Zəngin
ənənələrə malik Azərbaycan neftçisi bu
gün də ölkənin sosial-iqtisadi inkişafının
önündədir
Vətənimiz Azərbaycan tarix boyu dünyada qədim
neft diyarı kimi tanınmış, dünya neft-qaz sənayesinin
inkişafına danılmaz töhfələr bəxş
etmişdir. Neftin sənaye üsulu ilə
çıxarılması, tankerlərlə, dəmiryolu ilə
daşınması, boru kəmərləri vasitəsilə nəql
edilməsi kimi əlamətdar hadisələrin
başlanğıcı Azərbaycanda qoyulmuşdur. Bakı
dünyanın neft elminin paytaxtı sayılmış,
"Neft akademiyası" adlandırılmışdır.
Ümummilli lider Heydər Əliyev tərəfindən işlənilmiş
neft strategiyasının önəmli cəhətlərindən
biri də budur ki, bu strategiya Azərbaycana əvvəlki
şan-şöhrətini qaytardı, dünyanın nəzərlərini
yenidən respublikamıza cəlb etdi. Bu strategiya mahiyyət
etibarilə müstəqil Azərbaycan dövlətinin
uzunmüddətli inkişaf və tərəqqi konsepsiyası
idi və bu gün də Azərbaycan Prezidenti İlham Əliyevin
rəhbərliyi altında uğurla davam etdirilir.
Xaricdən və
daxildən çoxsaylı müqavimətlərə
baxmayaraq, 1994-cü il sentyabrın 20-də dünyanın 11
transmilli neft şirkəti ilə ARDNŞ arasında "Xəzər
dənizinin Azərbaycan sektorunda "Azəri",
"Çıraq" yataqlarının və "Günəşli"
yatağının dərinsulu hissəsinin birgə işlənilməsi
və hasilatın
pay bölgüsü haqqında" Sazişin imzalanması ilə
Xəzər dənizində beynəlxalq əməkdaşlığın
bünövrəsi qoyuldu. Tarixə "Əsrin
müqaviləsi" adı ilə düşmüş bu
Saziş təkcə dünya bazarının yüksək
keyfiyyətli neftlə təminatına deyil, eyni zamanda, ölkəmizin
və bütövlükdə Cənubi Qafqazın makroiqtisadi
dirçəlişinə rəvac vermiş, Qərbin bir
sıra aparıcı, habelə Mərkəzi Asiya regionu dövlətləri üçün strateji əhəmiyyət
daşımışdır. Ən əsası isə bu
Saziş ötən əsrin 90-cı illərində hərbi
təcavüzə məruz qalmış, ciddi siyasi və
iqtisadi sınaqlarla qarşılaşmış gənc Azərbaycan
Respublikasının dövlət müstəqilliyinin
mühüm təminatına çevrilmiş, onun
dünya birliyinə sıx inteqrasiyasını təmin
etmişdir.
Təsadüfi deyil ki,
xalqımız artıq neçə illərdir "Əsrin
müqaviləsi"nin imzalandığı günü -
sentyabrın 20-ni Azərbaycan neftçilərinin peşə
bayramı günü kimi təntənə ilə qeyd edir.
Neftçilər ulu öndərin bizə bəxş etdiyi bu
şərəfli gündə keçilən yola nəzər
salır, görülən işləri təhlil edir, gələcək
perspektivləri müəyyənləşdirirlər.
Ötən
dövrdə qazanılan nailiyyətlərdən
danışarkən, ilk növbədə, zəngin tarixi ənənələrə
malik neft-qaz sənayemizin yeniləşdiyi qeyd
olunmalıdır. 1994-cü ildən indiyədək neft
sektoruna təqribən 50 milyard ABŞ dolları həcmində sərmayə qoyulmuş, ölkənin
mövcud yataq və strukturları üzrə
irimiqyaslı layihələr həyata keçirilmişdir. Bu
gün Azərbaycanda Hasilatın Pay Bölgüsü
sazişi üzrə 32 iş aparılır ki, həmin layihələrdə
də dünyanın 19 ölkəsini təmsil edən 41 şirkət iştirak
edir. Bu sazişlərin, habelə ARDNŞ-nin
müstəqil surətdə həyata keçirdiyi layihələrin
müvəffəqiyyətlə icra olunması yeni
texnologiyaların, müasir avadanlıqların, maşın və mexanizmlərin istehsalatda tətbiqinə,
yeni idarəçilik metodlarının mənimsənilməsinə,
neft sənayesinin beynəlxalq standartlar səviyyəsində
yenidən qurulmasına böyük imkanlar yaratmışdır.
