Azərbaycan Prezidenti İlham Əliyevin
Fransaya işgüzar səfəri
Parisdə MEDEF-in üzvü olan
iş adamları ilə görüş
Xəbər
verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev sentyabrın 19-da Parisdə Fransa Sahibkarlar Təşkilatına
- MEDEF-ə üzv olan iş adamları ilə
görüşmüşdür.
Dövlət başçısını
"MEDEF International"ın rəhbəri Jan Bürel
qarşıladı.
MEDEF-in rəhbəri Jan BÜREL dedi:
- Cənab Prezident, bu görüşdə
aparıcılıq etmək mənim və dostum, həmkarım
Kristian Mons üçün şərəfdir. Bizə vaxt
ayırdığınız üçün Sizə təşəkkürümüzü
bildiririk. Bilirik ki, sevdiyiniz Paris şəhərində səfər
proqramınız olduqca gərgindir.
Burada Azərbaycanın iqtisadi
inkişafı, fransız şirkətlərinin bu tərəqqiyə
verə biləcəyi töhfə, onların Sizin ölkədə
oynaya biləcəyi rol ilə bağlı düşüncələrinizi
dinləmək üçün müxtəlif şirkətləri
təmsil edən 60-a yaxın nümayəndə iştirak
edir. Sizi dinləmək bizim üçün olduqca
maraqlıdır.
Həmkarım Kristian Mons sual-cavab
sessiyasını keçirəcəkdir. Mənim qısa
giriş sözümdən sonra, etiraz etmirsinizsə, biz Sizi
dinləyəcəyik, daha sonra isə Kristian Mons sual-cavab
sessiyasına başlayacaqdır. Fikirlərinizi bizimlə
bölüşün. Bir daha bizə vaxt
ayırdığınız üçün Sizə təşəkkürümüzü
bildiririk.
Dünən Sizin Prezident Olland ilə
görüşünüz oldu. Eyni zamanda, Luvr Muzeyində
İslam incəsənətinə həsr olunmuş
zalların açılışı mərasimində
iştirak etmisiniz. İqtisadiyyatdan, ümumi daxili məhsuldan
başqa, bilirik ki, dostluq və mədəniyyət bizim
ölkələrin böyük sərvətidir. Bizə
qarşı xoş münasibət vardır. Sizin Fransanı
sevdiyinizi bilirik.
Bir daha bizə vaxt
ayırdığınız üçün Sizə minnətdarlığımızı
bildiririk. Biz bir saat ərzində birlikdə olacağıq.
Cənab Prezident sözü Sizə veririk.
Təşəkkürlər.
Dövlət başçısı
görüşdə çıxış etdi.
Azərbaycan
Prezidenti İlham Əliyevin çıxışı
- Çox
minnətdaram. Əvvəlcə dəvətə görə
sizə təşəkkürümü bildirirəm. Burada,
Parisdə köhnə dostları görmək çox
xoşdur. Mən MEDEF-də bizim əvvəlki
görüşlərimizi xatırlayıram. Bu təmaslar Azərbaycan
və Fransanın aparıcı şirkətləri
arasında iqtisadi sahədə güclü tərəfdaşlıq
münasibətlərinin yaradılmasına çox kömək
etmişdir. Parisə yenidən gəlməyimə çox
şadam.
Sizin də qeyd etdiyiniz kimi, dünən mənim
Prezident Olland ilə görüşüm oldu. Biz bir çox
məsələlər ətrafında, əlbəttə ki,
çox uğurla inkişaf etməkdə olan ikitərəfli
siyasi əlaqələrə dair səmimi və açıq
müzakirələr apardıq. Bizim
görüşümüz siyasi əlaqələrimizin
strateji xarakter daşıdığını bir daha sübut
etdi.
Biz dostuq, tərəfdaşıq və həm
ikitərəfli münasibətlər səviyyəsində, həm
də beynəlxalq arenada fəal şəkildə əməkdaşlıq
edirik. Xüsusilə də Azərbaycan BMT Təhlükəsizlik
Şurasına üzv seçiləndən sonra həm beynəlxalq
məsələlərlə, həm də regionda və
dünyada qarşılıqlı maraq doğuran məsələlərlə
bağlı ölkələrimiz arasında əlaqələr
daha da fəallaşmışdır.
Qeyd etdiyiniz kimi, siyasi əlaqələrlə
yanaşı, biz həm də ölkələrimiz arasında
mədəniyyət sahəsində əlaqələri
müzakirə etdik. Bu əlaqələr də çox
uğurla inkişaf edir. Sizin də qeyd etdiyiniz kimi, dünən
mən Luvr Muzeyində İslam incəsənəti bölməsinin
açılışında iştirak etmişəm. Bu
gün biz Parisdə Azərbaycan Mədəniyyət Mərkəzinin
açılışında iştirak edəcəyik. Bu, Azərbaycandan
kənarda açılan ilk Mədəniyyət Mərkəzidir.
Ötən il biz Bakıda yeni fransız məktəbinin təməlini
qoyduq. Mən bir çox başqa tədbirləri, sərgiləri,
mədəniyyət sahəsində mübadilə, konsertlər
və digər mühüm tədbirləri qeyd edə bilərəm
ki, bunlar da işbirliyi həyata keçirmək
üçün gözəl şərait yaradır.
Ümumilikdə siyasi əlaqələr və
açıq, səmimi münasibətlər iqtisadi əməkdaşlıqda
mühüm rol oynayır. Ona görə də biz çox
şadıq ki, təkcə siyasi sahədə deyil, xalqlar
arasında əlaqələr, mədəniyyət sahəsində
də möhkəm əməkdaşlıq əlaqələri
qurmuşuq. Ölkələrimiz arasında iqtisadi əməkdaşlığa
gəlincə, qarşılıqlı ticarətdə dinamik
inkişaf qeydə alınır, hazırda bu göstərici
4,6 milyard dollar təşkil edir və getdikcə artır. Gələcəkdə
biz ticarət əlaqələrinin daha da şaxələndirilməsinin
şahidi olmaq istərdik. Hesab edirəm ki, enerji sektorundan kənar
əlaqələrin genişləndirilməsi
üçün yaxşı potensial mövcuddur.
Azərbaycanın yürütdüyü
enerji siyasəti region hüdudlarını aşır. Bu
gün biz Avropanın enerji təhlükəsizliyi məsələləri
ilə bağlı Avropadan olan tərəfdaşlarımızla
birgə fəaliyyət göstəririk və Fransanın
"Total" və "GDF-Suez" kimi şirkətləri
bizim uzunmüddətli tərəfdaşlarımızdır.
Biz qarşıdakı planları və layihələri həyata
keçirmək üçün birgə
çalışırıq.
Azərbaycanın böyük neft və
qaz ehtiyatları, artıq şaxələndirilmiş boru kəməri
infrastrukturu vardır. Biz yeni kəmər sistemi üzərində
işləyirik. Bu kəmər bizdə olan və gələcəkdə
olacaq qazı müxtəlif istiqamətlərə ixrac etməyə
imkan verəcəkdir. İqtisadiyyatın şaxələndirilməsi,
eyni zamanda, enerji təchizatı marşrutlarının şaxələndirilməsi
bizim üçün son dərəcə vacibdir. Şadıq
ki, enerji siyasətində də maraqlarımız avropalı tərəfdaşlarımızla
üst-üstə düşür. Təbii qaz məsələsinə
gəlincə, Azərbaycan Avropanın əsas tərəfdaşlarından
birinə çevriləcəkdir. Neft məsələsinə
gəldikdə, Avropa İttifaqının bəzi üzv dövlətlərinin
enerji balansında Azərbaycan neftinin payı 30 faizdən
artıqdır. Onun əsas hissəsi nisbətən yeni mənbədən
əldə olunur. Azərbaycanın təsdiq edilmiş qaz
ehtiyatları 2,5 trilyon kubmetrdən çoxdur. Artıq qeyd
etdiyim kimi, biz yeni boru kəməri sistemi üzərində
iş aparırıq. Bu layihədə,
xüsusilə də regionun və Avropanın enerji xəritəsini
əhəmiyyətli şəkildə dəyişəcək
TANAP layihəsində Fransa şirkətlərini tərəfdaş
kimi görməyə şad olardıq.
