Çin hər
zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və
dəstəkləyib
"Azərbaycan və
Çin bir-birinin ərazi
bütövlüyünü
tanıyır və dəstəkləyir. İnanırıq ki, BMT Təhlükəsizlik
Şurasının veto hüququna
malik beş daimi üzvündən biri
kimi Çin dövləti
bundan sonra da Azərbaycanın ərazi bütövlüyünün
bərpa olunması üçün
əlindən gələni edəcək" - bu
fikirləri dünən Milli Məclis Sədrinin
birinci müavini Ziyafət
Əsgərov Azərbaycanda səfərdə olan
Ümumçin Xalq
Nümayəndələri Yığıncağı Daimi Komitəsinin Xarici
İşlər üzrə Komitəsinin sədri Li Caosinin
başçılıq etdiyi
nümayəndə heyəti ilə görüşdə
söyləyib.
Ziyafət Əsgərov
bildirib ki, iki ölkə arasında siyasi,
iqtisadi, humanitar sahələrdə
əməkdaşlıq yüksək səviyyədədir.
Keçən il isə Azərbaycan BMT Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvü seçilərkən Çin müsbət rəy verib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsindən söz açan Ziyafət Əsgərov diqqətə çatdırıb ki, Azərbaycan qonşu
Ermənistanın təcavüzünə məruz qalıb və
20 faiz torpaqlarımız işğal
olunub. Münaqişə ilə
bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin
olmasına baxmayaraq,
işğalçı Ermənistan tərəfindən həmin
qətnamələrin icrası həyata keçirilmir
və buna məhəl qoyulmur.
Onun sözlərinə görə, Ermənistan
nəinki işğalçı və təcavüzkar
dövlətdir, o, həm də terrorizmi himayə edən bir
ölkədir. Bu gün
terrorizm, ekstremizm, separatizm Ermənistanda dövlət siyasəti
səviyyəsinə qaldırılıb.
Z.Əsgərov
vurğulayıb ki, Azərbaycan da Çinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib və bundan sonra da
dəstəkləyəcək.
Li Caosin isə qeyd edib ki,
hər iki ölkə bu
gün inkişaf edən
dövlətlərdir və Azərbaycanın 20 il müddətində böyük
uğurlar qazanması sevindirici
haldır: "Münasibətlər yeni başlayanda ticarət dövriyyəmiz 1 milyon dollar idisə, indi bu rəqəm 700 dəfə
artıb. Bu baxımdan hər iki ölkə qarşılıqlı
münasibətlərin və əlaqələrin
inkişafına çox böyük
önəm verir. Çin
hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir
və tanıyır".
Görüşdə
qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında
da müzakirələr aparılıb.
Ölkəmizdə səfərdə
olan Ümumçin Xalq Nümayəndələri
Yığıncağı Daimi Komitəsinin Xarici İşlər
üzrə Komitəsinin sədri Li Caosinin
başçılıq etdiyi nümayəndə heyəti
dünən Milli Məclisin Beynəlxalq münasibətlər
və parlamentlərarası əlaqələr komitəsinin
üzvləri ilə də görüş keçiriblər.
Görüş zamanı adıçəkilən
komitənin sədr müavini Sevinc Fətəliyeva bildirib ki,
Azərbaycan çox qədim və böyük tarixi
keçmişə malikdir. İlk dəfə Şərq
dünyasında qadınlara seçmək və seçilmək
hüququ Azərbaycanda verilib. Eyni zamanda Azərbaycan bu gün
Avropanın enerji təhlükəsizliyinin təminatçısına
çevrilib. Azərbaycan ötən 20 illik müstəqillik
tarixində özü üçün xeyli dostlar əldə
edib. Bu dostlar arasında Çinin xüsusi yeri var.
Çünki bu iki ölkəni və xalqı uzun tarixi
keçmiş bir-birinə bağlayır: "Bu gün
xalqlarımızın və dövlətlərimizin məqsədləri
də, dəyərləri də eynidir. Hər iki dövlət
Böyük İpək yolunun halqalarıdır". Deputat
qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli
prosesində Çin Azərbaycanın ərazi
bütövlüyünü dəstəkləyir.
Li Caosin isə qeyd edib ki, Çin hər
zaman Azərbaycanın ərazi bütövlüyünü
tanıyıb və dəstəkləyib:
"Xalqlarımız və dövlətlərimiz
Böyük İpək yolu vasitəsilə bir-birinə
sıx tellərlə bağlıdır. Məhz bunun nəticəsində
ötən illər ərzində iki ölkə arasında
böyük əlaqələr qurulub, münasibətlər
yaranıb. Ancaq bununla belə, hesab edirəm ki, iki ölkənin
parlamentləri arasında əlaqələrin bundan sonra da
genişlənməsinə və dərinləşməsinə
ehtiyac var. Çox güman ki, səfərimiz buna öz
töhfəsini verəcək".
Azərbaycan.-2012.-
21 sentyabr.- S. 3.