Xarici neft şirkətləri ilə
birlikdə axtarış-kəşfiyyat, qazma, tikinti və
hasilat üzrə böyük iş görülmüş və
uğurlu nəticələr alınmışdır. Nəhəng "Şahdəniz" qaz-kondensat yatağı, ortasəviyyəli
"Əşrəfi" və "Qarabağ"
yataqları, son illərdə "Abşeron"
yatağı, habelə SOCAR-ın daxili qüvvələri
hesabına "Ümid" yatağı aşkar edilmiş,
"Azəri-Çıraq-Günəşli" kontrakt sahəsində
ehtiyatlar iki dəfəyə yaxın
artırılmışdır. 1994-cü ildə
müqavilə imzalanan zaman bu blok üzrə çıxarıla
bilən ehtiyatlar 511 milyon ton neft, 160 milyard kubmetr qaz həcmində
idisə, aparılmış səmərəli kəşfiyyat
qazması nəticəsində artıq bu ehtiyatlar 1 milyard ton
neft və 350 milyard kubmetr qaz həcmində qiymətləndirilir.
"Əsrin müqaviləsi"
çərçivəsində ilk neftin
çıxarılması ölkədə neft
hasilatının sürətli templərlə
inkişafına güclü təkan vermişdir. Bu il
"Çıraq" yatağından ilkin neftin hasil
olunmasının 15-ci ildönümüdür. Bu da təsadüfi
deyil. Çünki məhz həmin dövrdən ölkə
üzrə neft hasilatı təxminən 4,1 dəfə artaraq
1997-ci ildəki 9 milyon tondan 2011-ci ildə 45,6 milyon tona
çatmışdır. "Azəri-Çıraq-Günəşli"
yataqlar blokundan indiyədək
143 quyu qazılmışdır ki, onların da 64-ü
uğurla istismar olunur. Ötən müddət ərzində
bu quyulardan təxminən 280 milyon ton neft və 74,4 milyard
kubmetr qaz hasil edilmişdir. 2011-ci ildə ARDNŞ tərəfindən
8,4 milyon ton neft hasil olunmuşdur. Cari ilin yanvar-avqust aylarında ölkədə 29,6
milyon ton neft hasil edilmişdir ki, bunun da 5,5 milyon tonu
ARDNŞ-nin payına düşmüşdür. Hazırda
ölkə üzrə gündəlik neft hasilatının həcmi
898 min barel - təxminən 120 min ton təşkil edir.
Hələ qədim
dövrlərdən dünyada neft diyarı kimi məşhur
olan Azərbaycan 2006-cı ildən etibarən dəniz
akvatoriyalarında ən iri qaz-kondensat yataqlarından hesab
olunan "Şahdəniz" layihəsi üzrə
aparılmış işlər nəticəsində beynəlxalq
bazarlarda özünü həm də yeni, alternativ təbii
qaz
mənbəyi, etibarlı "mavi yanacaq" təchizatçısı
kimi təqdim etməyi bacarmışdır. Azərbaycan
qısa bir müddətdə qaz idxal edən ölkədən
qaz ixrac edən ölkəyə çevrilmişdir.
Yatağın ümumi ehtiyatları 1,2 trilyon kubmetr qaz və
240 milyon tondan artıq kondensat həcmindədir. 2011-ci ildə burada 6,7 milyard kubmetr qaz, 1,8
milyon ton kondensat hasil olunmuşdur. Yataq istismara veriləndən
indiyədək isə 35,2 milyard kubmetr qaz,
9,3 milyon ton kondensat çıxarılmışdır.
Hazırda "Şahdəniz" yatağında orta gündəlik
qaz hasilatı 24-26 milyon kubmetr, kondensat hasilatı isə 6,4 min ton təşkil edir.
Artıq layihənin 2-ci mərhələsinə
hazırlıq işləri yekunlaşmaq üzrədir. İşlənilmiş inkişaf
konsepsiyasına əsasən, əlavə hasilat ildə minimum
16 milyard kubmetr səviyyəsinə
çatdırılmalı, bunun üçün 30 hasilat
quyusu istismara verilməli, yeni platforma və kommunikasiya sistemi
tikilməlidir. 2-ci mərhələ üzrə
ilk qazın alınması 2017-ci ilə
proqnozlaşdırılır.
Hazırda dünyada təbii qaza tələbat
artmaqdadır. Bu baxımdan, qaz hasilatının yüksəldilməsi
qarşımızda duran əsas vəzifələrdəndir.
2004-2011-ci illərdə ölkə üzrə qaz hasilatı
ilbəil artırılaraq 5,5 milyard kubmetrdən 26 milyard
kubmetrə
çatdırılmışdır ki, bunun da 7,1 milyard
kubmetri ARDNŞ-nin payına düşmüşdür. Bu il
isə ölkədə 28,3 milyard kubmetr
qaz hasil olunacağı nəzərdə tutulur.
Ötən il Fransanın
"Total" və GdF şirkətləri ilə əməkdaşlıq
şəraitində Xəzərin Azərbaycan sektorunda
"Abşeron" yatağı kəşf olundu. 2011-ci ilin əvvəllərində
dənizin dərinliyi 473,5 metr olan sahəsində
başlanılmış axtarış-qazma işləri ilin
sonunda 6874 metr dərinlikdə öz bəhrəsini verdi. Yatağın ehtiyatları ilkin qiymətləndirmələrə
görə, 350 milyard kubmetr qaz, 45 milyon ton kondensat həcmindədir.