İqtisadi göstəricilərə nəzər
saldıqda, düşünürəm ki, iqtisadiyyatın
şaxələndirilməsinə nail ola bilmişik. Bu, bir
sıra rəqəmlərdə də özünü göstərmiş,
xüsusilə də bu ilin altı ayının göstəricilərində
öz əksini tapmışdır. Qeyri-enerji sektorunda
ümumi daxili məhsulun həcmi 10 faizdən çox
artmışdır. Ümumilikdə son 8 ildə Azərbaycan
iqtisadiyyatı üç dəfə artıbdır.
Yaşayış səviyyəsi yaxşılaşıb,
yoxsulluq səviyyəsi təxminən 50 faizdən 7 faizə
düşüb, işsizlik səviyyəsi 5,4 faiz təşkil
edir. Xarici borc ümumi daxili məhsulun təxminən 7 faizi həcmindədir.
Biz 9,3 milyon əhalisi olan ölkədə bir milyondan artıq
yeni iş yeri açmışıq, işsizlik 5-10 il bundan əvvəl
olduğu kimi, ciddi problem deyildir. Beynəlxalq maliyyə
institutları da nailiyyətlərimizi və problemlərimizi
yaxından izləyir. Şadıq ki, maliyyə böhranı
dövründə üç aparıcı reytinq agentliyi -
"Standard & Poors", "Fitch" və "Moody's"
Azərbaycanın kredit reytinqini qaldırıbdır. Davos
İqtisadi Forumunun dünya ölkələrinin rəqabətlilik
göstəricisi üzrə sonuncu siyahısında Azərbaycan
46-cı yerdədir. Bu da region ölkələri, bütün
qonşularımız arasında ən yüksək göstəricidir.
Gələcəkdə biz qeyri-enerji
sektoruna daha çox diqqət ayıracağıq.
Çünki düşünürəm ki, enerji sektorunda
qarşımıza qoyduğumuz bütün məqsədlərimizə
çatmışıq və hazırda icra edəcəyimiz
layihələrə artıq start verilmişdir. Növbəti
on il üçün məqsədlərimiz iqtisadiyyatın
modernləşdirilməsi, şaxələndirilməsi, sənayeləşdirilməsi,
kənd təsərrüfatına, informasiya
texnologiyalarına, xüsusilə kosmik texnologiyaya
investisiyaların yatırılmasıdır. Yeri gəlmişkən,
fransız şirkətləri bizə bu sahədə
yardım edirlər. Bu, növbəti on il üçün hədəfimiz
olacaqdır.
Artıq qeyd etdiyim kimi, son 8-9 il ərzində
biz ümumi daxili məhsulu üç dəfə
artırmağa, ölkədə müasir infrastruktur
yaratmağa nail olmuşuq. Növbəti on il ərzində,
davamlı inkişaf onilliyində, bizim hədəfimiz
qeyri-enerji sektorunda ümumi daxili məhsulu iki dəfə
artırmaqdır. Düşünürəm ki,
qarşıdakı on ildə bu, mümkün olacaqdır. Zənnimcə,
transformasiya sahəsində təcrübəmiz,
dünyanın aparıcı şirkətləri ilə
güclü əlaqələrimiz sayəsində buna nail ola
biləcəyik.
Uzun illərdir Fransa şirkətləri
bizim ölkədə uğurla fəaliyyət göstərir.
Enerji sektorunda onlar investor, digər sektorlarda iş
podratçısı kimi fəaliyyət göstərirlər.
Əlbəttə ki, biz Fransa şirkətlərini qeyri-enerji
sektorunda investor kimi görmək istərdik.
Düşünürəm ki, bunu etmək üçün
yaxşı potensial mövcuddur. Çünki iqtisadiyyat
inkişaf edir, yeni imkanlar yaranır, Azərbaycan regional mərkəzə,
təkcə siyasi deyil, həm də iqtisadi mərkəzə
çevrilir. Azərbaycan regionda tarazlaşdırıcı
rol oynayır. Düşünürəm ki, Azərbaycana
investisiya yatırmaq imkanlarının dəyərləndirilməsi
Fransa şirkətləri üçün maraqlı
olacaqdır. Eyni zamanda, biz onları podratçı kimi də
görmək istərdik. Mən bizimlə fəal şəkildə
çalışan bir çox Fransa şirkətinin
adını çəkə bilərəm. Dünən
Prezident Olland ilə görüşdə bildirdim ki, səfərdən
əvvəl köməkçim mənə Azərbaycandakı
Fransa şirkətlərinin fəaliyyəti ilə
bağlı broşür təqdim etdi. Güman edirəm ki,
bir neçə ilə şirkətlərin adları olan kitab
nəşr ediləcəkdir. Bunlar bizim
planlarımızdır. Mən həm siyasi, həm də
iqtisadi sahədə əməkdaşlığımızın
səviyyəsindən məmnunam. Əməkdaşlığımız
çox mehriban, gözlənilən və möhkəmdir.
Azərbaycan açıq ölkədir. Bu
ölkədə bizneslə məşğul olmaq cəlbedicidir.
Hazırda Azərbaycanda ümumi daxili məhsulun 80 faizi özəl
sektorun payına düşür. Burada çox liberal iqtisadi
nizamlama mövcuddur. Biz Dünya Bankının "Doing
Business" proqramında aparıcı ölkələr
sırasındayıq. Ölkədə çox əlverişli
investisiya mühiti mövcuddur. Adambaşına düşən
birbaşa xarici sərmayələrin həcminə görə
Azərbaycan keçmiş sovet ölkələri arasında
birinci yerdədir. Bu il biz Azərbaycana, iqtisadiyyatımıza
20 milyard dollar həcmində birbaşa sərmayələrin
yatırılacağını gözləyirik. Hazırda
xarici və yerli investisiyalar arasında nisbət dəyişib.
Sərmayələrin 70 faizi yerli yatırımlardır. Bu, o
deməkdir ki, şirkətlərimizin rəqabətliliyi
artır.
Yeri gəlmişkən, Azərbaycan xaricdə
böyük investisiya layihələrinə start verib. Regionda
biz ilk növbədə Türkiyə iqtisadiyyatına milyardlar
yatırırıq. Növbəti beş il ərzində bu, təxminən
20 milyard dollara çatacaqdır. Biz Gürcüstanda bir
nömrəli investoruq. Dövlət Neft Şirkəti
Gürcüstanda ən böyük vergi ödəyicisidir.
Bundan əlavə, biz Avropa İttifaqına üzv ölkələrə,
keçmiş Sovet İttifaqı ölkələrinə
investisiya yatırmağı planlaşdırırıq. Biz, həmçinin
maliyyə resurslarımızı da şaxələndiririk, bu
da çox mühümdür.
Azərbaycan və Fransa şirkətləri
arasındakı əlaqələrin tarixini nəzərə
alaraq, qarşıdakı illərdə biz
üçüncü ölkələrdə hətta
müştərək investor kimi fəaliyyət göstərə
bilərik.
Mən Azərbaycan haqqında
danışaraq daha çox vaxtınızı almaq istəmirəm.
Bilirəm ki, əksəriyyətiniz bizim ölkədə
olub, ölkəmizlə bağlı öz təəssüratlarınız
vardır. Azərbaycanda olmayanları mən bizneslə məşğul
olmaq imkanlarını öyrənmək və tərəfdaşlığımızı
möhkəmləndirmək üçün ölkəmizə
dəvət edirəm. Təşəkkür edirəm.
Jan BÜREL:
- Cənab Prezident. Sizi bu gün burada,
Parisdə dinləmək, nailiyyətləriniz, Azərbaycanın
iqtisadi durumu barədə təqdimatlarınızı, fikirlərinizi
eşitmək bizim tərəfdən və borcla mübarizə
aparan Qərbi Avropanın hər bir ölkəsi tərəfindən
təqdir edilir. Bir neçə dəqiqə öncə
ölkənizin dövlət borcunun ümumi daxili məhsulun 7
faizini təşkil etdiyini eşitdikdə bunun Fransa
üçün də belə olmasını arzuladım.
