Üzeyir Hacıbəyli IV Beynəlxalq Musiqi Festivalı çərçivəsində «Signum» saksafon kvartetinin konserti olmuşdur

 

 Bakıda Heydər Əliyev Fondunun, Mədəniyyət Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli IV Beynəlxalq Musiqi Festivalı çərçivəsində sentyabrın 20-də Beynəlxalq Muğam Mərkəzində Almaniyanın "Signum" saksafon kvartetinin konserti olmuşdur.

AzərTAc xəbər verir ki, musiqi axşamında dünyanın məşhur bəstəkarlarından Aleksandr Qlazunovun "Kvartet B-dur op.109", Samuel Barberin "Simlilər üçün Adagio op.11" (işləyəni Johan van den Linden), Bela Bartokun "Rumın xalq rəqsləri" (işləyəni Signum Saxophonguartett), Fabien Levin "DURCH" əsərləri səsləndirilmişdir.

2006-cı ildə yaranmış kvartet qrupunun artistləri Blaj Kemperle (soprano-saksafon), Erik Nestler (alt saksafon), Alan Lujar (tenor-saksafon), Devid Branddır (bariton-saksafon).

Kvartetin repertuarına Volfqanq Amadey Motsart, Klod Debüssi Dmitri Şostakoviçin simli kvartetlərinin işlənmələri ilə yanaşı, müasir orijinal əsərlər daxildir. Hər il Mariano Qalussio, Timo Ruttkamp, Ven Lyu Mark Ştaynxauzer kimi tanınmış bəstəkarlar ansambl üçün iki yeni əsər bəstələyirlər.

"Signum" saksafon kvarteti 2010-cu ilin iyulunda məşhur "Mecklenburg-Vorpommern" festivalında və bu il Azərbaycanda keçirilmiş "Musiqi Olimpi" festivalında da iştirak etmişdir. Kvartet, eyni zamanda, 2010-cu ildə Veronada (İtaliya) 14-cü beynəlxalq musiqi müsabiqəsində (TİM) "kamera musiqisi" nominasiyasında 1-ci mükafat qazanmış, "Werner Richard - Dr.Carl Dörken Stiftung" fondunun təqaüdünə layiq görülmüşdür.

 

 

Azərbaycan.-2012.- 21 sentyabr.- S.5.