ARDNŞ-nin öz qüvvələri
hesabına 2010-cu ildə kəşf etdiyi "Ümid"
yatağında qazılmış 10 saylı ikinci quyu cari ilin
iyun ayında mənimsənilmiş və işə
salınmışdır. Quyunun gündəlik məhsuldarlığını
1 milyon 200 min kubmetr qaz, 150 ton kondensat təşkil edir. Alınmış nəticələr
"Ümid" yatağının böyük karbohidrogen
ehtiyatlarına malik olduğunu bir daha əyani şəkildə
sübut etmişdir. Hazırda bu ehtiyatlar
200 milyard kubmetr qaz, 40 milyon ton kondensat həcmində qiymətləndirilir.
Paralel olaraq "Ümid" platformasını
ölkənin qaz kəmərləri sistemi ilə birləşdirmək
məqsədilə yeni kəmər çəkilmiş və
neftçilərin peşə bayramı ərəfəsində
quyu istismara verilmişdir.
Yaxın vaxtlarda Almaniyanın RWE şirkəti
ilə "Naxçıvan", BP şirkəti ilə
"Şəfəq-Asiman" perspektiv strukturlarında kəşfiyyat
işlərinə başlayacağıq. "AÇG" yataqlar
blokunun dərinlikdə yerləşən qaz
ehtiyatlarının işlənilməsi məsələsi də
baxılma mərhələsindədir. İlkin
qiymətləndirmələrə əsasən, buradakı qaz
ehtiyatları təqribən 300 milyard kubmetr civarındadır.
Respublikada qaz hasilatının və ixracının
artması ilə əlaqədar dövlət
başçısı İlham Əliyev tərəfindən
Azərbaycanın təbii qaza olan tələbatının
davamlı təminatı və ixrac imkanlarının
genişləndirilməsi məqsədilə neft şirkəti
qarşısında yeraltı qaz anbarlarının aktiv
tutumunun iki dəfə artırılaraq 3 milyard kubmetrə
çatdırılmasına dair qoyulmuş
tapşırığa təxirə salınmadan və
yüksək keyfiyyətlə əməl olunmuşdur. Nəticədə
2011-ci ilin qazvurma mövsümünün sonunda anbarlarda
yığılan qazın həcmi 3,3 milyard
kubmetr olmuşdur, cari ildə isə mövsümün sonuna
kimi bu həcmin 3,5 milyard kubmetrə
çatdırılması təmin ediləcək. Artıq Qaradağ qaz
anbarında yenidənqurma işləri
tamamlanmışdır. Qalmazda aparılan
işlər də uğurla davam etdirilir.
Son hesablamalara görə, Azərbaycanın təsdiq
olunmuş karbohidrogen ehtiyatları şərti yanacaqla 4,5 milyard tondan çoxdur.
Proqnozlaşdırılmış karbohidrogen resursları ilə
birlikdə ümumi ehtiyatlarımız isə neft ekvivalentində
10 milyard ton həcmində
qiymətləndirilir. ARDNŞ perspektivli
strukturların müstəqil surətdə işlənilməsi
xəttini əsas götürmüşdür və bunun
üçün bütün zəruri imkanlara malikdir. Yeni yataqların açılması ilə
etibarlı qaz ixracatçısı kimi Azərbaycanın
strateji əhəmiyyəti də ilbəil artır. Biz bu gün Gürcüstan, Türkiyə, Rusiya,
İran və Yunanıstanın qaz təminatında
mühüm rol oynayırıq. Hazırda
Azərbaycan qazının uzunmüddətli sazişlər əsasında
Avropa İttifaqı (Aİ) ölkələrinə tədarük
olunması üçün əlverişli variantlar
araşdırılır. "Cənub enerji dəhlizi"nə
dair Aİ ilə imzalanmış birgə Bəyannaməyə
uyğun olaraq, təklif edilən marşrutlar, o cümlədən
Transadriatik (TAP) və "Nabucco-West" qaz kəmərləri
layihələri nəzərdən keçirilir. Avropa ölkələrinə qazın hansı yolla nəql
olunacağı haqda son qərar 2013-cü ildə veriləcək.
