Neftçilər Günündə «Neft və təsviri sənət» kitab-albomunun təqdimatı keçirilmişdir

 

 Sentyabrın 20-də Neftçilər Günü ilə əlaqədar tədbirlər çərçivəsində Bakı Biznes Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və "Statoil Abşeron" şirkətinin birgə layihəsi olan "Neft və təsviri sənət" kitab-albomunun təqdimatı keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, ARDNŞ-in prezidenti Rövnəq Abdullayev, qocaman neftçilər, ictimaiyyətin nümayəndələri və qonaqlar iştirak etmişlər.

Neftçilər Günü münasibətilə iştirakçıları təbrik edən ARDNŞ-in prezidenti Rövnəq Abdullayev bildirmişdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Qərbin iri neft şirkətləri ilə uğurlu danışıqlar apararaq 20 sentyabr 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanmasına nail ola bilmişdir ki, bununla da yeni neft strategiyasının əsası qoyulmuşdur. Bu strategiya Azərbaycanın həyatında olduqca əhəmiyyətli rol oynamışdır.

Bu gün ulu öndər Heydər Əliyevin yeni neft strategiyasını uğurla həyata keçirən Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin neft-qaz sənayesi inkişaf yoluna qədəm qoymuşdur.

Şirkətin beynəlxalq əlaqələrindən və gördüyü işlərdən danışan R.Abdullayev qeyd etmişdir ki, Mədəniyyət və Turizm Nazirliyi və "Statoil Abşeron" şirkəti ilə birgə ərsəyə gələn "Neft və təsviri sənət" kitab-albomu forma və məzmun baxımından yeniliyi ilə diqqəti cəlb edir. Kitab-albomu dövlətimizin neft sənayesinin inkişafına verdiyi yüksək qiymətin təzahürü kimi dəyərləndirən R.Abdullayev vurğulamışdır ki, nəşrdə Azərbaycan neft tarixinin bütün mərhələlərindən söhbət açılır. Neftin sənaye üsulu ilə çıxarılması, emalı, tankerlərlə, dəmir yolu və boru kəmərləri ilə nəqli, açıq dənizdə hasil edilməsi kimi ilk addımlar məhz Azərbaycan neftçilərinin adı ilə bağlıdır. Bu kitab-albomda yer alan boyakarlıq əsərləri də həmin taleyüklü hadisələrin bədii salnaməsini əks etdirir.

Peşə bayramları münasibətilə neftçiləri təbrik edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qeyd etmişdir ki, Azərbaycan neftçilərinin fədakarlığı, bacarığı və istedadı tükənməzdir. Ölkəmizin neft sənayesinin əldə etdiyi uğurlar bizim hamımızı sevindirir. Çox fərəhli haldır ki, bu gün ARDNŞ və "Statoil" tərəfindən Azərbaycanda mədəniyyət sahəsində uğurlu layihə həyata keçirilməkdədir. Bu kitab-albom yaradıcı insanın neft sənayesinə baxışını əks etdirir və bu baxışda hörmət, ehtiram, nikbinlik mövcuddur.

Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov kitab-albomun ərsəyə gəlməsində zəhməti keçən hər kəsə təşəkkür edərək bildirmişdir ki, Azərbaycan neftçilərinin ağır əməyi bu kitab-albomda boyakarlıq əsərləri ilə işıqlandırılmışdır və bu mövzu rəssamlarımızın sənətində həmişə geniş yer tutmuşdur.

 "Statoil Abşeron" şirkətinin prezidenti Lars Sorensen Azərbaycan neftçilərinin peşə bayramı günündə iştirak etməkdən şərəf duyduğunu söyləmişdir. O, ARDNŞ və Mədəniyyət və Turizm Nazirliyi ilə birgə həyata keçirilən "Neft və təsviri sənət" layihəsində iştirak etməkdən məmnunluğunu bildirərək, neft mövzusunun boyakarlıq sənətində əks etdirilməsini yüksək qiymətləndirmişdir.

Bayram tədbirində ABŞ-ın Ohaya ştatından gələn qonaqlar adından çıxış edən ştatın senatoru Con Adams Azərbaycan neftçilərini bu əlamətdar bayram münasibətilə təbrik edərək, əldə olunan uğurları yüksək qiymətləndirmişdir. O qeyd etmişdir ki, ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətinin nəticəsində imzalanmış "Əsrin müqaviləsi" Azərbaycanı dünyanın enerji istehsalında önəmli ölkələrdən birinə çevirmişdir. Azərbaycan dünyanın həm iqtisadi, həm də sənaye və mədəni mərkəzlərindən birinə çevrilmişdir.

Sonra senator Con Adams Ohaya ştatının bayrağının maketini  ARDNŞ-in prezidenti Rövnəq Abdullayevə təqdim etmişdir.

Tədbirdə ARDNŞ və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən elan edilmiş "İncəsənət enerjisi - ART energy" rəsm müsabiqəsinin qalibləri mükafatlandırılmışlar.

Sonra Neftçilər Günü münasibətilə Dənizkənarı Milli Parkda konsert olmuşdur. Milli Parkda quraşdırılmış səhnədə Azərbaycanın incəsənət ustaları maraqlı konsert proqramı ilə çıxış etmişlər.

Dənizkənarı Milli Parkda bayram gəzintisi və konsert gecədən xeyli keçənədək davam etmişdir.

 

 

Azərbaycan.-2012.- 21 sentyabr.- S. 4.