Bizim Sizdən soruşmaq istədiyimiz bəzi
suallar vardır. İndi mənim həmkarım Kristian Mons
sual-cavab sessiyasına başlayacaqdır. Kristian, buyurun.
Kristian MONS: Cənab Prezident,
iştirakınız üçün Sizə təşəkkür
edirik. Burada masa ətrafında Fransa şirkətlərini təmsil
edən 50-dən çox baş icraçı direktor və
baş menecer əyləşibdir. Onlar, yəni biz, tərəqqiniz
və ölkəniz haqqında daha çox sual vermək məqsədilə
burada toplanmışıq. Bizim şirkətlər enerji, nəqliyyat,
infrastruktur, su idarəçiliyi, xidmət, turizm, bankçılıq
və digər sahələri təmsil edir. Onlar Sizə
çox qısa və konkret, eyni zamanda, həmişə
olduğu kimi, dəqiq suallar vermək istəyərdilər. Əgər
razısınızsa, mən sual-cavaba "Total" şirkətindən
olan cənab Borrell ilə başlayıram. O, Sizə sual vermək
istərdi.
Mişel BORREL: Çox sağ olun. Cənab
Prezident, mənim vermək istədiyim xüsusi bir sual yoxdur.
Sadəcə, həmkarlarımın qarşısında Sizin
bazar ertəsi keçirdiyiniz görüşdə müzakirə
etdiyiniz bir neçə məsələ haqqında şərh
vermək istərdim.
İlk növbədə, qaz sektoru
haqqında. Siz öz çıxışınızda enerji
sektorundakı nailiyyətlərinizi və qarşıda duran hədəflərinizi
qeyd etmişdiniz. Düşünürəm ki, bunlar Sizin də
qeyd etdiyiniz kimi, ölkədəki investisiya mühitinin
yaxşı göstəricisidir. Öz adımızdan deyə
bilərəm ki, biz Azərbaycanın neft və qaz sektorunda
iştirak etməkdən məmnunuq və bununla fəxr edirik.
Yenicə uğurlu şəkildə
tamamladığımız və aşkarlanmasını
keçən ilin sentyabr ayında Sizinlə birgə elan
etdiyimiz "Abşeron" yatağı barədə
müzakirə aparmaq imkanımız oldu. Burada iştirak edən
tərəfdaşlarımız "GDF-Suez" şirkəti
və SOCAR ilə birlikdə "Abşeron"
yatağındakı quyunun maliyyə dəyəri barədə
açıqlama vermişdik. Bildiyiniz kimi, onun Sizin
arzuladığınız miqyasda və zaman çərçivəsində
işlənməsinin əsas şərti Xəzər dənizində
qazma imkanlarını artırmaqdır. Quyunun istismarında
biz SOCAR ilə birlikdə yaxından işləyirik. Ümid
edirəm, istehsalatda yeni qazma qurğuları tətbiq ediləcəkdir.
Biz, həmçinin Sizin də qeyd etdiyiniz
məsələ, yəni regionda istehsal edilən qaz və onun
Avropa bazarına necə çıxarılması barədə
danışdıq. Düşünürəm, "Şahdəniz"
yatağındakı 10 faizlik payımız nümayiş
etdirir ki, bizim rolumuz böyükdür. Biz CP, onun genişləndirilməsi
və Türkiyədən keçməklə Avropa
bazarlarına gedəcək TANAP layihəsi üçün
Sizin də qeyd etdiyiniz kimi, strateji cəhətdən əhəmiyyətli
infrastrukturun qurulmasında həm operator və yenə də
SOCAR-la birgə işləmişik. Sonra bu iki rəqib boru kəməri
qazı ya İtaliya, ya da daha yuxarı, Avstriyaya - Avropa qaz
bazarının bir hissəsinə çatdıracaqdır. Bu
sahədə tərəfdaşlıq əsas şərtdir.
Bizim həm də SOCAR ilə tərəfdaşlığımızı
daha da inkişaf etdirmək potensialını, quruda və dənizdə
gələcək fəaliyyətimizi müzakirə etmək
imkanımız oldu. Hesab edirəm ki, bu danışıqlarda
daha tez irəliləyiş etmək üçün Siz bizi
ruhlandırdınız və bununla da biz Sizin neft və qaz sahəsində
qarşıya qoyduğunuz məqsədlərə nail
olmağa davam edirik. Hesab edirəm ki, şərhimin
üç əsas elementində də qeyd etdiyim kimi, SOCAR ilə
və Azərbaycandakı digər şirkətlərlə tərəfdaşlıq
bizim uğurumuzun açarıdır. "Total"ın Azərbaycandakı
sərmayə payı ölkənizin investisiya mühitinin cəlbediciliyi,
sabitlik və bizə layihələrimizə uzun müddətə
milyardlarla dollar investisiya yatırmaq imkanı verən güvənlik
haqqında söylədiklərinizin aydın şəkildə
nümayişidir. Siz bundan sonra da insanları SOCAR ilə, Azərbaycan
ilə işləmək səylərini davam etdirməyə,
etibarlı tərəfdaş olmağa, istər bizim, istərsə
də Sizin öz mütəxəssislərinizlə və
şirkətlərinizlə birgə gəlirləri
artırmağa əmin edə bilərsiniz. Təşəkkür
edirəm.
Kristian MONS: Təşəkkür edirəm.
"Bouygues Travaux Publics" şirkətindən cənab
Kristian Qazen.
Kristian QAZEN: Cənab Prezident, mən
"Bouygues Travaux Publics" şirkətinin tikinti bölməsini
təmsil edirəm. Biz müxtəlif növ binaların, eləcə
də infrastruktur, dəmir yolu və mülki obyektlərin
tikintisi ilə məşğul oluruq. Biz, xüsusilə
Bakı metrosunun inkişafı ilə maraqlanırıq. Biz
yerli şirkət olan "Akkord" ilə əməkdaşlıq
edirik. Biz hazırda metronun mavi xətti üzərində
çalışırıq. Həmçinin demək istərdim
ki, Fransada bizim daha iri tərəfdaşımız və hərdən
rəqibimiz olan şirkət vardır. Biz Azərbaycanda həmin
bu şirkətlə, yerli şirkətlərin də daxil
olacağı fransız qrupu yaratmağı qərara
almışıq. Xatırladım ki, bizim şirkətin
Misirin paytaxtı Qahirədə metro tikintisində 30 illik bir
uğuru var və hazırda bir sıra digər layihələrdə
də iştirak edirik.
Sualım belədir: Bakı metrosunun,
xüsusilə mavi xəttin gələcəyi haqqında nə
deyə bilərsiniz?
Prezident İlham ƏLİYEV: Təşəkkür
edirəm. Bizim Bakı metrosu üçün böyük
inkişaf planımız vardır. Bir müddət öncə
mənim sədrliyim ilə məsələ ilə
bağlı böyük konfrans keçirdik və Bakı
metrosunun inkişafı üzrə Dövlət Proqramı qəbul
edildi. Hələlik bizim, daha dəqiq desək, hazırda 23
metro stansiyamız vardır. Onların əksəriyyəti
sovet dövründə tikilib. Amma son bir neçə ildə
biz hər il bir yeni metro stansiyası açırıq. Amma
planlar daha genişdir.
Metronun böyük inkişaf planı
2030-cu ilə qədər əlavə 50 stansiyanın
tikintisini nəzərdə tutur. Bu, o deməkdir ki, biz
çox işləməli olacağıq və bizə
yaxşı tərəfdaşlar lazım olacaqdır. Yeri gəlmişkən,
Fransanın "SYSTRA" şirkəti Bakı metrosunun
böyük inkişaf planı üzərində işləyir.
Bu layihə bütövlüklə dövlət tərəfindən,
dövlət büdcəsi hesabına maliyyələşdiriləcəkdir.