Azərbaycan və Türkiyə
arasında TANAP-"Transanadolu" qaz kəmərinin
inşasına dair ikitərəfli sənədlərin
imzalanması bu baxımdan mühüm addımdır. "Cənub enerji dəhlizi"
layihəsinin əsasını təşkil edəcək TANAP
Türkiyə və Avropa istehlakçılarını Azərbaycan
qazı ilə təchiz etmək məqsədi
daşıyır. Azərbaycan Prezidenti İlham Əliyev
və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın
birgə təşəbbüsü və siyasi qətiyyəti
nəticəsində qısa bir müddətdə beynəlxalq
birliyin enerji gündəmində möhkəm qərarlaşmış
TANAP layihəsi nəinki iki qardaş ölkə arasında
strateji əməkdaşlığı yeni səviyyəyə
qaldırmış, eyni zamanda, Avropanın enerji təhlükəsizliyi
məsələsinin praktiki həlli üçün
mühüm təkan olmuşdur. Kəmərin
ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetr həcmində
planlaşdırılır. Gələcəkdə
isə "Şahdəniz-2" layihəsi və Xəzərin
Azərbaycan sektorundakı digər yataqlarından hasil olunacaq
qaz həcmləri yüksəldikcə, bu göstərici
artırıla bilər. Kəmərin layihələndirilməsi
məqsədilə ARDNŞ (80 faiz) və Türkiyənin
"BOTAŞ" və TPAO şirkətləri (20 faiz) tərəfindən
birgə müəssisə yaradılmışdır.
"Şahdəniz" konsorsiumunun üzvləri olan BP,
"Statoyl" və "Total" şirkətləri bu
layihədən pay almaq üçün müraciət
etmişlər. Bütün qüvvələr səfərbər
olunmuşdur ki,
TANAP layihəsi "Şahdəniz"
yatağının işlənilməsinin 2-ci mərhələsi
çərçivəsində təbii qazın hasil
olunmasına qədər başa çatdırılsın.
Azərbaycanda hasil olunan təbii qazın
Avropaya nəql edilməsi istiqamətində digər variantlar
üzrə də işlər intensiv surətdə davam edir. AGRİ
(Azerbaijan-Georgia-Romania İnterconnector) layihəsi Avropa ölkələrinə
qaz tədarükü sahəsində yaranmış yeni
imkanlara bariz nümunədir. Məlum olduğu kimi,
2010-cu ildə Buxarestdə Azərbaycan, Gürcüstan və
Rumıniya arasında bu layihənin
reallaşdırılması ilə bağlı "Qaz tədarükü
sahəsində əməkdaşlıq haqqında"
Memorandum imzalanmış, 2011-ci ilin sonlarında isə layihənin
texniki-iqtisadi əsaslandırma sənədinin
hazırlanmasına start verilmişdir. AGRİ- Xəzər
bölgəsində hasil edilən təbii qazın Azərbaycan
və Gürcüstan ərazisindən nəql edilərək
mayeləşdirilməsini, daha sonra Qara dəniz üzərindən
Rumıniya və Macarıstana, habelə potensial olaraq digər
Avropa bazarlarına daşınmasını nəzərdə
tutan bir layihədir. Son vaxtlar bu layihəyə
daha çox ölkə maraq göstərir. Ukrayna da bu layihəyə qoşulmaq istəyini
bildirmişdir.
Azərbaycan hasil etdiyi təbii qaz həcmlərini
dünyada get-gedə artmaqda olan enerji tələbatının
təminatına yönəltməyə, bu məqsədlə
nəqliyyat marşrutlarının diversifikasiyasına tərəfdardır. Mövcud layihələr
üzrə görülən işlər, eləcə də
perspektiv strukturların potensialı nikbin proqnozlar
üçün əsas verir. 2015-ci ildə ölkə
üzrə qaz hasilatını laylara vurulan qaz istisna olunmaqla,
20 milyard, 2025-ci ilə qədər isə 40 milyard kubmetrə
çatdırmaq üçün real imkanlarımız var.
Bu, regionun və Avropa ölkələrinin enerji təhlükəsizliyinin
qorunmasında Azərbaycanın rolunu daha da artıracaq.
"Azərbaycan Respublikasının yanacaq-energetika
kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə
Dövlət Proqramı"nda işlənmədə olan
yataqlarda istismarın intensivləşdirilməsi, yeni
quyuların qazılması, lazımi təmir-bərpa işləri
aparmaqla köhnə quyuların istismar fonduna daxil edilməsi və
s. məsələləri ARDNŞ qarşısında
başlıca vəzifə kimi qoyulmuşdur. Proqrama
uyğun olaraq, neftçilər dəniz və quru
yataqlarında hasilatın artırılması
üçün mövcud imkanları səfərbər edir,
səylərini əsirgəmirlər. Ötən
ilin göstəriciləri də bunu təsdiq edir. Həyata
keçirilmiş tədbirlərin nəticəsidir ki, 2011-ci
il ərzində ARDNŞ üzrə (Müştərək
Müəssisələr və Əməliyyat Şirkətləri
istisna olmaqla) 147287 metr qazma işi
görülmüşdür ki, bunun da 133343 metri istismara aid
olmuşdur. Ötən il qazmadan istismara daxil edilmiş 121
quyudan 280,5 min, bu ilin yanvar-avqust aylarında qazmadan istismara
verilmiş 75 quyudan isə 136,2 min ton neft hasil edilmişdir.
