ABŞ Azərbaycan ilə tərəfdaşlığı yüksək qiymətləndirir

 

 Sentyabrın 20-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ölkəmizdə səfərdə olan ABŞ-ın Ohayo ştatının Nümayəndələr Palatasının Respublikaçılar çoxluğunun təşkilatçısı Con Adamsın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdülər. Qonaqları salamlayan komitə sədrinin müavini Sevinc Fətəliyeva müsəlman Şərqində ilk demokratik respublikanın qurulduğu Azərbaycanda hələ o zaman qadınlara səsvermə hüququnun verildiyini diqqətə çatdırdı. Bildirildi ki, ötən il dövlət  müstəqilliyinin bərpasının 20 illiyini qeyd edən ölkəmiz bir çox uğurlar əldə etmişdir. Komitə sədrinin müavini Azərbaycanda yüksək tolerantlıq mühitinin mövcud olduğunubir çox millətlərin nümayəndələrinin ölkəmizdə dostluq və qardaşlıq şəraitində yaşadığını bildirdi.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan S.Fətəliyeva ölkəmizin ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğunu, bir milyondan artıq vətəndaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini diqqətə çatdırdı. Söhbət zamanı, həmçinin terrora qarşı mübarizədə ABŞ ilə Azərbaycanın mövqeləri üst-üstə düşdüyü qeyd edildi.

Azərbaycan-ABŞ münasibətlərinin bir çox sahələrdə uğurla inkişaf etdiyini qeyd edən Con Adams ölkəmizin dinamik inkişafının şahidi olduğunu bildirdi. Xalqımızın qonaqpərvərliyini dəyərləndirən qonaq ölkəsinin Azərbaycan ilə tərəfdaşlığını yüksək qiymətləndirdi.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, ölkəmizin Avroatlantik məkana inteqrasiyası və bir sıra  məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

 

Azərbaycan.-2012.- 21 sentyabr.- S. 3.