Hər il biz bu məqsədlə əsaslı maliyyə vəsaiti
ayırırıq. Yeganə məsələ onunla
bağlıdır ki, bizə yaxşı podratçılar
lazımdır. Bizim öz şirkətimiz var ki, hələlik
Azərbaycan üçün metro tikir və onlar işi
yüngülləşdirən yeni qazma qurğusu alıblar.
Amma işin miqyasını, sürətini və 2030-cu ilə
qədər çatmalı olduğumuz məqsədi nəzərə
alaraq, bizim beynəlxalq podratçı şirkətlərə
ehtiyacımız olacaqdır. Mən şadam ki, siz yerli
şirkətlərlə birgə işləməyi
planlaşdırırsınız, bu da bizim üçün
çox vacibdir. Çünki biz, eyni zamanda, iqtisadi transformasiya
prosesində xarici şirkətlərlə işləyirik və
yerli şirkətlərimizin də beynəlxalq şirkətlərə
çevrilməsini istəyirik.
"Bouygues Travaux Publics" kimi şirkətlə
işləmək yerli şirkətlər üçün
yaxşı təcrübə və peşəkar fəaliyyətlərində
yaxşı tarixçə olacaqdır. Əgər bir gün
onlar Azərbaycandan kənarda işləmək qərarına
gəlsələr, onlar "Bouygues Travaux Publics"lə birgə
layihə həyata keçirdiklərini tarixçələrində
göstərə bilərlər. Mən bu yanaşmanı
bütövlüklə dəstəkləyirəm və sizə
uğurlar arzulayıram.
Metroda görüləcək işlər
çox olacaqdır. Bu, Bakıda yaxın illərdə həyata
keçiriləcək ən əsas infrastruktur layihələrindən
biri olacaqdır. Təşəkkürlər.
Kristian MONS: Cavabınız
üçün təşəkkür edirik, cənab
Prezident. "Vinci Construction" şirkətindən olan cənab
Bonno Sizin şərhinizə bəzi şeylər əlavə
etmək istəyir.
"Vinci Construction" şirkətinin sədri
və icraçı direktoru Alen BONNO: Sabahınız xeyir, cənab
Prezident. Mən metro layihəsi haqda indicə eşitdim. Mən
Dünya Tunel Konqresində iştirak etmək üçün
Bakıya gəlmişdim. Metro sahəsində
çalışan bir çox insanlarla, xüsusilə
Bakı Metropoliteninin rəisi ilə görüşdüm. Mən
cənab Qazenin dediklərini təsdiqləmək istərdim. Yəni
əgər Siz razısınızsa, yaxşı bir fransız
tikinti qrupu yeni metro xətlərinin tikintisində maraqlı
ola bilərdi və biz bu barədə çox
danışmışıq. Bizim üçün vacib olan məsələ
yaxşı razılıq əldə etməkdir və
düşünürəm ki, biz yerli şirkətlərlə,
yaxşı təcrübəsi olan Azərbaycan şirkətləri
ilə birgə işləməliyik. Qeyd etdiyiniz kimi, Azərbaycanda
uzun metro xətləri artıq var və biz onların
müasirləşdirilməsində və digər layihələrdə
Sizə kömək etməyə hazırıq. Təşəkkür
edirəm.
Kristian MONS: Burada iki aparıcı su təsərrüfatı
şirkətinin təmsilçiləri vardır. Etiraz
etmirsinizsə, onlar Sizə iki sual vermək istərdilər. Əvvəlcə,
"Veolia Eau" şirkətinin Avropa üzrə direktoru
Jan-Luk Debran və "Suez"dən beynəlxalq inkişaf
üzrə icraçı vitse-prezident cənab Erik Gebal.
Jan-Luk DEBRAN: Cənab Prezident, su və
kanalizasiya sistemlərinə bizim şirkət də iştirak
etdiyi böyük maliyyə vəsaitlərinin qoyulması
üzrə proqramları nəzərə alsaq, bu sahənin
ixtisaslı kadrlara və idarəetmə mütəxəssislərinə
ehtiyacı yaranır.
Mənim ilk sualım belədir: Azərbaycan
Respublikası Hökuməti ilə belə bir məktəbin
və ya treninq mərkəzinin yaradılması üzrə tərəfdaşlıq
mümkündürmü? İkinci sualım: Su təsərrüfatı
və kanalizasiya infrastrukturunun idarə olunmasına rəhbərlik
edən nazirlik belə ehtiyacların ödənilməsi
üçün ixtisaslaşmış fransız şirkətlərinə
müraciət edəcəkmi?
Prezident İlham ƏLİYEV: Bizim su və
kanalizasiya layihələri ilə bağlı böyük
planlarımız vardır. Bu problem bizdə hər zaman
mövcud olub. Təəssüf ki, Bakının və Azərbaycanın
digər şəhərlərinin heç vaxt kifayət qədər
su təchizatı olmayıb. Sovet dövründə
yaradılan sistem kifayət etməyib. Qeyd etməliyəm ki,
bu sistem köhnəlib və bir çox çətinliklər
yaradır. Bu məqsədlə biz təmiz su təchizatı
ilə bağlı böyük proqram həyata keçirmək
qərarına gəlmişik. Suyun keyfiyyəti Dünya Səhiyyə
Təşkilatının standartlarına uyğun olmalı və
bütün şəhərlərimiz su ilə təchiz edilməlidir.
Əlbəttə, Bakı birinci sıradadır,
çünki o nəinki Azərbaycanın, hətta
bütün Qafqazın ən böyük şəhəridir.
Proqram çox genişdir və bizim
dövlət şirkətimiz "Azərsu" buna görə
məsuliyyət daşıyır. Onlar "GDF-Suez" ilə
işləyirlər, yenicə müzakirələr aparıblar.
Ümid edirəm ki, tezliklə layihənin
reallaşdırılması istiqamətində praktik
addımlar atılacaqdır. Hədəfimiz 2013-cü ilin
sonuna qədər Azərbaycanın bütün şəhərlərini
su ilə tam təchiz etməkdir. Paralel olaraq müasir
kanalizasiya sisteminin qurulması da həyata keçiriləcəkdir.
Amma yəqin ki, bunu gələn ilin sonuna qədər etmək
mümkün deyil, bəlkə də bu, daha bir neçə
ilə başa gələcəkdir.
Bakı ilə əlaqədar məsələ
daha mürəkkəbdir. Çünki biz təkcə maliyyə
baxımından deyil, texniki nöqteyi-nəzərdən də
çox şey etməliyik. İşin böyük hissəsi
yenə də dövlət büdcəsindən maliyyələşəcəkdir.
Bizim banklardan kreditlərimiz də var, hansı ki, layihəni
daha tez həyata keçirməyə kömək edəcəkdir.
Bu, növbəti illərin ən vacib infrastruktur layihələrindən
biri olacaqdır. Ona görə ki, bütün digər
infrastruktur layihələrinin bəziləri ya tamamilə yerinə
yetirilib, ya da yeni elektrik stansiyalarının tikintisi, Azərbaycanın
qazlaşdırılması, magistral və hətta kənd
yollarının tikintisi kimi layihələr hazırda
reallaşmaq mərhələsindədir.
Gələn beş il üçün su və
kanalizasiya yüksək prioritet məsələ olacaqdır.
Çünki biz bu layihəni mərhələlərlə
reallaşdıracağıq. Qeyd etdiyim kimi, ilk mərhələ
2013-cü ilin, ikinci mərhələ 2016-cı ilin sonuna qədərdir.
Buna görə də biz Fransa şirkətləri ilə əməkdaşlığı
yüksək qiymətləndiririk. Biz artıq
"GDF-Suez" şirkətinin nümayəndələri ilə
onların digər ölkələrdəki təcrübəsini,
onların bu layihələri necə həyata keçirmələrini
müzakirə etdik. Bildiyimə görə, sizin şirkət
də Azərbaycan ilə işləyir, həm də
uğurlu şəkildə. Mən sizə uğurlar arzu edirəm.
Biz bu layihə üzərində işləməyə davam
edəcəyik. Ümid edirəm ki, növbəti illərdə
bu problem daha olmayacaqdır. Çox sağ olun.