2012-ci il sentyabrın 1-nə olan məlumata
əsasən, ARDNŞ üzrə 9140 quyu istismar olunur. Ötən
il fəaliyyətsiz fonddan 287 quyu istismara
qaytarılmış, nəticədə əlavə olaraq 77,9 min ton neft hasil edilmişdir. Bu ilin yanvar-avqust
aylarında isə 188 quyu fəaliyyətsiz fonddan işlək
quyu fonduna daxil edilmiş, bu quyulardan əlavə 46,1 min ton neft alınmışdır.
Ölkə üzrə qazma işləri həcminin
ilbəil artırılması planlaşdırılır. Xəzər akvatoriyasında neft-qaz əməliyyatlarının
genişləndirilməsi məqsədilə qarşıdakı
illərdə dənizin 1000 metrədək dərinliklərində
8-10 min metr qazma gücünə malik son nəsil yeni üzən
qazma qurğularının tikilməsini nəzərdə
tuturuq. Eyni zamanda, "Azneft" İstehsalat
Birliyinin neft və qazçıxarma idarələrində neft
hasilatının artırılması məqsədilə
mütəmadi olaraq geoloji-texniki tədbirlər
görülür. 2011-ci il ərzində
5065 belə tədbir həyata keçirilmiş, nəticədə
əlavə olaraq 470 min ton neft hasil edilmişdir. 2012-ci ilin 8
ayında isə 2978 texniki-geoloji tədbir həyata
keçirilmişdir ki, bu da 176 min ton əlavə neft
hasilatına zəmin yaratmışdır.
Qazma işlərinin ümumi həcmində
kəşfiyyat və struktur axtarış qazmasının
xüsusi çəkisi xeyli artmışdır. Bu da təsadüfi deyil.
Qarşıdakı dövrdə perspektiv
strukturlarda planlaşdırdığımız
genişmiqyaslı işlərlə əlaqədar, 2008-2015-ci
illərdə 110000 metrlik kəşfiyyat qazması nəzərdə
tutulmuşdur. Qazmaçılarımız
bu istiqamətdə intensiv çalışırlar.
2011-ci ildə 13944 metr kəşfiyyat qazması
aparılmışdır ki, bunun da 2550 metri struktur
axtarış qazmasına aid olmuşdur.
Neft və qaz hasilatında davamlı artıma nail olmaq
üçün yeni platformaların inşası xüsusi
önəm daşıyır. Ümummilli lider Heydər Əliyevin
təşəbbüsü ilə hələ sovet
dövründə Bakıda tikilmiş, bu gün də MDB məkanında
dərin dəniz özüllərinin inşası sahəsində
ixtisaslaşmış yeganə müəssisə kimi
aktuallığını saxlayan Bakı Dərin Özüllər
Zavodu Azərbaycanın yeni neft strategiyasının həyata
keçirilməsində özünəməxsus yer tutur.
"Günəşli", "Çıraq", "Mərkəzi
Azəri", "Şərqi Azəri", "Qərbi Azəri",
"Dərinsulu Günəşli" blokları, eləcə
də müvafiq üst tikililəri ulu öndərin
adını daşıyan bu zavodda inşa olunmuşdur. Ötən illərdə zavodun imkanları genişləndirilmiş,
burada yeni sexlər, istehsal sahələri
yaradılmışdır. Xəzərin
Azərbaycan sektorunda, eləcə də akvatoriyanın digər
sektorlarında neft-qaz əməliyyatlarının intensivliyi
artdıqca bu müəssisənin əhəmiyyəti də
yüksəlir.
Qısa müddət ərzində ölkədə
hasil olunan neftin və qazın qəbulu, saxlanılması və
dünya bazarlarına çıxarılması istiqamətində
böyük uğurlar qazanılmışdır. Şaxələndirilmiş
ixrac neft və qaz kəmərləri sisteminin qurulması
ölkəmizin enerji təhlükəsizliyini təmin
etmiş, Avropa və digər uzaq ölkələrin enerji təminatı
istiqamətində yeni perspektivlər açmışdır.
Şimal istiqaməti üzrə mövcud olan
Bakı-Novorossiysk kəməri ilə yanaşı, 1999-cu ildə
Qərb marşrutu üzrə Bakı-Supsa, 2006-cı ilin
mayında isə Heydər Əliyev adına
Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəmərləri işə
salındı. Hazırda bütün Avrasiya
regionunda mövcud olan analoji mühəndis qurğuları
arasında unikallığı ilə seçilən BTC əsas
ixrac neft kəməri artıq neçə ildir dünyada
enerji təhlükəsizliyinin əsas elementlərindəndir.
Kəmərin ötürücülük qabiliyyəti 60
milyon tondur və bu həcmin artırılması istiqamətində
mütəmadi iş aparılır. Hazırda sutkada 1,2 milyon barel Azərbaycan nefti bu kəmər
vasitəsilə Aralıq dənizi üzərindən
dünya bazarına çıxarılır.
