyyəsini təqdim etmişdir. C.Merlo da FİFA prezidentinə AİPS-in fəaliyyətindən bəhs edən kitab və xatirə hədiyyəsi vermişdir.

Qeyd edək ki, tədbir çərçivəsində qonaqlar Bakıda sentyabrın 22-də futbol üzrə 17 yaşadək qızlar arasında keçirilən dünya çempionatının təntənəli açılış mərasimində iştirak edəcəklər. 23 günlük Gənc Reportyorlar Proqramına AİPS-in 5 qitədən 19-25 yaşlar arasında gənc jurnalistlərdən seçdiyi 20 nəfər cəlb olunmuşdur. Onlar Bakıda 17 yaşadək qızlar arasında futbol üzrə dünya çempionatının keçirildiyi 23 gün ərzində qarşılaşmaları birlikdə izləyəcək və hər biri öz ölkəsində təmsil etdiyi media qurumu üçün məqalələr hazırlayacaqdır. Xarici jurnalistlər Bakıda Yerli Təşkilat Komitəsinin seçdiyi azərbaycanlı həmkarları ilə birgə çalışacaqlar.

 

 

 Azərbaycan.-2012.- 23 sentyabr.- S. 8.