Kristian MONS: Təşəkkür edirik, cənab
Prezident. Cənab Gebal, əlavə etmək istədiyiniz bir
şey varmı?
Erik GEBAL: Xeyr, yalnız istərdim Sizi əmin
edim ki, biz "Azərsu"nu mümkün qədər tez bir
zamanda dünya səviyyəli müəssisəyə
çevirmək fikrimizdə qətiyyətliyik. Biz artıq
2-3 ildir "Azərsu" ilə əməkdaşlıq
edirik və Bakının tarixi su təchizatının təkmilləşdirilməsinə
nail olmuş ilk şirkət olmağa yaxınıq. Bu, bizim
üçün ciddi məsələdir və biz əminik
ki, 2-3 ilə rəqabətə davamlı şərait
yaranacaqdır.
Prezident İlham ƏLİYEV: Təşəkkür
edirəm. Sadəcə, əlavə etmək istərdim ki,
bizim görüşümüzdən sonra mən "Azərsu"ya
sizin şirkətlə daha da yaxından işləmələri
və layihənin icrasına başlamaları
üçün tapşırıqlar verdim. Eyni zamanda,
bütün dostlarımıza xatırlatmaq istərdim ki, bizim
iki gün əvvəlki görüşümüzdə mən
dedim ki, su təchizatı məsələsinə gəldikdə
qarşımızda çox asan hədəflər durur: bizə
24 saat su təchizatı, 100 faiz əhatə dairəsi və
Dünya Səhiyyə Təşkilatının
standartlarına cavab verən su lazımdır. Üç əsas,
sadə məqsəd. Həmin məqsədlərə
çatmaqla, düşünürəm, bu problem həmişəlik
həll olunacaqdır. Bunun da insanların yaşayış
şəraitinə, onların səhhətinə, ölkəmizin
ümumi inkişafına çox ciddi təsiri olacaqdır.
Çünki Azərbaycan çox sürətlə
inkişaf edir. Müasirləşmə prosesi elə tez gedir
ki, biz mövcud su təchizatının hazırkı vəziyyəti
ilə barışa bilmərik. Lakin bir daha demək istərdim
ki, bu problem bizim ölkədə həmişə olub.
Müstəqilliyimizin ilk illərində həll
olunası digər daha ciddi məsələlər var idi və
ola bilsin, buna görə də bu məsələ prioritet
deyildi, üstəlik bu, çox baha idi. Biz özümüz-özümüzə
sərmayə qoymağa başlamamışdan öncə, on
ildən çox bir müddət ərzində beynəlxalq
maliyyə təsisatları ilə aparılan
danışıqlar əsaslı nəticə vermirdi. Su layihələrini
büdcəmizə, dövlət sərmayə
proqramlarımıza daxil etdikdən sonra beynəlxalq maliyyə
təsisatları da buna maraq göstərdilər və daha fəal
oldular. İndi dövlətin, bankların maliyyələşdirdiyi
layihələrin yaxşı əlaqələndirilməsi
mövcuddur və bu da sıx əməkdaşlıq əhval-ruhiyyəsi
yaradır.
Kristian MONS: Çox sağ olun, cənab
Prezident. Burada iştirak edən fransız şirkətlərinin
əksəriyyətinin adından Sizə sual verə bilərəmmi?
Bu, daha çox siyasi sualdır, amma iqtisadiyyatla əlaqəsi
var. Çox maraqlı olardı ki, bizə ölkənizin
Dünya Ticarət Təşkilatına daxil olmasının təqvimi
haqqında məlumat verəsiniz. Siz əvvəllər də
bu haqda danışmısınız, amma istərdik Sizin
planlarınız barədə eşidək.
Prezident İlham ƏLİYEV: Biz bu məsələ
üzərində işləyirik. Tərəfdaş ölkələrlə
ikitərəfli məsləhətləşmələr
prosesindəyik və bu proses uğurla davam edir. Eyni zamanda,
bildirmək istərdim ki, Azərbaycanın Dünya Ticarət
Təşkilatına nə zaman üzv olmasına dair iki fikir
mövcuddur. Birincisi, mümkün qədər tez, - bu fikir də
yetərincə əsaslıdır, - çünki bu, bazarda rəqabətə
davamlılığı artıracaqdır. Bu isə, ümid
edirik ki, istehlakçı qiymətlərinə müsbət
təsir edəcəkdir. Hazırda Azərbaycan bir sıra beynəlxalq
təsisatlara inteqrasiya edən ölkədir və Dünya
Ticarət Təşkilatının bir hissəsi olmağa
yaxındır. Digər yanaşma bir az fərqlidir - məzmun
nöqteyi-nəzərindən deyil, vaxt etibarilə fərqlənir.
Çünki dediyim kimi, indi biz şaxələndirmə
istiqamətində ciddi iş görürük. Bizim fərdi
sahibkarlığın həvəsləndirilməsi üzrə
dövlət proqramımız vardır. Məsələn, gələn
il kənd yerlərində kiçik və orta müəssisələr
üçün 300 milyon avro məbləğində vəsait
nəzərdə tutulub. Onlara dövlət tərəfindən
kiçik faizlə kredit ayrılacaqdır. Biz kənd təsərrüfatına
böyük subsidiyalar ayırırıq. Bizim fermerlərə
yanacaq 50 faiz güzəştlə satılır. Onlar gübrəni
də 50-75 faiz arasında güzəştlə alırlar.
Onlar torpaq vergisindən başqa, bütün vergilərdən
azad olunublar. Onlara taxıl əkdikdə hər bir hektara
görə 100 avro verilir. Bu subsidiyalar bizə kənd təsərrüfatı
məhsullarının idxalından asılılığı
əhəmiyyətli şəkildə azaltmağa kömək
edir.
Bu gün biz bəzi mövqelərdə tələbatımızı
80-85 faiz həcmində ödəyə bilirik. Məqsədimiz
2015-ci ilin sonunadək özümüzü kənd təsərrüfatı
məhsulları ilə təmin etməkdir. Bu, bir milyon iş
yerinin açılmasına şərait yaratdı ki,
bunların da əksəriyyəti kənd yerlərindədir.
Beləliklə də mən ikinci yanaşmaya
toxunmaq istəyirəm. İkinci yanaşma ondan ibarətdir ki,
əgər biz Dünya Ticarət Təşkilatına bu
gün qoşulsaq, bu, kənd yerində sahibkarlığın
inkişafına mənfi təsir göstərə bilər.
Bu, məşğulluqla bağlı müəyyən problemlər
yarada bilər. Bizim bəzi mallarımız rəqabətə
davamlılığını itirə bilər. Beləliklə,
əsas fikir, deyərdim, ondan ibarətdir ki, təkmilləşdirmə,
şaxələndirmə, sərmayə qoyuluşu prosesini,
özəl sektorun həvəsləndirilməsini davam etdirmək,
təkcə kənd təsərrüfatında deyil, həmçinin
ağır sənayedə və iqtisadiyyatımızın
artıq daha yaxşı şəkildə olduğu bir vaxt
Dünya Ticarət Təşkilatına üzv olmaq. Biz bu iki
yanaşma arasında yolumuzu tapmağa
çalışırıq. Beləliklə, biz
danışıqlar prosesindəyik. Çox güman ki, bizim
üzv qəbul olunmağımız yaxın gələcəkdə
baş verməyəcəkdir.
Kristian MONS: Çox aydın izah idi.
Prezident İlham ƏLİYEV: Təşəkkür
edirəm.
Kristian MONS: Çox sağ olun. Elə
bilirəm ki, indi isə biz digər suallara keçə bilərik.
Bizim hələ bir az da vaxtımız vardır. İstəyirsinizsə,
razısınızsa, turizm və idman haqqında danışa
bilərik. Hamımız ölkənizin necə gözəl
olduğunu bilirik. Turizm və idman infrastrukturu layihələri
haqqında daha yaxşı məlumatı olan "Gregory
İnternational" şirkəti üçün bu, çox
maraqlı olacaqdır.