"Şahdəniz-1" layihəsi üzrə hasil
olunan qazın Gürcüstan və Türkiyəyə ixrac
edilməsi məqsədilə 2006-cı ildə BTC əsas
ixrac neft kəmərinə paralel olaraq çəkilib istismara
verilmiş Cənubi Qafqaz qaz boru kəmərinin ümumi
uzunluğu 997 km, ötürmə qabiliyyəti ildə 20
milyard kubmetrdir. 2011-ci ildə "Şahdəniz"
yatağından hasil edilən 6,7 milyard qazın 2,1 milyard
kubmetri Azərbaycana verilmiş, 0,7 milyard kubmetri Gürcüstana,
3,7 milyard kubmetri isə Türkiyəyə ixrac olunmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı
ilə "Azəriqaz" İstehsalat Birliyi ARDNŞ-nin tərkibinə
daxil edildikdən sonra ölkənin qaz təchizatı
sisteminin yenilənməsi, əhalinin və sənayenin fasiləsiz
təbii qazla təmin edilməsi məqsədilə qaz təsərrüfatının
əsaslı inkişaf proqramı işlənilmiş,
prioritet sahələr müəyyənləşdirilmişdir. Görülən işlər nəticəsində
respublikanın elektrik stansiyaları tam qaz yanacağına
keçmiş, qısa müddətdə
1000 kilometrdən artıq yüksək təzyiqli sualtı və
magistral qaz kəmərləri çəkilmiş, yüzlərlə
kilometr uzunluğunda magistral kəmər təmir edilmişdir.
Təkcə 2011-ci ildə 5000 kilometrdən çox yeni qaz kəməri
çəkilmiş, 1536 kilometr uzunluğunda müxtəlif
diametrli qaz kəməri və 8 qazpaylayıcı stansiya əsaslı
təmir edilmiş, bütün bunların nəticəsində
əhali kateqoriyasına aid olan 90 min abonent, cari ilin 8 ayı ərzində isə
daha 63 min abonent təbii qazla təchiz edilmişdır. Son bir
il ərzində 143
yaşayış məntəqəsində qazlaşdırma
aparılmış və ya qaz
təminatı bərpa edilmişdir. Aparılan
işlər onu deməyə əsas verir ki, 2013-cü ilədək
ölkə ərazisinin 95 faizi "mavi yanacaq"la tam təmin
olunacaq.
Azərbaycan bu gün dünyada təkcə
neftin və qazın deyil, eyni zamanda, neft emalı məhsullarının
ixracatçısı kimi də layiqli yer tutur. Hazırda ölkədə ARDNŞ-ə
məxsus və ümumi gücü ildə 16 milyon ton olan 2
neft emalı zavodu fəaliyyət göstərir - Heydər Əliyev
adına Bakı Neft Emalı Zavodu və
"Azərneftyağ" Neft Emalı Zavodu. Bu
müəssisələrdə istehsal olunan neft məhsulları
öz həcminə görə ölkədaxili tələbatı
üstələyir və qalan hissə ixraca göndərilir.
Neft məhsullarının ixrac coğrafiyası
əsas etibarilə Gürcüstan, Xəzər və Qara dəniz
hövzəsi ölkələrini əhatə edir.
2011-ci ildə şirkətin neft emalı zavodlarında
ümumilikdə 6 milyon 326,9 min ton xam neft emal olunmuşdur ki,
bu da 2010-cu illə müqayisədə 1,7 faiz çoxdur.
Ölkəmizdə neft-kimya sənayesinin
inkişaf tempi də yüksəlmişdir. Ötən il "Azərikimya" İB
üzrə xammalın emal həcmi əvvəlki ilə nisbətən
26,8 faiz artaraq 284,5 min ton təşkil
etmişdir. İB-nin aparıcı müəssisəsi olan
Etilen-Polietilen Zavodunda etilenin çıxım faizi proqnoza nisbətən
1,4 faiz artmışdır. Lakin
etiraf etmək lazımdır ki, artıq ölkənin neft
emalı və neft kimyası kompleksi fiziki və mənəvi
cəhətdən köhnəlmişdir. Azərbaycan
Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata
keçirilən inkişaf və tərəqqi strategiyası
çərçivəsində enerji sektorunda
qazanılmış nailiyyətlərin məntiqi davamı
olaraq, bu gün qarşımızda qoyulmuş əsas məqsədlərdən
biri də respublikamızda rəqabətədavamlı,
müasir standartlara cavab verən məhsullar istehsal edə biləcək
yeni Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin (NQNK) inşa
edilib istismara verilməsidir. Hazırda kompleksin
layihəsi işlənir. NQNK layihəsi
üzrə texniki-iqtisadi əsaslandırma
hazırlanmış, seçilmiş konfiqurasiya üzərində
müəyyən optimallaşdırma işləri
aparılmış və hazırda kompleksin konfiqurasiyasına
daxil olan qurğulara dair lisenziya seçimi mərhələsi
üzərində işlər davam etdirilir. Neft-qaz
emalı və neft-kimya sahələrində dünyada
tanınmış UOP, "Fluor" (ABŞ), "Technip"
(Fransa), "Foster Wheeler" (İsveçrə) şirkətləri
ilə sıx əməkdaşlıq şəraitində
aparılan araşdırma işlərində Azərbaycan
mütəxəssislərinin də potensialından geniş
istifadə olunur. Yeni kompleksin 3 böyük zavoddan - Qaz
Emalı Zavodu, Neft Emalı Zavodu, Neft-Kimya Zavodundan və Enerji
Blokundan ibarət olacağı və burada 40-a yaxın
texnoloji qurğunun fəaliyyət göstərəcəyi nəzərdə
tutulur. Kompleksin strukturuna daxil olan zavodların
istismara verilməsi mərhələli şəkildə
2017-2020-ci illərdə planlaşdırılır. NQNK layihəsi Bakı şəhərində ekoloji
durumun yaxşılaşdırılması baxımından da
xüsusi önəm daşıyır.