"Gregory İnternational" şirkətinin
nümayəndəsi: Sabahınız xeyir, cənab Prezident.
Bizim şirkət qolf və idman meydançalarının
inşası üzrə ixtisaslaşıb. Biz yalnız beynəlxalq
miqyasda fəaliyyət göstəririk. Biz Sizin ölkənizdə
olmuşuq və böyük inkişaf potensialının
şahidi olmuşuq. Mənim sualım çox sadədir. Bilmək
istərdim, Siz qolf meydançası tikintisi layihəsini təyin
etmisinizmi və gələcəkdə hansı idman
meydançalarının tikintisi gözlənilir?
Prezident İlham ƏLİYEV: Bəli, qolf
meydançalarının tikintisi layihələri vardır,
onlar artıq icra olunur. İkisi tikilir, amma Bakıda deyil,
paytaxtdan 150-200 kilometr kənarda, dağlıq və
yaşıl ərazidə. İki qolf meydançasının
tikintisinə dair planlar vardır. Lakin bunlar özəl sərmayələrdir,
dövlət sərmayələri deyildir.
Dövlət sərmayələrinə gəldikdə
isə, biz idman infrastrukturuna çoxlu vəsait
yatırırıq. Ən iri idman və ya konsert zalı -
"Chrystal Hall" yalnız "Eurovision" mahnı
müsabiqəsi üçün inşa olunmuşdur. Bizim
çox az vaxtımız var idi və beləliklə o, 9 aya
tamamlandı. Bu, 17 mindən 20 minədək tutumu olan gözəl
idman sarayıdır. Biz stadionlarımızı da müasirləşdiririk.
Son on il ərzində Azərbaycanda 34 Olimpiya İdman Kompleksi
inşa olunub ki, bu da bizim komandamızın London
Olimpiadasında uğurlu çıxışının səbəblərindən
biridir.
Bununla da idman bizim üçün sərmayələrin
yönəldildiyi və diqqət mərkəzində olan, diqqət
göstərilən əsas sahələrdən biri olmağa
davam edəcəkdir. Bunun üçün də biz daha
çox iş görəcəyik. Hazırda biz Qafqaz
dağlarında yeni dağ-xizək istirahət kompleksinin
tikintisinin son mərhələsindəyik. Bu da dövlət sərmayələrinin
hesabına reallaşır. Çox güman ki, bu
mövsümdə kompleks xizək həvəskarları
üçün açılacaqdır. Bu, ən gözəl
və ən rahat dağ-xizək istirahət komplekslərindən
biri olacaqdır. Çünki bütün dağ-xizək
istirahət komplekslərinin, həmçinin sizdə -
Fransada, İsveçrədə, Avstriyada olanların da təcrübəsini
öyrənmişik və insanlar üçün,
idmançılar üçün, bu idman növünə
üstünlük verən hər kəs üçün
maksimal rahatlıq yaratmaq məqsədilə bütün
bunların müsbət tərəflərini
uyğunlaşdırmışıq. Bununla da biz bu sahədə
daha çox layihələrin şahidi olacağıq və tərəfdaşlarla
işləməyə hazırıq. Hazırda biz 60-80 min
arasında tamaşaçı tutumu olan Olimpiya stadionunun
inşasını planlaşdırırıq və tikinti yəqin
ki, çox tezliklə başlayacaqdır.
Bizim çoxlu planlarımız vardır.
Dediniz ki, Bakıda olmusunuz və yəqin artıq bizim
planlardan xəbərdarsınız. Ümid edirəm ki, bəzi
layihələrdə iştirak edəcəksiniz. Sağ olun.
Kristian MONS: Təşəkkür edirik, cənab
Prezident. Daha bir sual qanunvericilik haqqında. "Lactalis"
şirkətindən cənab Nale Sizə süd məhsulları
üçün gömrük qaydaları, gömrük
qanunvericiliyi haqda sual vermək istəyir. Sözü ona verirəm.
NALE: Sabahınız xeyir, cənab Prezident.
Bu qaydalar haqqında danışmamışdan öncə, deməliyəm
ki, ölkənizin kənd təsərrüfatı sahəsi və
inkişaf haqqında dedikləriniz məni çox
maraqlandırdı. Mən burada "Lactalis Group"u təmsil
edirəm. Bu salonda qarşınızda süd sənayesinin iki
lideri əyləşib: "Danone" şirkətindən
olan həmkarım masanın digər tərəfindədir.
Fransada süd məhsullarının istehsalı üzrə
lider bizik. Biz Azərbaycanda 30 nəfərdən ibarət
kiçik bir nümayəndəliklə təmsil olunuruq. Biz
regiondan və həmçinin Fransadan məhsullar idxal edirik.
Bu gün bizim tələbat Sizin ölkənizdə biznes
qurmağı tələb edir ki, biz azərbaycanlılarla tərəfdaş
olaq, Avropanın digər ölkələrində həyata
keçirdiklərimizi burada da edək.
Düşünürük ki, böyük
tələbat vardır. Dükanların təklif etdikləri
çeşidlər artırılmalıdır. Biz bunu
inkişaf etdirmək arzusundayıq və istərdik ki, Siz bizə
- buradakı şirkətlərə yardım edəsiniz, təkcə
ticarətdə deyil, eyni zamanda, dünyanın başqa ölkələrində
etdiyimiz kimi, Sizinlə də uzunmüddətli və
davamlı inkişafın əsasını qoymaq
üçün.
Prezident İlham ƏLİYEV: Təşəkkür
edirəm. Mən sizin Azərbaycandakı fəaliyyətinizi
tam olaraq dəstəkləyirəm. Mən artıq bu məsələ
ilə bağlı fikrimi bildirmişəm və təkrarən
demək istəyirəm ki, bizim planımız bütün
istehlak məhsulları ilə özümüzü təmin
etməkdir. Əlbəttə, bizdə azad bazar
iqtisadiyyatıdır. İstehsalın çoxsaylı
çeşidi mövcuddur ki, insanlar öz maliyyə vəziyyətindən
asılı olaraq onları ala bilirlər. Lakin əsas məhsullar
olan gündəlik tələbat məhsullarının ölkə
daxilində 100 faiz istehsalına nail olmalıyıq. Bu, həm
qiymətləri aşağı səviyyədə saxlamaq, həm
də məşğulluğu təmin etmək
baxımından faydalı olar.
Süd məhsullarına gəldikdə isə,
biz hazırda ölkənin südə olan tələbatının
təxminən 80-85 faizini yerli istehsal hesabına təmin
edirik. Mən əksər yeni və ən böyük süd
istehsalı müəssisələrinin
açılışında iştirak etmişəm. Deməliyəm
ki, həmin müəssisələrdə istehsal prosesi tamamilə
müasir, yeni texnologiyalar əsasında təşkil edilib, məhsullar
da çox keyfiyyətlidir.
Tövsiyə vermək çətindir,
lakin mən böyük istehsalçı şirkətlərin
Azərbaycanda istehsal müəssisələrini
yaratmasını istərdim. Bu, əməkdaşlığı
davam etdirmək, biznes əlaqələri və
qarşılıqlı faydalılıq baxımından ən
yaxşı yoldur. Bizim idxal məhsullarından asılı
olduğumuz dövr indi geridə qalıb. Hazırda vəziyyət
tamamilə fərqlidir. Bir neçə il sonra vəziyyət
yerli istehsal baxımından indikindən də yaxşı
olacaqdır. Eyni zamanda, ölkə bazarı da
böyüyür. Azərbaycanda istehsal edilən bəzi məhsullar
regional bazarlara ixrac edilmək üçün çox
yaxşı potensiala malikdir. Çünki bizim
qonşularımızdan bəziləri ilə azad ticarət
barədə sazişlərimiz var və ona görə də
məhsullarımızı ixrac etməklə bağlı
problemlərimiz yoxdur.