ARDNŞ bu gün həmçinin Türkiyə Respublikasının
neft-kimya sənayesinin inkişafında mühüm
rol oynayır. Qardaş ölkənin ən böyük
neft-kimya holdinqi "Petkim"in səhmlərinin 61,32 faizi bizə məxsusdur. İdarəçiliyimiz
dövründə "Petkim" ümumi məhsul
istehsalı, gəlir, mənfəət və ixrac üzrə
rekord göstəricilərə nail olub. Lakin
biz bununla kifayətlənmirik. Holdinqin
istehsal gücünün durmadan artırılması məqsədilə
apardığımız ardıcıl tədbirlər
yaxın illərdə "Petkim"in Türkiyədə ən
böyük, Avropada isə aparıcı istehsal komplekslərindən
birinə, regionun iri logistika mərkəzinə çevrilməsinə
yönəldilmişdir.
Ötən ilin oktyabrında Azərbaycan Prezidenti
İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb
Tayyib Ərdoğanın iştirakı ilə İzmirdə,
holdinqin Əliağa kompleksi ərazisində "STAR" neft
emalı zavodunun təməlqoyma mərasimi keçirildi. "Petkim"in xammala, əsasən naftaya olan tələbatının
ödənilməsi, idxaldan asılılığının
aradan qaldırılması məqsədini daşıyan bu
zavodun inşası Türkiyədə özəl sektor xətti
ilə həyata keçirilən ən böyük investisiya
layihəsidir. Emal gücü 10 milyon ton təşkil edəcək,
ən qabaqcıl texnologiyalar əsasında qurulacaq
"STAR" zavodunda 11 çeşiddə məhsul istehsal
olunacaqdır.
"Petkim" limanının genişləndirilməsi,
burada böyükhəcmli konteyner terminalının
inşası və kompleksin enerji tələbatını tam
şəkildə təmin edəcək yeni sistemin tikilib
quraşdırılması istiqamətində də intensiv
işlər görülür. İllik gücü 1,5 milyon TEU
tutumuna malik konteyner limanının logistik dəstək sahəsi
ümumən 53 hektarlıq bir ərazini təşkil edir. Limanın gücünün bazardakı tələbatdan
asılı olaraq 3 milyon TEU-ya qədər artırılması
planlaşdırılır.
"Petkim" limanının genişləndirilməsi
ilə Türkiyədə limançılıq işi yeni bir
mərhələyə qədəm qoyacaq, ölkə
dünya bazarlarına açılacaq və iri limanlar
arasında körpü yaranacaqdır. Bu isə
öz növbəsində iki qardaş ölkənin iqtisadi
inkişafına əhəmiyyətli töhfə verəcək.
Son illər ARDNŞ 10-dan artıq ölkədə
fəaliyyət göstərən nümayəndəlikləri,
İsveçrə, Türkiyə, Gürcüstan,
Rumıniya, Ukrayna və digər ölkələrdəki
müəssisələri vasitəsilə aparılmış
uğurlu marketinq və koordinasiya işləri nəticəsində
dünya enerji bazarına inamla daxil olmuşdur. Bu gün Gürcüstan enerji
bazarının 60
faizindən çoxunu biz təmin edirik. Tbilisi istisna olmaqla, ölkənin bütün
regionlarının qaz təchizatı şirkətimiz tərəfindən
həyata keçirilir. 2009-2012-ci illər ərzində
qonşu respublikada təxminən 2100 kilometrə yaxın qaz xətti
çəkilmiş və 128000-dən artıq abonentə qaz
verilmişdir. Yaxın perspektivdə təbii
qazla təmin edilən abonentlərin sayının 200000-ə
çatdırılması nəzərdə tutulur. ARDNŞ-nin törəmə şirkəti olan
"SOCAR Georgia Petroleum" fəaliyyət göstərdiyi
2007-ci ildən etibarən Gürcüstana təqribən 2
milyon tona yaxın neft məhsulları ixrac edərək
ümumi ixracda 50 faiz paya sahib olub. Ölkədə
"SOCAR" brendi ilə 100-ə yaxın yanacaqdoldurma məntəqəsi
fəaliyyət göstərir. Pərakəndə
neft məhsullarının satışı Rumıniya və
Ukraynada da həyata keçirilir. Bu ölkələrdə
də "SOCAR" brendi ilə fəaliyyət göstərən
iri yanacaqdoldurma şəbəkələri, neft bazaları
mövcuddur.
ARDNŞ cəmiyyət qarşısında sosial məsuliyyət
daşıdığını daim xatırlayır, ölkənin
ictimai həyatında fəal
iştirak edir, respublikamızda həyata keçirilən
mühüm sosial-iqtisadi layihələrə öz layiqli
töhfəsini verir. Son illər dövlət
başçısı İlham Əliyevin rəhbərliyi ilə
ölkəmizdə ətraf mühit və ekoloji
tarazlığın qorunması üçün genişmiqyaslı
dövlət proqramları, iri maliyyə tutumlu proqramlar həyata
keçirilir. Dövlət Neft Şirkəti bütün
ölkə boyunca geniş vüsət alan
bu ekoloji hərəkatın ön sıralarındadır. Neft-qaz əməliyyatları zamanı çirklənmə
mənbələrinin ləğvi, lay sularının utilizasiyası,
torpaqların təmizlənməsi və
yaşıllaşdırılması mütləq şərtlər
kimi irəli sürülür, yeni tikilən və yenidən
qurulan obyektlərdə ekoloji təhlükəsizliklə
bağlı beynəlxalq təcrübənin tətbiqinə
üstünlük verilir. İndiyədək Bibiheybət,
Balaxanı, Siyəzən, Kürovdağ, Qarabağlı və
digər yataqlarda mexaniki rekultivasiya, bioremediasiya və
fitoremediasiya üsulları ilə təxminən 1000 hektara
yaxın torpaq sahəsi təmizlənmişdir. Ötən
dövrdə reabilitasiya edilmiş mədən ərazilərində
500 minə qədər ağac əkilib və onlara mütəmadi
olaraq aqrotexniki qulluq göstərilir.
Bundan əlavə, ARDNŞ-nin maliyyə vəsaiti ilə
tikilmiş və müasir tibbi avadanlıqla təchiz
olunmuş Lənkəran, Naxçıvan, Şirvan, Qazax,
Zaqatala, Qəbələ, Bərdə, Gəncə, Quba,
Şamaxı, Cəlilabad və Xızıdakı müalicə
- diaqnostika mərkəzləri hazırda Səhiyyə
Nazirliyinin tabeçiliyində uğurla fəaliyyət
göstərir. Yeri gəlmişkən qeyd edək ki, Nazirlər
Kabinetinin qərarı ilə ötən ilin sonlarından
şirkətin Sosial İnkişaf İdarəsinin
balansında olan və bilavasitə ARDNŞ-nin fəaliyyət
sahəsi ilə əlaqədar olmayan obyektlər, o cümlədən
qeyri-yaşayış sahələri, inzibati binalar, su və
kanalizasiya xətləri, nasosxana və qazanxanalar,
yaşayış binaları, mədəniyyət sarayları
və məktəbəqədər
tərbiyə müəssisələri əvəzsiz olaraq
aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti
orqanlarının balansına verilmişdir. Bununla
belə, ARDNŞ ölkənin sosial-iqtisadi inkişafı
istiqamətində həyata keçirdiyi tədbirləri davam
etdirir. Hər il şirkətimizin maliyyə vəsaiti
hesabına ölkənin müxtəlif rayon və kəndlərində
əhalinin rifahının gücləndirilməsi məqsədilə
inşa olunan yeni məktəblər, kitabxanalar, xəstəxana və tibb məntəqələri,
idman qurğuları, istirahət obyektləri, salınan
körpülər, park və xiyabanlar neftdən əldə
olunan gəlirlərin sosial infrastrukturun bərpasına yönəldildiyini
təzahür etdirir.
Şanlı əmək ənənələrinə
daim sadiq qalan neftçilərimiz hər zaman olduğu kimi, bu
gün də ölkədə gedən sosial-iqtisadi proseslərin
önündədirlər. Müstəqil Azərbaycan
Respublikasının beynəlxalq nüfuz və mövqeyinin
möhkəmləndirilməsi, dövlətimizin iqtisadi
qüdrətinin durmadan artırılması naminə gecə-gündüz
çalışan fədakar neftçilərimiz yaxşı
bilirlər ki, çəkilən əziyyət, görülən
işlər son nəticədə xalqımızın rifah
halının yüksəldilməsinə xidmət edir.
Rövnəq ABDULLAYEV,
ARDNŞ-nin prezidenti,
Milli Məclisin deputatı
Azərbaycan.- 2012.- 20
sentyabr.- S.7.