Bizim ölkə daxilində istehlak edilməyən
əksər kənd təsərrüfatı məhsulları
təzə və emal olunmuş şəkildə regional
bazarlara ixrac edilir. Bu regional bazarlar isə sizin də bildiyiniz
kimi, çox böyük və genişdir. Ona görə də
mən tərəfdaşlarımıza əminliklə
müasir istehsal müəssisələrinin yaradılması
imkanlarını dəyərləndirməyi tövsiyə
edirəm. Bu, istəyinizdən asılı olaraq tamamilə
sizə məxsus müəssisələr ola bilər və ya
yerli istehsalçılarla şərikli şəkildə Azərbaycanda
müasir, yüksək standartlara cavab verən və keyfiyyətli
istehsal müəssisələrinin yaradılması bizim də
marağımızda olan bir məsələdir. Təşəkkür
edirəm.
Kristian MONS: Çox sağ olun, cənab
Prezident. İndi isə kosmik sənaye layihələri üzrə
sualını vermək üçün sözü "EADS
Astrium" şirkətindən cənab Limuziyə verirəm.
LİMUZİ: Sabahınız xeyir, cənab
Prezident. Mən "EADS Astrium" şirkətindənəm.
Çox şadam ki, bir az
öncə Siz süni peyk və kosmosa aid biznesi qeyd etdiniz. Biz
bu yaxınlarda "Azərkosmos"a Yer səthinə nəzarət
peyklərinə dair təklif vermişik. Mən bu sahədə
Azərbaycan hökumətinin tam dəstəyini arzu edərdim.
Çünki bu, əsasən qeyri-ticari və hökumətdən
asılı bir məsələdir. İstərdim
aydınlaşdırım, bu məsələyə dair
sazişlərin imzalanmasına nə zaman başlamaq fikrindəsiniz
və bu məsələdə Fransanın mövqeyini necə
qiymətləndirirsiniz?
Prezident İlham ƏLİYEV: Azərbaycanda
kosmik sənayenin yaradılması və bu sahə ilə
bağlı böyük planlarımız vardır. Bu, beynəlxalq
səviyyədə hərdən təəccüblə
qarşılanırdı, bəziləri bizim bu sahəyə
investisiya qoyacağımızı gözləmirdi. Lakin rəqabətə
davamlı ölkə olmaq, ölkəmizi inkişaf etdirib
müasir ölkəyə çevirmək istəyiriksə
yeni texnologiyalarsız, xüsusən kosmik texnologiyalar olmadan
bu, çətin məsələdir.
Biz ilk peykimizin tezliklə kosmosa
buraxılacağını gözləyirik. Bu məsələdə
bir qədər gecikmələr olub. Biz bunu ötən il
üçün gözləyirdik, lakin sonradan təxirə
salındı. Lakin Fransanın "Arianespace" şirkəti
bunu həyata keçirəcəkdir. Biz, eyni zamanda, sizin də
qeyd etdiyiniz kimi, yeni peyklərlə bağlı layihələr
üzərində də işləyirik. Mən Fransa şirkəti
ilə "Azərkosmos" arasındakı əməkdaşlığı
tam dəstəkləyirəm. Fransa şirkətləri bu sahədə
böyük təcrübəyə malikdir və
dünyanın aparıcı şirkətlərindən hesab
edilir. Hazırda biz peykin buraxılması sahəsində əməkdaşlıq
edirik, daha sonra bu əməkdaşlığın digər sahələri
üzrə də birgə işləyə bilərik. Biz bu
istiqamətdə fəaliyyətimizi olduqca sürətləndirməyi
planlaşdırırıq.
Strateji cəhətdən önəmli olan
sahələrdə biz vaxt itkisinə yol vermirik. Bu məqsədlərə
nail olmaq istiqamətində fəaliyyət göstəririk.
Biz çox zaman qarşımıza ambisiyalı və
qısamüddətli planlar, hədəflər qoyuruq. Lakin
bunları icra etmək heç də mümkünsüz
deyildir. Biz o cür fəal və cəld şəkildə
işləməsəydik, əks təqdirdə, 8 il müddətində
ümumi daxili məhsulu üç dəfə artıra bilməzdik.
Bu, yaxın gələcək üçün nəzərdə
tutulmuş bir layihədir. Mən sizin "Azərkosmos" ilə
əməkdaşlığınızı tam dəstəkləyirəm
və bu sahədə möhkəm əməkdaşlıq
münasibətlərinin yaranacağına əminəm.
Yeri gəlmişkən, Azərbaycan ilə
sizin şirkət arasında əməkdaşlıq çox
uğurludur - təyyarələrin alınması,
"Airbus"lar. Hazırda başqa yeni layihələr nəzərdən
keçirilir. Bu əməkdaşlığın çox
yaxşı tarixi əsasları vardır. Eyni zamanda, əvvəllər
Fransa istehsalçılarından "Eurocopter"lər, ATR
təyyarələri alınıb. Bizim hava yolları
hazırda əsasən fransız istehsalı olan təyyarələr
üzərində qurulub. Təşəkkür edirəm.
Kristian MONS: Təşəkkür edirəm,
cənab Prezident. Üzr istəyirəm ki, suallar bu qədər
çoxdur. Bilirik ki, Sizin vaxtınız da məhduddur.
Prezident İlham ƏLİYEV: Əgər
suallar çoxdursa, biz vaxtı artıra bilərik.
Kristian MONS: Xanım Sizə vacib
infrastrukturların təhlükəsizliyi barədə sual
vermək istəyir.
"MBDA" şirkətinin nümayəndəsi:
Cənab Prezident, mən də "EADS"ın başqa bir
şirkətini - "MBDA"nı təmsil edirəm. Bizim
şirkət vacib infrastrukturların təhlükəsizliyinin
müdafiəsi və qorunması sahəsində
ixtisaslaşıb. Bizim Azərbaycana bir neçə səfərimiz
olub. Orada müxtəlif nazirliklərin nümayəndələri
ilə görüşmüşük. Sualım isə
"EADS" qrupunun ölkənizlə əməkdaşlıq
imkanlarını necə görməyiniz barədədir.
Şirkətlərlə, o cümlədən Azərbaycan
Respublikasının Dövlət Neft Şirkəti ilə, -
çünki həmin şirkət çox vacib infrastruktura
malikdir, - həm də "Total" ilə də əməkdaşlığı
nəzərdən keçirə bilərik. İkinci
sualım həmkarlarımın səsləndirdikləri
suallarla bir qədər eyni məzmuna malikdir. Qısa deyəcəyəm.
Məni buraya iki səbəb gətirib. Mən, həmçinin
kosmik sənaye və aeronavtika sahəsində ixtisaslaşan
Fransanın "GIFAS" qrupunun MDB üzrə
komissiyasının sədriyəm. Mənim həmkarım
kosmik sənaye barədə danışdı, lakin bizim Sizinlə
əməkdaşlıq edə biləcəyimiz bir çox
sahə vardır, aeronavtika sahəsi. Mən, həmçinin
Sizinlə əməkdaşlıqda maraqlı olan bir çox
daha kiçik şirkətləri təmsil edirəm. İstərdik
bilək, mümkündürmü ki, "GIFAS" səviyyəsində
Sizin ölkənizə səfər təşkil olunsun ki,
fransız şirkətləri orada yeni tərəfdaşlar
tapsınlar?
Kristian MONS: Çox maraqlı təklifdir.
Prezident İlham ƏLİYEV: Bəli, elədir.
Onu deyə bilərəm ki, mən bu məsələlərə
tam dəstək verirəm. Biz böyük, balaca, orta səviyyəli
müxtəlif şirkətlər və investorlarla xüsusən
bizim üçün yeni olan kosmos sənayesi kimi sahələrdə
işləməyə maraqlıyıq. Bizim hələlik bu
sahələrdə böyük təcrübəmiz yoxdur. Buna
görə də böyük beynəlxalq əməkdaşlığa
ehtiyac hiss edirik. Əminəm ki, bu sənaye sahəsini
inkişaf etdirməklə bağlı böyük
planlarımız böyük, kiçik və orta səviyyəli
əksər şirkətlər üçün imkanlar
yaradacaqdır. Buna görə də müxtəlif şirkətlərin
böyük komandalar şəklində ölkəmizə səfər
edərək bizim planlarımızla tanış olması
insanlarla görüşərək öz proqramlarını
bizim planlarımızla uyğunlaşdırması
baxımından yaxşı fikir olardı.
İnfrastruktur təhlükəsizliyinə
gəldikdə isə, bəhs etdiyimiz bu mövzu olduqca vacib məsələdir.
Əvvəlki illərdə təhlükəsizlik yetərli səviyyədə
deyildi, hətta deyərdim ki, mühafizə ətrafa hasar
çəkmək qədər bəsit səviyyədə
idi. Lakin vacib infrastrukturlar, təkcə enerji sahəsi ilə
bağlı deyil, digər sahələrdə də olduqca
vacibdir.
Çünki biz hazırda fəlakətlərin,
zəlzələlərin, daşqınların şahidi
oluruq. Yeri gəlmişkən, bu il güclü zəlzələ,
iki il əvvəl isə güclü daşqın ölkəmizə
ciddi zərər vurdu. Eyni zamanda, heç bir ölkə bəzi
əhəmiyyətli infrastrukturlara qarşı bu cür təhlükələrdən
və fəaliyyətdən sığortalanmayıb. Hazırda
biz enerji infrastrukturunun və su anbarlarının mühafizəsi
üçün yeni sistemin quraşdırılmasını həyata
keçiririk. Bu sistem isə sizin Fransada istifadə etdiyiniz
kimi, olduqca müasirdir. Hazırda bizdə bu sistemlərin
yaradılması prosesi gedir.
Bizim digər bir planımız isə
qarşıdakı bir neçə ildə diqqətsizlikdən
və mühafizədəki qüsurlardan 100 faiz
yayınmağa imkan verən bir sistemin
yaradılmasıdır. Ona görə düşünürəm
ki, bu sahədə əməkdaşlıq üçün
xeyli imkanlar olacaqdır. Təşəkkür edirəm.
Kristian MONS: Təşəkkür edirəm,
cənab Prezident. Cənab Bürel, buyurun.
Jan BÜREL: Vaxt bitmək üzrədir. Mənim
yanımda əyləşən dostum, həmkarım Erik
Frünyenin - Xarici İşlər Nazirliyinin Avropa qitəsinin
regionları üzrə nümayəndəsinin Sizə
sualı vardır.
Erik FRÜNYE: Cənab Prezident, bizə vaxt
ayırdığınız üçün Sizə dərin
minnətdarlığımı bildirirəm. Sizin gələcək
üçün çox mükəmməl planlarınız
vardır. Dünən Siz də bizim Prezidentin Sizin regiona
böyük diqqətinin şahidi oldunuz. Biz regionu sabit
görmək istərdik, bütün investorlarla regionda əmin-amanlığın
yaradılması üçün birgə işləməyi
zəruri hesab edirik. Bu gün Sizin buradakı
mesajlarınızdan da bəlli oldu ki, fransız şirkətləri
regiondakı sabitliyə inanır. Sabitliyə inam olmasaydı,
yəqin ki, investisiyalar da olmazdı. Düşünürəm
ki, bununla bağlı çox yaxşı planlarımız
vardır. Bu planla bağlı Sizin nazirə ilin əvvəlində
bildirdiyimiz kimi, xarici işlər naziri Loran Fabius gələn
il ölkənizə səfər etmək niyyətindədir.
Düşünürəm ki, biz bu cür mükəmməl
planlarla birgə işləməyə başlaya bilərik. Dəstəyinizə
görə təşəkkür edirəm.
Prezident İlham ƏLİYEV: Təşəkkür
edirəm. Mən sizin dediklərinizlə tamamilə
razıyam. Ölkəmizin tarixindən də bizə məlumdur
ki, bəzi məqamlarda qeyri-sabitlik dövrləri olmuşdur.
Sabitlik olmadan isə inkişaf haqda düşünmək
mümkün deyildir. Təəssüf ki, sovet dövləti
süquta uğradığı vaxt Azərbaycan çox
çətin vəziyyətlə üzləşməli oldu.
Biz çox mürəkkəb siyasi vəziyyətdə idik -
siyasi böhran, Ermənistanın təcavüzü, ərazilərimizin
işğal edilməsi, vətəndaş müharibəsi.
İqtisadiyyatımız bütövlükdə tənəzzülə
uğramışdı, durğunluq və təxminən 1000
faiz səviyyəsində inflyasiya mövcud idi. İqtisadiyyat
o dərəcədə zəifləmişdi ki, biz hər
şeyi sıfırdan deyil, hətta daha aşağı səviyyədən,
daha dərindən başlamalı idik. Lakin siyasi islahatlar və
sabitlik vasitəsilə biz həmin çətinlikləri dəf
edə bildik. Artıq 1997-ci ildə iqtisadi sabitliyə nail
olundu və bundan sonra ölkə iqtisadiyyatı artmağa
başladı. Xarici investisiyalar, əlbəttə, əhəmiyyətli
rola malikdir. Lakin investorların sabitlik olmayan ölkədə
risk etməsi tamamilə qeyri-mümkündür. Bu səbəbdən
tərəfdaşlarımıza, o cümlədən Fransadan
olan şirkətlərə bizə inandıqları və
çətin vəziyyətdən çıxış yolu
tapmaqda dəstəkləri üçün təşəkkürümüzü
bildiririk.
Bu gün Azərbaycan təkcə ölkədaxili
sabitliyə malik deyil, həmçinin regionda sabitləşdirici
amil kimi çıxış edir. Biz çox vacib regional layihələrin
hamısında iştirak edirik. Əksər regional, enerji, nəqliyyat,
siyasi layihələrin təşəbbüskarı kimi
çıxış edirik. Ötən il 155 ölkənin səsini
qazanaraq BMT Təhlükəsizlik Şurasına üzv
seçilməyimiz onu göstərdi ki, biz
özümüzü dünyaya təqdim edə bilmişik.
Bizim gələcəyə
baxışımız aydındır. Biz Azərbaycanı gələcəkdə
müasir, inkişaf etmiş, beynəlxalq birliyə tam
inteqrasiya olunmuş və bütün azadlıqlar, o cümlədən
iqtisadi azadlıqlar təmin edilmiş yüksək həyat
standartlarına malik ölkə kimi görürük. Yəqin
ki, hər bir ölkə rəhbəri ölkəsi və vətəndaşları
üçün bunları arzulayır. Bizim bunlara nail olmaq
üçün çox yaxşı imkanlarımız
vardır.
Yenidən əvvəldə dediyim sözlərə
qayıtmaq istərdim. Fransa ilə Azərbaycan arasında ikitərəfli
münasibətlər çox əhəmiyyətlidir.
Bütün bu illər ərzində biz yüksək səviyyəli
qarşılıqlı əməkdaşlıq və
anlaşmanın şahidi olmuşuq. Ötən gün
Prezident Fransua Olland ilə görüşümüz bir daha təsdiqlədi
ki, indiyədək görülmüş işlər yeni əməkdaşlıq
üçün qapılar açır. Ona görə də
şirkətlərin rolu əvvəlkindən daha çox ola
bilər. Çünki indi Azərbaycan 10 il əvvəlkindən
daha çox imkanlara malikdir. Biz islahatlar xəttini davam etdirəcəyik
və gələcəkdə şirkətlərimiz
üçün yeni layihələr daha da artacaqdır.
Jan BÜREL: Cənab Prezident, biz bu səhər
yeməyi əsnasında təşkil olunmuş
görüşün sonuna çatdıq. Sizin
keçmişdə əldə etdiyiniz uğurlar gələcək
planlarınızın da uğurlu olacağından xəbər
verir. Parisdə və ya
Bakıda Kristian Monsun rəhbərlik etdiyi nümayəndə
heyətinin iştirakı ilə Sizinlə yenidən
görüşməyi səbirsizliklə gözləyəcəyik.
Vaxt ayırdığınız üçün və dəyərli
cavablarınıza görə təşəkkür edirəm.
Prezident İlham ƏLİYEV: Çox
sağ olun.
AzərTAc
Azərbaycan.-2012.-
21 sentyabr.- S. 1-2.